Yaponiya vətəndaşlarını İsraildən təxliyə etməyi planlaşdırır

Yaponiya hökuməti martın 2-si axşam saatlarından etibarən vətəndaşlarının İsraildən quru marşrutlarla təxliyəsinə başlamağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Məlumata görə, Nazirlər Kabineti belə bir planın həyata keçirilməsi imkanını nəzərdən keçirir. Təxliyə yalnız könüllü şəkildə ölkəni tərk etmək istəyən şəxslərə şamil olunacaq.

ABŞ-İran gərginliyinin səbəbi bu ölkədir - Ərdoğan

ABŞ və İran arasında danışıqların pozulması və hərbi gərginliyin artmasının əsas səbəbi İsrailin fəaliyyəti olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyə və regiondakı digər ölkələr vəziyyəti tənzimləmək üçün bütün səylərini göstəriblər.

Zelenski: ABŞ İrana qarşı qətiyyətli davranmalıdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın İrana endirdiyi zərbələrə münasibət bildirərək Vaşinqtonun qətiyyətli addımlar atmasının vacib olduğunu deyib. Sozcu.az xəbər verir ki, bununla yanaşı, o, qarşıdurmanın daha geniş müharibəyə çevrilməməsinin önəmli olduğunu vurğulayıb. Zelenski sosial şəbəkə paylaşımında qeyd edib ki, “ABŞ qətiyyət göstərdiyi zaman qlobal cinayətkarlar zəifləyir” və bu mesajın Rusiyaya da aid olduğunu bildirib. O xatırladıb ki, Tehran Moskvanın yaxın müttəfiqidir və İran Rusiyaya minlərlə “Shahed” tipli pilotsuz uçuş aparatı verib. Zelenskinin sözlərinə görə, Rusiya müharibə dövründə Ukraynaya qarşı 57 mindən çox bu tip PUA istifadə edib. Ukrayna lideri həmçinin İran xalqının “terrorçu rejimdən xilas olmaq şansı”nın ədalətli olduğunu qeyd edib və mümkün qədər insan həyatının qorunmasının vacibliyini vurğulayıb. (Reuters)

Makrondan İrandakı gərginliyə sərt reaksiya...

ABŞ, İsrail və İran arasında müharibənin sülh və beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələrə səbəb ola bilər. Sozcu.az CNN-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. E.Makron mövcud eskalasiyanı hamı üçün təhlükəli adlandıraraq, gərginliyin dərhal dayandırılmasının vacibliyini vurğulayıb: “Regionda vəziyyətin daha da pisləşməsi qlobal təhlükəsizliyə mənfi təsir göstərə bilər”. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

"Atam sağ-salamatdır" - Pezeşkianın oğlu

İran Prezidenti Masud Pezeşkianin oğlu Yusif Pezeşkian "Mehr" agentliyinə açıqlamasında bildirib ki, atam sağ-salamatdır və başına yönələn sui-qəsd cəhdi uğursuz olub. *** 11:43 Pezeşkian hücumlardan zərər çəkməyib. Sozcu.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb. "İran prezidenti İsrail və ABŞ-nin hücumları nəticəsində xəsarət almayıb" - deyə açıqlamada bildirilib. 

FHN-dən Şamaxıdakı güclü zəlzələ ilə bağlı AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Şamaxıdakı güclü zəlzələ ilə bağlı açıqlama yayıb.  Sozcu.az xəbər verir ki, açıqlamada bildirilib:  “Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.  Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”.

Zelenski: Növbəti danışıqlar Əbu-Dabidə keçirilə bilər

ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli sülh danışıqlarının növbəti mərhələsi martın əvvəlində Əbu-Dabidə baş tuta bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib. O qeyd edib ki, bu açıqlamanı Cenevrədə ABŞ və Ukrayna rəsmiləri arasında müharibədən sonrakı bərpa məsələlərinə dair keçirilən görüşdən sonra səsləndirib. (Reuters)

Fransa səfirliyi Azərbaycana başsağlığı verdi

Fransanın Azərbaycandakı səfirliyi 26 Fevral - Xocalı Soyqırımı Günü ilə bağlı Azərbaycana başsalığı verib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. "Bu gün biz Xocalı qurbanlarının xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq", - paylaşımda qeyd edilib.

ABŞ səfirliyi xalqımıza başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, səfirlik bu barədə rəsmi sosial media hesablarında yazıb. "Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq", - paylaşımda qeyd olunub.

Fuad Nağıyevin şiddətli töhmət almasına səbəb olan məmura hökm oxundu

Ötən ilin martında həbs olunan Dövlət Turizm Agentliyinin əməkdaşı Nicat Hüseynovun məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, məhkəmənin qərarına əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilən sabiq məmurun azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb. O, Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən dövlət qurumları arasında qapalı elektron sənəd dövriyyəsində olan sənədin yayılmasında ittiham olunub. Dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Nicat Hüseynov keçən ilin martın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı. Nicat Hüseynovun həbsdə qaldığı müddət hesablandıqdan sonra onun üzərində 4 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Qeyd edək ki, Nicat Hüseynovun həbsindən bir neçə gün öncə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan başqa, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılmışdı.

Davudoğlu: Tabutumu azərbaycanlı gənclər daşısın...

Türkiyənin sabiq baş naziri və Gələcək Partiyasının lideri Əhməd Davudoğlu vəsiyyəti ilə bağlı diqqətçəkən açıqlama verib. Sozcu.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Cənazəmdə ikiüzlü siyasətçilərin iştirakını istəmirəm. Tabutumun azərbaycanlı, fələstinli, somalili və bosniyalı gənclərin çiyinlərində daşınmasını çox istərdim. Bu, mənim gənclərə vəsiyyətimdir”, - Davudoğlu bildirib.

Britaniya kralı qardaşının həbsindən danışdı: narahatam

Böyük Britaniya Kralı III Çarlz qardaşı Endryunun həbsi ilə bağlı danışıb. Sozcu.az xəbər verir ki, o, qardaşının həbsindən dərin narahatlıq keçirdiyini bildirib. "Endryu ilə bağlı xəbərlərdən və dövlət vəzifəsində qanun pozuntuları iddialarından ən dərin narahatlıqla xəbər tutdum. İnanıram ki, bu məsələ ilə bağlı müvafiq qaydada və aidiyyəti orqanlar tərəfindən tam, ədalətli və düzgün araşdırma aparılacaq",- III Çarlz deyib. Xatırladaq ki, Jeffrey Epstein işi çərçivəsində aparılan araşdırmalarla əlaqədar keçmiş İngiltərə şahzadəsi Şahzadə Andrey vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib.