Redaktor seçimi

Sülh Ukraynanın təslim olması yolu ilə əldə edilə bilməz - Makron

Rusiya bütün Avropa üçün təhdidə çevrilib. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində söyləyib. Makron müraciətini “beynəlxalq vəziyyətlə” əlaqələndirib və fransızların buna “ədalətli şəkildə narahat olduqlarını” qeyd edib. O, ABŞ-nin “Ukraynadakı müharibə mövzusunda mövqeyini dəyişdiyini” və Avropa İttifaqı (Aİ) mallarına gömrük rüsumu tətbiq etməyi planlaşdırdığına diqqət çəkib. “Biz yeni bir eraya qədəm qoyuruq”, – Makron bildirib. O, Rusiyanın Ukraynadakı müharibəni “qlobal münaqişəyə” çevirdiyini və buna Şimali Koreya əsgərləri və İran hərbi texnikası istifadə edərək nail olduğunu qeyd edib. Həmçinin Rusiyanın hərbi potensialını artırdığını deyib. Makronun fikrincə, Avropa ABŞ-nin “bizim tərəfimizdə olmayacağına” hazır olmalıdır. “Kim Rusiyanın Ukraynada dayanacağına inanar? <…> Rusiya artıq Fransaya və Avropaya təhdidə çevrilib. <…> Mənim sizə izah etdiyim vəziyyət elədir və biz bununla məşğul olmalıyıq. Sülhə gedən yol Ukraynasız mümkün deyil. Sülh Ukraynanın təslim olması yolu ilə əldə edilə bilməz. Biz unutmamalıyıq ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum edib. Minskdə atəşkəsə razılaşmışdıq”, – deyə Makron xatırladıb. Makron Fransanın avropalı müttəfiqləri ilə işləmək marağında olduğunu açıqlayıb. Gələn həftə o, “möhkəm sülhün” yaradılmasında iştirak etmək istəyən dövlət başçılarını bir araya gətirəcək. Bu planı Fransa, Ukrayna və digər Avropa tərəfdaşları ilə birgə hazırladığını bildirib. “Ukraynada sülh tez və ya gec əldə olunsa da, Avropa dövlətləri özlərini daha yaxşı qorumaq imkanına malik olmalıdır. Müdafiəmizi gücləndirməliyik. Bu baxımdan, biz NATO-ya sadiq qalsaq da, müstəqilliyimizi gücləndirməliyik. Avropanın gələcəyinə Vaşinqtonda və Moskvada qərar verilməməlidir”, – Makron qeyd edib. Makron həmçinin “Avropa tərəfdaşlarımızla nüvə silahı ilə qorunma mövzusunda müzakirələrə başlamağı qərara aldığını” bildirib. “Hər nə olursa olsun, qərar hər zaman Prezidentin, Silahlı Qüvvələrin Baş Komandanının əlində olacaq”, – deyə dövlət başçısı deyib. “Biz Avropadakı ən effektiv orduya malikik <…> və nüvə cilovlaması imkanlarımız var. Bu bizi qonşularımızdan çox daha yaxşı qoruyur”, – deyə Fransa Prezidenti vurğulayıb.

Müsavat fəalını öldürüb, meyitini doğramaqda təqsirləndirilən direktor müavininə cəza istənilib

Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandırıb. O bildirib ki, qətl zamanı istifadə olunan bıçağın yerini polisə özü deyib: "Məndən soruşdular ki, bıçaq hanı? Dedim ki, maşınımdadır. Maşının açarının pencəyimin cibində olduğunu söylədim. Hadisə yerində olan qanı mən təmizləmişdim. Hadisə ilə bağlı heç kimə xəbər verməmişdim. Amma cinayətdən narahat olmuşdum". Daha sonra sənədlər prosesdə tədqiq edilib. Zərərçəkən şəxsin vəkili vəsatət verərək təqsirləndirilən şəxsin ittiham oldunduğu maddələrin ağırlaşdırımasını xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərək Elsevər İslamovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan sonra zərərçəkənin hüquqi varisi olan bacısı çıxış edib. O, ədalətli hökm verilməsini xahiş edib: "Elsevər İslamov həbsdən çıxmamalıdır. Mən qardaşımın belə öldürülməsini təsəvvür belə edə bilməzdim. O, qardaşımı öldürərək meyiti üzərində ağlasığmaz hərəkətlər edib. Sizdən ədalətli qərar verməyinizi xahiş edirəm". Zərərçəkənin vəkili Nemət Kərimov çıxış edərək istənilən cəzadan narazı olduğunu bildirib: "Təqsirləndirilən şəxs Namiq Mehdini döyüb huşunu itirməsinə səbəb olduqdan sonra onu bıçaqlayaraq öldürüb və bununla da kifayətlənməyərək cinsiyyət orqanını kəsib. Mən hesab edirəm ki, bu, manyaklıqdır. Ona görə sizdən xahiş edirəm ki, ona ömrlük cəza təyin edilsin". Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib. Proses martın 17-də davam etdiriləcək. Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub. O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb. Onun qətlin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib. Qətllə bağlı 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan Elsevər İslamova Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) və 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.APA

Fəlakət isə odur ki, bu taleyüklü məsələdə Trampın dediyi kimi ən güclü...

Trampın sağ əli, az qala hakimiyyət ortağı olan İlon Mask deyib ki, Zelenski Ukraynanı tərk etməlidir.   Tramp admnistrasiyasının Zelenskinin hakimiyyətdən kənarlaşması, hətta Ukraynanı tərk etməsi tələbləri, eyni zamanda Ukraynaya hərbi yardımı dayandırması faktiki olaraq Putinin denatsifikasya və demillitarizasiya planlanlarına dəstək deməkdir.  Tramp və onun admnistrasiyasının dünyanın gələcək inkişafı tarixində mühüm rol oynayacaq Ukrayna müharibəsində hətta Çin Respublikasından daha irəli gedərək İran,Şimali Koreya kimi dövlətlərlə eyni cəbhədə yer alması bəşəriyyəti gözləyə biləcək böyük fəlakətlərin  anonsudur.  Ən kədərli olanı isə odur ki, cəmiyyətimizdə bu qlobal təhlükələri anlamayaraq yanlış mövqedə olan və ya bu məsələyə bir futbol azarkeşi kimi, əyləncə kimi yanaşanlar, proqnoz yarışına girişənlər də kifayət qədərdir.  Bütün dünyanın bəlkə də yaxın onilliklərdə inkişaf istiqamətləri bu günlərdə müəyyənləşir.  Ukrayna cəbhəsində yalnız Ukraynanın, Ukrayna xalqının yox ən azı dünyanın bugünki nəslinin taleyi həll olunur.  Fəlakət isə odur ki, bu taleyüklü məsələdə Trampın dediyi kimi ən güclü kartlar, məsuliyyətsiz, məcaraçı şəxslərin əlindərir. Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

KİV: Fransa Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib

Fransa avropalı tərəfdaşlarına Rusiyanın Ukraynada atəşkəsi pozacağı təqdirdə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Paris Rusiyanın aktivlərinin müsadirə olunmasından Ukraynanın təhlükəsizliyinin təminatı kimi istifadə etmək istəyir. Qəzet onu da əlavə edib ki, təklif Fransanın Avropadakı müttəfiqləri tərəfindən isti qarşılanıb, lakin tərəflər hələ də bu barədə razılığa gəlməyiblər.

Müəllimlərə pul yığılması yolverilməzdir - Rəsmi XƏBƏRDARLIQ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərib, müvafiq tapşırıqlar verib.  Sozcu.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.  Qeyd olunub ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir. Məlumata görə, məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

“Qadınlara boşanmağa stimul verən alimentdir”

“Bu gün boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır”. Sozcu.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib. “Qadınlara stimul verən alimentdir. Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınlar ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşanıram.  Bir neçə il bundan qabaq bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, məsələ tendensiyasını dəyişib. Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu, boşanmaların artmasına gətirib çıxarmasın”, - deyə, millət vəkili bildirib.

Ukrayna ABŞ-dən hərbi yardım almağa davam edir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ evdə onunla bağlı çəkişmənin nəticələri aradan qaldırılacağına və Kiyev ilə Vaşinqtonun konstruktiv münasibətlərə qayıdacağına əmindir. Sozcu.az xəbər verir ki, bunu dövlət başçısı Böyük Britaniyanı tərk etməzdən əvvəl Stansted hava limanında britaniyalı jurnalistlərə deyib. “Mən əminəm ki, hazırkı vəziyyət aradan qaldırılacaq”, – deyə Zelenskinin sözlərini “Sky News” sitat gətirib. O əmin edib ki, əgər gələcək danışıqlar konstruktiv olarsa, o zaman “müsbət nəticələr” gələcək. Zelenski həmçinin bildirib ki, Ukrayna ABŞ-dən hərbi yardım almağa davam edir. “Biz ABŞ ilə işləyirik, əvvəllər ABŞ Konqresinin təsdiq etdiyi yardım silah şəklində gəlir”, – Zelenski vurğulayıb. “Biz yeni dəstəyə ümid etmək istəyirik”, – o əlavə edib.

Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir

Ukrayna ərazilərinin itirilməsi müqabilində atəşkəs sazişi imzalamağa hazır deyil. Sozcu.az-ın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna lideri Volodimir Zelenski Böyük Britaniyanı tərk etməzdən əvvəl britaniyalı jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, belə bir razılaşma gələcəkdə gərginliyə gətirib çıxara bilər. Onun fikrincə, Ukraynanı dəstəkləyən və ya "vasitəçi" olmaq istəyən ölkələr başa düşürlər ki, əgər münaqişə Kiyevin doğru hesab etdiyi şəkildə bitməsə, "onda bu, sadəcə vaxt məsələsi olacaq ki, insanlar ədaləti bərpa etmək istəsinlər".

Separatçılara yeni "rəhbər" SEÇİLDİ

Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətinə altında olan Gürcüstanın Abxaziya bölgəsində yeni "rəhbər" seçilib. Sozcu.az xəbər verir ki, separatçıların keçmiş "vitse-prezidenti" Badra Qunba qanunsuz seçkilərin ikinci turunda qalib gələrək "prezident" seçilib. İlkin nəticələrə görə, o, 54,73% səs toplayıb.

Zelenski Trampla mübahisədən danışdı: Ruslar ərazilərimizə girdilər, evimizə girdilər, nə qədər insanı öldürdülər

ABŞ-ın köməyi olmadan Ukraynanın Rusiyaya müqavimət göstərməsi çətin olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə mübahisə edəndən sonra “Foks Nyus”a açıqlamasında deyib. Zelenski “ABŞ-ın dəstəyi olmadan Ukrayna Rusiyaya müqavimət göstərə biləcəkmi” sualına bu cür cavab verib: “Bizim üçün çox çətin olacaq. Ona görə də buradayam. Ona görə də mən qarşıdan gələn danışıqlardan danışırdım. Sizin köməyiniz olmadan çətin olacaq. Amma biz öz dəyərlərimizi, xalqımızı, azadlığımızı itirə bilmərik. Ruslar ərazilərimizə girdilər, evimizə girdilər, nə qədər insanı öldürdülər. Sadəcə bunu unudub deyək ki, Putin əla oğlandır? Xeyr, bunu bizsiz edin”. O vurğulayıb ki, ukraynalılar genişmiqyaslı işğalın başlanğıcını yaxşı xatırlayırlar və yeni işğal dalğası ilə üzləşmək istəmirlər: “Ona görə də mən indi təhlükəsizlik zəmanəti məsələsini qaldırıram. Biz təzyiq etmirik, sadəcə, xahiş edirik. Biz tərəfdaşlarımız, dostlarımız və amerikalılarla aydın mesajlar paylaşırıq. Əgər siz bizimlə qalsanız, təşəkkür edirəm, amma gəlin təhlükəsizlik zəmanətləri infrastrukturunu yaradaq". Zelenski həmçinin əlavə edib ki, Ağ Evdəki mübahisə hər iki tərəf üçün yaxşı deyil.

Paşinyan Bakıya təklif verib: “Hələ açıqlaya bilmərəm”

Baş nazir Nikol Paşinyan bir neçə gün öncə iki ölkə arasındakı nizamlanmaya dair rəsmi Bakıya həm Ermənistan, həm də Azərbaycan xalqı üçün məqbul sayılan həll təklifi verdiyini bildirib. Sozcu.az xəbər verir ki, martın 1-də erməni jurnalistlər Paşinyandan söhbətin hansı təklifdən getdiyini soruşublar. KİV-in sualına cavab olaraq Paşinyan bildirib ki, hazırda bu məlumatı açıqlaya bilməz: “Azərbaycandan cavab aldıqdan sonra təkliflə bağlı daha ətraflı açıqlama veriləcək. Bu, iki səbəbdən baş verə bilər: Azərbaycan təkilfə razıdır və o, ictimailəşdirilməlidir; təklifin ictimailəşdirilməsi müəyyən mənada Ermənistana mənəvi haqq verəcək”.

Bu müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama VERİLDİ

Əgər müəllim məktəbdə iki fənni tədris edirsə, onun bir fəndən sertifikatlaşdırmadan keçməsi digər fənni tədris etməyinə təsir göstərmir. Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma prosesi ilə bağlı Təhsil TV-də qonaq olarkən deyib. O bildirib ki, lakin sertifikatlaşdırmanın ilkin mərhələsi tamamilə yekunlaşdıqdan sonra bu istiqamətdə hansısa yeniliklər ola bilər: "Kimya-biologiya ixtisaslı müəllimlər tez-tez maraqlanırlar ki, əgər onlar bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaqlarsa, digər fəndən dərs demək hüquqları olmayacaqmı? Bəli, həmin müəllimlər bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaq, lakin hər iki fənni tədris edə biləcəklər. Bir müəllimin ikinci fəndən sertifikatlaşdırmaya cəlb olunması məsələsi isə hazırda aktual deyil".