“Burada söhbət yalnız açıq terror aktlarından, qətllərdən getmir. Bu şəbəkə ölkəmizə xalqımıza qarşı sayı bilinməyən strateji xarakterli cinayətlər də törədib…”
Son bir neçə ildə ölkəmizdə bir sıra iri dövlətlərin, o cümlədən İranın, Fransanın, hətta ABŞ-ın kəşfiyyat-agentura şəbəkələrinin ifşası barədə informasiyaların tezliyi artıb. Görəsən, yaxın dövrdə Azərbaycanda, ümumiyyətlə, Güney Qafqazda, azı, 300 ilə yaxın dayaqlara malik olan və xalqımıza qarşı bəlkə də on minlərlə cinayətlər törətmiş və sözsüz ki, hazırda da buna davam edən Rusiya imperiyasının kəşfiyyat-agentura şəbəkəsinin ifşası haqda xəbərlər eşidəcəyikmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri ifadə edib:
“Digər iri dövlətlərinki ilə müqayisədə Rusiya kəşfiyyatı, Rusiya casus, agentura şəbəkəsi yüz illər boyu Azərbaycanda saysız-hesabsız cinayətlər törədib. Özü də burada söhbət yalnız açıq terror aktlarından, qətllərdən getmir. Bu şəbəkə ölkəmizə xalqımıza qarşı sayı bilinməyən strateji xarakterli cinayətlər də törədib. Xalqın tarixini dəyişmək, saxtalaşdırmaq, onun dini, milli-mənəvi ənənələrini, mədəniyyətini, elmini gözdən salmaq, Azərbaycan xalqının və dövlətinin daxilində müxtəlif sabotajçı, özü də uzunmüddətli əməliyyatlar həyata keçirmək, ölkədə “5-ci kalon” yaratmaq və s. Bax, bütün bu işləri görmüş Rusiya kəşfiyyatının casuslarının, onun əməllərinin ifşa olunması üçün, ən başlıcası, Azərbaycandakı keçmiş “KQB” arxivləri açılmalıdır. Və bundan sonra həmin arxivlərdən çıxan agentura mənsublarının, casusların bu gün dövlət, hökumət qurumlarında hansı vəzifələrdə yerləşdirildiyi açkarlansın və həmin qurumlar onlardan təmizlənsin... Bundan başqa dövlətlə bağlı bir neçə digər şərtə də əməl olunmalıdır... Yalnız bu halda biz Rusiya casus şəbəkəsinin, özü də nəhəng bir casus şəbəkəsinin ifşasının şahidi olacağıq. Və nəticədə Rusiya kəşfiyyat-agentura şəbəkəsi üzvlərinin törətdiyi cinayətlərin də, hamısının olmasa da, xeylisinin üstü açılacaq...”