“Azərbaycan sərhədlərimizi keçəndə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutduq, amma heç bir müsbət cavab almadıq”.
Sozcu.az erməni mediasına istinadən bildirir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistan müdafiə nazirinin keçmiş müavini, hakim “Mülki Müqavilə” partiyasını parlamentdə təmsil edən deputat Qaqik Melkonyan deyib.
O, diqqətə çatdırıb ki, sərhəd pozulduqda buna adekvat cavab vermək KTMT-nin məsuliyyətinə daxil olsa da, onlar bunu etməyib.
“Düşmən bizim sərhədlərimizi keçəndə KTMT ilə əlaqə saxladıq, lakin heç bir müsbət cavab almadıq. Qazaxıstanda çevriliş olanda isə KTMT qrup yaradıb qiyamı yatırdı, çünki bu, Rusiyanın iradəsi idi. Amma sərhədlərimizdə eskalasiya olanda Rusiya reaksiyasız qaldı. Aİ müşahidəçiləri gələndə dedilər ki, qoy, bizimkilər də gəlsin”, – deyə Melkonyan bildirib.
Erməni deputat KTMT-dən çıxmaq məsələsində səbirli olmağı məsləhət görüb: “Biz bəzən çox irəli gedirik, səbirli olun, hər şeyin öz vaxtı var”.
Azərbaycan tərəfinin niyə erməni əsirlərini qaytarmadığını soruşduqda deputat belə cavab verib: “Razısınızmı ki, əsirlərin qaytarılması müqabilində Zəngəzurdan imtina edək? Əsirlərin dəyişdirilməsi ilə bağlı problemimiz var”.
Bakının Ermənistandan minalanmış xəritələri verməsi tələbinə Melkonyan yekəxanalıqla cavab verib: “Azərbaycan Qarabağı ermənisizləşdirib, mina xəritələri isə Xankəndidə qalıb, gedib götürsünlər”.