Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, iki çağırış parlament seçkilərinə namizəd, ixtisasca müəllim və şair – Səxavət Süleymanov (Səxavət Kəlbəcərli) tərəfindən ölkə başçısına açıq müraciət
Cənab Prezident!
Kəlbəcər rayonunun yenidən qurulan Zar kəndində aparılan tikinti işləri ilə bağlı dərin narahatlığımı bildirmək istəyirəm. Minlərlə insanın ümid yeri olan bu kənddə dövlət tərəfindən böyük məbləğdə vəsait xərclənsə də, ən vacib məsələ – insan sağlamlığı və tibbi təminat demək olar ki, nəzərə alınmır.
Bu qədər iri tikinti aparılan ərazidə nə təcili yardım maşını var, nə tibbi məntəqə, nə də adi ilk yardım vasitələri mövcuddur. İşçilər arasında əl-qolu kəsilən, başı yarılan şəxslər olur. Lakin qanı dayandırmaq üçün parça yandırılıb hisi ilə bağlamaq kimi ibtidai üsullara əl atılır. Bu nə dövrə, nə də dövlətimizin humanist siyasətinə yaraşan bir mənzərədir.
Bu vəziyyətə Anar Məmmədov adlı şəxs cavabdehdir. O, Zar kəndinə ayrılmış milyonlarla vəsaitə nəzarət etməlidir. Amma bu vəsaitlərin taleyini şirkətin rəhbəri kimi Laçın rayonundan olan Əbülfət adlı bir şəxsin öhdəsinə buraxıb. Həmin şəxsin nə ixtisası, nə tikinti təcrübəsi, nə də insan həyatı və təhlükəsizliyi ilə bağlı məsuliyyət hissi görünür. Nəticədə dövlət vəsaiti gözdən itir, insan həyatı təhlükə qarşısında qalır.
Bu hal vəzifədən sui-istifadə və nəzarətsizlik nümunəsidir. Hörmətli Prezidentimiz, xahiş edirəm bu məsələni şəxsi nəzarətinizə götürəsiniz. Əgər vaxtında müdaxilə olunmasa, bu cür məsuliyyətsizliklər həm dövlətimizin nüfuzuna, həm də vətəndaşların həyatına ciddi zərbə vuracaq.
Sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı hüquqi qiymət verilməsi təmin olunsun, məsul şəxslər cavabdehlik daşısınlar.
Hörmətlə,
Səxavət Süleymanov (Səxavət Kəlbəcərli)
Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq