Moderator.az-ın “Vətən daşı” rubrikasında bu dəfə şəhid Müşviq Abbasovun onunla birlikdə müharibədə könüllü iştirak edən oğlu Şamil Abbasovla həmsöhbət olmuşuq. Müşviq Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi başlayan illərdə könüllü döyüşlərə qatılıb. Hərbi əməliyyatlarda yaxından iştirak edən Müşviq Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilmişdir. 2-ci Qarabağ müharibəsinə iki oğlu və qardaşı ilə birgə könüllü olaraq yollanır. 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib. “Atamın şəhid olduğu gündən 3 il keçdi. Onsuz həyatımızda mənfiliyə doğru dəyişiklik çoxdur. Həyatla mübarizə aparmaq belə çətinləşib. Birdən-birə bütün məsuliyyət biz övladlarının üstünə düşdü. Atam bizə ancaq döyüşdən, düz olmaqdan, düz yaşamaqdan, haqq-ədalətdən danışırdı. Ondan geriyə qalan tək fotolar və xatirələrdir. Heç düşünməzdik ki, atamı yalnız şəkillərdən xatırlayacağıq” Bunu Moderator.az-a İkinci Qarabağ müharibəsinin şəhidi Müşviq Abbasovun oğlu Şamil Abbasov deyib. Şəhidin övladı bildirib ki, atası onlarda vətənpərvərlik hissini uşaq yaşlarından aşılayıb. “Atamı mərd, qorxmaz insan kimi tanımışıq. Uşaq yaşlarımızdan bizi çətinliyə öyrəşdirib. Ova gedəndə, dağa-daşa çıxanda mütləq bizi də özü ilə aparardı. Güllə atmağı da bizə o öyrətmişdi. Qanuni ov silahlarımız var idi. Torpaqlarımızın işğaldan azad olunduğu günü böyük səbirsizliklə gözləyirdi. Deyirdiki müharibə başlansa hamıdan birinci biz getməliyik. Atam və qardaşları Birinci Qarabağ müharibəsində də fəal iştirak ediblər. Böyük əmim o illərdəki döyüşlərdə yaralanıb şəhid olmuşdu” deyə şəhidin övladı bildirib. Şəhidin övladı Şamil Abbasov daha sonra müharibəyə yollandığı günü xatırlayıb. “Müharibə başlayar-başlamaz atam, mən, böyük qardaşım İntiqam, əmim Xəqani Abbasov və atamın Birinci Qarabağ müharibəsindəki döyüş yoldaşları ilə birlikdə könüllü cəbhəyə yollandıq. Bizim hamımız bir dəstədə idik. Sonradan böyük qardaşım İntiqam başqa istiqamətə kəşfiyyata getdi. Onu yola salandan sonra yenidən cəbhə bölgəsinə qayıtdıq. Həyəcan, qorxu yox idi. Atam ayrı-seçkilik etmirdi, ən təhlükəli nöqtələrə məni və əmimi göndərirdi. Atam həyatda olduğu kimi döyüşdə də arxa-dayağım idi. Amma döyüşdə aramızda komandir və əsgər münasibəti yaranmışdı” deyə o bildirib. Şamil Abbasov atasının şəhid olduğu günü belə xatırlayır. “Biz həmin gecə bölükdə idik. Səhər başqa istiqamətdən hücuma keçməli idik. Atam sanki özünü şəhidliyə hazırlayırdı. Mənimlə söhbət edirdi, deyirdiki məni vursalar özünü itirmə, səni də vursalar mən özümü itirməyəcəm. Bu sözlər mənə ağır gəlsə də ciddiyə almırdım. Qəfil bölüyə komanda gəldi, postumuza basqın olunmuşdu. Atam 10 nəfərdən ibarət dəstə ayırıb, qrup yaratdı. Biz silahlanıb posta tərəf yollandıq. Çataçatda atışma gücləndi. Bizə təlimat verib səngərə girdi. Biz pusquda idik, gözləyirdik. Mənə son əmri verəndən sonra səngərə girdi. Yanında da qohumumuz, döyüş yoldaşı Elşən adlı şəxs var idi. Atamla əlaqə yaratmaq istəsəm də alınmırdı. Elşən əmi gəlib titrək səslə dedi ki, Müşviqi vurdular. Atamın vurulma xəbərini eşidəndən sonra qışqıraraq səngərə tərəf qaçdım. Elşən əmi qolumdan tutub saxladı. Məni başa saldı ki, artıq atam şəhid olub, səbr etmək lazımdır. Eynən atam da bu sözləri mənə deyirdi. İnanmırdım ki, atam şəhid olmuşdu.. İçimdə bir hiss var idi ki, o hələ də sağdır. Əlindən tutub qaldırmaq istəyəndə barmağı yarı qopmuş halda əlimin üstünə düşdü. Minamyot partlayıb, qəlpələri atamın ürək nahiyəsinə dəymişdi.. Gözlərinə baxanda gördüm ki, şəhid olub... Çox çətin idi mənim üçün. Ona çox güvənirdik, mən də, qardaşlarım da. Atamın cibindən adı, soyadı və atasının adı yazılan qanlı bir kağız çıxdı... Bu kağız parçası ilə başa düşdümki atam hər şeyə hazır imiş. Atam gözümün önündə vuruldu, şəhid oldu, amma dəfn edəndə də baxırdım ki, bəlkə sağdır.. İnanmırdım.. Atamla aramda çox böyük bir pərdə olub. Bu pərdə imkan verməyib ki, onu qucaqlayım. İlk dəfə atamı şəhid olandan sonra qucaqladım” deyə şəhidin övladı Şamil Abbasov deyib.
"Rusiya Federasiyasının prezidentinin medianı izləməsi mənə çox qəribə gəlir. Ancaq burada problem başqadır: hər hansı bir insanın ən dəhşətli xarakter xüsusiyyəti odur ki, o, hər zaman hər hansı bir hərəkətinə haqq qazandıra bilər". Sozcu.az publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının deputatı Ovik Ağazaryan "Ermənistan xəbərləri" - NEWS.am- ın müxbiri ilə söhbətində Rusiya prezidenti Vladimir Putinin Praqada əldə olunmuş razılaşmalar barədə mətbuatdan öyrəndiyi bəyanatını şərh edərkən deyib. "Ermənistanla Rusiya arasındakı münasibətləri Paşinyanla Putinin münasibətləri müəyyən etməməlidir, onları Rusiya Federasiyasının liderinin və ya Ermənistan Respublikasının rəhbərinin şəxsiyyətləri müəyyən etməməlidir, çünki bu, keçib gedən bir şeydir və hər iki ölkənin maraqları həmişə olmalıdır. Ona görə də Putinin qondarma bəraət hökmü qəbuledilməzdir. O, üçtərəfli sazişdə nəzərdə tutulanı etməli idi", - deyə Ağazaryan bildirib. O bildirib ki, Putin Ermənistanın qonşuları ilə münasibətlərinə müdaxilə etməməlidir: "Təbii ki, Putin ermənilərin maraqlarını bizdən çox düşünə bilməz, ona görə də mən bir vətəndaş kimi ondan xahiş etməliyəm ki, bu atmosferdən öz xeyrinə istifadə etmək üçün bizimlə qonşu dövlətlərimiz arasına girməsin, belə tarixi bir dövrdə düşmənçilik mühiti yaratmasın. Biz bu regionda yaşayırıq, bizim qonşularımız var və biz beynəlxalq standartlara uyğun birgə yaşamağın yollarını tapmalıyıq", - deyə Ağazaryan bildirib. O, Putinin "Ermənistan özü Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı" açıqlamasına belə münasibət bildirib: "Yəni bəyan etmək lazım deyildi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və Ermənistan qana bulaşmalıydı? Sözün həqiqi mənasında, siyasi mənasında, ərazi mənasında qan axırdı. Biz indi dövlətimizi gücləndirmək, sərhədlərimizi qorumaq haqqında düşünməliyik".
“Düşünmürəm ki, həbs edilən cinayətkarlar Azərbaycan cəmiyyətinə bəlli olmayan nələrisə söyləsinlər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib. Xatırladaq ki, “Caliber” nəşri separatçı rəhbərlərin istintaq prosesi zamanı açıqlayacağı adlara görə Azərbaycanda səs-küylü həbslərin olacağını iddia edib. R. Kərimoğlunun sözlərinə görə, həbs olunan şəxslərin hər biri Xocalı, Qaradağlı, Meşəli, Ağdaban və digər soyqırımında iştirak edib: “Onlar Azərbaycan xalqına qarşı cinayət törədiblər və bununla bağlı Baş Prokurorluqda kifayət qədər faktlar var. Eyni zamanda, uzun illər açıqlamalarında bunu etiraf ediblər. Bu açıqlamalar separatçıların ən ağır cəzaya məhkum olmasına əsas verir. Satqın hərbçilər, eləcə də bəzi hərbi məqamlarla bağlı iddialara gəlincə, Araik Arutyunyan başda olmaqla, digərləri də ad çəkməyəcəklər. Çünki Azərbaycanda hərbi işlərlə bağlı satqınlıq və xəyanət edən adamlar başda Nəcməddin Sadıkov olmaqla, Rusiyanın adamlarıdır. Onlar da yalnız Rusiyaya hesabat veriblər”. R. Kərimoğlu əlavə edib: “Lakin həyatdır, hər şey ola bilər. Ola bilər ki, separatçıların hərbi nöqteyi-nəzərdən açıqlamaları bəzi şəxslərin aşkara çıxarılmasına kömək etsin. Mən bu fərziyyəni inkar etmirəm, amma bu adamlar törətdiklərini təfərrüatlı şəkildə boynuna alacaq. Məsələn, Natiq Qasımovun dindirilməsi, onun sonrakı taleyi, vəziyyəti, sağdırsa, haradadır, şəhid olubsa, kim qətlə yetirib kimi suallara aydınlıq gətiriləcək. Bildiyim bir şey var: baş verənlərin hər biri elə ağır cinayətlərdir ki, bununla bağlı Azərbaycanda tarixə düşəcək məhkəmələr qurulacaq”.
Qarabağda özünü buraxan separatçıların sonuncu “başçısı” Azərbaycan ordusu qarşısında təslim olsa da, Ermənistana getdikdən sonra yenidən “baş qaldırmağa” başlayıb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycana qarşı cinayət törədən separatçı “liderlər” qandallanaraq, Bakıya gətirilsə də, Samvelin İrəvana gedə bildiyi haqda məlumatlar var. Mümkündür ki, təslim olan Şahramanyan “bağışlananlar siyahısına” daxil ola bilib. Lakin əsas məsələ S.Şahramanyanın Ermənistanda hansı işlə məşğul olduğudur. Ermənistan mediası Şahramanyanın artıq mövcud olmayan qondarma “artsax”ın İrəvandakı nümayəndəliyində başının dəstəsi ilə müzakirələr keçirdiyini yazır. Şahramanyan iki məsələni prioritet elan edib və bununla bağlı “tapşırıqlar” verib. Bunlardan biri qandallanaraq, Bakıya gətirilən separatçı cinayətkarların azad edilməsi, digəri Qarabağdan Ermənistana qayıdan ermənilərin problemlərinin həll edilməsidir. Samvelin İrəvana gedən kimi bu addımı atması Azərbaycan ərazisində məhv edilən erməni separatizminin Ermənistanda yenidən davam etdiriləcəyinə işarədir. Bu cəhdlərin praktiki olaraq nəticə verməyəcəyi aydındır, lakin bölgəyə sülhün gəlməsi üçün erməni separatizminin ümumiyyətlə sıradan çıxarılması vacibdir. Bunu Ermənistan hakimiyyəti də düşünməlidir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb. Yenisabah.az xəbər verir ki, Paşinyan Azərbaycanın ərazisinin 86,6 min kvadratmetr olduğunu bəyan edib. Həmin bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb. “Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”, - deyə bəyannamədə bildirilib.
Qarabağdakı separatçı rejimin keçmiş “prezidentlərinin” və digər vəzifə tutan şəxslərin həbs olunması illər öncə Ermənistana casusluq edənlərin də ifşasını gündəmə gətirib. Qeyd edək ki, məşhur “Aprel döyüşləri”, həmçinin Tovuz döyüşləri barəsində söz düşərkən, hər kəs burada xain izi axtarıb. Tovuz döyüşlərində şəhid olan Milli Qəhrəman Polad Həşimovun anası Səmaya Həşimova da dəfələrlə mediaya açıqlamasında oğlunun satqınlıq səbəbiylə düşmən gülləsinə tuş gəldiyini deyib. Bəs görəsən, Qarabağdakı terrorçu rejimin həbs edilən başçıları DTX-da bu sirləri aça bilərmi? Gununsesi.info-ya açıqlamasında Səmaya Həşimova bunu istisna etməyib: “Hardan bilmək olardı ki, o zaman Qarabağda kimlər var? Bəyəm onlar Polad Həşimovu yerini görürdülərmi ki, onu da vursunlar? Bu necə baş verə bilərdi? Həmişə demişəm nə qədər ki, ömrüm var hər kəsdən bu tələbi edəcəm. Polad Həşimovun qatillərini tez zamanda həbs etsinlər. Suala cavab olaraq demək istərdim ki, əgər elə bir qətiyyətli, cəsarətli oğlan ortaya düşüb həbs olunan ermənilərə bu sualı verə biləcəksə, ermənilərin ilk cavabı Polad Həşimovun yerini bilməmələri olacaq. Onlar Polad Həşimovu içimizdəki satqınların verdikləri koordinatlara əsasən vurduqlarını deyəcəklər. Hər kəsə məlumdur ki, həbs olunan istənilən şəxs ilk öncə özünü müdafiə etmək istər. Düşünürəm ki, onlar da özlərini müdafiə etmək üçün məhz bütün sirləri ifşa edib, ortaya tökəcəklər. Bu mənim şəxsi fikrimdir, lakin qətiyyətlə şəkildə belə düşünürəm. Yenə də qeyd edirəm Polad Həşimov ermənilər tərəfindən vurulsa da koordinatları Azərbaycandan verilib”.
NATO qüvvələrinin Cənubi Qafqaz regionunda olması İran üçün qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bu sözləri İslam Prezidenti İbrahim Rəisi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşündə deyib. “Zəngəzur dəhlizi NATO qüvvələrinin Cənubi Qafqazda mövcudluğu üçün əsas olacaq ki, bu da region ölkələrinin milli təhlükəsizliyinə təhdid yaradır. İslam Respublikası buna qəti şəkildə qarşı çıxır”, - Rəisi bildirib.
İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək. Sozcu.az xəbər verir ki, bunu İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi yerli mediaya müsahibəsində deyib. “Biz region ölkələri arasında mövcud sərhədlərin saxlanmasını vurğulayırıq. Artıq Zəngəzur dəhlizinin açılmasının heç bir əsası yoxdur. Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün idi. Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməyinin heç bir əsası yoxdur”, - Xərazi deyib. Xarici Əlaqələr Strateji Şurasının sədri Azərbaycanı təhdid və işğal yolu ilə Ermənistandan dəhliz almağa çalışmaqda ittiham edib.axar)
Əgər sual olunsa ki, Gəncədə ən çox kim türk qanı axıdıb və bunun qarşılığında mükafatlandırılıb ? Heç şübhəsiz ki, məlumatlı tarixçilər Həmid Sultanovun adını çəkəcək. Sovet tarixində bolşevik, görkəmli inqilabçı, Azərbaycan SSR-nin ilk Daxili İşlər Komissarı kimi tanıdılan Həmid Sultanov Gəncə şəhərində minlərlə günahsız insanın amansızca qətlə yetirilməsində, işgəncələrə məruz qalmasında məsul şəxslərin başında gələnlərdən biri idi. Genetik bağlılığı ilə hətta ruslara xidmət etmiş Nəsib Sultana bağlı olan Həmid Sultanovun Gəncəyə qarşı nifrətinin səbəbini anlamaq heçdə çətin olmamalıdır. Vaxtı ilə bu "görkəmli inqilabçının" Tovuz şəhərinin mərkəzində bir büstü qoyulmuşdu və son illərə qədər həmin büst öz mövcudluğunu qorumaqda idi. Görünür ki, şəhər rəhbərliyini kimsə başa salıb ki, bu adam heykəli qoyulmağa yox, yıxılmağa layiq olanlardan biridir. Əməllərinə layiq mükafatını ərmağan ediblər. Artıq onun heykəli orada yoxdur. 1920-ci il aprel işğalı zamanı onun oynadığı rolu yazmış olduğu məqalələrindən oxumaq yetərlidir. Yazmış olduğu "Müsavat hakimiyyətinin son dəqiqələri" adlı xatirələrində qeyd edir ki - " Parlaman təxminən gecə saat 11-12-də dağıldı. Biz Bünyadzadə Dadaşı və başqa yoldaşları həbsxanadan azad etdik və Azərbaycan İnqilab və Bakı İnqilab Komitəsi heyətini elan etdik. Gecə ikən bütün şəhərdə qızıl bayraqlar asıldı. Şəhər əhalisi axşam Müsavat bayraqlarını( 3 rəngli Azərbaycan bayrağı) asaraq yatdıqları halda, 28 apreldə səhər durarkən qızıl inqilab bayrağı gördü: Gecə, bütün qəzalarda inqilab komitələrinin təşkili haqqında qəza təşkilatlarına təklif verildi. Səhər zirehli qatarla Mikoyan və Musabəyov( həyat yoldaşı Ayna Sultanovanın qardaşı) yoldaşlar Bakıya gəldilər. Qızıl Ordu isə iki gündən sonra gəldi". Elə bu yazısından onun əsl kimliyini anlamaq bəs edir. Həmid Sultanov Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı olaraq 1920-ci il Gəncə üsyanının yatırılmasında xidmətlərinə görə "Qırmızı bayraq" ordeni ilə mükafatlandırılıb. Azərbaycandan bu ordeni alan ilk şəxsdir. Ayna Sultanova isə Həmid Sultanovun həyat yoldaşı, digər bolşevik Qəzənfər Musabəyovun isə bacısıdır. Mahiyyət olaraq nə həyat yoldaşından, nədə ki, qardaşından fərqli olmayıb. İlk inqilabçı qadın kimi təqdim olunan Ayna Sultanova öz həyat yoldaşı və qardaşı kimi Stepan Şaumyanın silahdaşlarından biri idi və eyni maraqlardan çıxış edirdi. Heç şübhəsiz ki, 1918-ci il mart qırğınları zərrə qədər narahat etmədiyi adamlardan biri Gəncədə bu gün adına küçə olan, hətta küçənin başında, şəhərin görkəmli yerində xatirə lövhəsi qorunan Ayna Sultanova idi. Ən maraqlısı isə budur ki, Ayna Sultanovanın xatirə lövhəsi Gəncədə Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökümətinin fəaliyyət göstərdiyi binaya tərəf baxır. Belə bir yerdə Nəsib bəyin, Fətəli Xanın, Həsən bəyin adına küçə olması doğru deyilmi ? Ayna Sultanovaya aidiyyatı olmayan şəhərdə, Gəncə üsyanının, istiqlal şəhidlərinin qanı ilə yoğrulmuş bu məkanda onun adına küçənin saxlanılması çox utancvericidir. Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri
Qarabağda külləri sovrulan separatçı-terrorçu rejimin sonuncu qondarma “prezident”i Samvel Şahramanyanın artıq Ermənistanda olması haqda informasiyalar yayılıb. Sozcu.az xəbər verir ki, “Hraparak”ın yazdığına görə, bu haqda məlumatı özü Ermənistanda olan gorbagor separatçı kriminal xuntanın qanunsuz “parlament”inin deputatı David Qalstyan paylaşıb. Yayılan fotonun da İrəvanda çəkildiyi iddia olunur... Qeyd edək ki, eyni nəşrin səhər saatlarında yaydığı məlumatda Samvel Şahramanyanın Azərbaycan tərəfindən saxlanıldığı bildirilirdi.
Ötən gün saxlanılaraq Bakıya gətirilən separatçı lider Araik Arutyunyanın necə tutulması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində Araikin Xocalı hava limanında gizlənməsi və məhz burada ələ keçməsi haqda məlumatlar tirajlanır. İddia edilir ki, Azərbaycan təhlükəsizlik qüvvələri Arutyunyanı hava limanının xüsusi hissəsində – gizləndiyi yerdə aşkar edərək saxlayıblar. Onun burada qaçmaq planları qurduğu, lakin son anda ələ keçdiyi qeyd edilir. Separatçının “Laçın” postundan keçməyə çalışarkən tutulması barədə fikirlər də səsləndirilir.
Din xadimləri Qarabağın dağlıq hissəsini axırıncı tərk edənlər arasında olub. Sozcu.az xəbər verir ki, Ermənistanın Üçmiədzin şəhərində yerləşən erməni apostol kilsəsinin ana taxtından Panorama.am-ın müxbirinə çatdırılan məlumatda belə deyilir. Məlumata görə, artıq Qarabağdakı bütün erməni ruhanilər, o cümlədən Kəlbəcər rayonu ərazisində Rusiya “sülhməramlı”larının nəzarətində olan qədim Azərbaycan türklərinin xristian dövrünə aid Xudavəng monastır kompleksinin qondarma keşişləri də Ermənistana gediblər. Qeyd edilir ki, dünən, oktyabrın 1-də Xankəndindəki kafedral erməni kilsəsində sonuncu liturgiya mərasimi keçirilib. Xatırladaq ki, 2020-ci ilin 44 günlük savaşından sonra Rusiyanın vasitəçiliyi ilə gəlinmiş razılığa əsasən Kəlbəcərdəki Xudavəng məbədində erməni keşişlər fəaliyyətini davam etdirirdi.