Dərslik təkcə bir tədris vəsaiti deyil, həm də şagirdin taleyinə yön verən yol xəritəsidir. Təhsil prosesində həm müəllim, həm də şagirdlər üçün ən vacib vasitələrdən biri olan dərsliklər biliklərin sistemləşdirilmiş şəkildə təqdim edilməsinə, dərsin planlı da imkan verir. Müəllimlər dərsliklər vasitəsilə şagirdlərə mövzuları daha aydın öyrədir, şagirdlər isə əsas anlayışları mənimsəyərək biliklərini daha da möhkəmləndirirlər. Lakin bu gün tədris zamanı yalnız dərsliklərdən istifadə yetərlidirmi?
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin müəllimləri öz təcrübə və müşahidələrinə əsaslanmış fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşüblər.
"Dinləmə materiallarının və söz ehtiyatını zənginləşdirmək üçün müxtəlif tapşırıqların əlavə edilməsi sevindiricidir”
Şamaxı şəhəri M.Hadi adına 9 nömrəli tam orta məktəbin “Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyat müəllimi Sənubər Şükürova dərsliklərə dair fikirlərini belə ifadə etdi: “Bu il beşinci sinif “Azərbaycan dili” dərsliyi yenilənib və iki hissədən ibarət hazırlanıb. Bu, şagirdlərin yükünü bir qədər azaldır. Buraya dinləmə materiallarının və söz ehtiyatını zənginləşdirmək üçün müxtəlif tapşırıqların əlavə edilməsi sevindiricidir”.
Lakin təcrübəli müəllim dərs saatlarının azlığını və bəzi yuxarı sinif mövzularının aşağı siniflərə salınmasını təəssüflə qeyd etdi. Onun sözlərinə görə, dərslikdən əlavə iş dəftərləri, Dövlət İmtahan Mərkəzinin tapşırıqlar toplusu və internet resurslarının istifadəsi mövzuların dərindən mənimsənilməsində mühüm rol oynayır.
Müasir təhsil mühitində müəllim yalnız dərsliklə kifayətlənə bilməz. Sənubər Şükürova istifadə etdiyi resurslarla bağlı da bunları bildirib: “Əvvəlcədən hazırladığım iş vərəqləri, tapşırıqlar, interaktiv proqramlar və şagirdlərlə hazırladığımız əyani vəsaitlər dərsləri daha maraqlı edir”.
O, əlavə resurslardan istifadə üçün məktəblərin texniki imkanlarının vacibliyini də vurğulayır.
“Qrammatik qaydaların izahına, praktik tapşırıqlarına daha geniş yer verilsə, yaxşı olar”
Ağsu rayonu Muradlı kənd tam orta məktəbin ingilis dili müəllimi İbrahim Cavadovun fikrincə, ibtidai sinif dərslikləri iş dəftərləri ilə birlikdə bir-birini tamamlayır. Ancaq orta sinif dərsliklərində qrammatik qaydaların izahına, praktik tapşırıqlarına daha geniş yer verilsə, yaxşı olar. İbrahim müəllim əlavə vəsaitlərdən istifadənin də vacibliyini qeyd edir: “İmtahan suallarına əvvəlki illərin mövzuları da salındığından biz mütləq əlavə materiallardan istifadə etməliyik”.
Onun dərs prosesinə daxil etdiyi resurslara konspektlər, testlər, yaddaş kitabları və sözlüklər daxildir.
“Əlavə vəsaitlərdən istifadə qaçılmazdır”
Ağsu şəhəri 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nigar Kərimova dərsliklərin strukturunun şagird bacarıqlarının formalaşmasına yönəlməsini vacib sayır. Onun sözlərinə görə, təhsil təkcə ali məktəbə qəbul məqsədi daşımamalı, bacarıq yönümlü olmalıdır: “Zəmanə bacarıq əsridir. Dərsliklər şagirdlərdə səriştələr formalaşdırmağa xidmət etməlidir”.
Nigar xanım hesab edir ki, dərslik yalnız bilik bazasını təqdim edir, lakin biliklərin möhkəmləndirilməsi üçün əlavə vəsaitlərdən istifadə qaçılmazdır: “Bu, məqsədəuyğun və faydalı seçimdir. Əsas olan odur ki, dərslik şagirdə dayanıqlı bacarıqlar qazandırsın”.
İsmayıllı şəhəri Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Məmmədova isə bu siniflərdəki vəziyyətə diqqət çəkir: “I sinif dərslikləri məktəbəhazırlıq qrupuna getməyən uşaqlar üçün ağırdır. Hüsnxət tapşırıqları azdır".