“Nəzəri olaraq, İsrail İranı bazaları olan Azərbaycan ərazisindən vura bilər”.
Sozcu.az xəbər verir ki, bunu Livanda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaaryan “Ermənistan xəbərləri”nin müxbiri ilə söhbətində deyib.
O xatırladıb ki, İsrailin 44 günlük müharibədə bilavasitə iştirakı və İsrail bazalarının İranla sərhədə yaxın yerləşdirilməsi Tehran tərəfindən sakitliklə qəbul edilə bilməzdi və bu, İranla Azərbaycan arasında münasibətlərə təsir edib.
“Azərbaycanın anti-İran müharibəsində mümkün iştirakı Azərbaycan tərəfi üçün risklərlə doludur, ona görə də Bakı bu riskləri ölçməlidir. Bu halda Azərbaycan təkbaşına qərar qəbul etməyəcək və hər şey Ankara ilə razılaşdırılacaq”, – Qantaaryan qeyd edib.
O əlavə edib ki, Türkiyədə yerli seçkilərdən sonra Ankaranın ABŞ-dan asılılığı artıb.
“Bu o deməkdir ki, ABŞ-nin razılığı olmadan Türkiyə Azərbaycana belə icazə verə bilməyəcək. Əgər biz İranla ABŞ arasında münasibətlərin gərginliyin pik həddə olduğu bir vəziyyətdən danışırdıqsa, o zaman güman etmək olardı ki, Azərbaycana öz ərazisini İrana hücumlar üçün əlverişli etmək tapşırığı veriləcək. Amma bu gərginlik azalıb”, – Qantaaryan vurğulayıb.
Onun sözlərinə görə, bu zəifləmə hazırda Qərbin əsas rəqibi olan Rusiyanın təcrid olunması ilə bağlıdır:
“Fransa səfiri xatırladıb ki, Paris və Tehran Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir və ölkələr müəyyən əməkdaşlıq haqqında danışıblar. Bu həm də İranla Qərb arasında münasibətlərin dəyişməsinin göstəricisidir. İran üçün strateji əhəmiyyətli bir fenomen var – Fars körfəzi-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa layihəsi. Bir neçə ay əvvəl İranın Ermənistanın cənubunda layihənin həyata keçirilməsi ilə bağlı əməli addımlar atmağa hazır olduğu barədə məlumatlar yayılıb.
Əgər İranla Qərb arasında razılıq olmasaydı, onun Gürcüstana təsirini nəzərə almaq şərtilə bu layihənin nəticəsi olmazdı”.