Bakıda həbsdə olan Vardanyan “Atom” layihəsindəki payını geri qaytardı

2022-ci ilə qədər Rusiya vətəndaşı olan və hazırda Azərbaycanda həbsdə olan erməni əsilli milyarder Ruben Vardanyan “Atom” elektromobil layihəsinə investisiya qoymaqdan imtina edib.

Sozcu.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Vardanyan “Atom” layihəsini inkişaf etdirən “Kama” ASC-nin əsas səhmdarı “Vosxod” MMC-dəki 25%-lik payını şirkətin özünə qaytarıb.

Beləliklə, “Vosxod” MMC-də pay bölgüsü bu şəkildə formalaşıb: Vaqan Babloyan – 60%, Mixail Broytman – 20%, Janna Xaliullina – 20%.

Bir il əvvəl, 2024-cü ilin oktyabrında, Vardanyan həmçinin “Kamaz” şirkətinin də ortaq sahibliyindən çıxıb. O zaman milyarder avtomobil istehsalçısının səhmdarlarından olan “Avtoinvest” MMC-dəki 15%-lik payını Samara vilayətinin qubernatoru və “AvtoVAZ”ın keçmiş prezidentinin oğlu Dmitri Artyakova təhvil verib. Artyakov hazırda “Modum-Trans” adlı böyük dəmir yolu operatorunun baş direktoru və ortaq sahibidir.

Avtomobil sənayesi üzrə ekspert, “Euler” şirkətinin baş analitiki Vladimir Bespalov hesab edir ki, Vardanyanın “Vosxod”dan ayrılması “Atom” layihəsinə mənfi təsir göstərməyəcək. Onun fikrincə, layihənin gələcək uğuru avtomobilin qiyməti ilə istifadəçi təcrübəsi arasında balansdan asılı olacaq.

“Atom” layihəsi 2021-ci ilin avqustunda Naberejnıye Çelnı şəhərində qeydiyyatdan keçmiş “Kama” ASC tərəfindən hazırlanır. Layihənin əsas ideyası Rusiya bazarı üçün müasir elektrik avtomobili istehsal etməkdir. 2023-cü ilin iyununda Sergey Koqoqin açıqlamışdı ki, o və Vardanyan layihəyə 1 milyon dollar sərmayə yatırıb. Sonradan “Kamaz” və “Rosatom” da “Kama” ASC-nin ortaq sahiblərinə çevriliblər.

Planlara əsasən, “Atom” dörd modeldən ibarət olmalı idi:

“Delivery” – yükdaşıma üçün tək oturacaqlı versiya;

“Duo” – iki yerlik;

Taksi – şəhər nəqliyyatı üçün dördyerlik;

Ailə – beş yerlik versiya.

İstehsalın 2025-ci ildə “Moskviç” zavodunda (Moskva hökuməti və “Kamaz”ın birgə müəssisəsi) başlaması planlaşdırılırdı. Avtomobillərin qiymətinin dövlət subsidiyaları olmadan 3–4 milyon rubl (36-48 min dollar) civarında olacağı bildirilir.

“Kama” şirkəti hələlik satış tarixi və qiymət barədə dəqiq məlumat açıqlamasa da, ilin sonuna qədər kütləvi istehsala başlamaq niyyətində olduğunu təsdiqləyib.

Qeyd edək ki, Ruben Vardanyan əvvəllər “Troyka Dialoq” investisiya şirkətinin rəhbəri və Skolkovo İdarəetmə Məktəbinin ilk prezidenti olub. 2022-ci ilə qədər o, “Forbes”in “Rusiyanın ən varlı biznesmenləri” siyahısında yer alırdı. Həmin ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin onun Rusiya vətəndaşlığından imtina ərizəsini təsdiqləyib. Vardanyan 2022-ci ilin noyabrından 2023-cü ilin fevralınadək qondarma “Dağlıq Qarabağ Respublikası”nın “hökumət başçısı” olub.

2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi anti-terror əməliyyatından sonra Ermənistana keçmək istəyərkən təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. O, hazırda Azərbaycan qanunvericiliyinə əsasən ağır və xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunur.

Share on Facebook