“4 ildir ki, nə özün varsan, nə səsin...” - Milli Qəhrəmanın oğlundan təsirli sözlər

“Canım Atam! Bu gün sənin 51 yaşın tamam oldu. Ancaq heyf, biz artıq 4 ildir ki, ad günlərini sənsiz qeyd edirik. Şəkillərinə baxıram, deyirəm, görəsən, 51 yaşında necə görünərdin? Saçın çox ağarardı? Üzündəki qırışlar daha da kəskin görünərdimi? Yoxsa elə 47 yaşda olduğu kimi qalardın?”

Sozcu.az xəbər verir ki, bunu şəhid Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev sosial şəbəkə hesabında yazıb.

O, atasının doğum gününü bu sözlərlə təbrik edib:

“Heyf bilməyəcəyik, çox heyif. Axı, biz necə razı ola bilirik bu hala? Necə səni hər ziyarət etdikdən sonra tək buraxıb gələ bilirik evə? Axı, çox vaxt görüşəndə sən də bizlə gələrdin evə. Artıq 4 ildir ki, nə özün varsan, nə səsin. Ad günün mübarək, qəhrəman atam. Səni çox istəyirik. Sən bizim ailənin, Azərbaycanın, millətin fəxrisən. İllər ötəcək, bizlər yox olub gedəcəyik. Ancaq sənin kimi adını şanlı tarixə yazdırmış qəhrəman Vətən övladları heç vaxt unudulmayacaq və yaddan çıxmayacaq”.

Qeyd edək ki, İlqar Mirzəyev 2016-cı ildə Aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıq göstərib, polkovnik-leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlib. Həmin il "Vətənə Xidmətə görə" II və III dərəcəli ordeni ilə təltif edilib. 2019-cu il fevralın 23-də 3-cü Ordu korpusunun artilleriya rəisi təyin olunub. 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycannın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. İlqar Mirzəyev ailəli idi. Bir oğul və bir qız övladı qalıb.bakupost)

9e9f7e0237bb295682c52ae13747fc94.jpg

Share on Facebook