Redaktor seçimi

Əvəz Zeynallı və Ələsgər Məmmədli azad ediləcək?

Bu gün jurnalist Əvəz Zeynallı və media eksperti Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün məhkəməyə edilmiş müraciətlərə baxılacaq. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki media nümayəndəsinin xəstəliyi ilə bağlı həbsdən azad edilməsi istənilir. İlk proses Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10:30-a təyin edilib. Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə heyəti “Toplum Tv” işi üzrə ittiham olunan Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması vəsatəti üzrə qərarını açıqlayacaq. Vəsatətə əsas kimi təqsirləndirilən şəxsin ağır xəstəlikdən əziyyət çəkməsi göstərilib. Saat 15:30-da isə Nizami Rayon Məhkəməsində Əvəz Zeynallının cəzasının çəkilməmiş hissəsindən azad edilməsi məsələsi müzakirə ediləcək. Burada qərarı hakim Nigar Qədirli qəbul edəcək. Bu yaxınlarda Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkar edilib. Ərizənin təmin edilməsi üçün də əsas olaraq bu göstərilib. Qanuna görə, məhkum ağır xəstəliyə tutularsa, cəzaçəkmədən azad edilə bilər. Qeyd edək ki, Ələsgər Məmmədli ötən il həbs edilib. Onun cinayət işi üzrə məhkəmə araşdırması indi başlayıb. Əvəz Zeynallı isə ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var. Bu barədə onun anası Maisa Katibova məlumat verib. O bildirib ki, övladı Asu ağır xəstəlikdən əziyyət çəkir. "2024-cü ilin iyul ayında qızım Asu Əsgərovanın ayaqlarında zəifləmə müşahidə edilməyə başladı. İlk olaraq Gəncədəki xəstəxanalara müraciət etdik və həkimlər uşağımın vəziyyətini ciddi hesab etməyərək, əzələ dartılmasından bəhs etdilər. Lakin vəziyyət pisləşərək, şişin onurğa bölgəsinə yayıldığı aşkarlandı. Şişin müalicə edilməməsi ciddi nəticələrə səbəb oldu. Təcili olaraq Ankaradakı "Memorial" xəstəxanasına müraciət etdik və burada həyata keçirilən müayinələr nəticəsində qızımda nadir və irəliləmiş onurğa xərçəngi olduğu müəyyən edildi. Müalicə olaraq kimyaterapiya başlanıldı, bu müddət ərzində xərclərimiz 150 min manat oldu. Həkimlər şişin böyüməsinin qarşısını almaq üçün radioterapiya və əlavə kimyaterapiya təyin etdilər. Ankaradakı müalicə xərcləri çox yüksək olduğu üçün mən maddi cəhətdən çətinlik yaşayıram və qızımın müalicəsinin davam etməsi üçün yardımsevər şəxslərdən dəstək istəyirəm. Hər hansı bir yardım, dəstək bizim üçün çox önəmlidir. Müalicənin davamı üçün 1 aylıq radioterapiya üçün 12 min manat, 2 seans kimyaterapiya üçün 50 min manat, əməliyyat üçün 40 min manat, cəmi 102 min manat vəsaitə ehtiyacımız var". Ailə ilə əlaqə: +90 543-678-33-20 (WhatsApp) Bank Respublika: 4628 1671 4100 6685.

“Bir gündə iki oğlumu itirdim” - Vardanyanın məhkəməsindən

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 22-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib. Onların əksəriyyəti bədən əzalarının bir hissəsi amputasiya edilmiş mina qurbanları olub. İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəlib. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Zərərçəkmiş şəxs Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndi ərazisində yerləşən sahədə mal-qara otararkən Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını bildirərək deyib: “Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub”. Digər zərərçəkmiş Elnur Əsgərov isə 2023-cü il aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndində mal-qara otaran zaman Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını deyib. Zərərçəkmiş Akif Hüseynov ifadəsində bildirib ki, yaşadıqları Ağdam rayonunun Yusifcanlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Əfətli kəndində məskunlaşıb. O, oğlanları Anar, Razi və Bayram, nəvəsi Hüseynin işğaldan azad edilmiş ərazilərdə olan əkin sahəsinə baxmağa gedərkən minaya düşdüklərini bildirib. Hadisə barədə xəbər tutan A.Hüseynov özü də əraziyə gedib. Yaralı vəziyyətdə olan şəxslər ərazidən çıxmaq istəyərkən daha bir mina partlayıb. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq A.Hüseynov deyib ki, mina partlayışları nəticəsində oğlanları Razi və Bayram həlak olub, özü, digər oğlu Anar ağır xəsarətlər alıb, nəvəsi Hüseyn yüngül yaralanıb və güclü psixoloji travma alıb. “Bir gündə iki oğlumu itirdim”, - deyə o qeyd edib. Hadisə zamanı onlarla birlikdə olan qonşusu Bəhruz Abdulov da yaralanıb. Zərərçəkmiş şəxs qismində ifadə verən A.Hüseynovun oğlu Anar Hüseynov və qonşusu Bəhruz Abdulov da ifadə verərək hadisənin necə baş verdiyini danışıblar. Zərərçəkmiş şəxslər Nicat Cabbarov və qohumu Rafael Bayramov isə ifadələrində Tərtər rayonunun işğaldan azad olunmuş hissəsində eyni vaxtda minaya düşdüklərini, ayaqlarının bir hissəsinin amputasiya edildiyini bildiriblər. Alışan Səfərov və Faiq Səfərov isə yol istismarı idarəsinin işçiləri olublar. Onlar Tərtərdə yola basdırılmış minaya düşərək yaralandıqlarını deyiblər. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Hikmət Abdullayev isə hərbi xidmətini yerinə yetirərkən yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq deyib ki, Vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərinə mütəmadi olaraq müxtəlif tipli iriçaplı silahlardan atəş açaraq təxribatlar törədib. Azərbaycan Ordusu isə təxribatların qarşısını alaraq düşmənin planlarını darmadağın edib. ANAMA-nın əməkdaşları Yadigar Şükürov, Qəhrəman Rzayev, Nəcməddin Hüseynov, Mahir Mustafayev, Samir Gözəlov, Əli Şükürov, Fərid Cəbrayıllı, Telman Zeynalov, Bəhruz Nəsirov, Ələsgər Quliyev minatəmizləmə işləri zamanı minaya düşdüklərini, müxtəlif bədən xəsarətləri aldıqlarını deyiblər. Ə.Quliyev dövlət ittihamçısının suallarını cavablandırarkən minatəmizləmə zamanı PMN minalarına və tank əleyhinə minalara, habelə “sürpriz mina”lara çox rast gəldiyini deyib. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib: “Bu minaların ən qorxulusu tank əleyhinə və qəlpəli minalardır. OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəli minalardandır”. Zərərçəkmiş İlham Salmanov da Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını və ayağının amputasiya olunduğunu qeyd edib. İlknur Əliyev hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman üzərinə atılan əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib. Natiq Mamedov, Elnur Abbaszadə, Vüsal Quliyev, Ramin Babayev və digərləri mina partlaması nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar. Prosesdə, həmçinin zərərçəkmiş şəxslərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb. Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Məhkəmədən Şərurlu İsfəndiyarla bağlı QƏRAR

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb. Şikayətçinin vəkili Asim Abbasov məlumatı saytımıza təsdiq edib. Vəkil deyib ki, İ.Axundov özü məhkəmə prosesinə gəlməyib. Hakim onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edib. Qeyd edək ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas olaraq Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Əmrullayev onlara yüksək vəzifə verdi

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub. Bu barədə Sozcu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Bəzi işbazlar üçün insan həyatı yox, qazanc önəmlidir

Bu gün Bakıda daha bir şadlıq evində onlarla insan zəhərlənib. Bu artıq birinci dəfə deyil. Neçə illərdir təkrar olunur. İnsanlar ən xoş günlərini qeyd etməyə gedir, geri isə xəstəxanaya düşür. Çünki bəzi işbazlar üçün insan həyatı yox, qazanc önəmlidir. Saxta ərzaqla masa düzəldirlər, ucuz məhsulla ciblərini doldururlar. Vicdan isə yox dərəcəsindədir. Bəs dövlət haradadır? Niyə nəzarət yoxdur? Niyə standartlara əməl edilmədiyi halda həmin obyektlər bağlanmır? Niyə illərlə eyni problem davam edir? Ərzaq saxta, dərman saxta, su saxta, yağ saxta… Hər sahədə saxtakarlıq hökm sürür. Üstəlik iş adamlarına “haqq” da yükləyirlər. O da saxtalaşdırır, camaat da zəhərlənir, heç kim cavabdeh deyil. Bu ölkədə isan həyatı niyə bu qədər ucuz oldu? Razim Əmiraslanlı, Müsavat Partiyasının başqan müavini

Kollec məzunu olan müəllimlər yenidən MİQ imtahanı verməlidir!

Müstəqilliyin ilk illərindən kollec məzunlarının müəllim kimi fəaliyyətə başlaması diqqətçəkən tendensiyalardan birinə çevrilib. Həm ümumtəhsil məktəblərində, həm də incəsənət və musiqi yönümlü ixtisaslaşan məktəblərdə dərs deyən bu kateqoriya pedaqoqlar, ilk baxışdan təcrübəyə əsaslanan praktik biliklərlə təhsilə töhfə verməyə namizəd hesab olunsalar da, son illərdə keçirilən sertifikasiya və attestasiya imtahanlarının nəticələri fərqli mənzərəni ortaya qoyur. Xüsusilə müəllimlərin sertifikasiyası üzrə nəticələr kollec məzunu olan müəllimlərin böyük bir qisminin müasir təhsil tələblərinə cavab verməkdə çətinlik çəkdiyini göstərir. Musiqi məktəblərində keçirilən attestasiya imtahanları isə bu sahədə çalışan müəllimlərin metodik və nəzəri biliklərinin kifayət qədər zəif olduğunu ortaya çıxarır. Bu vəziyyət həm təhsilin keyfiyyəti, həm də şagirdlərin inkişaf perspektivləri baxımından suallar doğurur və kollec məzunlarının müəllim kimi sistemə daxil olma meyarlarının yenidən gözdən keçirilməsini zəruri edir. Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri Modern.az-a bildirib ki, son illərdə keçirilən imtahanlarda kollec və universitet məzunu olan müəllimlərin müqayisəsi göstərir ki, orta-ixtisas təhsil səviyyəsində dərs alan müəllimlərin sertifikasiya və attestasiyası nəticələri çox aşağıdır: “Bu günlərdə musiqi müəllimlərin attestasiyasından 500-ə yaxın müəllim imtahanı keçə bilmədiyi üçün işinə xitam verildi. Eyni vəziyyəti bir il yarım əvvəl məktəblərdə dərs keçən müəllimlərin sertifikasiyalarının nəticələrinin elmi-analtik təhlilində iştirak zamanı müşahid etmişdik. Nazir Emin Əmrullayev də sertifikasiyadan keçməyən müəllimlərin böyük əksəriyyətinin, hətta az qala hamısının kollec məzunu olduğunu, onların da böyük faizinin hazırda fəaliyyətdə olmayan və bağlanan təhsil müəssisə kimi tarixə qovuşan təhsil müəssisələrinin məzunları olduğunu demişdi. Sertifikasiyadan kəsilən müəllimlərin 90 faizə yaxını da məhz kollec məzunu olub”. E. Nuri onu da vurğulayıb ki, hazırda orta ümumtəhsil müəssisələrində dərs deyəcək müəllimlərin son bir neçə ildə kolleclərə qəbul olma və oranı bitirmək şansı yoxdur.  “Bu işlərlə praktiki məşğul olan biri kimi əminliklə deyə bilərəm ki, kolleclərdə artıq pedoqoji ixtisaslar yox səviyyəsindədir. Əvvəllər ibtidai sinif müəllimliyi ixtisası başda olmaqla Azərbaycdan dili, ədəbiyyat, tarix, coğrafiya və digər fənlər kolleclərdə də tədris olunurdu. Oranı bitirən müəllimlər sonra məktəblərdə işləyə bilirdi. Ancaq son bir neçə ildə kollec səviyyəsində pedoqoji ixtisaslar demək olar ki yığışdırıldı. Sadəcə bir neçə pedoqoji ixtisas kolleclərdə saxlanılıb ki, bunlar da fiziki tərbiyyə, təsviri incəsənət, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq müəllimi ixtisaslarıdır. Bundan başqa bir neçə əlavə pedoqoji ixtisaslar – ev və ailə təhsili, inklüziv təhsil, korreksiyaedici təlimlər də orta - ixtisas təhsil səviyyəsində keçirilir”. Təhsil sahələri üzrə tədqiqatçı bildirib ki, 1990-cı illərdə kolleci bitirib məktəblərdə dərs deyən müəllimlər Müəllimlərin İşə Qəbulu imtahanına cəlb olunmalı və bu imtahanda iştirak etdikdən sonra müəllim adını qazanmalıdırlar.  “Kollec təhsilinin keyfiyyəti göz önündədir, amma bu səbəbdən kolleclərdən tamamilə imtina edə bilmərik, sadəcə yeni mexanizm irəli sürməliyik. Məsələn 2019-cu ildə yeni mexanizm ortaya atıldı ki, kolleclərdə ortalama göstəriciləri yuxarı olan şəxslərin imtahansız, ixtisasları üzrə universitetlərə qəbul ola bilərlər. Bu, kolleclərə marağı birə beş artırdı. Həmin qərara qədər kolleclərə maraq yox səviyyəsində idi. Ötən il ixtisas seçimində də bunun şahidi olduq – kolleclərdə ixtisas seçiminə olan rəqabət heç universitetlərdə yox idi. Bu qəbildən bir neçə mexanizm olmalıdır ki, kolleclərə marağı artırmaqla yanaşı, onların keyfiyyətini artıraq. Burada da tək pedoqoji proses deyil, ümumi problem həll olunmalıdır”- deyə sonda o qeyd edib.   

Kimlər hərbi xidmətə çağırılmır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bildirilib ki, hərbi xidmətdən yayınanlarla bağlı mühüm qərarlar qəbul edilib. Belə ki, Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətdən yayınma halları ilə mübarizəni gücləndirir. Bəs hansı xəstəliyi olanlar hərbi xidmətə çağırılmır? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı hərbi-ekspert Üzeyir Cəfərov Bizim.Media-ya açıqlama verib. O bildirib ki, rəsmi açıqlamalardan məlumdur ki, ölkəmizdə hərbi xidmətdən yayınma halları mövcud deyil: "Bununla bağlı Dövlət Xidməti də ciddi tədbirlər görür. Sözsüz ki, minlərlə insan arasında bəziləri ola bilsin ki, hərbi xidmətdən yayınmağa meyillidir. Ancaq hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər sayəsində onlar öz istəklərinə nail ola bilmir". Xəstəliklə bağlı hərbi xidmətdən yayınma hallarına gəlincə, ekspert bu xəstəliklərin müxtəlif xarakter daşıya biləcəyini vurğulayıb: "Buna anadangəlmə xəstəliklər, infeksion xəstəliklər, irsi xəstəliklər daxildir. Bu xəstəliyi olanlar hərbi xidmətə çağırılmır. Daha ətraflı desək, sinir və psixi sağlamlıq xəstəlikləri, reproduktiv orqan xəstəlikləri, həzm sistemi xəstəlikləri, qulaq, burun və boğaz xəstəlikləri və bu kimi bədən üzvləri ilə bağlı bir sıra xəstəliyi olan şəxslər hərbi xidmətə yarasız sayılır. Bununla bağlı "e-qanun.az" saytında əhatəli məlumat mövcuddur", - deyə o bildirib. Ekspert qeyd edib ki, vacib şərtlərdən biri hər bir kişi cinsindən olan şəxsin öz borcunu yerinə yetirməsidir: "Bu gün baxanda görünür ki, tanınmış şəxslərin çoxu hərbi xidmətdə olmayıblar. Mən insan tanıyıram uzun illər əvvəl onunla bağlı mətbuatda geniş müzakirələr aparılıb, amma, araşdırıb arxivinə baxsaq, həmin adamın hərbi xidmətdə olmadığı məlum olar. Ona görə deyirəm ki, səslənirəm ki, hər bir şəxs kimliyindən asılı olmayaraq Vətən qarşısında öz borcunu yerinə yetirməlidir!"

Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov

Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır. Buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub. Bu, təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. “Bu ilin sonunadək 5 min, gələn il 10 min, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub. Füzulidə ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi yekunlaşdırılmaq üzrədir. Hesab edirəm ki, layihələndirmə bu ilin sonuna doğru - payız aylarında başa çatacaq. Bundan sonra isə tikinti işlərinə start veriləcək".

Əvəz Zeynallının azadlığa çıxması üçün məhkəməyə müraciət edildi - Vəkil

Əvəz Zeynallının səhhəti ilə bağlı cəzadan azad olunması üçün məhkəməyə müraciət edilib. Sozcu.az xəbər verir ki, tanınmış jurnalist Əvəz Zeynallının səhhətindəki ciddi problemlərlə əlaqədar onun cəzadan azad olunması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilib. Bu barədə onun vəkili Rəşad Vaqifoğlu məlumat verib. Onun sözlərinə görə, müraciət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən təqdim olunub. Həmin maddəyə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. Vəkil qeyd edib ki, “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı”nda “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər” də yer alır. “Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, təqdim olunmuş tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edəcək”, – deyə Rəşad Vaqifoğlu bildirib.

Bu ilin ilk iki ayında 7741 nikah, 3414 boşanma qeydə alınıb

2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7741 nikah və 3414 boşanma halları qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,7-yə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

Rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallının səhhətində problem yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı feysbuk hesabında paylaşım edib. Məlumata görə, Ə.Zeynallıya xərçəng diaqnozu qoyulub: “Əvəz Zeynallını təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. Nəticəsi bayramdan sonraya qaldı dedilər, biz də gözlədik. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. “Hər şey yaxşıdır” - bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qaraciyərinə yayılıb. Bu günlərdə “ximiya”ya başlayacaqlar”. Qeyd edək ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Bundan başqa o, dələduzluqda və vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra cəzası iki ay azaldılıb.