Xilas ola bilməyəcəyik: Virus yayıla-yayıla gedir...

Sosial şəbəkələrdə, media adına iddia edən kanallarda, xəbər xidmətlərində nə qədər çox ədəbsizliyə, hədyana, nifrətə, söyüşə rast gəlirsənsə, belə mühitdə bir o qədər az danışmaq və yazmaq istəyirsən. Amma elə məqam yetişir ki, daha susmağın cinayət olduğunu görürsən. Siyasi polemika, ictimai müzakirələr və hətta bəzi publik şəxslərin öz aralarında rəqabəti ən abırsız formalar alıb. Biri dövlət xadimini, o biri illərin ağrı-acısından keçmiş bütöv bir həssas sosial zümrəni, üçüncüsü dünənə qədər eyni qabdan yediyi, indi nəyisə bölə bilmədiyi media ortağını hədəfə alır, ata-ana, arvad-uşaq qalmır, intim səhnələrlə dolu videoları iyrənc ifadələr müşayiət edir, aparıcılar adamları efirə çağırıb əyani şəkildə təhqir edirlər, gəlməyənlərin şərəf və ləyaqətini qiyabi də olsa, alçaltmaqla qisaslarını alırlar. Dezinformasiya, əsaslı-əsassız ehtimallar “fakt” adı altında auditoriyaya sırınır, “ekspert”lər real hadisələrə şərh vermək əvəzinə kimlərinsə erotik yuxularını yozurlar. Və bütün bu çirkabı qulaqlarımıza üfürür, gözlərimizə soxur, üstümüzə atırlar. Ey mənim ağzı söyüşlü, qələmi çamurlu həmkarlarım! Blogerlər, influenserlər, sosial şəbəkə fəalları! “Ədalət uğrunda savaşdığınızı”, “haqqı söylədiyinizi” bəhanə etməyin. Ədalət qarşıya qoyulmuş məqsədlə bərabər, bu məqsədə çatmaq üçün istifadə olunan üsullarla ölçülür. Müstəqil Azərbaycan yaranandan xalqımız siyasi təlatümlər, müharibə stressi içində yaşayıb, onun mənəvi dəyərləri aşınmaqda, mental zədələri artmaqda davam edib. Siz informasiya mühitimizdə kök salmasına çalışdığınız üslubunuzla, zəhərli dilinizlə həmin dəyərlərin dağılmasına, zədələrin dərinləşməsinə xidmət edirsiniz. Belə mühitdə hansı münasibətlərin formalaşacağını, orada uşaqlarımızın necə böyüyəcəyini təsəvvür edirəm! Öz övladlarımın da onların içində olacağını düşünəndə dəhşətə gəlirəm. Dərk edirəm ki, indi onları sizin zərərli təsirinizdən qoruya bilsək belə, gələcəkdə davamçılarınızın qurbanına çevrilmək təhlükəsindən xilas edə bilməyəcəyik. Çünki sizdən bu cəmiyyətə ötürülən virus yayıla-yayıla gedir. Xaricdəki blogerlərin tüpürcəyi daxildəki müəllif-aparıcıların ağız selinə qarışır. Dünən belə çirkin mübarizə üsullarına ancaq siyasi müstəvidə rast gəlinirdi, bu gün onlardan cəmiyyətin “qaçqınlar”, “köçkünlər”, “rusdillilər” adlanan təbəqələrinə nifrət oyatmaq üçün istifadə olunur. Sabah nə baş verəcəyini təxmin etməyə çoxmu ağıl gərəkdir? Anlayıram ki, “Dayanın!” kimi çağırışların təsirli olması üçün onların da arxasında nəsə dayanmalıdır. Ancaq iş burasındadır ki, müdrikcəsinə “Hər kəs dilinin altında gizlənib”, - deməklə, ictimai qınağın hər şeyi yerbəyer edəcəyinə, cəmiyyətin özünümüdafiə aləti rolu oynayacağına bel bağlamaq olmur: ölkənin ictimai institutları hansı gücdədirsə, onların qınağı da o qüvvəyə malikdir. Ona görə ictimai rəyi oyada, ona azacıq da olsa təpər verə biləcək təşkilatlar və şəxslər öz səslərini ucaltmalı, bu eybəcərliyin qarşını almağa səy göstərməlidirlər. Əks təqdirdə, hansısa mərhələdə dövlət orqanlarının qanunvericilik yolu ilə tənzimləmə funksiyasını işə salacağına əminəm. Və o zaman “demokratiyanın”, “söz azadlığının pozulması” haqqında danışmaq yersiz görünəcək. Çünki artıq söhbət “dezinformasiya”dan yox, “dezinfeksiya”dan gedəcək… Arif Əliyev

Nəcməddin Sadıkovun müavininə qarşı iddia üzrə məhkəmə başladı

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.  Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq üçün vasitəçilərlə əlaqə saxlayıb: “Ev alqı-satqısı ilə bağlı saytlara baxdım. Novxanıda bir ev çıxdı, əlaqə saxladım. Görüşdük, evə baxmağa getdik. Biz evə çatanda işıq söndü, evə telefon fənərinin işığında baxdıq. Həyətdəki hovuza, yay mətbəxinə, quyuya da baxdıq. Həyətdəki tikililər təmirsiz idi. Sonra hovuzla da bağlı problemlər ortaya çıxdı. Quyu qonşu ilə ortaq idi. Bunlar mənə deyilməmişdi. Ayaz Həsənov evdə olan çatışmazlıqları aradan qaldıracağına söz verdi. Aramızda danışıq oldu. Usta gəlib baxdı. Mən bu barədə Ayaz Həsənova məlumat verdikdə isə o, mənə “Mən qurtarmışam”, yəni məni narahat etmə dedi”. Daha sonra cavabdeh Ayaz Həsənov iddialara cavab verib. Pula ehtiyacı olduğu üçün Novxanıda olan bağ evini satmaq qərarına gəlib: “Bunun üçün bir neçə əmlakçıya müraciət etdim, həmçinin alqı-satqı saytlarına yerləşdirdim. Sonra əmlakçı müştəri olduğunu dedi. İcazə verdim, gedib evə baxdılar. Bir neçə saat sonra əmlakçı zəng edib dedi ki, ev xoşlarına gəlib, sadəcə, məbləğ çoxdur. Mənsə ucuz qiymətə razılaşmadım”. Cavabdeh bildirib ki, ötən il iyunun 13-də evə baxış keçiriblər: “Bir neçə saat sonra əmlakçı mənə zəng edib dedi ki, Rafiq müəllim dam örtüyünə də baxmaq istəyir. Dedim gedib baxsın. Gedib baxımışdı. Səhəri görüşdük, söhbətləşdik, razılaşdıq. Beh verdi və biz notariusda müqavilə imzaladıq. Evdən çıxmaq üçün bir ay vaxt verildi. Bir az keçəndən sonra Rafiq müəllim ev üçün yeni mebellər aldığını, əşyaların çıxarılmasının lazım olduğunu dedi. Mən də əşyaları müvəqqəti mühafizə otağına qoydum və dəyər-dəyməzinə satdım. Hovuzdakı problemə gəldikdə isə mozaikada problem var idi. Usta çağırdıq. Usta dedi ki, “lak” vurub həll etmək olar. Belə də etdik. Sonra hovuzu da su ilə mən doldurdum”. İddiaçı isə əlavə edib ki, qarşı tərəg evin təmiri ilə bağlı verdiyi sözü yerinə yetirməyib. Cavabdeh tərəf prosesə əmlakçı və mühafizəçinin şahid qismində çağırılması barədə vəsatət verib. İddiaçı tərəf buna etiraz etməyib. Məhkəmə vəsatəti təmin edib. Məhkəmə müqavilə üzrə etibarnamə tələb edib. Tərəflər növbəti prosesdə etibarnaməni təqdim edəcəklərini bildirib. Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib. Qeyd edək ki, vəkil Rafiq Abbasov sabiq Baş Qərargah rəisinin müavini, general-leytenant Ayaz Həsənovu mülki iddia üzrə məhkəməyə verib. Rafiq Abbasov Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyini iddia edir. Xatırladaq general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib. O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.

Zelenski: Belə sülhdənsə, müharibə yaxşıdır

Ukrayna Rusiya ilə müharibədə uduzmur və xalqımı pis sülh müqaviləsini qəbul etməyə məcbur etməyəcəm. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Atlantik” qəzetinə müsahibəsində deyib. Zelenski müsahibə zamanı bir neçə dəfə alçaldıcı şərtlər altında sülh müqaviləsini qəbul etməyəcəyini vurğulayıb: “Biz müharibəyə son qoymaq üçün tələsirik. Amma bu, şərtlərdən asılı olmayaraq razılığa tələsməklə eyni deyil”. O qeyd edib ki, ölkə sakinlərini əlverişsiz bir sülhü qəbul etməyə məcbur etməkdənsə, ümumiyyətlə razılaşmamağa üstünlük verərdi. Dörd illik gərgin döyüşlərdən sonra belə Ukrayna lideri ləyaqətli və davamlı bir sülhü təmin etmək üçün lazım gələrsə, döyüşü davam etdirməyə hazır olduğunu bildirib.

Yekaterinburqda azərbaycanlılara qarşı məhkəmə: Yekun qərar bu gün veriləcək

“Bu, andlı iclasçıların verdiyi qərardır. Məhkəmənin iclası isə bu gün günortadan sonra keçiriləcək və yekun qərar həmin prosesdə qəbul ediləcək. Hazırkı mərhələdə hər hansı münasibət bildirmək istəmirəm, çünki proses davam edir.  Xatırladım ki, indiyədək məhkəmə iclasları qapalı keçirilib”. Bunu “Yeni Sabah”a Rusiyanın Yekaterinburq şəhərində keçirilən məhkəmədə ittiham olunan şəxslərdən biri - Bakir Səfərovun qardaşı, jurnalist Seyfəddin Hüseynli (Səfərov) bildirib. O, qardaşının ittihamlarla razılaşmadığını və özünü təqsirli bilmədiyini vurğulayıb: “Vəkil onun təqsirsiz olduğunu sübut edib. Bu proseslərdə qardaşımın hər hansı təqsiri yoxdur. Hazırda həbsdə olan təkcə o deyil, digər Səfərovlar da bizim qohumlardır. Yeri gəlmişkən, ittiham olunan Bakir Səfərovun əleyhinə indiyədək hər hansı əsaslı və tutarlı sübut irəli sürülməyib”. Xatırlatma: Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində ittiham olunan "Ural Azərbaycan" diaspor təşkilatının rəhbəri Şahin Şıxlinski və digər təqsirləndirilən şəxslərlə bağlı Andlılar Məhkəməsinin kollegiyası qərarını elan edib. Qərara əsasən, Şahin Şıxlinski, Ayaz Səfərov, Bakir Səfərov, Akif Səfərov, Kamal Səfərov, Məzahir Səfərov və Şücayəddin Rəcəbov təqsirli biliniblər. 2025-ci ilin iyununda Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunub. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

Bu məktəblərə yeni direktorlar təyin olundu

Altı məktəbə direktor təyinatı həyata keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Siyahını təqdim edirik: Günel Vilayət qızı Hacıyeva - Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru; Pərvanə Qurban qızı Həmidova - Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru; Leyla Hümbət qızı Camalzadə - Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru; Günel Oruc qızı Muradova - Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru; Günel Elçin qızı Məmmədova - Samux şəhəri 3 nömrəli tаm orta ümumtəhsil məktəbinin direktoru; Seymur Vaqif oğlu Məmmədov - Gəncə şəhəri Nikolay Nekrasov adına 19 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru.

Vardanyan məhkəmədə son söz deyib, hakimlər müşavirəyə gedib

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Sədrlik edən xatırladıb ki, keçən məhkəmə prosesində dövlət ittihamçıları çıxış ediblər. Z.Ağayev bildirib ki, indi söz zərərçəkmiş tərəfə veriləcək. Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, ittiham tərəfindən təqdim edilmiş, o cümlədən ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib. Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri Azad Kərimov, Oqtay Şıxəliyev, Qədim Ağaxanov, Faiq Rüstəmov, Şiraslan Həsənov çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya - ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər. Təqsirləndirilən şəxs R.Vardanyan məhkəməyə müraciət edərək müdafiəçisi Emil Babışovla danışmaq istədiyini bildirib. Məhkəmə onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxsin vəkili ilə görüşməsinə görə məhkəmədə fasilə elan olunub. Fasilədən sonra çıxış üçün söz müdafiə tərəfinə verilib. Söz alan təqsirləndirilən şəxs fasilə zamanı vəkili ilə danışdığını, onun çıxış etməsini istəmədiyini söyləyib. Söz təqsirləndirilən şəxsin vəkili E.Babışova verilib. Müdafiəçi çıxışında elan olunmuş ittihamla qəti şəkildə razı olmadıqlarını bildirib. O, iş üzrə təqsirləndirilən şəxsin mövqeyini əsas götürərək cinayət işi ilə əlaqədar müdafiə nitqi ilə çıxış etməkdən imtina etdiyini söyləyib. Ardınca müdafiəçinin çıxışına münasibət bildirmək üçün söz ittiham tərəfinə verilib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib: “Müdafiəçinin təqsirləndirilən şəxsin mövqeyinə uyğun olaraq hər hansı arqumentlərə, sübutlara, faktlara qiymət verməməsini nəzərə almaqla əlavə fikrimiz yoxdur”. Sonra R.Vardanyana söz verilib. Təqsirləndirilən şəxs son söz çıxışı edib. R.Vardanyan son söz çıxışında konkret məsələlərlə bağlı yox, ümumi sözlərlə danışıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsini oxuduğunu söyləyib. Təqsirləndirilən şəxs çıxışında, həmçinin saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib. R.Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxuyub. Bundan sonra o, çıxışını yekunlaşdırıb. Zeynal Ağayev tərəflərə (ittiham və müdafiə tərəfi) müraciət edərək məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını təqdim edib-etməyəcəklərini soruşub. Tərəflər yekun məhkəmə qərarının layihəsini təqdim etməyəcəklərini bildiriblər. Ardınca sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra məhkəmə hökmü elan olunacaq. Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edərək təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Vens qondarma “erməni soyqırımı abidəsi”ni ziyarət edib

Ermənistanda səfərdə olan ABŞ-ın vitse-prezidenti J.D.Vens İrəvanda qondarma “erməni soyqırımı abidəsi”ni ziyarət edib. Onu bu ziyarət zamanı həyat yoldaşı Uşa Vens də müşayiət edib. Sozcu.az xəbər verir ki, bu barərə Erməni KİV-i məlumat yayıb. Xatırladaq ki, J.D. Vens dünən rəsmi səfərlə İrəvana gəlib. O bu gün Bakıya yola düşəcək.

Çin narazıdır, Trampın səfəri təhlükədə...

ABŞ Prezidenti Donald Trampın Çinə apreldə nəzərdə tutulan səfəri Tayvana 20 milyard dollarlıq yeni silah satışı ilə bağlı qeyri-müəyyənliklə üzləşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb. Qeyd olunur ki, ABŞ-ın Tayvana yeni silah satışı Çin tərəfinin narazılığına səbəb olub və Prezident Donald Trampın aprel ayında Çinə planlaşdırılan səfəri təhlükə altında qala bilər. Agentlik bildirib ki, silah satışı ötən ilin dekabrında elan edilən 11 milyard dollarlıq müqaviləyə əlavə olacaq. Silahlara “Patriot” və NASAMS raketləri, dron və artilleriya sistemləri daxil olacaq. Bu, Tayvan üçün indiyə qədər ən böyük satınalmalardan biri olacaq. Hələlik ABŞ Müdafiə Nazirliyi, Dövlət Departamenti və Ağ Ev məsələ ilə bağlı sorğulara cavab verməyib. Qeyd edək ki, fevralın 4-də Çin Sədri Si Szinpinin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı olub. Çinlə ticarət, nadir torpaq elementləri, Tayvan və digər məsələlərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışan Donald Tramp aprel ayında Çinə səfər edəcəyini bildirib.

Liseydə müəllimin güllələnməsi: Nəticəsi ağır olacaq…

Uşaq rahatlıqla evdən odlu silah götürüb məktəbdə insident törədirsə, məsələnin günahkarı birmənalı olaraq valideyndir. İstər məktəbdə, istər küçədə hər bir uşaq evinin güzgüsüdür. Ola bilsin ki, valideyn hüquq-mühafizə orqanlarında işləyir, üzərində odlu silah gəzdirir, yaxud evdə ov silahı var. Lakin uşaq evdə odlu silah olduğunu bilməməlidir. Ən azından, valideyn güllə və patronları gizlətməlidir. Bu sözləri təhsil eksperti Ramin Nurəliyev Axar.az-a açıqlamasında “İdrak” liseyində 29 yaşlı müəllimin 10-cu sinif şagirdi tərəfindən güllələnməsiylə bağlı danışarkən deyib. Onun sözlərinə görə, əgər uşağın müəyyən psixoloji problem var idisə, bu tipli şagirdlərlə məktəb psixoloqu, sinif rəhbəri mütəmadi görüşlər keçirməlidir: “Bu məktəbə az ödəniş ödənilmir. Məktəbin giriş hissəsində xüsusi təhlükəsizlik cihazları qoyulsa, daha yaxşı olardı. Uşağın psixoloji durumu hansı səviyyəyə gəlib ki uşaq bu hadisəni törədib?! Yəqin ki, bunu hüquq-mühafizə orqanları araşdıracaq. Əlbəttə ki, hüquqi qiyməti onlar verəcək. Müəllim şagirdə nə deyib, necə olub, bunlar araşdırılacaq. Lakin müəllim uşağa nə deyir desin, uşaq hansı psixi təsirə məruz qalırsa qalsın, bu hadisəni törətməməlidir. O zaman hansısa müəllim uşağa söz deyəndə, yaxud aşağı qiymət yazanda uşaq evindən silah gətirib müəllimə xəsarət yetirməlidir?! Belə anlayış olmamalıdır. Bu məsələdə günahkarlar mütləq cəzalandırılmalıdır. Səbəbi nə olursa olsun, orta ümumtəhsil mərkəzlərində müəllimə qarşı bu cür hərəkət yolverilməzdir”. Ekspert bildirir ki, müəllim şagirdə fiziki, yaxud psixoloji təzyiq göstərirsə, uşaq müvafiq orqanlara şikayət etməlidir: “Bunlar şagirdlərin öz hüquq və vəzifələrini bilməməyindən qaynaqlanır. Acı həqiqətdir ki, təhsil verənlər də öz hüquqlarını bilmirlər. Bu hadisə cəmiyyətdə iz buraxan dərin yaralardan biri oldu”.

Müəllimin güllələnməsi ilə bağlı cinayət işi açıldı

Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub. Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir. Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

Biz sülh şəraitində yaşamağı öyrənirik - İlham Əliyev

Biz (Ermənistan və Azərbaycan – red.) 30 ildən artıq müharibə şəraitində olduq. İndi isə 6 aydır ki, biz sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasimində deyib. Dövlətimizin başçısı qeyd edib: “Mən bunu əvvəl də söyləmişəm. Bu, xüsusi bir hissdir.”

"Tərtər işi": Ölən leytenantın ailəsinə 50 min veriləcək

“Tərtər işi”ndə işgəncə nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilən leytenant Təmkin Nizamioğlunun ailəsi 50 min manat mənəvi təzminat alacaq. Sozcu.az-ın Teleqraf-a istinadən məlumatına görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qətnamə qəbul edib. Lakin Təmkinin atası Nizami Quliyev qərardan apellyasiya şikayəti verib. O, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsinə görə 509,654 manat, mənəvi zərərə görə isə 10 milyon manat Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Nizami Quliyevin apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, leytenant Təmkin Nizamioğlu Tərtərdə N saylı hərbi hissədə xidmət edib, Aprel döyüşlərinin iştirakçısı olub. Təmkinin işgəncəyə məruz qalmasına gəlincə, bu, onun təlimdə olduğu baş verib. Belə ki, zabit təlimdən çağırılacaq Şırxarx qəsəbəsinə gətirilib və burada ona işgəncə edilib. 2017-ci ilin mayın 15-də isə ailəsinə Təmkinin öldüyü, cənazəsinin Ordubada göndərildiyi deyilib. Təmkinin nəşi atasının iştirakı olmadan Ordubadın Darkənd kəndində torpağa tapşırılıb. Dəfn prosesində tabutun açılmasına icazə verilməyib, onun ürək çatışmazlığından vəfat etdiyi qeyd olunub. Ailənin müraciətlərindən sonra isə Təmkin Nizamioğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilib. 2022-ci ilin mayın 11-də Təmkin Nizamioğlunun meyiti ekshumasiya olunub. Dövlət qurumlarının iştirakı ilə məzar açılan zaman, bədənin müxtəlif nahiyələrində sınıqlar aşkarlanıb. Onun küt alətlə döyüldüyü müəyyənləşdirilib. Cinayət işinin nəticəsi ilə sonradan müəyyən edilib ki, Təmkin Nizamioğlun günahı olmayıb, o, vətənə xəyanət etməyib.