"Niyə 1 milyon vətəndaşımız müalicə üçün İrana getməlidir?!" - Ərəstun Oruclu

Musavat.com xəbər verir ki, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu TV Müsavat-ın canlı efirin qonağı olub.  Ərəstun Oruclu bildirib ki, Azərbaycandan İrana müalicə üçün gedən vətəndaşlarımızın sayı həddindən çoxdur və onların bəziləri bu səbəbdən də İran agentinə çevrilib. "Müalicə üçün pulu çatmayan birinə yardım edib onun rəğbətini qazanmaqla əməkdaşlığa cəlb edirlər. Terror və ya kəşfiyyat əməkdaşlığı düşünürlər ki, ya təhdid, ya da pul qarşılığında baş tutur, xeyr, bu, hər zaman belə olmur, insanın beyininə təsir edirlər", - Ərəstun Oruclu deyib. Ətraflı:

"Şimalda reket jurnalistlər və böyük bir “parket mafiyası”nın arasında, amansız savaş gedir" - Video

Dünən ölkənin bir sıra saytlarında və sosial şəbəkələrdə Quba Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı bir məlumat yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə jurnalist Cəmil Məmmədli araşdırma aparıb. "Bir çox həmkarlarımız bu videoya istinad edərək, arxayıncasına məsələnin ictimailəşməsində, bəzi maraqlı qüvvələrə yardımçı olduqlarını bilməyiblər. Ona görə də, mənz belə ciddi saydığımız həmkarlarımızın prolemdən tam agah olması üçün, böyük bir araşdırma aparmışıq, gələn həftə təbii ki, ortalıqda olan bütün sənədlər, sübutlarla geniş bir reportaj təqdim edəcəyik. Hələlik isə, bu gün yayılan qərəzli, məqsədli informasiyaların mənbəyini və məqsədini bildiyimizə görə, reallığı bir neçə kəlmə ilə qısa çatdırmaq istəyirik. Adıçəkilən idarə ilə, daha dəqiq desək, bu idarənin müdiri Elvin Baxışovla bağlı çoxdandır ki, şimalda reket jurnalistlər və böyük bir “parket mafiyası”nın arasında, amansız savaş gedir. Bundan nəinki bölgədəki hər kəsin, hətta bildiyim qədər paytaxtda da bəzi qurumların xəbəri var.  Məsələnin mahiyyəti ondan ibarətdir ki, Quba Regional Meşə İdarəsinə bir müddət öncə təyin olunan gənc, gənc olmasına baxmayaraq, hamı tərəfindən savadlı və bacarıqlı kadr kimi xarakterizə olunan Elvin Baxışov, meşələrdəki qanunsuz ağac qırıntılarına konkret qadağa qoyub. Bundan qəzəblənən “ağac oğruları”, bölgədə fəaliyyət göstərən reket jurnalistlərə müraciət edərək, onlardan yardım istəyib. Onlar da müdirdən, təbii ki, öz xislətlərinə uyğun müəyyən imtiyazlar, pul və sairə tələb ediblər. Doğru işlədiyini, buna görə də heç kəsə bir qəpik də verməyəcəyini vurğulayan gənc meşəçi, bu cavabı ilə reket dəstəsinin hədəfinə tuş gəlib. Durmadan köhnə, saxta, hətta bəzən bir yerin videosunu, köhnə olduğu üçün, başqa bir yer kimi təqdim edərək, bu gənc dövlət qulluqçusuna hücuma keçən reket jurnalistlər, bu gün də öz istəklərinə çatmadıqları üçün, öz dırnaqarası mübarizələrini davam etdirirlər. Təəssüf ki, bu reket jurnalistlər, bəzi yaydıqları inandırıcı videolarla, ciddi saytların da diqqətini özlərinə çəkə biliblər", - jurnalist qeyd edib.

Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu

Ədliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanlarda dəyişiklik edilib. Dəyişikliklə mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotunu aparmaq məsələsi Ədliyyə Nazirliyinin vəzifələri siyahısından çıxarılıb.

Azərbaycan İrana qarşı bəyanat qəbul etdi

Milli Məclisin (MM) plenar iclasında İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiyanın yaradılması təklif edilib. Sozcu.az xəbər verir ki, təklif spiker Sahibə Qafarova tərəfindən irəli sürülüb. Komissiyanın sədri spikerin müavini Fəzail İbrahimli seçilib. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olublar. Sahibə Qafarova bəyanat mətninin hazırlanması üçün tapşırıq verib. *** Azərbaycan Milli Məclisi İrana qarşı bəyanat qəbul edib. Bəyanatın mətni parlamentin iclasında səsləndirilib.

ABŞ institutu: Fazil Mustafaya hücumun arxasında bu ölkə dayanır

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktının arxasında İranın dayanması və bu hadisənin Tehranın sifarişi ilə törədilməsi barədə yazı dərc edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, institutun analitikləri bildiriblər ki, F.Mustafaya qarşı sui-qəsd həyata keçirmək istəyən və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi 4 şəxsdən 3-ü İran təhlükəsizlik qüvvələrinin sifarişi ilə işləyirmiş. Qeyd olunub ki, hadisə Milli Məclisdə müzakirə olunan zaman da azərbaycanlı deputatlar terror aktına görə İranı günahlandırıblar. Yazıda həmçinin İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanatına da toxunulub. “Bəyanat Tehran və Bakı arasında bir neçə gündür artan gərginlikdən sonra verilib. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koenin müzakirəsini pisləyib”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib. Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Nəticədə, əvvəlcə terror aktının sifarişçisi, sonra isə icraçılar müəyyən edilib. DİN və DTX-nin şəxsi heyətinin birgə səyləri, polis əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər. Hadisədə əli olan 4 nəfər tutulub.

Azərbaycanlı biznesmen milyarder oldu

“Forbes” jurnalı Rusiyadan olan altı nəfəri dünya milyarderləri reytinqinə daxil edib. Sozcu.az xəbər verir ki, yeni milyarderlər Andrey Krivenko, əslən Qusardan olan azərbaycanlı Seyfəddin Rüstəmov, Denis Ştengelov, Pavel Qolubkov, Dmitri Nikolayev və İvan Streşinski var. Məlumata görə, Seyfəddin Rüstəmov hazırda Rusiyada 90-cı, dünya üzrə isə 2133-cü yerdədir. Onun sərvəti 1,3 milyard dollardır.

Xankəndiyə gedən azərbaycanlı həkim: Öz dilimizdə danışırdıq

Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə halı pisləşən ermənilər özlərini yaxşı hiss etmirlər. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi. Sozcu.az xəbər verir ki, bunu Report-a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib. Həkimin sözlərinə görə, onlara yerindəcə ilkin tibbi yardım göstərilib: “Daha sonra onları bizim nəzarətimiz altında Xankəndidə xəstəxanaya sağlam şəkildə çatdırdıq”. Azərbaycanlı həkim Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyib: “Postda ermənilərlə Azərbaycan dilində danışdıq. Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq”.

Ermənistan buna son qoymalıdır! - XİN

30 il ərzində erməni işğalı zamanı 3345 azərbaycanlı, o cümlədən 357 uşaq mina qurbanı olub. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə yazıb. O bildirib ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın minaları nəticəsində 50 azərbaycanlı həlak olub, 238 nəfər isə şikəst olub: “Ermənistan mina təhdidlərinə son qoymalıdır”

"Cəsus şəbəkəsi ifşa olunarkən günahsız insanların saxlanmasına rəvac verilməməlidir" - Müsavat Partiyası

Aprelin 3-də  Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Müsavat başqanı Arif Hacılı, onun müavini Səxavət Soltanlı və Məclis üzvü Ayxan Hacıbəylinin Gürcüstana səfəri və beynəlxalq tədbirdə iştirakı barədə məlumat verilib. Sonra təşkilati məsələlər müzakirə olunub. İclasda Azərbaycandakı ictimai siyasi vəziyyət müzakirə olunub. Qeyd edilib ki, xarici dövlətlərin, o cümlədən İranın Azərbaycandakı cəsus şəbəkəsinin ifşa olunaraq zərərsizləşdirilməsi hüquq-mühafizə orqanlarının görəvidir. Eyni zamanda həyata keçirilən hər bir həbs əsaslı və qanuni olmalı, günahsız insanların saxlanmasına rəvac verilməməlidir. Qarabağda son durum, Ukraynada vəziyyət bə digər proseslər haqda fikir mübadiləsi aparılıb. Siyasi partiyalar haqqında qanuna edilən mürtəce dəyişikliklərin aradan qaldırılması üçün birgə tədbirlərin təşkili təklif edilib. Sonda cari məsələlər müzakirə olunub.

Fitch: Rusiya sülhməramlıları 2025-ci ilin sonuna kimi Qarabağı tərk etməyəcək

“Rusiya sülhməramlıları 2025-ci ilin sonuna kimi Qarabağı tərk etməyəcək”. Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı qiymətləndirməsində qeyd edilib. Reytinq agentliyi bildirib ki, son bir ildə Ermənistanla Azərbaycan arasında gərginlik artıb: “Laçın dəhlizinin bağlanması çəkişmələri daha da gücləndirib: "Ötən ilin sentyabr ayında daha şiddətli döyüşlərdən sonra münaqişə Qarabağ və onun ətrafındakı ərazilərdə genişlənib. Bu dövrdə Azərbaycanın Rusiya ilə münasibətləri daha gərgin görünür və Avropa İttifaqı isə Ermənistanda məhdud monitorinq rolunu qəbul edib”. “Fitch Ratings”in proqnozuna görə, Rusiya ən azı 2025-ci ilin sonuna kimi, yəni öhdəlik götürdüyü müddətin sonuna qədər Qarabağda öz sülhməramlı qüvvələrini saxlayacaq. Tərəflər arasında sülh razılaşması əldə olunacaq. Bu isə ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına dair razılaşmaya gətirib çıxaracaq. Bununla belə, arabir kiçik toqquşma riskləri qalacaq.

Bakıda qaçırılan maşınla qəza törədilib

Bakıda qaçırılan avtomobil əzilmiş halda tapılıb. DİN-dən verilən məlumata görə, martın 29-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Abbasov bir gün əvvəl A.Məhərrəmov küçəsində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Bak-Sumqayıt yolunda əzilmiş vəziyyətdə aşkar olunub. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Fazil Mustafa güllələnməsindən danışdı - "Möcüzə oldu”

Ötən gün silahlı hücuma məruz qalan deputat Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlamasını verib. Sozcu.az xəbər verir ki, F.Mustafa jurnalist Eynulla Fətullayevlə telefon danışığı zamanı hadisənin necə baş verdiyini açıqlayıb: "Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb, qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss edirdim. Sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım". F.Mustafanın sözlərinə görə, sonra qapını bağlayaraq, təcili yardım və hüquq-mühafizə orqanlarına məlumat veriblər: "Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Başqa heç nə xatırlamıram. Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.