“Papanın bu biabırçı çağırışı elə Vatikanın adına layiqdir... -Vatikan dəyərlərdən başqa hər şeydir...”

“Və biz unutmamalıyıq ki, 80 il bundan öncə Vatikan Almaniyadakı faşizmi, Hitleri dəstəkləmişdi. Və yeri gəlmişkən, həmin dövrdəki Roma papası XII Piyin Hitleri dəstəkləmək haqqındakı bullası(fərman) bu günə qədər də ləğv olunmayıb və qüvvədədir...”

Roma papası Frensiskin Ukraynanı "ağ bayraq" qaldırmağa və demək olar ki, işğalçı Rusiya qarşısında təslim olmağa çağırış etməsini necə dəyərləndirmək olar? Nədən papa Qəzzada baş verənləri soyqırımı adlandırır, buna görə İsraili qınayır, amma 3-cü ildir Ukraynanı işğal edən, dinc  insanları öldürən Putini sərt qınamır, onu savaşı dayandırmağa çağırmır? Onları hansısa maraqlar birləşdirə bilər?

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələlər üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:

“Roma papasının Ukraynaya “ağ bayraq” qaldımaq çağırışı ilk baxışdan təəccüblü göründü. Lakin tarixi təcrübəyə baxsaq, bu, hec də təəccüblü deyil. Düzdü, dünya və Avropa siyasətçiləri, elə Ukrayna rəhbərliyinin özü papadan izahat istəyəndə onun mətbuat xidmətindən belə bir açıqlma gəldi ki, papa deməyib ki, Ukrayna “ağ bayraq” qaldırsın. Halbuki o deyibdi ki, Ukrayna torpaqları Rusiyaya güzəştə getsin. Bir sözlə, Vatikan çalışdı ki, Roma papasının ifadələrinin arxasından qaçsın və ona baş qa cür şərh versinlər. Görünür, tarixən Vatikanın həmişə zorakı, faşist tərəflərə meyli güclü olub. Və biz unutmamalıyıq ki, 80 il bundan öncə Vatikan Almaniyadakı faşizmi, Hitleri dəstəkləmişdi. Və yeri gəlmişkən, həmin dövrdəki Roma papası XII Piyin Hitleri dəstəkləmək haqqındakı bullası(fərman) bu günə qədər də ləğv olunmayıb və qüvvədədir. Çox qəribə bir tarixi məqamdır”. 

Analitik Roma papasının Türkiyədəki qondarma “erməni soyqırımı”nı tanımasını da xatırladıb.

“Vatikan Türkiyədə heç bir sənədi-sübutu və faktoloji bazası olmayan qondarma “erməni soyqırımı”nı tanıyır, İsrailə qarşı məlum mövqeni sərgiləyir, amma Rusiyanın Ukraynadakı faşizmə bərabər əməllərini papa qınamır. Bəs nədir bunun səbəbi? Yəqin ki, səbəb hansısa əlaqələrin olmasındadır. Mən istisna etmirəm ki, bu, Rusiya ilə Vatikanın müəyyən ortaq maliyyə maraqları ilə də bağlı ola bilər. Biz bilirik ki,  Putin müharibəyə hazırlaşdığı dövrdə Rusiyanın maliyyə resursları bir çox yerlərdə olduğu kimi, Vatikanın da hansısa maliyyə strukturlarında gizlədilib. Məsələn, Vatikan bankı nəzarətdən kənar olan bir qurumdur. Və faktiki olaraq həmin banka heç bir maliyyə institutunun nəzarəti yoxdur. Bundan başqa, Vatikanın Kremllə hansısa bilmədiyimiz spesifik əlaqələri də ola bilər. Amma hər bir halda Roma papasının belə bir biabırçı çağırış etməsi əslində elə Vatikanın adına layiqdir. Yəni Vatikanın tarixinə baxmaq lazlmdır. Vatikanın tarixi insanlıq tarixinin bir utanc parçasıdır. İnkvizisiya kimi biabırçı bir hadisəni, Varfolomey gecəsi kimi öz din qardaşları olan lütteranlara qarşı soyqırımını və s. törətmiş bir qurumdan başqa mövqe gözləmək bir qədər təəccüblü olardı. Ona görə əslində papanın bugünkü addımlarına da təəccüblənmək lazım deyil. Mən bunu həmin Roma katolik kilsəsi qondarma “erməni soyqırımı”nı tanıyanda da demişəm, bu gün də deyirəm: Vatikan dəyərlərdən başqa hər şeydir...”

Share on Facebook