Redaktor seçimi

“Bir gündə iki oğlumu itirdim” - Vardanyanın məhkəməsindən

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 22-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib. Onların əksəriyyəti bədən əzalarının bir hissəsi amputasiya edilmiş mina qurbanları olub. İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəlib. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Zərərçəkmiş şəxs Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndi ərazisində yerləşən sahədə mal-qara otararkən Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını bildirərək deyib: “Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub”. Digər zərərçəkmiş Elnur Əsgərov isə 2023-cü il aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndində mal-qara otaran zaman Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını deyib. Zərərçəkmiş Akif Hüseynov ifadəsində bildirib ki, yaşadıqları Ağdam rayonunun Yusifcanlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Əfətli kəndində məskunlaşıb. O, oğlanları Anar, Razi və Bayram, nəvəsi Hüseynin işğaldan azad edilmiş ərazilərdə olan əkin sahəsinə baxmağa gedərkən minaya düşdüklərini bildirib. Hadisə barədə xəbər tutan A.Hüseynov özü də əraziyə gedib. Yaralı vəziyyətdə olan şəxslər ərazidən çıxmaq istəyərkən daha bir mina partlayıb. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq A.Hüseynov deyib ki, mina partlayışları nəticəsində oğlanları Razi və Bayram həlak olub, özü, digər oğlu Anar ağır xəsarətlər alıb, nəvəsi Hüseyn yüngül yaralanıb və güclü psixoloji travma alıb. “Bir gündə iki oğlumu itirdim”, - deyə o qeyd edib. Hadisə zamanı onlarla birlikdə olan qonşusu Bəhruz Abdulov da yaralanıb. Zərərçəkmiş şəxs qismində ifadə verən A.Hüseynovun oğlu Anar Hüseynov və qonşusu Bəhruz Abdulov da ifadə verərək hadisənin necə baş verdiyini danışıblar. Zərərçəkmiş şəxslər Nicat Cabbarov və qohumu Rafael Bayramov isə ifadələrində Tərtər rayonunun işğaldan azad olunmuş hissəsində eyni vaxtda minaya düşdüklərini, ayaqlarının bir hissəsinin amputasiya edildiyini bildiriblər. Alışan Səfərov və Faiq Səfərov isə yol istismarı idarəsinin işçiləri olublar. Onlar Tərtərdə yola basdırılmış minaya düşərək yaralandıqlarını deyiblər. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Hikmət Abdullayev isə hərbi xidmətini yerinə yetirərkən yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq deyib ki, Vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərinə mütəmadi olaraq müxtəlif tipli iriçaplı silahlardan atəş açaraq təxribatlar törədib. Azərbaycan Ordusu isə təxribatların qarşısını alaraq düşmənin planlarını darmadağın edib. ANAMA-nın əməkdaşları Yadigar Şükürov, Qəhrəman Rzayev, Nəcməddin Hüseynov, Mahir Mustafayev, Samir Gözəlov, Əli Şükürov, Fərid Cəbrayıllı, Telman Zeynalov, Bəhruz Nəsirov, Ələsgər Quliyev minatəmizləmə işləri zamanı minaya düşdüklərini, müxtəlif bədən xəsarətləri aldıqlarını deyiblər. Ə.Quliyev dövlət ittihamçısının suallarını cavablandırarkən minatəmizləmə zamanı PMN minalarına və tank əleyhinə minalara, habelə “sürpriz mina”lara çox rast gəldiyini deyib. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib: “Bu minaların ən qorxulusu tank əleyhinə və qəlpəli minalardır. OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəli minalardandır”. Zərərçəkmiş İlham Salmanov da Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını və ayağının amputasiya olunduğunu qeyd edib. İlknur Əliyev hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman üzərinə atılan əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib. Natiq Mamedov, Elnur Abbaszadə, Vüsal Quliyev, Ramin Babayev və digərləri mina partlaması nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar. Prosesdə, həmçinin zərərçəkmiş şəxslərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb. Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Məhkəmədən Şərurlu İsfəndiyarla bağlı QƏRAR

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb. Şikayətçinin vəkili Asim Abbasov məlumatı saytımıza təsdiq edib. Vəkil deyib ki, İ.Axundov özü məhkəmə prosesinə gəlməyib. Hakim onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edib. Qeyd edək ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas olaraq Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Əmrullayev onlara yüksək vəzifə verdi

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub. Bu barədə Sozcu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Bəzi işbazlar üçün insan həyatı yox, qazanc önəmlidir

Bu gün Bakıda daha bir şadlıq evində onlarla insan zəhərlənib. Bu artıq birinci dəfə deyil. Neçə illərdir təkrar olunur. İnsanlar ən xoş günlərini qeyd etməyə gedir, geri isə xəstəxanaya düşür. Çünki bəzi işbazlar üçün insan həyatı yox, qazanc önəmlidir. Saxta ərzaqla masa düzəldirlər, ucuz məhsulla ciblərini doldururlar. Vicdan isə yox dərəcəsindədir. Bəs dövlət haradadır? Niyə nəzarət yoxdur? Niyə standartlara əməl edilmədiyi halda həmin obyektlər bağlanmır? Niyə illərlə eyni problem davam edir? Ərzaq saxta, dərman saxta, su saxta, yağ saxta… Hər sahədə saxtakarlıq hökm sürür. Üstəlik iş adamlarına “haqq” da yükləyirlər. O da saxtalaşdırır, camaat da zəhərlənir, heç kim cavabdeh deyil. Bu ölkədə isan həyatı niyə bu qədər ucuz oldu? Razim Əmiraslanlı, Müsavat Partiyasının başqan müavini

Kollec məzunu olan müəllimlər yenidən MİQ imtahanı verməlidir!

Müstəqilliyin ilk illərindən kollec məzunlarının müəllim kimi fəaliyyətə başlaması diqqətçəkən tendensiyalardan birinə çevrilib. Həm ümumtəhsil məktəblərində, həm də incəsənət və musiqi yönümlü ixtisaslaşan məktəblərdə dərs deyən bu kateqoriya pedaqoqlar, ilk baxışdan təcrübəyə əsaslanan praktik biliklərlə təhsilə töhfə verməyə namizəd hesab olunsalar da, son illərdə keçirilən sertifikasiya və attestasiya imtahanlarının nəticələri fərqli mənzərəni ortaya qoyur. Xüsusilə müəllimlərin sertifikasiyası üzrə nəticələr kollec məzunu olan müəllimlərin böyük bir qisminin müasir təhsil tələblərinə cavab verməkdə çətinlik çəkdiyini göstərir. Musiqi məktəblərində keçirilən attestasiya imtahanları isə bu sahədə çalışan müəllimlərin metodik və nəzəri biliklərinin kifayət qədər zəif olduğunu ortaya çıxarır. Bu vəziyyət həm təhsilin keyfiyyəti, həm də şagirdlərin inkişaf perspektivləri baxımından suallar doğurur və kollec məzunlarının müəllim kimi sistemə daxil olma meyarlarının yenidən gözdən keçirilməsini zəruri edir. Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri Modern.az-a bildirib ki, son illərdə keçirilən imtahanlarda kollec və universitet məzunu olan müəllimlərin müqayisəsi göstərir ki, orta-ixtisas təhsil səviyyəsində dərs alan müəllimlərin sertifikasiya və attestasiyası nəticələri çox aşağıdır: “Bu günlərdə musiqi müəllimlərin attestasiyasından 500-ə yaxın müəllim imtahanı keçə bilmədiyi üçün işinə xitam verildi. Eyni vəziyyəti bir il yarım əvvəl məktəblərdə dərs keçən müəllimlərin sertifikasiyalarının nəticələrinin elmi-analtik təhlilində iştirak zamanı müşahid etmişdik. Nazir Emin Əmrullayev də sertifikasiyadan keçməyən müəllimlərin böyük əksəriyyətinin, hətta az qala hamısının kollec məzunu olduğunu, onların da böyük faizinin hazırda fəaliyyətdə olmayan və bağlanan təhsil müəssisə kimi tarixə qovuşan təhsil müəssisələrinin məzunları olduğunu demişdi. Sertifikasiyadan kəsilən müəllimlərin 90 faizə yaxını da məhz kollec məzunu olub”. E. Nuri onu da vurğulayıb ki, hazırda orta ümumtəhsil müəssisələrində dərs deyəcək müəllimlərin son bir neçə ildə kolleclərə qəbul olma və oranı bitirmək şansı yoxdur.  “Bu işlərlə praktiki məşğul olan biri kimi əminliklə deyə bilərəm ki, kolleclərdə artıq pedoqoji ixtisaslar yox səviyyəsindədir. Əvvəllər ibtidai sinif müəllimliyi ixtisası başda olmaqla Azərbaycdan dili, ədəbiyyat, tarix, coğrafiya və digər fənlər kolleclərdə də tədris olunurdu. Oranı bitirən müəllimlər sonra məktəblərdə işləyə bilirdi. Ancaq son bir neçə ildə kollec səviyyəsində pedoqoji ixtisaslar demək olar ki yığışdırıldı. Sadəcə bir neçə pedoqoji ixtisas kolleclərdə saxlanılıb ki, bunlar da fiziki tərbiyyə, təsviri incəsənət, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq müəllimi ixtisaslarıdır. Bundan başqa bir neçə əlavə pedoqoji ixtisaslar – ev və ailə təhsili, inklüziv təhsil, korreksiyaedici təlimlər də orta - ixtisas təhsil səviyyəsində keçirilir”. Təhsil sahələri üzrə tədqiqatçı bildirib ki, 1990-cı illərdə kolleci bitirib məktəblərdə dərs deyən müəllimlər Müəllimlərin İşə Qəbulu imtahanına cəlb olunmalı və bu imtahanda iştirak etdikdən sonra müəllim adını qazanmalıdırlar.  “Kollec təhsilinin keyfiyyəti göz önündədir, amma bu səbəbdən kolleclərdən tamamilə imtina edə bilmərik, sadəcə yeni mexanizm irəli sürməliyik. Məsələn 2019-cu ildə yeni mexanizm ortaya atıldı ki, kolleclərdə ortalama göstəriciləri yuxarı olan şəxslərin imtahansız, ixtisasları üzrə universitetlərə qəbul ola bilərlər. Bu, kolleclərə marağı birə beş artırdı. Həmin qərara qədər kolleclərə maraq yox səviyyəsində idi. Ötən il ixtisas seçimində də bunun şahidi olduq – kolleclərdə ixtisas seçiminə olan rəqabət heç universitetlərdə yox idi. Bu qəbildən bir neçə mexanizm olmalıdır ki, kolleclərə marağı artırmaqla yanaşı, onların keyfiyyətini artıraq. Burada da tək pedoqoji proses deyil, ümumi problem həll olunmalıdır”- deyə sonda o qeyd edib.   

Kimlər hərbi xidmətə çağırılmır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bildirilib ki, hərbi xidmətdən yayınanlarla bağlı mühüm qərarlar qəbul edilib. Belə ki, Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətdən yayınma halları ilə mübarizəni gücləndirir. Bəs hansı xəstəliyi olanlar hərbi xidmətə çağırılmır? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı hərbi-ekspert Üzeyir Cəfərov Bizim.Media-ya açıqlama verib. O bildirib ki, rəsmi açıqlamalardan məlumdur ki, ölkəmizdə hərbi xidmətdən yayınma halları mövcud deyil: "Bununla bağlı Dövlət Xidməti də ciddi tədbirlər görür. Sözsüz ki, minlərlə insan arasında bəziləri ola bilsin ki, hərbi xidmətdən yayınmağa meyillidir. Ancaq hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər sayəsində onlar öz istəklərinə nail ola bilmir". Xəstəliklə bağlı hərbi xidmətdən yayınma hallarına gəlincə, ekspert bu xəstəliklərin müxtəlif xarakter daşıya biləcəyini vurğulayıb: "Buna anadangəlmə xəstəliklər, infeksion xəstəliklər, irsi xəstəliklər daxildir. Bu xəstəliyi olanlar hərbi xidmətə çağırılmır. Daha ətraflı desək, sinir və psixi sağlamlıq xəstəlikləri, reproduktiv orqan xəstəlikləri, həzm sistemi xəstəlikləri, qulaq, burun və boğaz xəstəlikləri və bu kimi bədən üzvləri ilə bağlı bir sıra xəstəliyi olan şəxslər hərbi xidmətə yarasız sayılır. Bununla bağlı "e-qanun.az" saytında əhatəli məlumat mövcuddur", - deyə o bildirib. Ekspert qeyd edib ki, vacib şərtlərdən biri hər bir kişi cinsindən olan şəxsin öz borcunu yerinə yetirməsidir: "Bu gün baxanda görünür ki, tanınmış şəxslərin çoxu hərbi xidmətdə olmayıblar. Mən insan tanıyıram uzun illər əvvəl onunla bağlı mətbuatda geniş müzakirələr aparılıb, amma, araşdırıb arxivinə baxsaq, həmin adamın hərbi xidmətdə olmadığı məlum olar. Ona görə deyirəm ki, səslənirəm ki, hər bir şəxs kimliyindən asılı olmayaraq Vətən qarşısında öz borcunu yerinə yetirməlidir!"

Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov

Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır. Buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub. Bu, təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. “Bu ilin sonunadək 5 min, gələn il 10 min, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub. Füzulidə ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi yekunlaşdırılmaq üzrədir. Hesab edirəm ki, layihələndirmə bu ilin sonuna doğru - payız aylarında başa çatacaq. Bundan sonra isə tikinti işlərinə start veriləcək".

Əvəz Zeynallının azadlığa çıxması üçün məhkəməyə müraciət edildi - Vəkil

Əvəz Zeynallının səhhəti ilə bağlı cəzadan azad olunması üçün məhkəməyə müraciət edilib. Sozcu.az xəbər verir ki, tanınmış jurnalist Əvəz Zeynallının səhhətindəki ciddi problemlərlə əlaqədar onun cəzadan azad olunması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilib. Bu barədə onun vəkili Rəşad Vaqifoğlu məlumat verib. Onun sözlərinə görə, müraciət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən təqdim olunub. Həmin maddəyə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. Vəkil qeyd edib ki, “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı”nda “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər” də yer alır. “Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, təqdim olunmuş tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edəcək”, – deyə Rəşad Vaqifoğlu bildirib.

Bu ilin ilk iki ayında 7741 nikah, 3414 boşanma qeydə alınıb

2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7741 nikah və 3414 boşanma halları qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,7-yə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

Rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallının səhhətində problem yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı feysbuk hesabında paylaşım edib. Məlumata görə, Ə.Zeynallıya xərçəng diaqnozu qoyulub: “Əvəz Zeynallını təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. Nəticəsi bayramdan sonraya qaldı dedilər, biz də gözlədik. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. “Hər şey yaxşıdır” - bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qaraciyərinə yayılıb. Bu günlərdə “ximiya”ya başlayacaqlar”. Qeyd edək ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Bundan başqa o, dələduzluqda və vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra cəzası iki ay azaldılıb.

Şəhid oğlundan atasına təsirli şeir: “Gəl bir dəfə dərdləşək” - VİDEO

11 aprel Birinci Qarabağ savaşının şəhidi Əhməd Məmmədovun şəhadətə yüksəlməsinin 31-ci il dönümüdür.  Sozcu.az xəbər verir ki, şəhidimiz 1959-cu il aprelin 1-də Cəbrayıl rayonunun Hacılı kəndində doğulub. 1965-ci ildə orta məktəbə gedib, 1975-ci ildə məktəbi bitirib. Əmək fəaliyyətinə Sumqayıtda Sintez kauçuk zavodunda başlayır.  1993-cü ildə Cəbrayılın işğalından sonra könüllü olaraq, Milli Ordu sıralarına qoşulur. Elə yaşadığı Sumqayıt batalyonuna yazılır. Ailəli, üç övladı olmasını ona deyib arxa cəhbədə qalmasını təklif edirlər. Lakin o heç kimi eşitmir, “Qarabağ kişilər yurdudur və Qarabağı da oranın kişiləri qorumalıdır” deyib inad edir.  O, Ağdamın  Papravənd, Çəmənli, Güllücə kəndləri ərazisində gedən döyüşlərdə iştirak edir. Döyüş yoldaşlarının söhbətlərinə görə, onun xüsusi hərbi bacarığı nəticəsində onlarla düşmən əsgəri məhv edilib.  11 aprel 1994-cü ildə Ağdam rayonunun Çəmənli, Güllücə, Gültəpə yüksəklikləri və kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüş zamanı üç güllə yarası alır, lakin döyüş yerini tərk etmir və qəhrəmancasına həlak olur. Əhməd Məmmədov Sumqayıt şəhərində dəfn edilib. Qeyd edək ki, Əhməd Məmmədov Unikal Media Qrupun baş redaktoru Zaur Əhmədin atasıdır. Jurnalist atasının şəhadətə ucalmasının 31-ci il dönümü ilə bağlı təsirli şeir yazıb. Həmin şeiri təqdim edirik:  GƏL BİR DƏFƏ DƏRDLƏŞƏK... Yoxluğun dağdan ağır, Varlığın əlyetişməz. Səninlə nə yaşadıq - ki, nə də yuxu görək. Ata oğluyla bir yol söhbətləşməz, dərdləşməz? Nə olar ki, vaxt elə, gəl bir dəfə dərdləşək. Sən ucadan ucasan!  Hərdən göyə baxıram,  Görən sən ordasanmı? O masmavi səmadan, O ağappaq buluddan görən çoxmu yuxarı? İmkan yoxmu enəsən bircə dəfə yanıma, bircə dəfə aşağı? İmkan yoxsa, ta neynək, Məni yanına çağır. O dupduru diyarda gəl bir dəfə dərdləşək. Hər xoş, hər acı gündə hüzuruna gəlirik,  Səf bağlayıb şəhidlər - sıra-sıra baş daşı. Hərə öz şəhidiylə söhbətləşir, danışır.  Nə qədər dindirsəm də, dinmir axı baş daşı… Daşı tök ətəyindən, bircə dəfə din, danış. Demirəm başqa yerdə, gəl elə bu müqəddəs xiyabanda dərdləşək. Əminəm özüm kimi: Rahatlıq tapan ruhun hey dolaşır Vətəndə -  gah şəhərə üz tutur, gah da baş çəkir kəndə.  Narahatlıq bitdi tay!   Daha düşmənlər gəzmir  uğrunda can verdiyin o gözəlim Vətəndə. bu gözəlim Vətəndə gəl bir dəfə dərdləşək.  Uşaqdım sən gedəndə - Cavandın sən gedəndə. Getmək zərurətəndi,  ölmək bədahətəndi,  ölümün ən gözəli  elə şəhadətəndi.  İnsafın olsun, ata, bir igid ömrü keçdi,  Daha mən də böyüyəm. Heç olmasa bir dəfə gəl üz-üzə əyləşək... Heç harda olmasa da,  aşağıda olmasa da,  yuxarıda olmasa da,  gəl yuxuda dərdləşək…

Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edir

Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Sozcu.az xəbər verir ki, proses bu gün Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçiriləcək. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır. Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Bu gün keçirilən prosesdə təqsirləndirilən şəxslərə suallar veriləcək. Xatırladaq ki, ötən iclasda təqsirləndirilən şəxslər azərbaycanlılara qarşı cinayətlər törətdiklərini etiraf ediblər. Həmçinin vaxtı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə silahların Ermənistandan gətirilməsinə dair açıqlamalar verilib. Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir. Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb. Məhkəmədə dövlət ittihamını müdafiə edən şəxslər aşağıdakılardır: Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev. Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova. Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar. Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib. Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib. Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir. Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir. Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.