“Mən də arzulayardım ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ən yaxın zamanda və ən qısa müddətdə imzalansın və bununla da münaqişə bitsin...”
"Son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən söz düşəndə bəzi siyasi şərhçilər iddia edir ki, həmin saziş Azərbaycandakı növbədənkənar prezident seçkilərinədək imzalana bilər. Görəsən, bu nə dərəcədə reallığa uyğun proqnozdur..."
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini belə ifadə edib:
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin növbədənkənar prezident seçkilərinədək imzalanacağı fikrinə mən bir az skeptik yanaşıram. Ona görə ki, sülh müqaviləsi yetərincə ciddi sənəddir və onun hazırlanması üçün kifayət qədər işlər görülməlidir. Sülh sazişinin bir sənəd olaraq bütün müddəaları hər iki tərəfdən razılaşdırılmalıdır. Və bu sənəd bütövlükdə onun icraatının bütün təminat mexanizmləri yaradılmadan belə, qəbul edilə bilməz. Yəni qısa müddətdə hansısa çərçivə sazişi və ya niyyət protokolu imzalana bilər ki, bu da sülh müqaviləsi demək deyil. Sülh müqaviləsi odur ki, Azərbaycanla Ermənistan arasında olmuş münaqişə, mübahisəli məsələlər, bir-birinin ərazi bütövlüyünün tanınması, təhlükəsizlik təminatı və digər bir çox məsələlər öz əksini tapan ciddi bir yekun sənəd ortalığa qoyulmalıdır...
Onu da diqqətə çatdırım ki, sülh sazişini ehtiva edən sənəd yalnız dövlət başçılarının imzalamasıyla deyil, ölkələrin parlamentlər tərəfindən də ratifikasiya olunduqdan sonra əsil mənada “sülh müqaviləsi” adlandırıla bilər. Həmin prosedurun isə bütövlükdə Azərbaycanda növbəti il fevralın 7-ə nəzərdə tutulan prezident seçkilərinədək həyata keçirilməsi mümkün deyil. Ən azı, ona görə mümkün deyil ki, bu, dediyim kimi, genişmiqyaslı prosedurun qarşıda olan müddətdə fiziki baxımdan yekunlaşdırılması qeyri-mümkündür. Ona görə də sülh sazişi haqda deyilən proqnoza bir qədər skeptik yanaşıram. Baxmayaraq ki, mən də arzulayardım ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ən yaxın zamanda və ən qısa müddətdə imzalansın və bununla da münaqişə bitsin...”