"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.
Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə linqvistik ekspertiza yekunlaşdığı bildirilib.
Təqsirləndirilən şəxs İsfəndiyar Axundovun vəkilləri prosesdə iştirak etmədiyi üçün iclas təxirə salınıb.
Növbəti məhkəmə prosesi sentyabrın 18-nə təyin edilib.
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.