“Qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr...” “Lakin məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoyub təslim olsunlar. Onsuz da MİT gec-tez gəlib sizin də mitilinizi atacaq...” Nəhayət, 26 ildən sonra ağlı başına gələn “PKK” terrorbaşı Abdullah Öcalan dünən tərəfdarlarına müraciət etdi ki, silahlarını yerə qoyub Türkiyə dövlətinə təslim olsunlar... Çoxunuzun yadında olar, Abdullah Öcalan 1999-cu ildə MİT tərəfindən yaxalanıb Türkiyəyə gətirilində Xəzər sahilindəki ölkələrdən birində böyük dayaqları olduğu haqda bir söz söyləmişdi. Fəqət, bu günədək rəsmən bilinmədi ki, həmin respublikada terrorçubaşının tərəfdarları kimlərdir. Xatırımdadır ki, bircə dəfə o məmləkətin böyük şəhərlərindən birində bir cavanı sinəsində Öcalanın şəklini, “PKK”-nın emblemini gəzdirdiyi üçün tutdular, əmbə sonra buraxıb bir müddət dəlixanaya saldılar ki, sən demə, cavan dəli imiş... İndi müxtəlif ölkələrdəki müxtəlif “PKK” tərəfdarı olan və ya o yönlü terrorçu qruplaşmalar Öcalanın bəyanatına müxtəlif cür reaksiyalar verirlər, biri “hə” deyir, biri “yox” deyir. İndi görək bu Xəzər sahilindəkilər nə deyəcəklər? Onları da tapıb, reaksiyalarını məmnuniyyətlə dinləyib təqdim edərdim, əmbə qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr... Lakin onlara məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoysunlar. Onsuz da MİT Suriyadan, İraqdan hərlənib üzü Xəzərə tərəf gəlir. Gec-tez sizlərin də mitilini Xəzərə, yox(Azərbaycan da bu dənizin yanındadır, suyumuzu murdarlamasınlar, bir azdan distillə edib içəcəyik), Sibir bataqlıqlarına atacaq... Nə isə... Yəqin, bu yazıdan sonra bir reaksiya verərlər... Bir xəbər çıxsa və salamat qalsam, adlarını da, yerlərini də sizə bildirəcəm... Sultan Laçın
Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib. Sozcu.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib. Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb. Xətai rayon Məhkəmədi onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 33 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
“Elm özfəaliyyət dərnəyi deyil. Dövlət elmi müəssisələrə, o cümlədən universitetlərə tədqiqatlar sifariş etməli, buna maliyyə ayırmalı, elmi fəaliyyətə normal şərait yaratmalı, tədqiqatların nəticələrinin istehsalatda tətbiqinə dəstək verməlidir...” “Hər hansı sahənin inkişafı üçün ilk növbədə bu sahənin nümayəndələrinə normal əmək haqqı verilməlidir (özü də 30 il cüzi əmək haqqı almalarına baxmayaraq bu sahəyə sədaqətlə xidmət edən insanlara...” Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda elm və təhsilin problemləri mövzusunda “Elm və təhsilin inkişafına qayğı lazımdır...” növbəti analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq: Bu yaxınlarda AMEA-nın ümumi yığıncağı keçirilib. Yığıncaqda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev də çıxış edib. O, bildirib ki, 30-35 yaşında elmi ad alan alim bütün ömür boyu bu addan istifadə etməməlidir. Sual yaranır: bəs xaricdə 1-2 il oxuyub, 25 yaşında ordan bir diplom və ya sertifikat alıb, ömür boyu ondan istifadə etmək olarmı? Alim nə maaş alır ? 600-700 manat (Bakı şəhəri üzrə orta əmək haqqı 1000+ manatdır). Alim elmi ada görə nə qədər pul alır? Alimin maaşının 60 manatı elmi ada görədir. Az maaşı bir az da azaltmaqla, nazir nəyə nail olmaq istəyir? Bizim son illər elm-təhsil sahəsində aparılan islahatlar sovetin son illərdəki “yenidənqurma”nı xatırladır. Hər hansı sahənin inkişafı üçün ilk növbədə bu sahənin nümayəndələrinə normal əmək haqqı verilməlidir (özü də 30 il cüzi əmək haqqı almalarına baxmayaraq bu sahəyə sədaqətlə xidmət edən insanlara). Yəqin ki, yenilik etmərik, desək ki, elm və təhsilin inkişafı üçün alim və müəllimlərə qayğı, normal maaş vermək gərəkdir (ən azı qonşu ölkələrdə olduğu qədər, baxmayaraq ki, bizdə qiymətlər xeyli yüksəkdir). Əks halda elm-təhsil sahəsində olan-qalanlar da məhv olacaqdır. Nazir 2 il əvvəl deyirdi ki, gənc alimlərə ev vermək yox, yüksək maaş vermək lazımdır. Amma əməldə nə gənc alimə, nə də təcrübəli alimə heç bir qaygı və saygı müşahidə edilmir. Alimə, elmə belə “qiymət” verən elm-təhsilin “baş meneceri”, görəsən, ürəyində nə düşünür?.. Bizim elm və təhsil sahəsində xeyli problemlərimiz var, bunlar onilliklər ərzində yaranıb, qalaqlanıb. Bu problemlərin yaranmasında ən sonuncu səbəbkar müəllim və alimlər, əsas səbəbkarlar isə bu sahələrə rəhbərlik edən məmurların qüsurlu idarəetməsi olub, elə indiki kimi... Amma nazir hər dəfə özünü və özündən əvvəlki “baş menecerləri” təmizə çıxarmaq üçün, məqsədli şəkildə müəllim və alimləri günahkar çıxarır. Bu, böyük qəbahətdir, özü də şagirdinə repetitorluq edən müəllimin qəbahətindən də betər... Nazir elm sahəsində təcrübəsizdir, baxmayaraq ki, ARTİ-də 5 il direktor əvəzi olmuşdur. Ola bilsin ki, o, bəzi reallıqları bilmir. Elm özfəaliyyət dərnəyi deyil. Dövlət elmi müəssisələrə, o cümlədən universitetlərə tədqiqatlar sifariş etməli, buna maliyyə ayırmalı, elmi fəaliyyətə normal şərait yaratmalı, tədqiqatların nəticələrinin istehsalatda tətbiqinə dəstək verməlidir. Özəl sektorun elmə dəstəyini və əməkdaşlığını təmin etməli, vergi v.s. güzəştlər tətbiq etməlidir. Bu halda elmdən və alimlərdən nəticə gözləmək olar. Yoxsa “biz prosesləri yox, nəticələri maliyyələşdirəcəyik” kimi yanlış prinsiplərlə elmdə olan-qalan da tam məhv edilər. İndi alimin fərdi qaydada, təkbaşına tədqiqat apardığı zamanlar deyil. Elmi fəaliyyət kollektiv işdir. Belə kollektiv fəaliyyəti planlaşdırmaq, təşkil etmək, stimullaşdırmaq, nəzarət və monitorinq etmək, bir sözlə idarə etmək gərəkdir. Hər sahədə olduğu kimi, təbii ki, elmdə də təsadüfi, yerində olmayan, elmə yad insanlar var. Elə ETN-də olduğu kimi. Bu gün ETN-də yerində olmayanlar daha çoxdur, nəinki elmdə, yoxsa, nazirliyin fəaliyyətindən ölkədə bu qədər narazılıqlar da olmazdı. İllər ərzində elmdə olan səhv kadr siyasətinin günahı alimlərdə deyil. Günah saxta “alim”ləri yetişdirən, “dissertasiya”larını təsdiq edən, onları bəsləyən, irəli çəkən, təltif edən qüsurlu idarəetmədə və öz yerində olmayan məmurlardadır. Bu problemlər həll edilməlidir. Belə olsa, elm, elmi fəaliyyət, alim daha səmərəli fəaliyyət göstərə bilər. Elmin səmərəli idarə olunması üçün belə sistemli addımlara ehtiyac var: 1. Milli elm siyasətinin formalaşdırılması. Uzunmüddətli elmi strategiya hazırlanmalı və konkret hədəflər müəyyən edilməli, elmi inkişafın prioritet sahələri müəyyən edilməlidir (süni intellekt, biotexnologiya, enerji, kosmik tədqiqatlar və s.), elmi fəaliyyətin qanunvericilik bazası gücləndirilməlidir. 2. Elmi idarəetmə strukturlarının yaradılması və gücləndirilməsi. Milli Elmlər Akademiyası və müvafiq dövlət qurumları elmi tədqiqatları səmərəli koordinasiya etməli, elmi-tədqiqat institutları və universitetlər arasında əməkdaşlıq mexanizmləri yaradılmalı, elmin dövlət və özəl sektorla inteqrasiyası təmin olunmalıdır. 3. Maliyyələşdirmə və resurslarla təminat. Elmi araşdırmalar üçün büdcədən ayrılan vəsait artırılmalı və səmərəli bölüşdürülməli, qrant sistemləri və fondlar vasitəsilə tədqiqatçılar dəstəklənməli, elmi tədqiqatların kommersiyalaşdırılması üçün innovasiya fondları yaradılmalıdır. 4. İnsan kapitalının inkişafı. Tədqiqatçılar üçün rəqabətli maaş və iş şəraiti təmin edilməli, gənc alimlərin və tələbələrin elmi fəaliyyətə cəlb olunması üçün stimullar yaradılmalı, beyin axınının qarşısını almaq və xaricdəki alimləri ölkəyə geri qaytarmaq üçün proqramlar hazırlanmalıdır. 5. İnfrastruktur və texnoloji inkişaf. Müasir laboratoriyalar və elmi tədqiqat mərkəzləri yaradılmalı, elmi institutlar və universitetlər qabaqcıl texnologiyalarla təchiz olunmalı, milli və beynəlxalq elmi məlumat bazalarına çıxış təmin edilməlidir. 6. Beynəlxalq əməkdaşlıq və şəbəkələşmə. Qlobal elmi təşkilatlarla əməkdaşlıq genişləndirilməli (məsələn, UNESCO, CERN, NASA və s.), xaricdə təhsil almış alimlərin ölkəyə geri qaytarılması üçün xüsusi proqramlar hazırlanmalı, beynəlxalq elmi konfranslar və layihələrdə iştirak dəstəklənməlidir. 7. Elmi tədqiqatların qiymətləndirilməsi və monitorinqi. Tədqiqatların nəticələrinin effektivliyi mütəmadi qiymətləndirilməli, elmi fəaliyyətin keyfiyyətini artırmaq üçün indeksasiya və reytinq sistemləri tətbiq olunmalı, elmi nəticələrin kommersiyalaşdırılması və praktiki tətbiqi izlənilməlidir. 8. Cəmiyyətin elmi inkişafa cəlb edilməsi. Elmin populyarlaşdırılması üçün media və maarifləndirmə kampaniyaları keçirilməli, dövlət və özəl sektor arasında elmi layihələrə investisiya təşviq edilməlidir. Bütün bu tədbirlər elmin idarəedilməsinin səmərəliyini artıraraq, gələcəkdə ölkənin innovasiya və texnologiya sahəsində qlobal rəqabət qabiliyyətini, texnoloji suverenliyini müəyyən qədər yüksəldə bilər. Bu gün isə elmi təcrübəsi olmayanlar, alimə və müəllimə dəyər verə bilməyənlər, öz qüsurlu ideyaları və səmərəsiz idarəetməsi ilə elm-təhsil sistemini heç cür inkişaf etdirə bilmirlər. Ölkənin suverenliyi və təhlükəsizliyi ilk növbədə bu problemlərin həllini tələb edir. Xüsusən də suverenlik ilində...
Aprelin 6-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanları keçirəcək. DİM-dən Sozcu.az-a bildirilib ki, imtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. BB vəzifə altqrupu üzrə test imtahanı aprelin 6-sı saat 11:00-da və 16:00-da kompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat martın 17-si saat 11:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 1640 yer ayrılıb. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə 6 aprel saat 16:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 190 yer ayrılıb. Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı mərkəzin internet portalında martın 17-si saat 11:00-dək həyata keçiriləcək.
ABŞ-dən olan yəhudilərin Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə Suriyaya səfər ediblər. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Kan” telekanalı məlumat yayıb. Nümayəndə heyəti Suriya Fövqəladə Hallar üzrə İşçi Qrupunun koordinasiya etdiyi səfər çərçivəsində Dəməşqdəki yəhudi məkanlarını gəzib. Onların Əl-Franc sinaqoqunda Tövrat oxuduğunu, kitab rəflərinə baxış keçirdiyini və qəbiristanlıqda dua oxuduğunu bildirilir.
Ukrayna hərbçiləri 2022-ci il fevralın 24-dən sonra işğal olunmuş ərazilərin 50%-dən çoxunu geri qaytarıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib. "Dünya bizim tab gətirəcəyimizə inanmırdı, lakin Ukrayna xalqı düşmənin zərbələrini layiqincə dəf edir. Rusiyanın hücum qrupunu məğlub etdik, Ukraynanın şimalını, Xarkov vilayətini və Xersonu azad etdik", - o bildirib.
“1990-cı illərdə bizim müharibədə qalib gəlmək şansımız yox idi. Ancaq bir-birimizin qayğısına qalmaqla uğur qazana bildik. Ordunun ruhu yoxdursa, qalib ola bilməz”. Sozcu.az xəbər verir ki, bunu bir vaxtlar qondarma separatçı rejimin “Özünümüdafiə Qüvvələrinin birinci komandiri” olan Arkadi Karapetyan deyib. Karapetyan hazırda elan edilən sülh dövrünü mif adlandıraraq öz revanşist və faşist mövqeyini hələ də dəyişmədiyini göstərib. O bildirib ki, Azərbaycanla müharibə qaçılmazdır və ümumi tendensiyalar dünyada vəziyyətin gözlənilən pisləşməsindən xəbər verir. “Tramp bir gündə sülhə nail olacağına söz verdi, ancaq bunu bacarmadı. Ukraynada müharibənin necə bitəcəyi ümumiyyətlə bəlli deyil. Heç kim ümid etməsin ki, dünyada böyük müharibə baş verməsə, sülh olacaq. Deməli, bu, çox ağır itkilərin yaşanacağı bir müharibə olmalıdır. Biz o qədər birləşməliyik ki, sağ qala və qalib gələ bilək”, – Karapetyan vurğulayıb./Konkret.az
Bakıda ötən gün havaların kəskin soyuqlaşması ilə Xətai rayonu ərazisində istiliyin verilməsi də dayandırılıb. Sozcu.az xəbər verir ki, artıq ötən gün axşam saatlarından binalar istilik almır. “Azəristiliktəchizat” ASC ən sərt soyuqlarda Xətaidə binalara niyə istilik vermədiyinin səbəbi ilə bağlı açıqlama yaymayıb. Qeyd edək ki, bu mövsümdən Bakıda binaların daha keyfiyyətli istiliklə təmin edilməsi məqsədilə istilik təminatına görə qiymətlər tam iki dəfə (!!!) artırılıb və 1 kv.m üçün 15 qəpikdən 30 qəpiyə qaldırılıb.
Bakıda hərraca çıxarılacaq “Rolls Roys”un sahibi bəlli olub. Sozcu.az “Yeni Sabah”a istinadla xəbər verir ki, məhkəmə qaydasında müsadirə edilən 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobil azərbaycanlı iş adamı, “Avrohom” (Eurohome) ticarət mərkəzinin rəhbəri, həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətova məxsusdur. Dövlət nömrə nişanındakı AF hərfləri bunu ifadə edir. Mediada yer alan məlumatlardan məlum olur ki, Azay Möhnətov həmçinin “AF Hotel Aqua Park”ın, “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür. Qeyd edək ki, ötən gün Bakıda "Rolls Roys Ghost” avtomobilinin hərraca çıxarılması ilə bağlı elan paylaşılıb. Lüks avtomobilin minimal satış qiymətinin 262 500 manat, ilkin qiymətinin isə 375 min manat olduğunu açıqlanıb. 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli “Rolls Roys Ghost” 75 min kilometr yürüş edib. Avtomobilin ilk hərracı martın 6-da keçiriləcək. Xatırladaq ki, bu tipli hərraclar məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.
Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün komissiyanın yaradılması haqqında fərman imzalayıb. Sozcu.az xəbər verir ki, komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək. Onun tərkibinə nazir müavinləri və təhlükəsizlik orqanlarının rəhbərləri, parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri də daxil olacaq. Milli təhlükəsizlik strategiyasındakı dəyişikliyi yanvarın 28-də Paşinyan bəyan edib. Xatırladaq ki, yeni milli təhlükəsizlik strategiyası 2020-ci ildə qəbul edilib. Sənəddə ermənilərin öz ölkələrinin fəxri vətəndaşları, Üçüncü Ermənistan Respublikasını quran və qondarma “Artsaxı azad edən” xalqın varisləri olduğu vurğulanır. Sənədə görə, Ermənistan “Artsax erməniləri”nin təhlükəsizliyinin və azadlığının təminatçısı kimi bütün dünyada ermənilərin maraqlarını təmsil edir. Gözlənilir ki, yeni milli təhlükəsizlik strategiyasında qondarma “Artsax”a aid bəndlər çıxarılacaq.
Azərbaycanda 2025-ci il üçün kişilərin və qadınların pensiya yaşının artacağı bəlli olub. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 2017-ci ildən başlayaraq hər il qadınların pensiya yaşı 6 ay artırılır. Bu proses 2027-ci ilə qədər davam edəcək. Beləliklə, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı dəyişməz qalaraq 65, qadınların pensiya yaşı isə 6 ay artırılaraq 64 olacaq. Bu prosesin 2027-ci ildə yekunlaşacağını və nəticədə həm kişilərin, həm də qadınların pensiya yaşının 65-ə bərabərləşəcəyini bildirilir. İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, kişilərlə qadınların pensiya yaşının eyniləşdirilməsi qanunvericiliyə uyğun addımdır və burada hər hansı qanun pozuntusu yoxdur. Lakin pensiya yaşının artırılmasını qeyri-humanist hesab edir: “Kişilərlə qadınların pensiya yaşının eyni olması normaldır. Ancaq bu rəqəm 65 yox, 60-62 yaş olmalıdır. Çünki Azərbaycanda orta ömür müddəti 74-75 ildir. İnsanlar bu şərtlərlə çox qısa müddət pensiya ala bilirlər. Avropada pensiya yaşı 65-dir, amma orada insanların gözlənilən ömür uzunluğu 82-83 ildir. Azərbaycanda isə bu rəqəm xeyli aşağıdır. Əgər pensiya yaşı fərqli təyin ediləcəksə, bu, kişilər üçün daha aşağı olmalıdır, çünki onların orta ömür müddəti qadınlardan azdır.” İqtisadçı həmçinin vurğulayıb ki, əvvəlki pensiya yaşı - 62-63 yaş - daha ideal idi və onun süni şəkildə artırılması vətəndaşların sosial rifahına mənfi təsir göstərəcək. Qeyd edək ki, kişilərin pensiya yaşı artıq 65-ə çatdığı üçün onlarda artım dayanıb. Qadınlar üçün isə hər il 6 aylıq artım 2027-ci ilə qədər davam edəcək və o zaman onların da pensiya yaşı 65-ə çatacaq.