7 iyul II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı keçirilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub. Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Sozcu.az-a açıqlamasında bildirib ki, açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin iki həftə sonra elan olunması nəzərdə tutulur: “İyulun 8-dən etibarən imtahan protokolları və materialların emalına başlanılacaq".
Artıq səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir. “AzPolitika.info”-ya daxil olan məlumata görə, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq. Məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu Adil Əliyevdir. Qeyd edək ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşdırılacaq Milli Məclisin tərkibində olduğu kimi, sədarətində də yenilənmə olacağı ehtimalı böyükdür.
“Qərb İranın bəsit oyunlarına artıq aldanmır, İran diqqəti cəlb etmək üçün daha çox güzəştlər etməli olacaq”. Bu sözləri Güney Azərbaycanlı siyasətçi Çingiz Göytürk “Yeni Sabah”a açıqlamasında bildirib. O, seçkidən sonrakı vəziyyəti belə ifadə edib: “İran İslam Respublikasının bu seçki nümayişindən gözlədiyi əsas iki məsələ var. Birincisi teokratik rejimin öz daxilindən Qərb dövlətləri ilə dil tapa biləcək bir fiqurun ortaya çıxarılmasıdır ki, bu da 3 ay bundan öncəyə qədər proseslərdən tamamilə əl-ayağını çəkmiş, hətta əvvəlki seçkiləri boykot etmiş islahatçılarla mümkün idi. İkincisi isə, daxildə gündən-günə artan radikal anti-rejim təmayüllərini sistemin öz içərisindən və kontrolu altında ortaya çıxan alternativlərlə dəyişdirmək idi. Burada əsas hədəf kütlələrdən birisi də məhz Güney Azərbaycandır. Güney Azərbaycanda öz milli dövlətini qurmaq, İran və irançılıqdan imtina təmayülləri rejimi olduqca tədirgin edirdi və bu seçkilərdə Azərbaycan Milli Hərəkatının potensialını öz milli dövləti uğrunda mübarizədən İranda reform uğrunda mübarizəyə yönəltmək rejimin ən önəmli qayələrindən biri idi. Bu sahədə rejim istəklərinə arzu etdiyi səviyyədə nail olmasa da, yeni süni ümidlər yaratmaqla qismən də olsa bu hədəfə çatdı. Ancaq Qərbin İranda keçirilən seçki nümayişinə biganə yanaşması onu göstərir ki, Qərb artıq bu rejimin bəsit oyunlarına etibar etmir və İran onların diqqətini cəlb etmək üçün daha çox güzəştlərə getməlidir”. Siyasətçi qeyd edib ki, İran özünü toparlayan kimi, düşmənçiliyə qaldığı yerdən davam edəcək: “Bir türkün prezident seçilməsi nəyi dəyişdirər sualına gəldikdə isə, bilirik ki, İranda prezidentin səlahiyyətləri olduqca məhduddur. Dini rəhbərliyin razılığı olmadan hər hansı məsələnin dəyişdirilməsi mümkün deyil. Hətta o qədər ki, prezidentin birinci müavini, əsas nazirliklər, o cümlədən, ali təhsil və güc strukturlarına rəhbər şəxsləri belə rəhbər təyin edir. Birinci müavin və əsas nazirliklər dini rəhbərin idarəsindədir və o, bu vəzifələrə nazirləri təyin edir. Yəni, prezidentin hər hansı bir dəyişiklik həyata keçirməsi mümkün deyil. Son olaraq onu da bildirim ki, İran İslam Cümhuriyyəti istər xarici, istərsə də daxili siyasətdə artıq ciddi çıxılmazlıqların içərisindədir. Daxili və xarici siyasətdə dəyişim isə qaçınılmazdır. Və yeni dönəmdə İran İslam Respublikası bu yöndəki iradəsini yeni seçilən prezident üzərində gerçəkləşdirməyə çalışacaq. Ancaq unudulmamalıdır ki, daha öncə də olduğu kimi, rejim özünü toparladığı anda təkrar əvvələ dönəcəkdir. Beləliklə də, düşmənçiliklərə qaldığı yerdən davam edəcəkdir”.
İranda keçirilən prezident seçkilərində Məsud Pezişkian qalib gəlib. Bu seçkilərdə Pezişkianın qələbəsi, xüsusilə bu qələbənin tanınması çoxları üçün gözlənilməz hadisədir. Əslində ötən seçkilərdə namizəd olaraq seçkilərə buraxılmayan Pezişkianın bu dəfə 6 namizəddən biri kimi seçkilərdə iştirakına icazə verilməsi əhalinin daha çox hissəsinin seçkilərə qatılması naminə edilmişdi. Pezişkian həm islahatçı qanadın yeganə nümayədəsi, həm də yeganə Azərbaycan türkü olaraq birgə seçki kampaniyası aparan digər 5 namizəddən fərqlənirdi. Bəlkə ilk dəfə prezidentliyə namizəd seçki kampaniyasını islahatçı şüarlarla yanaşı, həm də aşkar azərbaycançı, türkçü şüarlarla aparırdı. Bu seçki taktikası Azərbaycan əsilli Məsud Pezişkiana uğur gətirdi. Seçkilərin ikinci turu ərəfəsində Pezişkianın qalib gələcəyindən ehtiyatlanan ali dini rəhbərin ona qarşı açıq mövqe bildirməsinə baxmayaraq Pezişkian rəqibindən fərqli üstün səs toplayaraq qalib gəldi. …Pezişkianın seçkidən sonrakı mövqeyinin necə olacağı hələlik məlum deyil. İran kimi mürəkləb bir ölkədə bu seçkilərin nəticələri kimi başqa gözlənilməz gedişatlar da ola bilər. Amma bu seçkilərin hələlik məlum olan nəticələri İranda Azərbaycan amilinin mühüm yüksəlişi olmaqla yanaşı, mühafizəkar tərəfin mövqelərinə ciddi zərbədir. Ümid edək ki, 5 iyul seçkiləri bu ölkədə intizarla gözlədiyimiz böyük dəyişikliklərin başlanğıc nöqtəsi olacaq. Arif Hacılı, Müsavat Partiyası Məclis sədri
Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb. Qeyd edək ki, daha öncə sözügedən vəzifədə general-polkovnik Kərəm Mustafayev olub.
İyulun 7-si və 14-ü abituriyentlərin 2-ci cəhd imtahanları keçiriləcək. Cəmiyyətdə 2-ci cəhddə sualların daha çətin olacağı iddiaları səslənir. Bəs bu imtahan ağır olarsa, suallar çaşdırıcı və çətin olarsa, abituriyentərlərin durumu necə olacaq? Mövzu ilə bağlı Yenisabah.az-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri açıqlama verib: "Adətən, həm bakalavr, həm də magistratura səviyyələri üzrə ikinci cəhd imtahanlarının başlanma ərəfəsində rəsmi əsası olmayan, etibarlılıq göstəriciləri o qədər də qaneedici həddə varmayan fikirlər səsləndirilir. Onlardan biri də ikinci cəhd imtahanlarına salınan sualların birinci cəhddəkilərə nisbətdə mürəkkəbliyidir. Şəxsən mən bu fikirləri o qədər də əsaslı hesab etmirəm. Doğrudur, sosial şəbəkələrdə, ictimaiyyətdə analoji müzakirələr aparılır, narazılıqlar bildirilir. Amma bu zaman ortaya müəyyən suallar çıxır: hər iki cəhd imtahanları arasındakı suallar arasındakı fərq necə hesablanıb? Onların çətinlik dərəcəsi necə ölçülüb? Testologiya prinsiplərinin birinci və ikinci cəhd imtahanları arasında pozulma parametrləri necə müəyyən edilib? Bu tipli suallar çoxdu. Əmin olun ki, narazılıq edən şəxslərin böyük əksəriyyəti onları cavabsız qoyacaq və nə iləsə əsaslandıra bilməyəcəklər". Ekspertin sözlərinə görə, həm bakalavriatura, həm də magistratura səviyyələri üzrə ikinci cəhd imtahanları ilə bağlı bildirilən fikirlərin kökündə həm də psixoloji amillər dayanır: "Fikrimcə, burada çox incə psixoloji nüanslar var. Gəlin, açıqlayaq: birincisi, ikinci cəhd imtahanları prosesin ən sonuncu halqasıdı. Onun zehni yorğunluq, psixoloji tükənmişlik kimi göstəriciləri də var. Məsələn, abituriyent il boyu hazırlaşıb, müəyyən stress və zehni yorğunluqla yüklənir, bütün bunların sonucunda imtahan da verir və bəlli bal toplayır. Amma o, bununla da zehni-psixoloji yüklənmədən xilas ola bilmir. Artıq həm özünün, həm də ətrafın ondan başqa bir gözləntisi meydana çıxır: ikinci cəhddə yenidən iştirak etmək və daha yaxşı nəticə göstərmək... Bu, həm də psixoloji bir yüklənmə kimi onu izləyir. Axı, o ikinci cəhdə qədər tükənmişlik xəttinə çox yaxınlaşıb, bəlkə də ona çatıb. Belə olanda bu mərhələ onda xüsusi qıcıqlanma refleksi yaradır. Onunla bağlı hər xırda detal abituriyentə və onun valideyninə böyük problem kimi görünür. Bu səbəbdən də birinci cəhdlə ağırlıq dərəcəsi eyni olan sualları gördükdə tamam başqa mənzərə ilə qarşılaşdığını fikirləşir, sualların çaşdırıcı və mürəkkəb olduğunu düşünür. Problemin əsas gizli yönü budur. Bir tərəfdən də biz nəyə görəsə, hər zaman düşünmüşük ki, əsas mərhələ məhz birinci cəhd imtahanıdır. Həm belə düşünmüş, həm də ikinci cəhdi bizə verilən xüsusi güzəşt kimi qavramışıq. Belə olan halda "güzəşt paketi"nin suallarının da mütləq və mütləq asan olmalı olduğunu düşünmüşük. Bu da məsələnin ikinci, yəni yanaşma problemidir. Əmin olun, sualların ikinci cəhddə məqsədli şəkildə qəliz və çaşdırıcı salınması və bunun xüsusi səbəblərlə bağlı edilməsi ilə əlaqəli fikirlər tam yanlışdır".
Xəbər verdiyimiz kimi, iyunun 13-də Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb, nəticədə bir ailənin üzvləri xəsarət alıb. Onlardan 2-si uşaq, 4-ü qadın, 2 nəfəri isə kişidir. Dəhşətli qəzadan 1 gün sonra unikal.az-a danışan “Şərur MTK”nın sahibi, tikinti maqnatı İsfəndiyar Axundov hadisə ilə bağlı fikirlərini açıqlayıb. O, dəhşətli qəzada zərərçəkənləri ittiham edib. Onun dediklərindən sitat: “Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”. Həmin gün dəhşətli qəzada xəsarət alan Nofəl Nağıyev Musavat.com-a deyib ki, Şərurlu İsfəndiyar yalan danışır, onlar ailəlikcə 4 nəfərlik deyil, sərnişin tutumu daha çox olan liftə miniblər: “Yalandan deyir guya biz ailəlikcə 4 nəfərlik liftə 8 nəfər minmişik və qəza da guya bu səbəbdən baş verib. Gözünün içinə qədər yalan danışır. Qəza binadakı liftin kəskin şəkildə nasaz olması səbəbindən baş verib. Biz Şərurlu İsfəndiyarın cinayətə bərabər səhlənkarlığının ailəlikcə qurbanı olmuşuq. İndi də bu cür danışmaqla məsuliyyətdən yayınmağa çalışır. Mən iki vəkil tutmuşam, araşdırmışam ki, lift tam nasaz olub. Bu gün də o binadakı liftlərin texniki durumu olduqca acınacaqlı vəziyyətdədir. Ümumiyyətlə, Şərurlu İsfəndiyarın MTK-sının hər hansı bir lift şirkəti ilə müqaviləsi filanı da yoxdur. Liftlərin yoxlamadan keçməsi haqda hər hansı bir akt da yoxdur. Hər ay həmin binaların sakinlərindən 50-70 min manat pul yığılır, amma liftlərin təmirinə sırf “xalturşik” lift ustaları tapıb cəlb edirlər. Liftləri isə bu şəkildə, cinayətə bərabər səhlənkarcasına istismar ediblər. Cinayətkarcasına səhlənkarlığa görə cavab verməlidirlər. Əgər Şərurlu İsfəndiyarın dediyi kimi olsaydı, biz 4 nəfərlik liftə 8 nəfər minsəydik, bu halda liftin qapıları bağlanmamalı idi. Bunu Şərurlu İsfəndiyar da çox gözəl bilir, amma yalan danışmaqdan da qalmır, düşünür ki, mən ondan əl çəkəcəyəm”. Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün ailə üzvləri ilə bərabər həmin binadakı qızının evinə qonaq gediblər: “Axşam 10 radələrində mənzildən çıxıb daha çox sərnişin tutumu olan liftə mindik. Qızımın mənzili 15-ci mərtəbədə yerləşir. Biz liftə 7 nəfər minmişdik. 2 azyaşlı nəvəm, kürəkənim, həyat yoldaşım və digər iki xanım qohum bizimlə idi. Lift 7-ci mərtəbəyə çatanda qəfil sürətlə aşağı meylləndi və yerə çırpıldı. Bir anda lifti toz-duman bürüdü. Hər birimiz olduqca dəhşətli ağrılar içində kömək çağırırdıq. Liftin sürətlə yerə çırpılmasından mənim, kürəkənimin, nəvələrimin, həyat yoldaşımın və digər iki yaxın qohumumun ayaqlarımız sınıb, onurğa və qabırğalarımızda sınıqlar var. Olduqca ağır durumdayıq. Hər birimiz əməliyyat olunmuşuq. Bu günə qədər də bədənimizdə ağrılar var. Bankdan 50 min manat kredit götürüb xəstəxanalarda müalicəmizə xərcləmişik”. Nofəl Nağıyev bildirib ki, hadisədən sonra onlarla maraqlanan yoxdur: “Mən baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm. Xahiş edirəm ki, ailəmizə qarşı lift terroru araşdırılsın və günahkarların cəzaya çatdırılması təmin olunsun”.
Ermənistan polisinə Gümrü şəhərində yerləşən Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi xəbər yayıb. Qeyd edilib ki, hava limanının əməkdaşları təxliyə edilib, ərazidə istehkamçılar və polis işləyir, ərazi mühasirəyə alınıb.
İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Binəqədi rayon Prokurorluğundan bildirilib. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bu gün baş verən zəlzələnin dərinliyi 18 kilometr olub, elə də qorxulu deyil. Sozcu.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, zəlzələnin maqnitudası 5 bal olub, elə episentrdə - Lerikdə də 5 bala qədər hiss olunub: "Zəlzələ cənub zonasında olan bütün rayonlarda hiss olunub. Əsas güclü təkan olub artıq. Afterşoklar olur. Enerji boşalmaları gedir, amma əhali onu hiss etmir. Müqayisə etsək, rayonlarda sellər, dolular daha çox fəsadlar törədir. Əhali təşvişə düşməsin. Qorxulu nəsə yoxdur". Q.Yetirmişli əlavə edib ki, Azərbaycan seysmik ərazidir: "Kimsə desə, zəlzələ olmayacaq, yalan söhbətdir. Zəlzələ həmişə var. Qaldı ki proqnoz verənlərə, əhali nağıllara inanmasın". Qeyd edək ki, iyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib, – məlumatda qeyd olunub.
Qarabağdan Ermənistana qaçmış qondarma “artsax təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu əsrlikdə işgəncələrlə qətlə yetirən qatildir. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundovun sözlərinə görə, Natiq Qasımov 1992-ci ildə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə “yüksəlmiş” Vitali Balasanyanın əmri ilə qətlə yetirilib. “Natiq Qasımovun əsir götürməsi əməliyyatının və dindirilməsinin Vitali Balasanyanın rəhbərliyi ilə həyata keçirildiyi tam təsdiq olunub”, - İ.Axundov bildirib. Natiq Qasımovun qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında necə vahimə və psixoloji gərginlik yaratmışdısa, erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir. “Vitali Balasnyan Natiq Qasımovun dindirilməsi prosesində şəxsən iştirak edib və onun qətlə yetirilməsi əmrini də şəxsən özü verib. Bu proseslər indiki Xocalı rayonu ərazisində baş verdiyi üçün onun meyitinin də həmin ərazidə basdırıldığı ehtimal olunur. Amma nəzərə alsaq ki, o, hansı işgəncələrə məruz qalıb, ona qarşı hansı vəhşilik aktları həyata keçirilib, qalıqlarının tapılması asan olmayacaq. Biz bu reallığı nəzərə almalıyıq. Bütün bunlara baxmayaraq, Dövlət Komissiyası Natiq Qasımovun və bütün digər itkinlərin axtarılmasını, sonrakı taleyinin müəyyən olunması prosesini sona kimi həyata keçirəcək. Bu, cənab Prezidentin Dövlət Komissiyası qarşısında qoyduğu vacib vəzifədir. Cənab Prezident tərəfindən tapşırıq belədir ki, sonuncu itkinin taleyi müəyyənləşənə qədər Dövlət Komissiyası fəaliyyət göstərəcək. Bizim hədəfimiz itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən olunmasıdır, bu istiqamətdə də işimizi davam etdirəcəyik", - İ.Axundov mətbuata açıqlamasında deyib. “Qaradağ şahinləri” taborunun əsgəri Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi. Vitali Balasanyan həm qondarma “artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra “artsax təhlükəsizlik şurasının katibi” kimi fəaliyyət göstərib. V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. O, Xocalı qətliamını törədənlərdən biridir. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. Sentyabrın 28-də isə o, Qarabağə tərk edərək Ermənistan istiqamətinə yollanıb. Ermənistan mətbuatı onun dağ yolları ilə qaçmağa müvəffəq olduğu barədə məlumat yayıb. İddiaya görə, Balasanyan gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib. Vitali Balasanyan hazırda İrəvan şəhərində yaşayır.
Bakıda 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin orkestrin müşayiəti ilə yürüşləri başlayıb. Sozcu.az report-a istinadla xəbər verir ki, yürüşlər beş marşrut üzrə keçirilir. Hərbçilər Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə yürüş edirlər.