Fevralın 14-də Murovdağ faciəsinin 31-ci ili tamam olub. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə Murovdağ əməliyyatı və bu döyüşlərdə şəhid olanların sayı, eləcə də hadisələrin gedişatı ilə bağlı müzakirələr aparılır. Bəzi istifadəçilər faciə zamanı 1500-dən artıq hərbçimizin donaraq həyatını itirməsi bildirilir. Bu rəqəmin ortaya çıxmasında isə “Vikipediya”da daha əvvəl yerləşdirilmiş məlumat rol oynayıb. Onlardan 1337-sinin donaraq öldüyü, 111 nəfərin itkin düşdüyü, digərlərinin isə döyüş şəraitində şəhid olduğu qeyd olunur. Ancaq keçmiş döyüşçülər, eləcə də əməliyyatda iştirak etmiş zabitlər Murovdağ faciəsi zamanı insan itkisinin təxminən 250 nəfər olduğunu bildiriblər. “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi jurnalist Rey Kərimoğlu da “Vikipediya”dakı yanlışlığın aradan qaldırılması barədə paylaşım edib: “Bu işlə bağlı məhkəmə istintaqı olub. Briqada komandirinin müavini Nəriman Zeynalovun sözlərinə görə, istintaq zamanı dəqiqləşib ki, 250 nəfərə yaxın şəxs ya yaralanaraq, ya da donaraq şəhid olub. Adlı siyahı da var istintaqda. Qəhrəman döyüşçülərimizin sayəsində isə düşmən tərəfinin itkisi 800 nəfər olub”. R.Kərimoğlu Murovdağdakı uğursuzluğun Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Azərbaycana qarşı xəyanətlərindən biri olduğunu bildirib.
1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə 1 698 azərbaycanlı girov götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Fuad Musayev ittiham aktını elan edən zaman bildirilib. O qeyd edib ki, əsir və girov götürülən 1284 dinc sakindən 122-i mülki sakin, əsir götürülmüş 414 nəfər isə hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb: "Qalan 1528 nəfər şəxs Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə görülmüş tədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlər müqabilində azad edilib".
2023-cü ilin fevralında Tərtərdə həyat yoldaşı 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və həyətdə usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi güllələyərək qətlə yetirən Asəf Məmmədova hökm oxunub. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü A.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.7-ci (Xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla 2 və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib. İstintaq vaxtı A.Məmmədov hadisəni qısqanclıq zəminində törətdiyini, evdə səsyazan qurğu quraşdırdığını və əldə etdiyi məlumatlara əsasən, bu cinayəti törətdiyini iddia edib. Lakin ekspertiza və digər araşdırmalar zamanı G.Məmmədovanın ailəsinə xəyanət etməsini sübut edən hər hansı fakt aşkar edilməyib. Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub. Namiq Allahverdiyev cütlüyün evinin qonşuluğunda - G.Məmmədovanın qardaşının həyətində atası ilə birgə usta işləyirmiş.
Bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdiriləcək. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, ötən məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib. Daha sonra məhkəmənin davamı fevralın 14-nə təyin edilib. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub. Sozcu.az xəbər verir ki, bu barədə məlumat Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında bildirilib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli, həmçinin Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib. Belə ki, 1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Avropa Parlamenti Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıyan qətnamə qəbul edib. Sozcu.az xəbər verir ki, “Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi” adlı qətnaməni 400 deputat dəstəkləyib, 63-ü əleyhinə səs verib, 81 deputat isə bitərəf qalıb. Qətnamənin müəllifi Avropa Parlamentindəki 5 siyasi qrupdan - Avropa Xalq Partiyası, Sosial Demokratlar, Mühafizəkarlar və İslahatçılar, Yeniləşmə və Yaşıllar partiyasından olan 57 deputatdır. Qətnamədə Avropa Parlamentinin Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanımağa davam etdiyi qeyd edilir və onun “Gürcüstanın dinc yolla demokratiya və Avropa yoluna istiqamətləndirilməsi səyləri” təqdir edilir. Sənəddə həmçinin Avopra İttifaqı Şurasının Prezidentinə Zurabişvilinin şuranın qarşıdan gələn iclasına, həmçinin Avropa Siyasi İcmasının növbəti sammitinə Gürcüstanı təmsil etməsi üçün dəvət göndərməsi çağırışı edilir. Qətnamə layihəsində Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi, Gürcüstan rəsmilərinə sanksiyaların tətbiq edilməsinə çağırışları da yer alıb.apa
“Mən hakimiyyəti ancaq xalqa qaytara bilərəm. Bu, həmişə mənim prinsipim olub”. Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan müxalifətin “istefa!” tələbinə münasibət bildirərkən deyib. Paşinyan bildirib ki, o, heç vaxt imkan verməyəcək hansısa müxalifət qrup hakimiyyəti xalqın əlindən alsın. “Mən xalqın hakimiyyətini sizdən müdafiə edirəm və onu sona qədər qoruyacağam”, - deyən Paşinyan müxalifətə, keçmiş hakimiyyətə müraciət edərək təkrarlayıb: “Əgər sabah sxalq hakimiyyəti ələ almaq istəsə, o bunu edəcək”.
Sozcu.az ADP sədri Sərdar Cəlaloğlunun Sherg.az-a müsahibəsini təqdim edir: - Sərdar bəy, kəskinləşən Rusiya-Azərbaycan əlaqələri təyyarəmizin vurulması ilə bağlıdır, yoxsa alt qatda başqa səbəblər dayanır? - Rusiya-Azərbaycan arasında gərginliyin yaranmasının səbəbləri başqadır. AZAL-ın təyyarəsinin vurulmasından sonra yaranan məsələlər sadəcə prosesin görünən, zahiri tərəfidir. Təyyarə hadisəsi tətikləyici rol oynadı. Əslində isə Rusiyanın məqsədi Azərbaycanı öz təsir dairəsinə salmaq, dövlətimizin müstəqil xarici siyasət aparmasının qarşısını almaqdır. Kreml Bakı qarşısında Türkiyə ilə əlaqələri zəiflətmək, ABŞ və Avropa ilə münasibətlərə yenidən baxmaq, Ukraynaya dəstək verməkdən çəkindirmək kimi şərtlər qoyur. Azərbaycan bu şərtləri qəbul etmək niyyətində deyil. Çünki bu şərtlər müstəqilliyimizin, suverenliyimizin məhdudlaşmasına, hətta itirilməsinə gətirib çıxara bilər. Təyyarə qəzası isə bu gərgin prosesi inkişaf etdirən məqamlardan biridir. - Rusiyadan Azərbaycana yönəlik açıq təhdidləri, məsələn, azərbaycanlı miqrantlarla bağlı şantajı necə şərh edərdiniz? - Rusiyanın Azərbaycana qarşı heç bir arqumentləri ciddi deyil. Miqrantların geri qayıtması da bizim üçün təhlükə sayılmamalıdır. Əvvəla, miqrantların Rusiyadan çıxarılması mümkün deyil. Belə bir addım Rusiyanın özündə onsuz da bərbad gündə olan iqtisadiyyatın tamam pozulması ilə nəticələnər. Çünki azərbaycanlılar Rusiya bazarını təmin edən bir neçə əsas elementlərdən sayılır. Miqrantların ölkədən çıxarılması rusların özü üçün problemlərin yaranması deməkdir. Moskvadan tacikləri çıxarıblar, paytaxtın bütün küçələri zir-zibil içindədir. Azərbaycanlı miqrantların Rusiyadan qovulması rus bazarlarının çökdürülməsi anlamına gəlir. Bu da Rusiya üçün çox ciddi problemlər deməkdir. - Rusiya problemləri gözə alaraq belə bir addım atsa, bizim üçün hansı nəticələrə səbəb olar? - Əgər belə bir şey baş verərsə, yəni Rusiya azərbaycanlı miqrantları zorla çıxarmağa cəhd edərsə, Azərbaycan öz vətəndaşlarını qəbul etməyə hazır olmalıdır. Hətta deyərdim ki, özümüz buna cəhd etməliyik. Rusiyada çalışan azərbaycanlıların iş problemi varsa, onların iş məsələsi həll edilməlidir. Hazırda Qarabağda geniş bərpa-quruculuq işləri gedir. İşlərin tempi kifayət qədər yüksəkdir. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma və dövlət büdcəsinə gəlir gətirən sahələrin formalaşması üçün orada həddindən artıq işçi qüvvəsi lazımdır. Əgər Rusiyadan əmək miqrantları gələrsə, onların hamısı Qarabağa yönəltməliyik. Həmçinin, Azərbaycan hökuməti Türkiyə ilə bərabər Suriyanın bərpasında da iştirak edəcək. Suriyada adi fəhlədən, mütəxəssislərədək ehtiyac olacaq. Lazım olarsa, miqrantların böyük bir hissəsini Suriyaya istiqamətləndirmək olar. Yəni Rusiya Azərbaycanı belə məsələlərlə qorxuda bilməz. Miqrant məsələsi də Azərbaycana təsir etməz. Azərbaycanlı miqrantlara görə, dövlət müstəqilliyimizin məhdudlaşmasına, suverenliyimizin əldən çıxmasına razı ola bilmərik. - Rusiyanın düşmən mövqeyindən sonra Azərbaycan ictimaiyyətində çağırışlardan biri də ölkəmizdəki rus məktəblərinin bağlanması yönündədir. Bu çağırış barədə nə deyə bilərsiz? - Ölkəmizdə rus məktəblərinin olması Azərbaycan Konstitusiyasına ziddiyyət təşkil etdiyinə görə bağlanmalıdır. Rus məktəbləri Azərbaycan dövlətçiliyinə böyük təhdid deməkdir. Kimlərsə bu məsələni indi gündəmə gətirir. Mən 3 ildir deyirəm ki, rus məktəblərinin açılması ölkə Konstitusiyasına ziddir. Bu addım Azərbaycanda Rusiyanın mədəni təsir dairəsinin genişlənməsinə xidmət edir. Rus məktəblərində faktiki olaraq Rusiya dövlətinin maraqlarını müdafiə edən adamlar yetişir. Rus məktəblərində təhsil alanların demək olar ki, hamısı Rusiya-Azərbaycan əlaqələrində Rusiyanın tərəfini saxlayırlar. Azərbaycanın çörəyini yeyirlər, burada şöhrət qazanıblar, amma Azərbaycan qalıb kənarda, Rusiyanın dəmirini döyürlər. Bunun ən acı nəticələrindən biri sovet dövründə rus təhsili alan adamların, "rusbaş" dediyimiz insanların rusafil mövqeləridir. İndi təsəvvür edin, onlara əlavə olaraq təxminən 1 milyon adam da rusafil təfəkkürdə hazırlanır. Əlbəttə, onlar öz dövlətinin, millətinin yox, Rusiyanın maraqlarını Azərbaycanda müdafiə edəcəklər. Çox təhlükəli məsələdir. - Təhlükəli gördüyünüz məqamlar nədir? - Rus sektorunda oxuyanların yanaşması odur ki, "ruslar türklərdən, ingilislərdən, amerikalılardan yaxşıdır". Biz 1990-cı illərdən başlayaraq, Türkiyəyə yaxınlaşmağın zərurətindən danışanda həmin "rusbaş"lar Rusiya təşkilatları yaratmağa başladılar. Kommunist Partiyasının, sosial-demokratların ölkəmizdə özəyini yaratdılar. Rus təhsili alanlar, rus kimi düşünənlər Rusiya ilə əlaqələr üçün hər şeyi etdilər. Özlərini Azərbaycan xalqının nümayəndəsindən daha çox rus xalqının tərkib elementi kimi görürlər. Bu, adi həqiqətdir. Avropa mütəfəkkirləri təhsillə bağlı öz əsərlərində qeyd edirlər ki, təhsilin əsas vəzifəsi konkret olaraq müəyyən düşüncəni formalaşdırmaqdır. Kim hansı dildə danışırsa, o xalqın nümayəndəsi kimi düşünür. Təhsilin vəzifəsi budur. İndi siz Azərbaycanda 1 milyon adamı rus dilində oxudursuzsa, deməli, onlar rus kimi düşünəcək və hərəkət edəcəklər. Hətta onların arasından Azərbaycan dövlətinə, xalqına qarşı agentlər də çıxacaq. İctimai birliklər, müxtəlif təşkilatlar yaradaraq Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edəcəklər. Təhsil sahəsi rusların 150 ildən artıqdır istifadə etdiyi üsuldur. İmperiya xalqları əvvəlcə mədəni təsirə salır, sonra onların üzərində imperiyanın siyasi təsirini təşkil edir. Ona görə də Azərbaycanda rus məktəbləri bağlanmalıdır. - Deməli, rus məktəbləri Rusiyanın agentura şəbəkəsindən daha təhlükəlidir? - Rus dilində məktəblər Rusiyanın agentura şəbəkəsindən yüz qat daha təhlükəlidir. Niyə? Çünki konkret vəzifə icra edən agentlərin ifşası, cinayət məsuliyyətinə cəlb edilməsi və həbsə atılması mümkündür. Amma rus məktəbləri bütünlükdə Rusiyanın maraqlarını müdafiə edən, eyni zamanda hərəkətində cinayət əməli olmayan adamlarla doludur. Onlar rus mədəniyyətini, dilini, tarixini təbliğ edirlər. Təkcə təbliğ etmirlər, həm də o mədəniyyətin, tarixin bir tərkib hissəsi kimi özlərini hiss edirlər. Təhlükə də ondadır ki, faktiki olaraq həmin şəxslərin əməlləri cinayət tərkibi daşımır. Ancaq düşüncələri, baxışları Azərbaycan dövlətinin maraqlarına ziddir.
Azərbaycanın hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri – Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ötən həftə həbs edilən jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hüquq müdafiəçiləri nazirlikdə dinlənilib və müraciətin baxılmasının nəticələri barədə onlara məlumat veriləcəyi bildirilib. Şahnaz Bəylərqızının apellyasiya şikayətinə fevralın 12-si saat 14:00-da baxılacaq. Daha əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək Şahnaz Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dəstək olmalarını xahiş etmişdilər. Qeyd edək ki, Ş.Bəylərqızı qaçaqmalçılıq və başqa cinayətlərdə ittiham edilir. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 15 günlük həbs qətimkan tədbiri seçilib.
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokurorlar ittiham aktının nəticəvi hissəsinin elan edilməsini davam etdirir. İttiham aktının nəticəvi hissəsi elan olunduqdan sonra təqsirləndirilən şəxslər verilən ittihama münasibət bildirəcək. Xatırladaq ki, ötən proses prokurorlar tərəfindən elan olunan ittiham aktında Azərbaycanın ayrı-ayrı rayonlarına qarşı törədilmiş cinayətlər və dəymiş ziyanlar açıqlanıb. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib. Sozcu.az xəbər verir ki, onun müdafiəçisi, vəkil Avraam Berman Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır. Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır. Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər. Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.
Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Pravda.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Müəssisədə cəza çəkən məhkum İqor Avşarovun xəstəlikdən öldüyü bildirilir. İ.Avşarov anasını qətlə yetirdiyinə görə həbsxanada cəza çəkirdi. Sözügedən qətl hadisəsi 2016-cı ildə Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 78 yaşlı Lidiya Avşarovanın üzərində döyülmə üçün xarakterik nişanələr olan meyiti tapılıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı İqor Avşarov tutulub. Araşdırmalarla müəyyən edilib ki, xeyli vaxtdır yataq xəstəsi olan Lidiya Avşarova oğlunu tez-tez çağırıb saatı soruşub, yemək-su istəyirmiş. Bundan bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İqor Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu, 2025-ci il ərzində Bakı həbsxanalarında 11-ci ölüm hadisəsidir.