Redaktor seçimi

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir

Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. O həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Şair-jurnalist xanımın Prezidentə ürək dağlayan müraciəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına                        AÇIQ MƏKTUB Surəti  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov cənabına. Bakı Şəhər İcra Hakimiyyətinin  Başçısı Eldar Əzizov cənabına. Dövlət Neft Şirkətinin prezidenti cənab Rövşən Nəcəfə! Yüksək vəzifəli məmurlara... Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, jurnalist RƏHİMLİ XATİRƏ ƏZİZ  qızından (Xatirə Əziz) açıq məktub. Birbaşa mətləbə keçirəm. Şair-jurnalistəm, 25 ildir ki, mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm. Mənzilim yoxdur. Ailə üzvlərimlə birgə 39 dəfə kirayə "ev"lərə  köçmüşük. (əgər ev demək mümkünsə).  Çox böyük təəssüf hissilə deyirəm ki, jurnalistlər üçün tikilmiş 3 yaşayış binasının heç birində mənə mənzil verilmədi. Mənzil problemimlə bağlı Azərbaycan Prezidentinə, dövlətin aidiyyatı qurumlarının rəhbərlərinə, məmurlara və yüksək vəzifəli şəxslərə açıq məktub şəklində yazılı müraciət etmək qərarına gəldim.  Alman filosofu, filoloqu, mədəniyyətşünası, şairi, bəstəkarı Fridrix Nitsşe belə söz deyib: "Yaşamaq üçün səbəbiniz varsa, hər şeyin öhdəsindən gələ bilərsiniz". Bəli, tamamilə düzgün və çox düşündürücü sözlərdir. Elə mənim də yaşamaq üçün çox səbəbim var. Çünki mən YARADICI insanam, ədəbiyyat adamıyam, şair-jurnalistəm, yazıb yaratmalıyam.  Cənab məmurlar, məni mənzillə təmin edin ki, kirayə daxmalarda min bir əzab-əziyyət içində yaşamaqdan canım qurtula bilsin...  Mənzilim olmadığı üçün uzun illər ailə üzvlərimlə birlikdə məcburiyyət qarşısında qalaraq 39 dəfə kirayə "mənzil"lərə köçüb çox çətin şəraitdə yaşamışıq. Kirayələrdə - başqalarının "mənzil"ində illər boyu zülüm içində, min bir əzablarla yaşamaq sözün əsl mənasında çox çətindir və çox ağrılıdır. Azərbaycanda mənim kimi elə ziyalılar var ki, kirayə qaldıqları, divarından kifli qara su axan soyuq daxmaların küncündə, qaranlıq zirzəmilərdə çürüyərək ürəkləri qubar olub çərləyirlər. Paytaxt Bakıda minlərlə hündürmərtəbəli yaşayış binaları tikilib. Həmin çoxmənzilli  binaların hər birində yüzlərlə boş mənzillər var. O da məlumdur ki, həmin yaşayış binalarındakı yeni mənzillərin bir neçə faizi dövlətin tabeliyində olur.  Nə üçün o mənzillərdən digər ədəbiyyat adamlarına, sənət adamlarına və jurnalistlərə verildiyi kimi mənə verilmir? Mən niyə mənzillə təmin olunmuram?  Axı səhhətimdə çox ciddi problemlər var. Çünki neçə illər cəbhə bölgələrində ana Vətənin keşiyində dayanan qorxmaz, Vətənsevər əsgərlərin qarşısında şair-jurnalist kimi çıxış etmişəm.  Ədəbiyyat adamı kimi və  şair-jurnalist olaraq göstərdiyim fəaliyyətimlə Vətəni düşməndən qoruyan əsgərlərin ürəyində neçə illər Vətənpərvərlik ruhunu aşılamışam.  Uzun illərdir qələmimi süngüyə çevirib Qarabağ torpağına-cəbhə bölgələrinə dəfələrlə çoxlu sayda səfər etmişəm.  Cəbhənin ən qaynar nöqtələrində ayrı-ayrı N saylı hərbi hissələrdə, taborlarda, bölüklərdə gün ərzində-hətta elə olub ki, 7- 8 dəfə tədbir keçirmişəm, Vətənpərvərlik mövzusunda çoxlu sayda görüşlər təşkil etmişəm. Bu görüşlər Vətənin keşiyində duran əsgərlərimiz tərəfindən çox yüksək səviyyədə qarşılanıb.  Cəbhə bölgələrinin hər bir kəndində Vətəni düşməndən qoruyan igid oğullarımızın, əsgərlərimizin önündə şair-jurnalist kmi saysız-hesabsız görüşlərdə çıxışlarım olub. Ağdamda, Tərtərdə, Füzulidə, Beyləqanda, Naftalanda, Qazaxda, Goranboyda, Tovuzda, Ağstafada, Şəmkirdə, Yuxarı Ağcakənddə, Aşağı Ağcakənddə, Gəncədə, Daşkəsəndə,  Toğanalıda, Bakı və Bakı ətrafında, eləcə də ən yüksək zirvədə yerləşən Murovdağda, həmçinin digər rayon və kəndlərdə yurdum Azərbaycanın Vətənpərvər, igid əsgərlərinin qarşısında şair-jurnalist olaraq yaddaqalan görüşlər keçirmişəm, tədbirlərdə yüksək səviyyədə iştirakım olub. Əsgərlərdə Vətənpərvərlik  ruhunu aşılayıb, onlara ana Vətəni sevdirməyi bacarmışam. Böyük qürur hissilə deyirəm ki, həm bir VƏTƏNDAŞ kimi, həm də şair-jurnalist olaraq göstərdiyim və nümunə olacaq bu fəaliyyətimlə fəxr edirəm. Fəxarətlə söyləyirəm ki, şair-jurnalist kimi əsgərlərin qarşısında çıxış etdiyim günlər ömrümün ən xoşbəxt, ən bəxtəvər günləridir.  Onu da qeyd edim ki, yuksəklikdə yerləşən Yuxarı Ağcakəndin, Aşağı Ağcakəndin, Toğanalının, Murovdağın, Əzgillinin, eləcə də digər rayon və kəndlərin sərt qışında, soyuğunda, şaxtasında ciyərlərim sətəlcəm olub, bronxlarımda allergiya, nəfəsimdə isə çatışmazlıq, nəfəsdarlığı yaranıb.  Vətənimə canım fəda. Təki VƏTƏN yaşasın! Ürək ağrısı ilə deyirəm ki, neçə illərdir nəfəsdarlığına, nəfəsçatışmazlığına görə normal şəkildə nəfəs ala bilmirəm. Yəni səhhətimdə yaranmış problemdən sözün əsl mənasında əzab-əziyyətə, ağrılara düçar olmuşam. Ayrı-ayrı dərman preparatlarından, eləcə də Almaniya istehsalı olan bir neçə adda aerozoldan istifadə etməklə nəfəs alıram. O da məlumdur ki, bu müalicələr böyük maliyyə hesabına başa gəlir.  Səhhətimdəki bu problemlər ucbatından neçə ildir ki, bronxial-astmadan əziyyət çəkirəm. Hal-hazırda divarları su içində olan, kifə bürünən, kommunal şəraiti olmayan, döşəməsi asfalt-daş örtüklə döşənmiş, divarlarından qapqara kifli su axan "ev"də (əgər ev demək mümkünsə) çox böyük çətinliklə baş-başa qalıb zülüm içində yaşayıram...   MƏN, şair-jurnalist kimi VƏTƏNimə xidmət edirəm.  Amma təəssüflər olsun ki, Bakı şəhərində yeni tikilmiş yüzlərlə yaşayış binaları olsa da, dövlətin aidiyyatı qurumlarının rəhbərləri məni mənzillə təmin etmirlər.  Çox sevdiyim Vətənimə yetərincə xidmətim var. Təəssüf hissilə bir daha vurğulayıram ki, bu problemlə bağlı dövlətin aidiyyatı qurumlarına dəfələrlə yazılı müraciət etsəm də, yüksək vəzifəli şəxslər, məmurlar ailə üzvlərimlə birlikdə yaşamaq üçün mənə mənzil vermirlər.  Vətəninə yüksək səviyyədə xidməti olan ziyalı bir xanıma qarşı, ədəbiyyat adamına qarşı nə üçün belə münasibət göstərilir? Cənablar, bir daha sizlərdən artıq dərəcədə xahiş edirəm ki, məni mənzillə təmin edin, ömrümü-günümü öz ana VƏTƏNimdə kirayədə zülüm içində yox, normal şəkildə yaşaya bilim. Bir daha qeyd edirəm ki, səhhətimdəki problemin ağırlığına, ciddiliyinə görə demək olar ki, hər ay müalicə qəbul edirəm. Səhhətimlə bağlı qarşılaşdığım problemlər şair-jurnalist kimi yaradıcılığıma çox mane olur. Ən əsası isə mənzilim olmadığı üçün YARADICI insan kimi, şair kimi, jurnalist kimi, ədəbiyyat adamı kimi yaradıcılığımla çox ciddi məşğul ola bilmirəm. İnsan məgər ömrü boyu kirayə mənzillərdə yaşayarmı? Ailə üzvlərimlə birlikdə köçüb yaşadığımız 39 kirayə "mənzil"də həqiqətən də çox böyük əzab-əziyyət çəkmişik. MƏN, saysız-hesabsız təbii sərvətlərə malik, milyonlar səltənəti olan Azərbaycanın VƏTƏNDAŞıyam axı.  Mənim çox zəngin ölkəm olduğu halda nəyə görə MƏN, kirayə "mənzil"lərdə dözülməz vəziyyətdə, məşəqqət içində yaşamalıyam?  Azərbaycanın ziyalı xanımı kimi düşünürəm ki, ölkə başçısının tapşırığı ilə çox yaxın günlərdə mənzil problemim öz həlli yolunu tapacaq! Bu ay, yəni MAYın 25-də ulu Şirvan yurdunda-Ağsuda dünyaya göz açdığım gündür. Ömrümün belə bir əlamətdar günündə Azərbaycan Prezidenti cənab İlham Əliyev məni mənzillə təmin etsə, bu, şair-jurnalist kimi, ədəbiyyat ADAMı kimi mənə dövlətim tərəfindən sözün həqiqi mənasında çox qiymətli hədiyyə olar!   Düşünürəm ki, ölkə başçısı şair-jurnalist kimi Vətənimə göstərdiyim yüksək əməyimi qiymətləndirər və məni də digər ədəbiyyat  adamları kimi, jurnalistlər kimi evlə təmin edər. İyulun 22-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək. Ümid edirəm ki, jurnalist kimi 25 illik fəaliyyətimə dövlət tərəfindən dəyər verilər, mən də mənzillə təmin olunaram... Əminəm ki, mənzil problemimlə bağlı rəsmi qaydada etdiyim müraciətlərim öz ünvanına çatsa, eləcə də bu məsələ ilə əlaqədar olaraq mənimlə bağlı ölkə prezidentinə təqdimat göndərilsə, cənab Prezident İlham Əliyev mənə də mənzil hədiyyə edər. P. S. İnanıram ki, doğma ana Vətənimdə mənim də mənzilim olacaq!!! XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Əvəz Zeynallının səhhəti pisləşdi, xəstəxanaya yerləşdiril - Xanımı danışdı

Üç gündür Əvəz Zeynallının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Soyuq olub, virusa yoluxub. Türkiyədə həkimlər deyiblər ki, 14 gün xəstəxanada müalicə almalıdır. Sozcu.az xəbər verir ki, bunu Teleqraf-a xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib. "Analizlərin nəticəsi açıqlandıqdan sonra isə xərçəng xəstəliyinin müalicəsinə başlanacaq", - deyə M.Zeynallı açıqlayıb. Qeyd edək ki, Əvəz Zeynallı bağırsaq xərçəngindən əziyyət çəkir. O, həbsdən azad olunduqdan sonra müalicə məqsədilə Türkiyəyə yollanıb.

Rusiya-Ukrayna danışıqları: Səhnə arxasındakı mühüm fiqur...

Rusiya ilə Ukrayna arasında danışıqlarda AB və Türkiyə də fəal səylər göstərir. Lakin diqqət çəkən başqa bir oyunçu da var: səhnə arxasında səssiz, amma təsirli diplomatiya aparan Böyük Britaniya. Sozcu.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib. “Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell Ukraynanın Avropa ilə münasibətləri və NATO-ya inteqrasiyası baxımından mühüm bir fiqur kimi ön plana çıxır. Pauell hazırda üzərində işlənən mümkün atəşkəs razılaşmasının əsas şərtlərinin və ümumi strategiyasının hazırlanmasında önəmli rol oynayır”, - ekspert bildirib. Öztürk qeyd edib ki, Pauell əvvəllər Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin Şimali İrlandiya üzrə sülh prosesi zamanı nümayəndəsi olub və bu uğurlu təcrübəsi ilə Avropada tanınmış diplomatlardan biridir: “Hazırda onun əsas məqsədi Ukraynanın müharibədən sonrakı mərhələdə ABŞ yox, Avropa mərkəzli bir sistemə inteqrasiya olunmasına dəstək verməkdir. Pauell dünyanın müxtəlif yerlərində oxşar münaqişələrin həlli proseslərində iştirak edib və Rusiyada “müasir dövrün Tomas Eduard Laurensi” kimi təsvir olunur. Bu bənzətmə onun mürəkkəb geosiyasi böhranlardakı fəal və yönəldici rolunu əks etdirir”.

Celal Şengörün həbsi tələb edilir

İstanbulun Beykoz Respublika Prokurorluğu Türkiyənin tanınmış geoloqu və akademiki Celal Şengörün həbs edilməsi tələbi ilə ona qarşı ittiham aktı hazırlayıb. Sozcu.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Buna səbəb kimi C.Şengörün sosial şəbəkələrdə paylaşılan videoda türk xalqı ilə bağlı dediyi sözlər göstərilir. O, videoda deyib: "Mən türk xalqı qədər cahil, türk xalqı qədər əxlaq məfhumundan məhrum bir cəmiyyət tanımadım". Geoloqun türk millətini təhqir etməsi iddiası üzrə iki ilə qədər həbsi istənilir.

Bakıda Türkiyə rəsmiləri ilə görüşən İsrail generalı kimdir?

İsrail Müdafiə Ordusunun Baş Qərargahının Operativ Əməliyyatlar İdarəsinin istefada olan rəisi general-mayor Oded Basyuk bu həftə Bakıya səfər edib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Qəzet İsrail ordusunun bu barədə mətbuatda gedən xəbərləri təsdiq etdiyini bildirib. Məlumata görə, general Türkiyə rəsmiləri ilə görüşündə Suriya ilə bağlı təhlükəsizlik məsələlərini müzakirə edib. Qeyd edək ki, mayın 14-də ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşü zamanı ondan İsraillə münasibətləri normallaşdırmağı istəmişdi.

Putin özünü pis vəziyyətə saldı, sanksiyalar hazırdır - Merz

Prezident Zelenskinin onsuz da Türkiyəyə getməsi çox böyük güzəştdir. Putin gəlmədi - özünü pis vəziyyətə saldı. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz özünün X səhifəsində yazıb. “Yeni sanksiyalar paketi hazırdır. Onu çərşənbə axşamı Brüsseldə qəbul edəcəyik”, - Merz bildirib.

Bakıda ermənilərin məhkəməsi davam etdirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə Ermənistan ordusunun işğal və mülki əhalinin qətliamı faktları ilə bağlı ifadələr dinlənilib Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Məmurları bər-bəzəkli villada, kasıbları isə daxmada yaşayan məmləkət...

"Desəm öldürərlər, deməsəm ölləm". Şair necə də düzgün yazıb bu misraları... Məmurları bər-bəzəkli villada, kasıbları isə daxmada yaşayan məmləkət... Məlumdur ki, Azərbaycanda sosial-iqtisadi vəziyyəti aşağı olan, ağır durumda yaşayan yüzlərlə vətəndaşın mənzili yoxdur. Həmin vətəndaşlar məcburiyyət qarşısında qalaraq, ailə üzvlərilə birlikdə soyuq yarımtikililərdə, daxmalarda, zirzəmilərdə, eləcə də kommunal şəraiti olmayan "ev"lərdə səfalət içində kirayədə yaşayırlar.  Çox qəribədir ki, zəngin ölkədə yaşayan vətəndaşların mənzili niyə olmasın ki? Şair-jurnalist kimi mənə çox təəccüblüdür ki, neft-qaz ölkəsi olan milyonlar səltənəti Azərbaycanda aztəminatlı və çoxuşaqlı ailələrin mənzili nə üçün yoxdur axı? Azərbaycan saysız-hesabsız təbii sərvətlərə malik olduğu halda, belə bir zəngin məmləkətin vətəndaşlarının mənzili nəyə görə olmalı deyil? Görəsən bunun səbəbi nədir? Yəni yüksək vəzifəli məmurlar bu sualın cavabını bilmir? Əslində bu sualların ən düzgün cavabını məmurlar daha yaxşı bilir. Hörmətli oxucular, bəs sizlər necə, bilirsinizmi bu sualların cavabını?  Sizcə, bunun səbəbləri nədədir? Bu haqda düşünmüsünüzmü nə vaxtsa? Yoxsa bu haqda düşünməyi hələ bu vaxta qədər ağlınızdan keçirməmisiniz? Axı hansı səbəblər baxımından Azərbaycan adlı məmləkətdə məmurlar təmtəraqlı, möhtəşəm, bər-bəzəkli villada yaşayır, kasıblar isə daxmaya bənzər kirayə "ev"lərdə, (ev demək mümkünsə) min bir çətinlik içində, əzab-əziyyətlə dilənçi günündə yaşayır?  Bu yedə sual yaranır. Bu məmləkətin çoxlu sayda təbii sərvətlərindən, eləcə də neftdən gələn milyonlar, milyardlar hanı bəs? Zəngin ölkə olan Azərbaycanın yerüstü və yeraltı sərvətlərindən büdcəyə daxil olan maliyyə vəsaiti hara və necə xərclənir?  Necə bilirsiniz, bu pul-para korrupsioner məmurların cibinə dolurmu? Əgər belədirsə, haqq-ədalət budurmu? Sözün bitdiyi andı. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Məmurlar nə üçün məsuliyyətsizlik edir? Səhlənkarlıq onlarda hardan qaynaqlanır?

Birbaşa mətləbə keçəcəyəm. Son illər sosial şəbəkələrdə, Yutubda, eləcə də bəzi internet resurslarında paytaxt Bakıdakı bir çox problemlərin əks olunduğu videolarla qarşılaşıram.  Təəssüflər olsun ki, həmin videolarda çox utancverici və biabırçı mənzərələri görürük. Yeri gəlmşkən qeyd edim ki, paytaxt Bakıda ötən ilin oktyabrında yağan yağışda Sabunçu tunelində 2 nəfər gənc insan həyatını faciəli surətdə itirmişdi. Həmin problemli tunellə bağlı çoxlu sayda videolar çəkilib və jurnalistlər tərəfindən  tənqidi yazılar da yazılıb. O videolara baxanda məlum olur ki, həmin tuneldəki problemlər öz həlli yollarını tapmaqda çətinlik çəkir. Eləcə də də paytaxtın bir çox yerlərində yağış suyunu kanalizasiyaya yönəltmək üçün drenaj xətləri yoxdur. Bu baxımdan da yağış yağanda Bakının yolları keçilməz günə düşür. Təbii ki, nəticədə isə Bakı əhalisi çox böyük əzab-əziyyət çəkir.  Sual yaranır ki, yüksək vəzifəli şəxslər, məmurlar Bakıda yaranmış problemlərdən əhalinin dözülməz, məşəqqətli vəziyyətə düşdüyünü, çətinliklə üz-üzə qaldığını görmür yəni? Digər bir ciddi məsələyə də toxunmaq istəyirəm. Bakıda, həmçinin Bakıətrafı qəsəbə və kəndlərin bəzilərində məişət tullantılarının yığılması üçün zibil qutuları yoxdur. Eləcə də bir çox küçələr yaxşı süpürülmür, təmizlənmir və bunun da nəticəsində antisanitar vəziyyət yaranır. Görən paytaxt Bakıda yaranmış problemləri aidiyyatı qurumlar vaxtında niyə həll edə bilmirlər? Səbəb nədir ki?  Şair-jurnalist kimi mənə çox maraqlıdır ki, ümumiyyətlə bu ölkənin məsuliyyətsiz, səhlənkar məmurları nə işlə məşğul olur görəsən, bilən varmı? Çünki Azərbaycan adlı məmləkətdə bir çox sahələrdə o qədər problem var ki, bilmirsən hansı birindən söz açasan? Bu yerdə Bak Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov cənabına sual ünvanlayıram. Cənab Eldar Əzizov, paytaxt Bakıdakı problemləri yəni görmürsünüzmü? Əgər paytaxtımızdakı problemləri cavabdeh şəxs olaraq görmürsünüzsə, niyə və hansı səbəblər baxımından görə bilmirsiniz? Paytaxt Bakının bir çox problemləri nə üçün vaxtında həll olunmur? Onu da vurğulayım ki, hətta Bakının bəzi problemləri aylarla, çox vaxt isə illərlə öz həllini tapa bilmir.  Bütün bunlara səbəb nədir? Bu səbəblər hardan qaynaqlanır axı? Necə düşünürsünüz, sizcə bu, məmur məsuliyyətsizliyindən irəli gəlirmi? Yoxsa bəzi məmurlar öz işinə bilərəkdən səhlənkar yanaşır? Hörmətli Eldar Əzizov, jurnalist kimi xahiş edirəm ki, sizə ünvanladığım bu sualları cavablandırasınız? XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır

Xəbər verdiyimiz kimi, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonu üzrə "3 nömrəli Yol İstismarı" İdarəsinin rəisi Rafiq Kərimovu vəzifəsindən azad edib. Onun yerinə həmin vəzifəyə oğlu - Elməddin Rafiq oğlu Kərimov təyin olunub. Sozcu.az bildirir ki, Qaynarinfo Saleh Məmmədovun rəhbərlik etdiyi qurumun tabeliyində olan idarə və təşkilatların vergi borclarını araşdırıb. Müqayisə nəticəsində məlum olub ki, əvvəlki illərlə nisbətdə bu borclar əhəmiyyətli dərəcədə artıb. Xüsusilə bəzi Yol İstismarı idarələrinin vergi borcu milyonlarla manata çatıb. Vergi borcu olan idarələrin siyahısı və borc məbləğləri aşağıdakı kimidir: * "Bakı 1 №-li Yol İstismarı" MMC (Direktor: Zaur Həmzəyev Oktay oğlu) – 562,018.50 AZN * "41 №-li Yol İstismarı" MMC (Direktor: Fayiq Əliyev Rasim oğlu) – 922,295.02 AZN * "37 №-li Yol İstismarı" MMC (Direktor: Fizuli Quliyev Tofiq oğlu) – 1,005,201.28 AZN * "43 №-li Yol İstismarı" MMC (Direktor: İlham Əzimov Əli oğlu) – 9,077,526.56 AZN * "31 №-li Yol İstismarı" MMC (Direktor: Aqil Vəliyev Mehman oğlu) – 156,926.92 AZN * "16 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC (Direktor: Kazım Hüseynov Mirəziz oğlu) – 4,278,107.36 AZN * "23 №-li Yol İstismarı" MMC (Direktor: Mübariz Əkbərov Hilal oğlu) – 78,076.33 AZN * "3 №-li Magistral Yolların İstismarı" MMC (Direktor: Anar Süleymanov Nəriman oğlu) – 6,998,376.97 AZN Qeyd edilən məbləğlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə olan vergi borclarıdır.

Şəhid qızının son sözü: “Atam gəldi” - QANDONDURAN HEKAYƏT

Xəbər verdiyimiz kimi, mayın 11-də şəhid Zaur Cəfərovun qızı Səlbi Cəfərli dünyasını dəyişib. Böyrək çatışmazlığından əziyyət çəkən 13 yaşlı Səlbi dünən Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Sozcu.az xəbər verir ki, 2 il əvvəl həkimlər Səlbiyə böyrək çatışmazlığı diaqnozu qoyub. Bundan sonra o, dialez xəstəsi kimi qeydiyyatda olub və mütəmadi müalicə alıb. Səlbi Cəfərli ötən müddət ərzində paytaxtın müxtəlif klinikalarında müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qohumları saytımıza açıqlamasında Səlbinin səhhətinin qəfildən pisləşdiyini deyiblər. Onların sözlərinə görə, Səlbi ölumundən bir gün əvvəl, mayın 10-da anasından onu atası ilə görusə aparmağı xahiş edib. Anası İradə Cəfərova övladının arzusunu yerinə yetirərək, onu İkinci Fəxri Xiyabanda uyuyan atası, şəhid polkovnik-leytenant Zaur Cəfərovun məzarını ziyarət etməyə aparıb. Həmin gün Səlbi üzünü atasının məzar daşına söykəyərək ətrafdakıların eşidə bilməyəcəyi tonda anlaşılmaz sözlər deyib. Yaxınlari bildirib ki, mayın 11-də Səlbinin səhhəti qəfildən pisləşib. O, xəstə yatagında bir neçə dəfə atasını istədiyini söyləyib. Sonra isə əlini göyə açaraq, "Ata, əlimdən tut" deyib. Bu hal bir neçə dəfə takrarlanıb. Qohumları deyir ki, Səlbinin son sözü onun başının üstündə dayanan qohumlarını heyrətə salıb: "Səlbi bir neçə dəfə atasını səsləyəndən sonra otağa dərin sükut çökdü. Bir müddət sonra gözlərini açıb bu sözləri dedi: "Atam gəldi". Bu, Səlbinin son sözləri oldu". Qeyd edək ki, Səlbinin atası Zaur Cəfərov Vətən Müharibəsi şəhididir. Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb. O, 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.   Zaur Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. yenisabah)