Redaktor seçimi

Paşinyan: İranla sərhədə 100% özümüz nəzarət edirik

Ölkə öz sərhədlərini qorumalıdır, lakin bu o demək deyil ki, o, başqa ölkələr və təşkilatlarla əməkdaşlıq edə bilməz. Sozcu.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib. “Biz artıq Ermənistanın İran və Türkiyə ilə sərhədində birgə xidmət həyata keçiririk və "Zvartnots" hava limanında özümüz xidmət göstəririk. İranla sərhəd məntəqəsi 100% erməni sərhədçilərinin nəzarətindədir və Ermənistan sərhəd qoşunları da bu ərazidə xidmətə başlayıb. Bu proses davam edəcək”, - deyə o qeyd edib. Paşinyan bunu iki ölkə arasında iradə məsələsi adlandırıb: “Hazırda biz birgə xidmət həyata keçiririk və istisna etmirəm ki, bu birgə xidmətin əhatə dairəsi genişlənəcək”.

Səfirliyin keçmiş birinci katibi saxlanıldı - Onun həbsi tələb olunur

Azərbaycanın Yunanıstandakı səfirin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli saxlanılıb. Sozcu.az report-a istinadla xəbər verir ki, sabiq birinci katib xırda xuliqanlıqda, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yetirməməkdə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda şübhəli bilinib. R. Şahhüseynli Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Barəsində 3 maddə üzrə protokollar tərtib olunub və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Protokolda polis onun 2 ay müddətinə həbs edilməsini istəyib. Sumqayıt Şəhər Məhkəməsində Rəhman Şahhüseynli barəsində xırda xuliqanlıqla bağlı bəraət verilib, digər iki əmələ görə isə 500 manat cərimə edilib. Faktı Rəhman Şahhüseynlinin vəkili Könül Cəfərli "Report"a təsdiqləyib. Qeyd edək ki, Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür. Sozcu.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib. Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib. 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb. 29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. 22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili "Cümhuriyyət İli" elan edilib. Prezident İlham Əliyev 30 dekabr 2023-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Bir kənddə 3 rus məktəbinin, 1 rus dilli uşaq bağçasının olması kimə və hara lazımdır?

Son illər Azərbaycanda rus dilli məktəblərin saylarının artırılması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bakıda fəaliyyət göstərən "Rus Evi" nin mədəniyyət mərkəzindən daha çox ölkəmizdə milli və dini zəmində nifaq salmağa, separatçılıq toxumları səpməyə çalışan şəxslərin-agentlərin yuvasına çevrilməsi haqqında da mətbuatda geniş məlumatlar dərc edildi. Rus dilli əhalinin geniş yaşamadığı bölgələrimizdə rus məktəblərinin olması kimə və nəyə görə lazımdır? Maraqlı deyilmi?  Qəbələ rayonunun Nic qəsəbəsində oldum. Nic qəsəbəsini daha çox  etnik xalqlardan olan udilərin yaşadığı qəsəbə kimi tanınsa da, bu qəsəbədə udilərlə bərabər , Azərbaycan turkləri, ləzgilər, az sayda yahudilər və çox az sayda ruslar yaşayır.  Bu qəsəbədə yaşayan əsas xalqların heçbirinin ana dili rus dili olmamasına baxmayaraq, qəsəbədə olan 5 orta məktəbin 3- ü rus məktəbi, 2 uşaq bağçasının 1 - i rusdilli uşaq bağçasıdır.  Qəsəbədə olan  rus məktəblərinin təməli  sovet imperiyası dövründə qoyulsa da, müstəqillik illəri dövründə də, bu ənənə davam etdirilmiş və hazırda da, rus dili qəsəbədə yaşayan xalqların, əsasəndə udilərin əsas dili - ana dili kimi formalaşması ənənəsi  bilərəkdən davam etdirilir. Əgər bu siyasət qəsəbədə yaşayan udilərin sitayiş etdikləri dinin xristian dini olması ilə əlaqədardırsa, onda bu məntiqlə, Azərbaycanda yaşayan xalqların əksəriyyətinin dininin islam dini olmasını əsas tutaraq, məktəblərimizdə ərəb dilində dərslər keçirilməlidir? Bundan başqa, xristian inancından olan dövlətlərin böyük əksəriyyətinin dili rus dili deyil. Yaxşı, niyə məhz rus dili? Hər kəsə məlumdur ki, rus imperiyası bütün dövrlərdə Azərbaycanda separatizm toxumunu səpmək üçün əsasən etnik xalqlardan istifadə etməyə çalışıb. Etnik xalqların, yaşadığı bir qəsəbədə 5 məktəbin 3-nün rus dilli məktəb kimi qalması rus imperiyası siyasətinə xidmət etmirmi?  Azərbaycan hakimiyyəti bu məsələyə münasibət bildirməlidir.  Mən hesab edirəm ki, bu çox ciddi məsələdir və Azərbaycanın aparıcı media orqanları, tanınmış ictimai xadimlər  rus imperiyası siyasətinin tərkib hissəsi olan rus məktəblərinin süni artımının qarşısını almağa nail olmalıdırlar. Azərbaycan hakimiyyəti bir qəsəbədə 5 məktəbin 3- nün rus məktəbi olmasının vacibliyinə necə izah verəcəklər bilmirəm. Rusların geniş tərkibdə yaşamadıqları bir qəsəbədə Azərbaycan dilində olan uşaq bağçası ilə  yanaşı, alternativ rus bağçasının nəyə görə fəaliyyət göstərdiyinə nə izah verəcəklərini isə maraqla gözləyirəm. Elşən Əlisoy

Gülnaz Dadaşovanın rəhbərlik etdiyi institut 1.8 milyonluq tenderi bu şirkətə verdi

Laboratoriya tədqiqatları və müayinələr üçün lazım olan tibbi reaktiv, reagent və ləvazimatların alınmasına sərf ediləcək vəsaitin həcmi açıqlanıb. Sozcu.az-ın xəbərinə görə, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu "Triolab" MMC ilə müqavilə bağlamağı və 1 837 745 AZN köçürməyi planlaşdırır. İnstitutun direktoru Gülnaz Dadaşova, şirkətin qanuni təmsilçisi İlqar Soltanəli oğlu Məmmədovdur.pravda.az)

ABŞ və AB razılığa gəldi: Rusiyaya maksimum təzyiq...

Ağ Evin yeni administrasiyası Avropa Birliyi ilə razılaşıb ki, onlar Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiyaya maksimum təzyiq göstərməyə davam etsinlər. Sozcu.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri anonim avropalı məmurun sözlərinə istinadən məlumat yayıb. Bildirilib ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və ABŞ Dövlət katibi Marko Rubio ilk telefon danışığı zamanı belə razılığa gəliblər.

Keçmiş icra başçısının oğlu arvadı ilə “Range Rover”i bölə bilmir

Həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu arvadı ilə əmlak mübahisəsinə başlayıb.  Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, həyat yoldaşı uzun illər prokurorluqda işləmiş Məhəmməd Hacıyevi məhkəməyə verib. Mübahisə səbəbi isə keçmiş prokuror M.Hacıyevin "Range Rover" markalı avtomobilidir. İddiaçı C.Hacıyeva "Range Rover"in birgə evlilik dövründə alındığını əsas gətirərək yarısına pay hüququnun tanınmasını tələb edir. Maraqlıdır ki, Hacıyevlər rəsmən boşanmayıblar. Onlar evli ola-ola əmlak davası edirlər. Cavabdeh Hacıyev isə arvadının tələbi ilə razılaşmır. Bu səbəbdən iş məhkəməyə qədər gəlib çıxıb. Daha bir diqqətçəkən məqam isə bu avtomobil Vilyam Hacıyevin cinayət işi ilə bağlı dövlət nəfinə müsadirə edilməsidir. Görünən odur ki, bu tələbi qəbul edilsə, iddiaçı müsadirə qərarına qarşı da məhkəmə başladacaq. Qeyd edək ki, Vilyam Hacıyev İmişlinin icra başçısı olduğu müddətdə oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru işləyib. Atası korrupsiya cinayətlərinə görə 8 il 6 aylıq həbsə məhkum edildikdən bir müddət sonra övladı öz ərizəsi ilə prokurorluqluqdakı işindən ayrılıb.  Xatırladaq ki, V.Hacıyev həbs ediləndən sonra özü və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

Zaqatalada dağda faciəli şəkildə ölən QAZİNİN FOTOLARI

Xəbər verdiyimiz kimi Vətən müharibəsi qazisi 32 yaşlı Hüseyn Məmmədovun Zaqatala dağlarında meyiti tapılıb. Lent.az mərhum qazinin fotolarını əldə edib. Qeyd edək ki, H. Məmmədov dayısı oğlu Murad Əli oğlu Nurçiyevlə birlikdə onun işlədiyi Zaqatala Hava Məlumatı Ötürücü Stansiyasına gedərkən yolda ehtiyatsızlıqdan yıxılıb. Bu zaman H. Məmmədovun əlində olan 12 kalibirli ov tüfəngindən atəş açılıb. Hadisə nəticəsində H. Məmmədov bədənin qasıq hissəsindən aldığı ağır yaradan hadisə yerində dünyasını dəyişib.

Qarabağda tikinti aparan qurumda nöqsanlar aşkarlandı

Hesablama Palatası "Cәbrayıl, Qubadlı vә Zәngilan rayonlarında Bәrpa, Tikinti vә İdarәetmә Xidmәti” publik hüquqi şәxsә dövlәt büdcәsindәn ayrılan vәsaitlәrin vә dövlәt әmlakının istifadәsi vә idarә edilmәsinә dair audit keçirib. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Palatadan bildirilib. Qeyd edilib ki, “Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş hәcmlәrinin artıq, digәr işlәrdә isә tikinti materialının dәyәrinin bәzi işlәrin qiymәtindә nәzәrә alınmasına baxmayaraq tәkrarәn, elәcә dә eyni işin qiymәtlәrinin fәrqli qiymәtlәrlә daxil edilmәsi obyektin müqavilә dәyәrinin 146942,89 manat artmasına sәbәb olub. Zәngilan rayonu Ağalı kәndindә Xidmәtin strukturunda çalışan işğaldan azad edilmiş әrazilәrdә işlәyәn mütәxәssislәrin işinin xüsusiyyәtlәri nәzәrә alınmaqla mәskunlaşmaları ilә bağlı әmәyin ödәnişi üzrә qanunvericiliklә müәyyәn edilmiş әlavәnin düzgün tәtbiq edilmәmәsi hesablaşmada әsas olmadan ümumilikdә 137258.71 manat vәsaitin artıq ödәnilmәsi ilә nәticәlәnib. Nәqliyyat xidmәtlәrinin satınalıması üzrә müqavilә öhdәliyindәn artıq xidmәtlәrin göstәrilmәsi vә dәyәrinin ödәnilmәsi müqavilә şәrtlәrinә riayәt edilmәmәklә yanaşı, dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericiliyin dә pozulmasına sәbәb olmuşdur. Xidmәti istifadә mәqsәdi ilә "3 әdәd müvәqqәti yaşayış şәhәrciklәrinin tikintisi vә quraşdırılması" üçün keçirilmiş satınalma üzrә ehtimal olunan qiymәtin qanunvericiliklә müәyyәn edilmiş qaydada müәyyәnlәşdirilmәdәn 2 lot üzrә tenderә çıxarılması prosesindә eyniadlı avadanlığın dәyәrinin hәr iki satınalmanın iş hәcmlәrinә daxil edilmәsi vә müvafiq müqavilәlәrin bağlanılması dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericilik aktlarının tәlәblәrinin gözlәnilmәmәsi ilә yanaşı, tәchizatçı ilә bağlanılmış satınalma müqavilәsindә işlәrin dәyәrinin 522270,36 manat artırılması ilә nәticәlәnib. Bildirilib ki, kәnar dövlәt maliyyә nәzarәti obyektindә aparılan audit üzrә Rәy formalaşdırmaq mәqsәdilә әldә edilmiş audit sübutları qiymәtlәndirilәrkәn Xidmәt tәrәfindәn Hesablama Palatasına tәqdim olunmuş 14.08.2024-cü il tarixli mәktub ilә bildirilәn qeyd, irad vә rәyinә әlavә olunan sәnәdlәr vә mәlumatlar tәhlil edilәrәk nәzәrә alınmışdır. “Aparılmış auditә әsasәn biz müәyyәn etdik ki, auditi aparılan Xidmәt tәrәfindәn dövlәt vәsaitlәrinin vә dövlәt әmlakının istifadәsi vә idarә olunması vәziyyәtinin audit meyarları ilә müqayisәsindә hesabatın nәticәlәr hissәsindә qeyd edilәn uyğunsuzluqlar istisna olmaqla (qeyd olunan uyğunsuzluqlar yayılan deyildir) digәr audit predmetlәri bütün әhәmiyyәtli aspektlәr baxımından tәtbiq edilәn meyarlara uyğundur” - deyə Hesablama Palatasından bildirilib.

Bu məlumatın vaxtında verilməməsinə görə cərimə artırılır

Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə görə cərimələr artırılır. Sozcu.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. Dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək (hazırda 200-300) məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 (hazırda 400-600) manatadək məbləğdə cərimə ediləcək. Bundan başqa, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 400 manatadək (hazırda 100-200) məbləğdə, hüquqi şəxslər 800 manatdan 1 000 manatadək (hazırda 300-500) məbləğdə cərimə ediləcək.

Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT

Rusiya Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları Tver vilayətində azərbaycanlılara qarşı əməliyyat keçirib. Sozcu.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiya Milli Qvardiyasının döyüşçüləri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi  əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb. Onların uzun müddət ərzində aksizi olmayan tütün və spirtli iççi məhsullarının ticarəti ilə məşğul olduğu iddia edilib. Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl olaraq qiymətləndirilir. 

Orxan Əsgərovun atası Tehranın edam qərarına münasibət bildirdi

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Sozcu.az xəbər verir ki, səfirliyimizə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlar hadisəni törədən şəxsin edam olunmasını tələb edirlər: “Biz rəsmilərlə görüşümüzdə də, sənədləri hazırlayıb İran İslam Respublikasının Ali Məhkəmə orqanına göndərəndə də bir tələbimiz olub: edam. Qisas qismində edam. Bizim başqa bir tələbimiz olmayıb. Bu terror hadisəsindən 2  il keçməsinə baxmayaraq, hələ də İran İslam Respublikasında həmin terrorçunun öz layiqli cəzasını almasına əngəl törədirlər. Mən dəfələrlə Bakıda İranın müvafiq hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşmüşəm. Onlar bildiriblər ki, İslam dini ilə əlaqəli qanunlara uyğun biz onları kompensasiya qismində bağışlaya bilərik və edam etdirə bilərik. Lakin bizim bir qərarımız olub - edam. Müxtəlif sənədlər hazırlamışıq və İrana yollamışıq. Lakin bu qərar icra olunmayıb. Dövlət rəhbərliyinin, müvafiq orqanların bu işə ciddi yanaşması nəticəsində İran Ali Məhkəməsi qərarı təsdiq edib. Yəqin ki edam hökmü qüvvədə olacaq. Biz sənədləri hazırlayıb İrana yollayacağıq və yaxında edam hökmü icra olunacaq”. Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Terroru törədən Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar.