“Dünən atamı Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasına müayinədən keçirməyə apardım. Atam 3 dəfə infarkt keçirib, şəkəri var. Mən də istədim ki, ürəyini aparata saldırıb, problemini bilim. Aşağı mərtəbədə mühafizə xidməti bizə dedi ki, elektron növbə götürün. Biz də elektron növbə götürdük. Gördük ki, burada elektron növbəni heç saya sayan yoxdur. Biri tanışını gətirib növbəsiz içəri salır, biri növbəsiz gəlib keçir. Halbuki gələnlər bizdən sonra idilər.d Yalandan a deyirlər ki, əməliyyata gedir. Mən öz gözlərimlə görürəm ki, həmin xəstə dedikləri adam normaldır, sağlamdır. Hətta bir neçə insan da etirazını bildirdi ki, biz növbə gözləyə-gözləyə niyə onları içəri buraxırsız? Bu etirazımı orada da bildirdim. Dedilər ki, biz baxa bilmərik, bilmirik. Mühafizə xidmətini çağırıram, o da deyir ki, mən baxmıram. Orada dərəbəylikdir. Növbədən əlavə həkimlər öz tanışlarını növbəsiz içəri salır” Bunu Moderator.az-a açıqlamasında şikayətçi Ayşən Babayeva deyib. O daha sonra əlavə edib. “Biz həkimə etirazımızı bildirəndə kənardan başqa bir həkim üstümüzə səsini qaldırıb elə qışqırdı ki.. Üstəlik də əl-qol hərəkətləri ilə üstümüzə gəldi. Bütün bu görüntülər kameralara da düşüb. O xəstəxanaya sağ getsən ölü çıxacaqsan. Atam xəstə adamdır, necə əsəbləşdisə dərmandan istifadə etdi. Əgər canlı növbədirsə, bəs elektron növbə nəyə lazımdır? Özü də elektron növbəyə düşmək üçün sən gərək səhər saat 8-dən gedib xəstəxanada yer tutasan. Adamları 10-10 içəri buraxırlar. Sonra da deyirlər ki, canlı növbədir. Başqa yerdə çeksiz, növbəsiz gedib dursaq bizi qəbul etməzlər” deyə o bildirib. Moderator.az 6 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxananın Acil şöbəsinin tibb bacısı bildirib ki, xəstəxanada canlı növbə mövcuddur. “Biz bilirik ki, canlı növbədir. Camaat gəlib canlı növbədən keçir, elektron yox. Başqa heç bir məlumat verə bilmərəm” deyə o bildirib. Buradan belə bir sual ortaya çıxır ki, əgər canlı növbədirsə, niyə bəs xəstəxanadakı insanları elektron növbə götürməyə məcbur edirlər. QEYD: Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.
Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. Bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb. Məlumata görə, layihə iyunun 1-dək hazırlanaraq Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir. Görəsən, yeni qərardan sonra köhnə və ekoloji cəhətdən nəzərdə tutulan standartlara cavab verməyən avtomobillərin aqibəti necə olacaq? Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu qəbildən olan avtomobillərin yenisi ilə əvəz edilməsi üçün yetərincə say və baza olmalıdır: “Bu addım utilizasiya prosesinə bir növ təkan olacaq. Çünki burada əsas baza elementi müxtəlif dövlət qurumlarının birgə əməkdaşlığı nəticəsində ölkəyə gələcəkdə idxal ediləcək avtomobillərin ekoloji cəhətdən uyğun olması əsas kriteriya təşkil ediləcək. İlkin göstəricilərə əsasən, ekoloji cəhətdən uyğun olmayan avtomobillərin yenisi ilə əvəz olunması məsələsi növbəti mərhələnin işidir. Əvvəlcə baza və say olmalıdır. Bunlar olduqdan sonra artıq müəyyən işləri görmək olar. Bu növ maşınları yenisi ilə əvəz etmək və ya dəyərini ödəmək olar”. Ekspert bəzi nəqliyyat vasitələrinin göstəricilərinin fərqli olmasının prosesə ciddi təsir edəcəyini qeyd edib: “Bütün bunlar hamısı növbəti mərhələdə atılacaq addımlardır. Onun üçün prosesin necə davam edəcəyini indidən proqnozlaşdırmaq çətindir. Nəqliyyat vasitələri texniki göstəricilərinə, il və davranış qaydalarına görə fərqlənə bilər. Məsələn, elə avtomobillər ola bilər ki, ili yenidir, ancaq texniki paramterləri aşağı səviyyədədir. Yaxud yanacaq sərfiyyatı ekoloji cəhətdən dəstəklənmir. Bunlar özlüyündə ayrı-ayrı elementlərdir. Bunun üçün də müəyyən işlərin görülməsi, müəyyən proseslərin aparılması başlıca məsələlərdən biridir”.
Qarabağ Universitetinin qəbul planı təsdiqlənib. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq. Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: "Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq". E.Əmrullayev əlavə edib ki, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərinə iş gedir: "Eyni zamanda hər bir tələbəyə kompüter verilməsi də təmin ediləcək. Ali təhsil müəssisəsinə rektor təyinatı hələ olmayıb". Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (Azəravtoyol) 13 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəisinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Buna səbəb idarənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 5092012.36 manat vergi borcunun olmasıdır. DVX tərəfindən idarənin direktoru, qanuni təmsilçisi Pərviz Bəhramov Fərman oğlu barəsində məhkəməyə müraciət edilib. Məhkəmədə idarə barəsində “Vergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan Inzibati Xətalar - 469.3 maddəsi” ilə iddia qaldırılıb. İşə 21.05.2024-cü il tarixində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə baxılacaq. Ehtimal edilir ki, vergilər xidməti tərəfindən "13 №Li Xüsusi Təyinnatlı Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinə yoxlama aparılıb. Yoxlama nəticəsində 5 milyondan çox vergidən yayınma halı aşkarlanıb. Qeyd edək ki, Pərviz Bəhrəmov 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovun əmri ilə sözügedən idarəyə rəis təyin edilib.
“Canım Atam! Bu gün sənin 51 yaşın tamam oldu. Ancaq heyf, biz artıq 4 ildir ki, ad günlərini sənsiz qeyd edirik. Şəkillərinə baxıram, deyirəm, görəsən, 51 yaşında necə görünərdin? Saçın çox ağarardı? Üzündəki qırışlar daha da kəskin görünərdimi? Yoxsa elə 47 yaşda olduğu kimi qalardın?” Sozcu.az xəbər verir ki, bunu şəhid Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev sosial şəbəkə hesabında yazıb. O, atasının doğum gününü bu sözlərlə təbrik edib: “Heyf bilməyəcəyik, çox heyif. Axı, biz necə razı ola bilirik bu hala? Necə səni hər ziyarət etdikdən sonra tək buraxıb gələ bilirik evə? Axı, çox vaxt görüşəndə sən də bizlə gələrdin evə. Artıq 4 ildir ki, nə özün varsan, nə səsin. Ad günün mübarək, qəhrəman atam. Səni çox istəyirik. Sən bizim ailənin, Azərbaycanın, millətin fəxrisən. İllər ötəcək, bizlər yox olub gedəcəyik. Ancaq sənin kimi adını şanlı tarixə yazdırmış qəhrəman Vətən övladları heç vaxt unudulmayacaq və yaddan çıxmayacaq”. Qeyd edək ki, İlqar Mirzəyev 2016-cı ildə Aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıq göstərib, polkovnik-leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlib. Həmin il "Vətənə Xidmətə görə" II və III dərəcəli ordeni ilə təltif edilib. 2019-cu il fevralın 23-də 3-cü Ordu korpusunun artilleriya rəisi təyin olunub. 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycannın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. İlqar Mirzəyev ailəli idi. Bir oğul və bir qız övladı qalıb.bakupost)
Müsavat Partiyasının yeni seçilmiş başqanı İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində bu partiyanın strateji xətti, qarşıdakı seçkilərdə iştirakı və ictimai saziş təklifindən danışıb. Sozcu.az həmin müsahibəni təqdim edir: Amerikanın Səsi: Müsavat Partiyasının XI qurultayı partiyanın qarşısına hansı istiqamətlərdə mübarizəni priroitet kimi qoyub. Yeni sədr kimi əsas strategiyanız nə olacaq və bu əvvəlki dövrlərdəki strategiyadan nə ilə fərqlənəcək? İsa Qəmbər: Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin qurduğu və onun müəyyənləşdirdiyi ideologiya, onun müəyyənləşdirdiyi siyasi xəttə uyğun fəaliyyət göstərən bir siyasi qüvvədir. Yüz ildən artıq bir müddətdir ki, bu yolu biz davam ediririk. Bu yolun 1992-ci ildən başlayan mərhələsinə, Azərbaycanda partiyanın fəaliyyətinin bərqərar edilməsindən başlayan mərhələsinə biz rəhbərlik edəndə də bu dəyərlərə, bu hədəflərə uyğun fəaliyyət göstərmişik. Bu baxımdan Müsavatın hədəfi çox sadədir. Məhəmməd Əmin Rəsulzadə bunu Azərbaycanın istiqlalını yaşatmaq, Azərbaycan vətəndaşının xoşbəxtliyinə nail olmaq kimi müəyyənləşdirib. Bizim də əsas hədəfimiz budur, - istiqlalı yaşatmaq, Azərbaycan vətəndaşının, Azərbaycan xalqının xoşəbxtliyini təmin etmək. Qurultaydakı çıxışımda da qeyd etdim ki, biz ötən əsrin 80-ci illərində Azərbaycanda xalq hərəkatına başlayanda 3 hədəf müəyyənləşdirmişdik. Birincisi Azərbaycanın istiqlalına nail olmaq, ikincisi Azərbaycanın ərazi bütövlüyünü bərqərar etmək, üçüncüsü Azərbaycanda demokratiya, haqq-ədalətin bərqərar olmasına nail olmaq. Bu üç hədəfdən birini, yəni istiqlalı Əbülfəz Elçibəyin liderliyində xalıqımız qazanıb. İkinci hədəf Azərbaycanın ərazi bütövlüyünü bərqərar etmək, Azərbaycanın bütün torpaqlarında dövlətimizin suverenliyini bərqərar etməkdir. Bu hadisə son illərdə baş verdi. İndiki hakimiyyətin zamanında baş verdi. 2020-ci ildəki 44 günlük savaşda və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı ilə bu hədəflərə çatıldı. Bu baxımdan bizim indi qarşımızda olan əsas hədəf Azərbaycanda haqqın-ədalətin bərqərar edilməsi, Azərbaycanda demokratiyanın qalib gəlməsi və Azərbaycan xalqının bu dəyərlər əsasında azad, xoşbəxt, firəvan həyatını, yaşayışını təmin etməkdir. Bu baxımdan düşünürəm ki, qarşıdakı dövrdə də Müsavat Partiyasının əsas hədəfi məhz bu olacaq. İsa Qəmbər: Azərbaycan dəyişikliklərə məhkumdur Amerikanın Səsi: Müsavat Partiyasının qurultayı Azərbaycanda insan haqlarının pozulması, partiyanın üzvü Tofiq Yaqublunun, siyasi motivlərlə tutulan bütün fəalların və jurnalistlərin azadlığa buraxılmasını tələb edən bəyanatlar qəbul edib. Qurultayın bu tapşırıqlarını yerinə yetirmək üçün hansı təsiredici addımlar atılacaq? Torpaqlarımızın azad edilməsi ilə ölkəmizdə bu qədər haqsızlıqların olması çox ciddi bir dissonansdır. İsa Qəmbər: Elə qurultayın özündə bu istiqamətdə bəyanatların qəbul edilməsi, bütün siyasi məhbusların azadlığa buraxılması məsələsinin birmənalı şəkildə irəli sürülməsi onu göstərir ki, partiyamız bu istiqamətdə çox ciddi fəaliyyət göstərmək fikrindədir. Diqqət etdinizsə bizim çox dəyərli ağsaqqalımız, qurultayımızım fəxri sədri, hörmətli Cəmil Ünal da öz çıxışında bu məsələyə diqqət ayırdı. O birbaşa dövlət başçısına müraciət edərək bütün siyasi məhbusların azadlığa buraxılması təklifini səsləndirdi. Belə bir vəziyyətin Azərbaycana yaraşmadığını, Azərbaycana ziyan verdiyini aydın şəkildə ortaya qoydu. Qurultaydan sonrakı dövrdə də biz bu məsələyə diqqətimizi artıracağıq. Partiyanın üzvü Tofiq Yaqublunun, digər partiyaların fəallarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, jurnalistlərin həbsdən azad edilməsi məsələsi istiqamətində fəaliyyət göstərəcəyik. Bunun üçün həm partiyamızın bütün resursları prosesə cəlb ediləcək, həm də hesab edirəm ki, cəmiyyətimizin digər qüvvələri ilə birlikdə bu istiqamətdə əməkdaşlıq etmək, bu problemin birdəfəlik və uzunmüddətli həllinə nail olmaq planımızda var. Ciddi şəkildə bu istiqamətdə işləyəcəyik. Amerikanın Səsi: Siz çıxışınızda bildiribsiniz ki, ölkədə vəziyyət kifayət qədər ağırdır. Müsavat Partiyası iqtidarın daxili və xarici siyasərtində hansı addımları qəbul etmir və hansı islahatları zəruri hesab edir? İsa Qəmbər: Yəni siyasi məhbusların azadlığı məsələsini qeyd elədik. Söhbət ondan getmir ki, bu gün kimlərisə buraxsınlar, sabah da başqalarını həbs eləsinlər. Təəssüf ki, indiki hakimiyyət bu yolu davam etdirir. Azərbaycanı siyasi məhbus olmayan bir ölkə halına gətirmək lazımdır. Bir neçə ay əvvəl Azərbaycanın AŞPA-dakı fəaliyyəti dayandırıldı. Oradakı əsas iradlardan biri məhz siyasi məhbuslarla bağlı bir məsələ idi. Avropa Şurasının üzvü olan və onun qarşısında, digər beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürən ölkəyə, dövlətə yaraşmaz ki, ölkədə bu qədər siyasi məhbus olsun. Əslinə qalsa bir siyasi məhbus da olmamalıdır. Eyni zamanda əsas problemləri sadaladıq. Rüşvətxorluq, korrupsiya, monopoliyalar. Bunlar aradan qaldırılmalıdır. İqtisadi azadlıqlar tətbiq olunmalıdır. Siyasi azadlıqlar verilməlidir. Partiyalar, medialar üçün də, vətəndaş cəmiyyəti üçün də azadlıqlar verilməlidir ki, bu qurumlar qanunauyğun şəkildə, rahat bir şəkildə fəaliyyət göstərə bilsinlər. Məhkəmələrin müstəqilliyinə nail olunmalıdır. Ölkədə qanunun aliliyi təmin edilməlidir. Ölkədə normal demokratik seçkilərin keçirilməsinə nail olunmalıdır. Hədəflərimiz bu olacaq. Hesab edirik ki, bu sahələrdə ciddi dəyişikliklərə, islahatlara ehtiyac var. Hakimiyyət də islahatdan danışmaq mərhələsini bitirib. O istiqamətlərdə konkret addımlar atmalıdır. Çünki bu islahatlar Azərbaycan üçün həddindən artıq önəmlidir. İstər xalqımızın, vətəndaşımızın xoşbəxtliyi baxımından, istərsə də Azərbaycanın çağdaş dünyada öz layiqli yerini tutması baxımından, bu məsələlər öz həllini tapmalıdır. Son illərdə dəfələrlə bu fikri vurğulamışıq ki, torpaqlarımızın azad edilməsi ilə ölkəmizdə bu qədər haqsızlıqların olması çox ciddi bir dissonansdır (uyğunsuzluq-red). Buna son qoyulmalıdır. Ölkədə bütün azadlıqlar bərqərar edilməlidir. Vətəndaşımız rahat, təhlükəsiz, firəvan, ləyaqətli bir həyat sürəməyə layiqdir. Amerikanın Səsi: Siz qurultayda ölkədə dinc demokratik keçid üçün ictimai saziş təklifi ilə çıxış edibsiniz. İctimai saziş təklifinizin əsas komponentləri nədir? Təklifinizin reallaşması üçün hansı yeni fəaliyyətləri gündəliyə gətirəcəksiniz? Ölkədə dinc, demokratik keçidi təmin etmək üçün ən ağlabatan yol hakimiyətlə cəmiyyət arasında ictimai sazişə nail olmaqdır. İsa Qəmbər: Əslinə qalsa haqqında danışdığımız problemlər, müəyyənləşdirdiyimiz hədəflər ictimai sazişin əsas mövzularıdır. Qurultaydakı çıxışımda da qeyd etdim ki, dünya dəyişir, region dəyişir. Azərbaycan da dəyişikliklərə məhkumdur. Bu dəyişkliklər labüddür, zəruridir və dəyişikliklər həyata keçirilməlidir. Nəzəri cəhətdən bunun iki yolu var. Ya hakimiyyət yuxarıdan bu addımları atmağa başlamalıdır. Bunu hakimiyyət etməyəcəksə, prosesin hansısa mərhələsində xalq öz sözünü deyəcək. Xalq meydana girərkən bunun bütün müsbət cəhətləri ilə yanaşı, sosial partlayışlar, qarşıdurmalar, inqilabi dəyişikliklər, - bu da baş verir. İnqilabi dəyişikliklər qulağa xoş gəlsə də hər halda mən və bütövlükdə Müsavat Partiyası dəyişikliklərin təkamül yolu ilə getməsinə tərəfdarıq. Sadəcə, o qədər zaman itirilib ki, bizim qarşımızda belə bir on illiklərlə bu dəyişikliləri həyata keçirmək kimi bir lüksumuz, imkanımız yoxdur. Bu dəyişikliklər bir neçə ilin içində, çox sürətlə həyata keçirilməlidir. Bunun da ən ağlabatan yolu, mənim fikrimcə, ölkədə dinc, demokratik keçidi təmin etmək üçün hakimiyətlə cəmiyyət arasında ictimai sazişə nail olmaqdır. Əslinə qalsa demokratik ictimaiyyət bu istiqamətdə müxtəlif cəhdlər edib. Xatırlayırsınız ki, 2012-ci ildə İctimai Palata bir yol xəritəsi müəyyənləşdirmişdi. Cəmiyyətə də, hakimiyyətə də müəyyən təkliflər irəli sürmüşdü. Yəni, bu tipli cəhdlər cəmiyyətdən, demokratik ictimaiyyətdən olub, addımlar atılıb. İndi yeni mərhələdə biz təklif etmək niyyətindəyik ki, bu istiqamətdə səylərə başlanılsın. Bunun üçün təkcə hakimiyət və cəmiyyət arasında yox, elə demokratik cəmiyyətin də daxilində, bütövlükdə cəmiyyətdə də məsləhətləşmələr, müəyyən bir hədəflərin dəqiqləşdirilməsinə, konsensusa gəlinməsinə ehtiyac var. Cəmiyyət bütöv olaraq bu dəyişikliklərin zəruri olduğunu, belə bir ictimai saziş yolu ilə bu zəruri addımların atılmasının sürətlənməsini və mümkün qədər itkisiz, çətinliklər, qarşıdurmalar olmadan həyata keçməsininin baş verməsini istəyir. Biz təklifimizi etmişik və bu istiqamətdə müəyyən müzakirələrə başlamaq düşüncəsindəyik, müəyyən addımlar atmaq fikrindəyik. Amma, təbii ki, bu tipli təşəbbüslər yalnız bir tərəfin iradəsi ilə həyata keçirilə bilmir. Hakimiyyətin də burada sağlam təhlilinə ehtiyac var. Hakimiyyət tərəfindən vəziyyətin düzgün dəyərləndirilməsinə ehtiyac var. Hakimiyyətin öz səhvlərini, yanlışlarını ehtiraf etmək və dəyişikliyin labüd olmasını dərk etməsinə ehtiyac var. Zaman göstərəcək ki, bu mümkün olacaq, yoxsa yox. Ancaq, biz hər halda öz təklifimizi, öz təşəbbüsümüzü irəli sürmüşük və bu istiqamətdə addımlar atılacaq. Amerikanın Səsi: Müsavat Partiyası qarşıdakı parlament və bələdiyyə seçkilərində iştirak edəcəkmi? Yəni blok halında, yoxsa müstəqil iştirak edəcək? Müsavat Partiyası seçkilərə meyilli bir partiyadır. İsa Qəmbər: Müsavat Partiyası seçkilərə meyilli bir partiyadır. Biz hakimiyyətə gəlməyin seçkidən başqa variantlarını məqbul saymırıq. İstəyirik ki, dəyişikliklər seçki yolu ilə baş versin. Ona görə də, bizdən asılı olsa, biz seçkilərdə iştirak edəcəyik. Amma təbii ki, seçki bir az seçkiyə oxşamalıdır. Heç olmasa müəyyən ilkin şərtlər buna imkan verməlidir. Ən azından seçki komissiyalarında seçkidə iştirak edən qüvvələrin təmsilçiliyi təmin edilməlidir. Seçkidən əvvəl və seçki dövründə seçkidə iştirak edən siyasi qüvvələrin rəqabət şəraiti, bərabər iştirak etmək imkanları olmalıdır ki, o seçkinin də ölkəmizin inkişafı üçün bir anlamı olsun. Cəmiyyətin də buna inanması mümkün olsun. Hər halda görünən odur ki, yaxın aylarda ən azı parlament seçkisi gözlənilir. İlin sonunda da bələdiyyə seçkiləri nəzərdə tutulur. Yenə deyim ki, Müsavat Partiyası seçkidə iştirak etməyə meyillidir. Amma konkret qərar konkret şəraitdə verilir. Ümumiyyətlə partiya qərarlarını bilirsiniz ki, kollegial idarəçiliklə verir. Bu bir adamın idarə etdiyi partiyalardan deyil. Seçkidə necə iştirak edəcəyimiz sualına gəldikdə isə Müsavat Partiyasının yanaşması, bu məsələlərdə demokratik düşərgədəki aparıcı qüvvələrin funksional əməkdaşlığı yanaşmasıdır. Yəni bu ondan ibarətdir ki, hər bir mərhələdə hədəf aydın olanda, o hədəfə doğru gediləcək yolda fikirləri, yanaşmaları eyni olan qüvvələr təbii ki, əməkdaşlıq etməlidirlər. Bu əməkdaşlıq olsa, dəyişikliklər daha rahat, daha sürətlə gedə bilər. Amma bu yenə də Müsavatdan aslı olmayacaq, digər qüvvələrdən də asılı olacaq. Bizim təklif etdiyimiz taktika, üslub digər qüvvələr üçün uyğun olacaqsa, təbii ki nədən əməkdaşlıq olmasın.
5 ailə üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov deyib: “Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komissyon psixiatriya ekspertizası təyin edilib. Ekspertizanın rəyindən asılı olaraq obyektiv ədalətli qərarın qəbul edilməsi təmin ediləcək”. Prokuror Əhməd Əhmədovun hazırda istintaq təcridxanasında saxlanıldığını deyib. Qeyd edək ki, fevral ayının 13-də 5 nəfər ailə üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib. Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib, çünki İrəvan bu təklifə cavab verməyib. Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirinin müavini Alibek Bakayev deyib. “Bu ölkələr (Azərbaycan və Ermənistan - red.) mənim yurisdiksiyamda deyil, amma bildiyimə görə, görüşün tarixi hələ müəyyən edilməyib, çünki gələcək iştirakçıların heç də hamısından cavab alınmayıb: Ermənistan hələ ki, razılığını verməyib, lakin biz bu danışıqların baş tutacağını gözləyirik”, - Bakayev bildirib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Aralıq dənizinin şərqində keçirilən "Kurtaran - 2024" sualtı axtarış və xilasetmə təlimində iştirak edib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Təlimdə axtarış-xilasetmə gəmiləri tərəfindən qəzaya uğramış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətin qiymətləndirilməsi, dalğıclar vasitəsilə heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Həmçinin qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə təyyarələrdən lazımi ləvazimatların atılması, dənizə paraşüt atlayışlarının icra edilməsi ilə heyətin təxliyə olunması üzrə fəaliyyətlər də yüksək peşəkarlıqla həyata keçirilib. "Kurtaran - 2024" beynəlxalq təlimində 17 ölkədən 52 nümayəndə iştirak edib.
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda həbsdə olan Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov dindirilib. Qeyd edilib ki, Məlikməmməd Qurbanov Müdafiə Nazirliyndə baş verən 143 milyon manatlıq yeyinti cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq zamanı məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb və hazırda cinayət işinə məhkəmədə baxılır. Sabiq idarə rəisi ifadəsində bildirib ki, işlədiyi dövrdə 2 dəfə Maliyyə və Büdcə İdarəsinin rəisi işləmiş Nizami Məmmədova pul verib: “Nəcməddin Sadıqov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də onun tapşırığını icra etmişəm. Bu pulun hansı səbəbdən verilməsindən xəbərim olmayıb. Mən baş qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, buna da baş qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı baş qərargah rəisinə məruzə etmişəm. Baş qərargah rəisi də məni çağırıb deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı komissiya 12 nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim idi. Tenderlərdə əsasən “Azərsun Holdinq” və onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilib”. Məlikməmməd Qurbanov bildirib ki, Nizami Məmmədovun satınalma və təchizata heç bir aidiyyəti olmayıb: “Nizami Məmmədov şirkətlərlə bağlanan müqavilələrdə iştirak etməyib. 2015-2019-cu illər ərzində nazirlik tərəfindən ümumilikdə şirkətlərdən 19 milyon 600 min manat pul alınıb. Həmin illərdə pullar ən çox “Azərsun Holdinq”dən alınıb”. General Nizami Məmmədov şahidin ifadəsinə münasibət bildirərək qeyd edib ki, satınalma ona aidiyyatı olmayan bir sahədir: “2023-cü ilin iyulunda bu məsələ ilə bağlı mənə yeni ittiham verdilər. Əgər Məlikməmməd Qurbanovun dediyi pulu alsaydım, danmazdım, deyərdim. Nəcməddin Sadıqovun mənə nə borcu var idi, nə tabeçiliyi. Nə də məndən qorxusu var idi ki, mənə o qədər pul göndərsin. Mən Maliyyə və Büdcə İdarəsinə rəis gələnə kimi, üzr istəyirəm ora “bazar” idi. Mən gələndən sonra satınalma ilə bağlı məsələləri yığışdırdım. Daha hər hansı şirkət müdiri yanıma gələ bilməzdi. “Azərsun Holdinq”in nümayəndəsi ifadə verib ki, guya mənə pul verib, məni tanıyır. Gəlsin, desin ki, Nizami Məmmədovu tanıyıram”. Prosesdə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran Məlikməmməd Qurbanov şirkətlərdən gələn faizlərin kimlərə verilməsi ilə bağlı suallara cavab verməkdən imtina edib. Məhkəmədə şirkət rəhbərləri Azər Rəsulov və Hüseyn Əliyev də dindirilib. Şirkət rəhbərləri Müdafiə Nazirliyi ilə 670 min manatlıq müqavilə bağladıqlarını təsdiq ediblər. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi işləmiş, hazırda həbsdə olan Fikrət Mirzəyev bu iş üzrə şahid qismində ifadə verib: “Bizim idarə Müdafiə Nazirliyinin hərbi hissələrində təmir-tikinti işləri ilə məşğul olub. Tapşırıqları əsasən Nəcməddin Sadıqovdan alırdıq. Müdafiə Nazirliyi daimi iş görmə qabiliyyətinə bələd olduğu şirkətlərlə işləyirdi. Hansı şirkətlə işləməyimizi Baş Qərargah rəisi məsləhət görürdü”. Məhkəmə prosesi mayın 3-də davam edəcək. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
“Bilirsiniz ki, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi”. Sozcu.az xəbər verir ki, bunu APA-ya geniş müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “Vətən müharibəsində itkin düşmüş 6 hərbçinin tapılması üçün hansı işlər görülür?” sualına cavab olaraq deyib. O bildirib ki, hətta valideynlərin istəyi nəzərə alınaraq, onlar da axtarış-araşdırma işlərinə cəlb edilib. Lakin aparılan axtarışlar nəticə verməyib və həmin şəxslər itkin düşmüş şəxslər kimi Dövlət Komissiyasında qeydiyyata alınıblar: “Qanunvericiliyin tələblərinə əsasən, onlara artıq şəhid statusu verilib. Buna baxmayaraq, bu məsələ heç vaxt gündəlikdən düşməyib, düşməyəcək də… Həm Vətən müharibəsi dövründə itkin düşən 6 nəfərin, həm Vətən müharibəsindən sonra Laçın istiqamətində itkin düşmüş 2 əsgərimizin taleyinin müəyyən olunması qarşımızda duran əsas vəzifələrdən biridir”.