Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Pravda.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Müəssisədə cəza çəkən məhkum İqor Avşarovun xəstəlikdən öldüyü bildirilir. İ.Avşarov anasını qətlə yetirdiyinə görə həbsxanada cəza çəkirdi. Sözügedən qətl hadisəsi 2016-cı ildə Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 78 yaşlı Lidiya Avşarovanın üzərində döyülmə üçün xarakterik nişanələr olan meyiti tapılıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı İqor Avşarov tutulub. Araşdırmalarla müəyyən edilib ki, xeyli vaxtdır yataq xəstəsi olan Lidiya Avşarova oğlunu tez-tez çağırıb saatı soruşub, yemək-su istəyirmiş. Bundan bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İqor Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu, 2025-ci il ərzində Bakı həbsxanalarında 11-ci ölüm hadisəsidir.
Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib. "Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq", - deyə nazir əlavə edib.
09:38 Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. Ruben Vardanyan tərcüməçi və vəkillə təmin olunub. Bu gün ittiham aktının nəticəvi hissəsinin elanının başa çatdırılacağı gözlənilir. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
Hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru , sabiq səfir Eldar Həsənovun övladları İlham Əliyevə müraciət edib. Həmin müraciəti təqdim edirik: Həsənov Eldar Hümbət oğlunun övladları Hüseynova Səbinə Eldar qızı Qurbanova Emilya Eldar qızı Həsənov Anar Eldar oğlu tərəfindən MÜRACİƏT Çox hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan! Bu müraciəti Sizə 28 il yaxından tanıdığınız, Sizə sadiq olan Eldar Həsənovun övladları olaraq göz yaşları içində yazmağa məcburuq. Allah heç bir kimsəyə bizim çəkdiyimiz əzabları, iztirabları, göz yaşlarını, ah-naləni qismət etməsin. Atamızın 28 ildə heç vaxt heç bir tərəddüd etmədən etdiyi xidmətlər, gördüyü işlər, hamıdan çox Sizə daha yaxşı məlumdur. Məruz qaldığı ədalətsizliklərə, zülmlərə, təqiblərə, ayrı-seçkiliyə baxmayaraq məhkəmədə son sözündə ömrünün sonuna qədər sədaqətli qalacağını bildirən insana ağlımıza, yuxumuza belə gəlməyən, layiq olmadığı ən ağır cəza verildi. Əgər həqiqətən atamız milyonlar mənimsəmişdisə, niyə biz 3 övladdan 2-si gəldiyimiz gündən bəri Türkiyədə kirayədə yaşayır? Niyə heç birimizin bir dənə də olsun şəxsi maşınımız yoxdur? Niyə illərdir ki, biz övladlar və ailə üzvlərimiz 2 yerdə, bəzilərimiz isə 3 yerdə çalışırıq? Niyə Bakıda müsadirə olunan 2-3 otaqlı mənzillərimizdən illərdir ki, heç birində təmir belə olunmayıb, hamısı uçub-dağılmış vəziyyətdədir. Bunların hamısını baxış keçirən istintaq işçiləri öz gözləri ilə görəndə təəccüblərini, mənəvi əzab çəkdiklərini açıq dilə gətirdilər. Əgər milyonlar mənimsənilirdirsə, nədən ailəmizin Azərbaycanda, çalışdığımız Türkiyədə bir ticarət obyekti yoxdur ?! Yeri gəlmişkən, bildiririk ki, atamızın Səfir kimi fəaliyyəti ilə heç bir əlaqəsi olmayan, 20-30 il bundan əvvəl vicdanlı vətəndaş kimi öz adımıza aldığımız hər 3 övladın əmlaklarının üzərinə qanunsuz həbs qoyuldu, müsadirə olundu. Amma biz övladlar bundan məyus deyilik, dünya malı dünyada qalır, biz heç vaxt ərkəsöyün böyüməmişik. Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Onun məsləhəti, təşəbbüs və xeyir-duası ilə Bakıda, Böyük Britaniyada, İsveçrədə təhsil almışıq. 3 övladdan- ikimiz elmlər doktoru, birimiz isə elmlər namizədiyik (beynəlxalq hüquq, tibb, iqtisad elmləri üzrə). Möhtərəm, cənab Prezident, Sizə çox məlumatlar verə bilərlər, hətta Sizi qəzəbləndirən məlumatları da qisas almaq üçün xüsusi olaraq hazırlayıb, təqdim edə bilərlər. Amma Siz çox təcrübəli, müdrik insansınız, böyük siyasətçisiniz, dərin təhlil qabiliyyətiniz var. 2-ci Qarabağ müharibəsində bizim də doğma yurdumuz Kəlbəcər rayonu daxil olmaqla 30 il işğal altında olan əzəli torpaqlarımızı qəhrəmancasına azad edərkən bunun əyani şahidi olduq. Bu gün də bu uğurlara söykənərək yeni Azərbaycan qurursunuz. Buna görə Sizə dünyalar qədər minnətdarıq. Əfsuslar olsun, 1-ci Qarabağ müharibəsində Qazaxdan- Naxçıvanadək var gücü ilə çalışan, müharibədə iştirak edən atamız bu sevinci həbsdə yaşadı. Hətta saxlanıldığı həbs yerindən Sizə təbrik və minnətdarlıq məktubları göndərdi. Biz övladlar olaraq gənc yaşlarımızdan bu günə qədər atamızın bizə aşıladığı Heydər Əliyev siyasi xəttinə sadiq olmuşuq. Bu gün də bu düşüncədə, bu əqidədəyik. Möhətərəm cənab Prezident, Atamız haqqında Sizə qisas almaq məqsədilə yalan, uydurma, şər-böhtan xarakterli məlumatı verməklə həbsinə nail olanlar bizə məlumdur. Baxmayaraq ki, onlar hər vasitə ilə bizə çatdırırlar ki, onlarlıq bir məsələ yoxdur, ən yüksək səviyyədə verilmiş göstərişdir, biz sadəcə icraçıyıq və elə düşünürlər ki, biz də bu nağıllara inanırıq. Yeri gəlmişkən son 15 ildə Azərbaycanda həbs olunan, tanınan hər kəslə bağlı bu standart ifadələri elə Sizin rəhbərliyiniz altında çalışan bəzi insanlar bilərəkdən yayır. Bunu da bilməyinizdə fayda var. Nəticədə 13.08.2020-ci il tarixdə atamız XİN ilə bağlı başlanmış cinayət işi üzrə həbs olundu. Az bir müddət sonra XİN-dən bütün həbs olunanlar azadlığa buraxıldı (Allah hamısının qapısını açıq etsin), buna baxmayaraq yaşça onlardan 8 il fərqlə ən yaşlısı 67 yaşında olan atamız bu günə qədər həbsdədir. Azərbaycanın xarici ölkələrdə 78 səfirlik və diplomatik nümayəndəliyi olsa da, yalnız Avropada ən az büdcəsi olan atamızın çalışdığı Səfirliyin 20 illik fəaliyyəti yoxlanıldı. Ailəmizin, qohum-əqrəbalarımızın, yaxınlarımızın hamısının evlərində Prokurorluq və məhkəmə qərarları ilə axtarışlar aparılır, 38 nəfərin barədə İnterpola, Beynəlxalq Maliyyə Kəşfiyyatına, atamızın çalışdığı 4 ölkənin və bizim yaşadığımız ölkələrin müvafiq dövlət orqanlarına məktublar, sorğular göndərildi. Nəticədə istər atamız, istərsə də biz, ailə üzvləri, qohum-əqrəba ilə bağlı bir dənə də olsun qanunazidd əməl, fakt aşkar olunmadı. Heç bir müqavilə-kontrakda, bank-maliyyə sənədlərində imzası olmayan, əleyhinə heç bir şahid ifadəsi olmayan bir insan barəsində günahsız olduğuna baxmayaraq hansısa möhtəbər sübutlara yox, ehtimal və mülahizələrə əsasən çox amansız bir hökm oxundu. Əminik ki, bütün bunları qorxularından Sizdən gizlədirlər. Məhz buna görə də Atamız ayrı-seçkiliyə, ədalətsizliyə, qanunsuzluğa məruz qalaraq bu gün də həbsdədir. Möhtərəm, cənab Prezident! Yüksək diqqətinizə çatdırırıq ki, atamız son 5 ildə 7 ağır cərrahi əməliyyat keçirib. Həbsdə olduğu müddətdə sağalması mümkün olmayan paroksizmal vertiqo xəstəliyinə düçar oldu. O, 3 dəfə DTX hospitalına aparıldı və orada əməliyyat olunmasına baxmayaraq müayinə və müalicəsi prokurorluğun göstərişinə əsasən yarımçıq saxlanılaraq istintaq təcridxanasına qaytarıldı. Son 5 aydır ki, qoyulmuş qadağalara görə heç bir həkim müayinə və müalicə üçün yanına buraxılmır. 67 yaşında ağır xəstəlikləri, şiddətli ağrıları olan, gündəlik 31 dərman qəbul edən bir insana belə qeyri-insani, qeyri-humanist, amansız, qəddar münasibət olarmı?! Düşünün, sivil dünyanın hansı ölkəsində belə bir hal ola bilər?! Bunların hamısını Sizdən gizlədirlər. Anamız Elmira Həsənova 5 aydır ki, ağır xəstəlikdən Türkiyədə xəstəxanadadır. Hər gecə birimiz yanında qalırıq, övladlar olaraq bilmirik kimin yanında olaq, kimə dərmanları tez çatdıraq, kimə hansı köməyi edək?! Bunlar bizim övlad kimi müqəddəs borcumuzdur, amma biz yaşadıqlarımızı Allah heç kimə qismət etməsin. Ona görə də, Sizə müraciətimizi başlayanda “göz yaşları içində” ifadəsini işlədəndə həqiqəti söyləyirik. Hələ onu demirik ki, bir qardaşımız var, onun toyu, bizim övladların elçiliyi, nişanı hamısı dayandırılıb. İl yarımdır ki, yas içindəyik. Möhtərəm cənab Prezidentimiz, Məhkəmədə Atamız son sözündən sonra ailə üzvlərinə, qohum əqrəbasına, yaxınlarına, vəkillərinə KİV-də sosial şəbəkələrdə onunla bağlı hər hansı bir çıxışa, müraciətə, müzakirəyə, müsahibəyə qəti qadağa qoydu. Bu günə qədər də sağ olsunlar hər kəs O, ağsaqqal sözünə riayət edir. Ona görə də bilmirik ki, bizim sifarişli poçtla göndərdiyimiz bu müraciətin Sizə çatmasına imkan verəcəklərmi? Ümid edirik ki, bu dəfə mane olmayacaqlar. 19-cu aydır ki, çoxsaylı ərizə və müraciətlərimizlə bağlı heç bir dövlət qurumundan bir kəlmə də olsun nə yazılı, nə şifahi bir cavab verən olmadı, heç kim qəbul etmədi. İndi bir anlığa təsəvvür edin bizim düşdüyümüz vəziyyəti, bir vətəndaş kimi bizə olan münasibəti. Ona görə də Allahdan sonra tək ümid yerimiz, inam yerimiz Sizsiz cənab Prezident. Atamızın Apellyasiya Məhkəməsi mart ayında- Novruz bayramı ərəfəsindədir. Allah qorusun, Sizin də ləyaqətli 3 övladınız var. Uca Tanrımız heç vaxt onlara ağır gün qismət etməsin, həmişə üzləri gülsün. Biz üç övladın yaşadıqlarını, düşdüyümüz ağır durumu, Ata-Ana ah-naləsini, fəryadını nəzərə alıb ağır xəstə olan 67 yaşlı Atamızı həbsdən azad etməyinizi Sizdən çox xahiş edirik. Bəlkə xəstəxanalarda Onu müalicə etdirməklə həyata qaytara bilərik. Səbinə Eldar qızı Hüseynova Emilya Eldar qızı Qurbanova Anar Eldar oğlu Həsənov
Tanınmış yazar, Əbil Həsənin "Aşkı Kaybetme Korkusu" adlı kitabı Türkiyədə çap olunub. Sevgimizi qoruyub saxlayaq və sevgi ilə dolu bir ömür yaşayaq. Unutmayaq ki, dünyanı xilas edəcək tək güc məhz sevgidir! Eşq əhliyəm sevgi mənim dinimdir. Sevirəmsə bütün dünya mənimdir. Bir bülbüləm gül eşqiylə ötürəm Payızda da gülün toxumu dənimdir. Türkiyədə nəşr olunan yeni kitabım.
Lisenziyası ləğv edilmiş plastik cərrahların tam siyahısı məlum olub. Sozcu.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin imzaladığı əmrlə aşağıdakı şəxslərin lisenziyası ləğv olunub: Ağamirova Könül Əlifirid qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044818 Əliyeva Şövkət Tofiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043889 Həmidova (Heydərova) Sevinc Abisalam qızı – sertifikasiya şəhadətnaməsi Ser. AH No 040407 Kərimova Bəhicə Rafiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 055491 Quliyeva Rəna Ədalət qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 046988 Qurbanova Təbəssüm Arif qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044967 Salmanlı Elnarə Eldar qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043603 Qeyd edək ki, adıçəkilən şəxslərin hamısı 2022-ci ildən sonra lisenziya alıbmış. Hazırda məsələ ilə bağlı prokurorluqda araşdırma davam edir.
Kolleclərdə “Müəllimlik” ixtisası tədricən ləğv ediləcək. Sozcu.az xəbər verir ki, bunu AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq. "Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır", - deyə nazir qeyd edib. O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb. Sozcu.az-ın xəbərinə görə, onun Bakıdakı mənzilində axtarış aparılıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. 53 səhifəlik hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb. Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib. Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Beləliklə, təyyarəmizin Rusiya tərəfindən vurulduğu artıq rəsmi olaraq təsdiqlənib. Rəsmi Bakı Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edir. Modern.az-ın məlumatına görə, kompensasiya məsələsi Beynəlxaq Mülki Aviasiya qaydalarında öz əksini tapıb. Qeyd edək ki, fakt təsdiqini taparsa, həmin ölkə üzr istəməli, məsuliyyət daşıyanlar cəzalandırılmalı və təzminat ödəməlidir. Beynəlxaq Mülki Aviasiya qaydalarına əsasən, mülki aviareyslərdə qəza nəticəsində ölənlərə ödənilməsi üçün xüsusi beynəlxalq valyutadan istifadə edilir. "Special Drawing right" (xüsusi borcalma hüququ) - SDR kimi adlanan bu valyuta həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbul edilib. Qəza nəticəsində ölən hər sərnişinə görə məsuliyyət daşıyan ölkə tərəfindən 250000 (iki yüz əlli min) SDR kompensasiya ödənilməlidir. Azərbaycan Mərkəzi bankının hadisə gününə olan məzənnəsinə görə 1 SDR - 2.2170 azn olmaqla, kompensasiya məbləği 554250 Azərbaycan manatıdır. Hadisə baş verdiyi ərazi (Rusiya Federasiyası) üzrə kompensasiya isə 32623433 Rusiya rubl (250000 SDR), yəni 326662 ABŞ dolları edir. Bu kompensasiya məbləği qəzanın baş verməsinə səbəb olan ölkə, yəni Rusiya tərəfindən vətəndaşlığından asılı olmayaraq qəzada ölən şəxslərin ailə üzvlərinə və dəymiş maddi zərərə görə AZAL-a ödənilməlidir. 250000 SDR məbləğ maksimal kompensasiya məbləğidir. Monreal konvensiyasına görə, minimal kompensasiya məbləği 150000 SDR-dir.
Cari ilin hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar. Təlim toplanışının əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
3-5 gündən bir mətbuatda bu cür xəbərlərə rast gəlirik: borcu olan 137 nəfər saxlanıldı; borcu olan 50 nəfər saxlanıldı; borcu olan daha 30 nəfər saxlanıldı və sair. Bu adamlar əsasən banklara, kredit təşkilatlarına borcu, aliment borcu, vergi və digər borcları olan, bu borcları ödəyə bilməyən sadə, imkansız, sıravi vətəndaşlardır. Yaxud, son zamanlar öz(!) meyvə-tərəvəzini xarici ölkələrə çıxarıb satan, lakin əldə etdiyi öz (!) pulunu ölkəyə qaytarmayan fermerlərin kütləvi həbsinə dair rəsmi məlumatlar yayılır. Qanunvericiliklə doğrudan da, həmin vəsaitlər rəsmiləşdirilməli və yalnız gömrük prosedurlarına uyğu şəkildə ölkədən çıxarılmalıdır. Fakt isə budur ki, bu pozuntunu bilərəkdən, yaxud bilmədən edən fermerlər kütləvi olaraq hətta bir neçə minlik meyvə-tərəvəzə görə istintaqa cəlb edilir, həbs olunur, cərimələnir və s. Demək istədiyimiz odur ki, maliyyə nizam-intizamına qəsdən, ya da bilmədən riayət etməyən, banka, alimentə, vergiyə borcunu ödəməkdə çətinlik çəkən vətəndaş “ayağını bir addım sağa-sola qoyan kimi” saxlanılır, həbs olunur, olanı-qalanı müsadirə edilir... Amma eyni münasibət nədənsə bir çox hallarda dövlət büdcəsini milyonlarla, on milyonlarla, yüz milyonlarla məbləğdə talayan, korrupsiya, rüşvətlə məşğul olan və hətta bu cinayət əməlləri istintaq, məhkəmə tərəfindən sübut olunan, üstəlik bunu özləri də etiraf edən sabiq məmurlara, nazirlərə göstərilmir. Məsələn, bir neçə gün əvvəl mətbuatda AMEA Prezidenti, akademik İsa Həbibbəylinin oğlu Səhhət Həbibbəylinin istintaqa ifadəsi dərc edildi. Məlum oldu ki, akademikin gömrük rəisi olan oğlu Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 40 milyon dollara yaxın pul çatdırırmış. Hələ bu, boynuna aldığıdır: “2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”. Bu, üst-üstə 100 milyonlarla dolların təkcə S.Həbibbəylinin sədrliyi dövründə - 3 ildə V.Talıbova ötürülməsi deməkdir. Əlbəttə ki, bundan akademikin oğluna da az pul çatmayıb. Talıbov isə 3 il yox, 1995-ci ildən 2022-ci ilə qədər – 27 il(!) Naxçıvan Ali Məclisinin sədri olub. Hələ bu, təkcə gömrükdən yığılanlardır. Üstəgəl büdcədən talananları, rüşvəti, hüquq-mühafizə orqanlarının yığdıqlarını və s. demirik. Amma yuxarıda qeyd edilən ifadələrə, etiraflara baxmayaraq, bu gün Vasif Talıbov da, Səhhət Həbibbəyli də azadlıqda, öz keflərindədir… Sabiq MTN başçısı Eldar Mahmudovun əsas fiqur olduğu “MTN işi”, sabiq Rabitə naziri Əli Abbasovun baş rolda olduğu “Rabitə işi”, eləcə də sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin, sabiq XİN başçısı Elmar Məmmədyarovun nazirliklərindəki korupsiya faktları ilə bağlı aparılan istintaqlar, həbslər, bu rəhbər şəxslərə qarşı rəsmi ifadələr və s. sonda onunla nəticələndi ki, həmin bu qurumlarda kimlərsə həbs olundu, 3-5 il yatıb çıxdı, kimlərsə müxtəlif məlum yollarla canını həbsdən qurtardı, əsas rəhbər məmurlara isə “gözün üstə qaşın var” deyən olmadı. Həmin adamlar bu gün də öz “kefində-damağındadır”. Hələ bunlar rəhbərlik etdikləri qurumlarda pis-yaxşı araşdırma aparılanlar, cinayət faktları rəsmən üzə çıxarılanlardır. Bundan əlavə Ramiz Mehdiyev, Hacıbala Abutalıbov, “qaçqınkom” Əli Həsənov, Zakir Qaralov, Ziya Məmmədov, Əhməd Əhmədzadə, Etibar Pirverdiyev, Abid Şərifov və saydıqca sırası bitməyən milyonçu, hətta milyarder sabiq məmurlar var ki, nə barələrində istintaq aparılıb, nə fəaliyyəti yoxlanılıb, nə də varidatlarının mənbəyi soruşulub. Əvəzində, imkansızlıqdan banka, vergiyə, DSMF-ə borcu olanlar saxlanılır, sorğu-suala çəkilir, hər qəpikləri güdülür, işığa borcu olanın işığı, qaza borcu olanın qazı, suya borcu olanın suyu kəsilir… Qanun tələb edirsə, qoy kəsilsin. Amma bu qanun niyə əhalinin imkansız qisminə tətbiq edilməlidir, yüksək məmur təbəqəsi isə bundan yayınmalıdır? Bu nə ayrıseçkilikdir, nəyin siqnalı, ismarıcıdır? Bundan çoxları, o cümlədən bugünkü gənclik belə nəticə çıxarır ki, daha böyük, iri miqyaslı oğru olmalısan ki, həbs edilməyəsən, böyük oğrusansa azadlıqda və kefdə, xırda-para borcu olub, bunu ödəyə bilməyən balaca adamsansa həbsdə olmalısan! Əgər belə davam edəcəksə, yaxın gələcəkdə hüquqi dövlətə, ədalətə, məhkəmələrə, hüquq-mühafizə orqanlarına və s. inamın bərpası üfüqdə də görünməyəcək...“AzPolitika.info”
Kanadanın baş naziri Castin Trüdo ABŞ Prezidenti Donald Trampın rüsum tətbiqinə cavab olaraq ölkəsinin 155 milyard dollarlıq ABŞ mallarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Sozcu.az-ın məlumatına görə, hökumət başçısı bildirib ki, tarif paketinə 4 fevraldan etibarən 30 milyard dollarlıq mallara dərhal, 125 milyard dollarlıq məhsullara isə 21 gün ərzində əlavə rüsumlar daxildir. Baş nazir xalqı marketlərdən ABŞ məhsulları yerinə Kanada məhsulları almağa çağırıb. Eyni zamanda Meksika Prezidenti Klaudia Şeynbaum Trampın 25 faizlik rüsum qərarına cavab olaraq hökumətə Meksikanın maraqlarını müdafiə etmək üçün rüsum və qeyri-rüsum tədbirlərini özündə birləşdirən “B Planı”nı həyata keçirməyi tapşırdığını deyib. Rüsumlarla bağlı digər detallar açıqlanmayıb.