Elman Məmmədov: “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar"

“Rusiya Prezidenti Vladimir Putin verdiyi bəyanatında belə bir ifadə işlətmişdi: “Rus əsgərinin ayağının dəydiyi bütün torpaqlar Rusiya ərazisidir”. Bu, Putin dövründən də, SSRİ dövründən də əvvəl çar imperiyasının uzun illər yeritdiyi işğalçılıq, müstəmləkəçilik siyasətinin bir daha təsdiqidir. İndi də Rusiya siyasi dairələri Rusiyaya qonşu olan dövlətlərin, keçmiş müttəfiq respublikaların hamısını öz ərazisi hesab edir. Cənab Putin bu yaxınlarda yenə ifadə etdi ki, bütün Ukrayna ərazisi bizimdir, yəni Rusiyanın. Bütün bu fikirlər rusların işğalçılıq siyasətindən xəbər verir. Həmişə olduğu kimi şovinist siyasətləri bu gün də davam edir. Bunlar özlərini ali irq hesab edirlər. Yerdə qalanlara, xüsusən də, müsəlmanlara — bizə və digər millətlərə isə yuxarıdan aşağı baxırlar. Ancaq bir şeyi unutmasınlar ki, bu siyasət yaxın gələcəkdə Rusiya Federasiyasının dağılmasına səbəb ola bilər”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. Deputat vurğulayıb ki, Rusiya Federasiyasının daxilində çoxsaylı muxtariyyətlər var, hətta muxtariyyəti olmayan türk kökənli millətlər həddindən artıq çoxdur: “Bunlarla hesablaşmaq lazımdır. Digər tərəfdən, Rusiyada bu gün yaşayan soydaşlarımız, özbəklər, qazaxlar, türkmənlər, taciklər, qırğızlar və digərləri Rusiya iqtisadiyyatını dirçəldən, rus elminə, mədəniyyətinə töhfə verən insanlardır. Onlar isə bizə ancaq bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər. Rusiya siyasətini belə davam etdirsə, yəqin ki, bu çanaq öz başında çatlayacaq və yaxın gələcəkdə acı barlarını yeyəcək. Yekaterinburqda və digər yerlərdə azərbaycanlılara qarşı təzyiqlər başlayıb. İstəməzdik ki, Rusiya ilə münasibətlərimiz korlansın. Qonşu dövlət kimi münasibətlərimizin yaxşı olmasını, mehriban əməkdaşlıq şəraitində yaşamağı istəyirik. Bu, hər iki dövlət üçün xeyirdir, lakin səmimi münasibətimizə Rusiya tərəfindən həmişə xoşagəlməz münasibətlər görürük. Bunun axırı Rusiya üçün yaxşı olmayacaq”.

Sançes AB-ni sərt tənqid etdi

İspaniyanın Baş naziri Pedro Sançes AB-ni Rusiya və İsrailə qarşı sanksiyalarla bağlı qeyri-ardıcıl siyasətinə görə tənqid edib. Sozcu.az xəbər verir ki, o, bu barədə Avropa Şurasında çıxış edərkən deyib. Sançez AB-nin Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq etdiyini, lakin İsrailin müqavilənin insan haqları ilə bağlı maddələrini ciddi şəkildə pozmasına baxmayaraq, Təl-Əvivlə əməkdaşlığı davam etdirdiyini bildirib: "Biz İsrailə qarşı eyni şeyi etmədikcə, Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq etməyin mənası yoxdur. Avropa ikili standartlar tətbiq edir və hətta İsraillə tərəfdaşlıq sazişini dayandıra bilməz".

“Orada mütəxəssis yoxdur” - Nazirliyə qarşı SƏRT İTTİHAM

“Mən tam məsuliyyətimlə deyirəm, Kənd Təsərrüfatı Nazirliyində aqrar təsərrüfatın problemlərini bilən yoxdur. Kənd təsərrüfatı iflasa uğrayır. İlbəil kənd təsərrüfatı məhsullarının qiyməti niyə artır? Bu suala cavab verə bilən bir mütəxəssis tapmaq çətindir. Ona görə də belə bərbad gündəyik”. Bu sözləri Yenisabah.az-a açıqlamasında aqrar məsələlər üzrə ekspert Akif Nəsirli deyib. O, bildirib ki, yerli kərə yağının ixracı olduqca baha başa gəlir: “Bunun üçün kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bizim ölkədə çox maraqlı tendensiya var. Enerji daşıyıcıları ölkəsi olsaq da, enerji daşıyıcılarının qiymətini ilbəil artırırıq. Məsələn, götürək elə kərə yağını. Gəlin hesablayaq. 1 kiloqram kərə yağı istehsal etmək üçün 25 kiloqram həcmində 3.6 faiz yağlılığa malik təzə süd lazımdır. 1 litr südün qiyməti ən aşağısı 1 manat 60 qəpikdir. Lap kənddəki fermadan 1 manata alaq. Bu qiymətdən alsaq belə, 1 kiloqram yağın xammalı 25 manat edir. Üstəgəl bunun emal, istehsal xərcləri də var. Azərbaycanda kərə yağının xammalının maya dəyəri 25 manatdan yuxarıdır. Belə olan halda, Azərbaycan daxilində kərə yağının istehsalı sərfəlidirmi? Əlbəttə sərfəli deyil. İrandan gələn kərə yağının gömrük qiyməti 8 manat 27 qəpikdir. Azərbaycanda kənd təsərrüfatında istifadə olunan dizel yanacağının litri 1 manatdır. İranda isə dizel yanacağının qiyməti 2 qəpikdir. İranda təzə südün 1 litri 25-30 qəpikdir. Bununla hesablayanda bizdə kərə yağının maya dəyəri 25 manat, İranda isə 3 manat 15 qəpikdir. Heyvandarlığın digər məhsulları da bu formadadır”.  Ekspert vurğulayıb ki, ətin qiyməti 2015-ci ildən bəri ilbəil bahalaşır: “Keçək ət məsələsinə. İdxal olunan məhsullar siyahısında ət də xüsusi yer tutur. Biz 2000-ci ildən başalayaraq, örüş yerlərini mədudlaşdırmağa başladıq. Bunun ardınca hökumət pambığı strateji məhsul elan etdi. Həmin pambığın 60-70 faizi dövlət fonduna aid olan örüş ərazilərində əkildi. Ardınca aqroparklar yaradıldı. Ölkədə örüş yerləri sıradan çıxdı. Buna görə də heyvandarlıqla məşğul olan fermerlər başladılar heyvanları qapalı şəraitdə saxlamağa. İribuynuzlu heyvanı da, xırdabuynuzlu hevanı da. Örüş olanda 1000-2000 qoyun saxlayan fermer, qapalı şəraitdə uzaq başı 150-200 qoyun saxlaya bilir. Üstəlik onlara bütün günü yem verməlidir. Həm say məhdudlaşır, həm də maya dəyəri artır. Ona görə də ətin qiyməti 2015-ci ildən bəri ilbəil bahalaşır”.  İqtisadçı diqqətə çatdırıb ki, Azərbaycanda buğda sortları seleksiya edilmir: “Buğdanın birinci problemi su problemidir. Ölkə ərazisində formalaşdırılan suvarma suyu bölüşdürülmədiyindən əkinlə məşğul olanların bir çoxuna çatmır. Su idarə edilmədiyinə görə, su qıtlığı yaşanır. Bakının yaxınlığında, Hacıqabulda 10 min hektarlarla ərazi suvarılmadığına görə ümumiyyətlə becərilmir. Həmin ərazilərdə sovet dövründə taxıl əkilirdi. Digər problem isə Azərbaycanda seleksiya işi ilə məşğul olan qurum yoxdur. Azərbaycana uyğun taxıl sortları yaradılmalıdır. Kanadada 70-80 sentner məhsuldarlıq verən buğdanı Azərbaycana gətirəndə məhsuldarlıq 25-30 sentnerə düşür. Çünki iqlim əlverişli deyil. Haradan gətirilməsindən asılı olmayaraq, həmin buğda seleksiya yolu ilə Azərbaycan şəraitinə uyğunlaşdırılmayıbsa, gözlənilən məhsuldarlığı verməyəcək. Üstəlik bu cür buğdadan alınan unun keyfiyyəti aşağı olur. Bütün bunları Kənd Təsərrüfatı Nazirliyi təşkil etməlidir. Nazirlikdə mütəxəssis yoxdur. Onlar bu sahələrlə bağlı plan qurmalıdır və həmin planı hökumətə təqdim etməlidir. Kənd təsərrüfatına cavabdeh olan nazirlik Tarif Şurası qiyməti qaldıranda etiraz etməlidir ki, bu bizim sahəyə ziyandır. Mən tam məsuliyyətimlə deyirəm, Kənd Təsərrüfatı Nazirliyində aqrar təsərrüfatın problemlərini bilən yoxdur. Kənd təsərrüfatı iflasa uğrayır. İlbəil kənd təsərrüfatı məhsullarının qiyməti niyə artır? Bu suala cavab verə bilən bir mütəxəssis tapmaq çətindir. Ona görə də belə bərbad gündəyik”. 2025-ci ilin ilk 5 ayında Azərbaycanın ümumi mal idxalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artaraq 7,3 milyard dollardan 9,96 milyard dollara çatıb. Beləliklə, ümumi idxalda 2,66 milyard dollar və ya 36,5% artım qeydə alınıb. Azərbaycandan xaricə ən çox valyuta çıxaran məhsulların siyahısında buğda, süd-qaymaq, çay və meyvə-tərəvəz yer alır. 

“İranın nüvə proqramını tam durdurmağa nə İsrailin, nə də ABŞ-ın imkanı çatacaq...”

“Sadəcə indi Amerika prezidenti ona nəticə lazımdır deyə, deyir ki, biz İranın əlindən nüvə silahını aldıq...” İsrailin, ardınca da ABŞ-ın İrana təcavüzü nəticəsində başlanmış hərbi əməliyyatların ikinci həftəsi də başa çatmaq üzrədir. Bəs görəsən, İranda bundan sonra hərbi müstəvidə hadisələr necə inkişaf edəcək?  Doğrudanmı İranın nüvə proqramı durdurulub? ABŞ və İsrail qısa müddətdə öz məqsədlərinə nail ola biləcəklərmi? Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bunları söyləyib: “Hesab edirəm ki, bundan sonra da İranla İsrailin bir-birinə qarşı raket atışları davam edəcək. Eyni zamanda Amerikanın düşünülməmiş addımından sonra İran üçün Pentaqonun yaxın ərazilərdəki bazaları da hədəfə çevrilə bilər. İranın nüvə proqramına gəldikdə deməzdim ki, həmin proqram artıq tam durdurulub. Çünki bundan ötrü İranda həmin proqramı həyata keçirmək üçün lazım olan bütün obyekt və avadanlıqları məhv etmək lazımdır. Buna isə qısa müddətdə nə İsrailin, nə də Amerikanın gücü, imkanı çata bilər. O səbəbdən ki, nüvə proqramı yalnız bir və ya bir neçə yerdə deyil, tutaq ki, Tehranda və ya Natanzda, Fordoda, yaxud Buşerdə. Proqramla bağlı obyektlər bütün ölkə ərazisinə yayılıb, ona görə də onu durdurmaq çətin məsələdir.  ki qaldı bundan sonra hadisələr baş verə biləcək  Bütün bu və ya digər səbəblərdən ABŞ və İsrail qısa müddətdə öz məqsədlərinə nail ola bilməyəcək. Ona görə ki, bu mümkünsüzdür. Sadəcə indi Amerika prezidenti ona nəticə lazımdır deyə, deyir ki, biz İranın əlindən nüvə silahını aldıq. Yəni blefi xoşlayan işğalçının yanında olan adamın bu fikri, əlbəttə ki, gülüncdür. Axı, İranın əlindən nüvə nüvə proqramını necə ala bilərsən? Əvvəla, hələ İranda nüvə silahının olmasını heç kəs isbatlamayıb. Heç ölkə rəhbərləri də bəyan edir ki, nüvə silahı bizə lazım deyil. Aydın məsələdir, deyirlər ki, nüvə proqramını sülh məqsədi ilə həyata keçiririk. Əslində bundan başqa məqsədlər üçün də istifadə etmələri mümkündür. Bu mənada hesab edirəm ki,  Amerika və İsrail hələ çox çalışmalı olacaq...  Ancaq onu da qeyd edim ki, onların bundan sonra hələ başqa planları da var. Biri budur ki, İranda özlərinə yaxın olan bir marionet rejim qurmaq istəyirlər. Netanyahu ilə Tramp arasında bir razılaşma var. Və bu günlərdə özünün 49 yaşlı qızını 39 yaşlı yəhudi əsilli biznesmenə ərə verən sonunçu şahın oğlu Rza Pəhləvi çalışır ki, İsrail və Amerikanın əli ilə yenidən İrana qayıdıb hakimiyyətə gəlsin və onların buyruğu ilə oturub-dursun. Yəni bu gün İsrailin Amerika ilə bir yerdə heç də məqsədi orada nüvə proqramını durdurmaq deyil, onlar İran üzərindən özləri üçün müəyyən bir divident qazanmağa çalışırlar. Bu gün İsrailin Amerikanın hərbi əməliyyatların məqsədi budur...  Təəssüflə onu da qeyd edim ki, İsrail-İran savaşı nəticəsində xeyli dağıntılar var, xeyli ölən, yaralanan var. Və bu say get-gedə artır. Əlbəttə ki, heç kim nə İsraili yer üzündən silə biləcək, nə də İranın məqsədlərinin qarşısını ala biləcək. Sadəcə bir müddət nüvə proqramını zəiflədəcək, ləngidəcəklər. Yəni fizikləri tapmaq lazımdır, yeni mütəxəssislər gətirmək lazımdır- bu da bir qədər vaxt aparacaq. Bununla belə, ola bilsin, İranda gözlənilən hakimiyyət dəyişikliyi baş verəndən sonra bu ölkə rəhbərliyi nə vaxtsa Amerika və İsraillə bir masa arxasına keçərək bir sıra məsələləri müzakirə edərək onların həllinə çalışacaqlar. Belə davam edə bilməz. Və hadisələrin də inkişafı onu göstərir ki, gec tez bunlar masa arxasında bir sıra məsələləri öz aralarında çözüb başa çatdırmalıdırlar...”

Bu müəllimlərin bir adı var: Savadsız!

Bu il keçirilən 2-ci şans sertifikasiya imtahanının nəticələri bir daha göstərdi ki, hələ də təhsil sistemimizin içində “müəllim” adını daşımağa layiq olmayan kifayət qədər insan var. Təsəvvür edin: 60 sualdan ibarət imtahanın 30-na belə düzgün cavab verə bilməyən birisi illərlə məktəbdə dərs deyib. Özü də Azərbaycan dili, riyaziyyat, ingilis dili kimi əsas fənlərdən… Bəs bu insanlar indiyə qədər nə öyrədiblər? Kimi yetişdiriblər? Sozcu.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert qeyd edib ki, imtahanda uğursuz nəticə göstərən müəllimlərə güzəşt edilməsi doğru yanaşma deyil: “Güzəşt uşaqların gələcəyinə qarşı cinayətdir. Empatiya adı ilə savadsızlığı qorumaq təhsili sıradan çıxarmaq deməkdir. Sertifikasiya — sadəcə imtahan deyil, təhsildə məsuliyyətin ölçüsüdür. Əgər bir müəllim ixtisasını özü yaza bilmirsə, kurikulumdan xəbərsizdirsə, heç bir yeniliyi izah edə bilmirsə, necə “müəllim” adını daşıya bilər? Əslində problem imtahanın çətinliyində deyil, problem illərlə dərs deyə-deyə öyrənməyə son qoyan, eyni məlumatlarla oturub-duran, tənqidə qapalı, tənbəl, sosial şəbəkədə saatlarla vaxt keçirib, sual düşəndə “çətindi” deyən düşüncədədir. Bəli, məktəblərdə bu gün şagirdlərin özləri belə artıq fərqindədir ki, kim onlara nəsə öyrədir, kim sadəcə yola verir. Sertifikasiya təhsilin gələcəyinə yönəlmiş ən doğru addımlardan biridir. Yalnız bilik və bacarıqla silahlanmış, dəyişən dünyanın tələblərinə cavab verən müəllim təhsilin inkişafına töhfə verə bilər. Qalanı – sadəcə maaş almaq üçün məktəbdə oturan şəxsdir. Unutmayaq: Övladımızın taleyini 30 sualı belə yaza bilməyən birinə etibar etmək – gələcəyimizi qaranlığa buraxmaq deməkdir. Bəli, iki dəfə kəsilən müəllimin bir adı var: SAVADSIZ. O savadsızın yeri məktəb yox, yenidən təlim mərkəzidir. Təhsili ucuz empatiya ilə yox, ciddi məsuliyyət hissi ilə idarə etməliyik!”

İranın nüvə silahı üçün hər şeyi var idi, indi isə… - ABŞ

İranın nüvə silahı hazırlamaq üçün lazım olan hər şeyə sahib olduğunu demək ədalətlidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. “İranın ən azı 9-10 bomba hazırlamaq üçün kifayət qədər yüksək dərəcədə zənginləşdirilmiş uranı var idi. Onların hər şeyi hazır idi. İndi isə o qədər yox”, - katib bildirib.

ABŞ heç bir ölkənin etmədiyini etdi - Netanyahu

Donald Tramp ən təhlükəli rejimi ən təhlükəli silahından məhrum etdi. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsi ilə bağlı deyib. Netanyahu Trampın addımlarını cəsur və tarixi adlandırıb: “Amerika heç bir ölkənin etmədiyini etdi. Tarix yazacaq ki, Prezident Tramp dünyanın ən təhlükəli rejimini ən təhlükəli silahlarından məhrum etmək üçün hərəkət etdi”.

İsrailin İrandakı əməliyyatı bir neçə gün ərzində bitə bilər...- "İsrael Hayom"

İsraildə ötən cümə günü başlayan əməliyyatın gedişatından məmnun qalaraq, İranla müharibənin bir neçə gün ərzində bitə biləcəyinə inanırlar. Sozcu.az xəbər verir ki, təhlükəsizlik sistemində olan mənbə "İsrael Hayom" nəşrinə belə deyib: “Biz təxmin edirik ki, biz artıq İranın qalan raket buraxılışı qurğularının demək olar ki, yarısını vurmuşuq”, halbuki ilkin əlamətlər aylardır hazırlanan "Şir millət" əməliyyatının görünməmiş uğuruna işarə edir. Müharibə ərəfəsində ordu nazirlər kabinetinə İranla mümkün münaqişə ssenarisini təqdim edərək, 400 mülki şəxsin həlak olacağını, ən pis halda isə ölənlərin sayının 800-ə çatacağını bildirib. İndiyədək İranın atəşə tutması nəticəsində 24 mülki vətəndaş həlak olub ki, bu da İsrailin hava hücumundan müdafiə sistemlərinin effektivliyini nümayiş etdirir.

Ermənistan Solovyova görə Rusiyaya nota verdi

Ermənistan Xarici İşlər Nazirliyi rusiyalı teleaparıcı Vladimir Solovyova görə Rusiyaya nota verib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. “Ermənistan Xarici İşlər Nazirliyi Rusiya ictimai xadimlərinin "təhrif olunmuş və qəbuledilməz qiymətləndirmələri" səbəbindən Rusiya tərəfinə nota göndərib”, - nazir vurğulayıb. Qeyd edək ki, İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistan Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlər səsləndirib.

“Zəngəzur dəhlizini unudun...” - Simonyan

Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi yox, yol olacaq. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. Spiker jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualına belə cavab verib: “Zəngəzur dəhlizini unudun, dəhliz yox, yol olacaq. Biz bu barədə danışmışıq, onun hüquqi tənzimləmələri dəfələrlə verilib”.

Katz əsəbiləşdi: Qorxaq qatil, əvəzini Tehran tezliklə ödəyəcək!

İran hakimiyyətinin bu hərəkətlərinin əvəzini Tehran əhalisi ödəyəcək, həm də tezliklə. Sozcu.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrail Katz İranın gecə ərzində mülki əhalinin tələfatı ilə nəticələnən yeni zərbələrindən sonrakı açıqlamasında deyib. “Tehrandakı təkəbbürlü diktator İsrail ordusunun onun imkanlarını məhv edən hücumlarının qarşısını almaq üçün İsraildə mülki əhalini atəşə tutmaqla qorxaq qatilə çevrilib. Tehran sakinləri bunun əvəzini ödəyəcək - və tezliklə", - o, sosial şəbəkə hesabında yazıb.

“Elektrik enerjisindən istifadə etmirsə, vətəndaş niyə pul ödəməlidir ki?”

İyunun 10-da Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” yeni qanun layihələri vətəndaşlar arasında xeyli suallar doğurub. Anlaşılmazlıq təkcə "sabit tarif" anlayışı iə bğlı deyil. "Yeni Sabah"a müsahibəsində iqtisadçı Allahverdi Aydın bir sıra vacib məqamlara izah verib. - Dövlət qurumlarının qaz və işıqla bağlı tariflərin dəyişdirilməsi ilə bağlı təşəbbüs yəqin ki birdən-birə yaranmayıb, bu nədən qaynaqlanır? - Əhali indidən yeni tarifləri xeyli narazılıqla qarşıladı. Dünya praktikasında və qonşu ölkələrin nümunəsində kommunal xidmətlərlə bağlı tariflər, ümumiyyətlə, aşağı-yuxarı eyni məntiqə söykənir. Misal üçün, elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifi tətbiq olunur. Türkiyə, Gürcüstan və Ermənistanda hazırda tətbiq edilən tarif məhz budur. Təbii qazla bağlı isə yay-qış, yəni havanın temperaturuna görə tariflər tətbiq olunur. Dünyanın hər yerində şirkətlər kommunal tarifləri bu cür həyata keçirir. Azərbaycanda kommunal xidmətlərlə bağlı diferensial tarif tətbiq edilir. Bu yanlış üsuldur. Qlobal təcrübədə artıq diferensial tarif tətbiq olunmur. Dediyim kimi, ya gecə-gündüz, ya da temperatura görə tariflər tətbiq edilir. Fikrimcə, yeni tariflər kommunal xidmət göstərən qurumların özləri üçün də sərfəli olmayacaq. - Yeni qanun layihələrində geniş kütlə üçün ən anlaşılmaz məqam qaz tariflərinin 8 növə bölünməsidir. Sıravi vətəndaş bunu başa düşmür. Əksəriyyətin fikrincə, bu, sadəcə qazın qiymətini rtırmaq məqsədi daşıyır. Həm də belə məlum olur ki, qazın qiymətini tənzimləyəcək qurum dəyişir. Tarif Şurasından başqa hansısa qurumun belə bir səlahiyyəti varmı? -  Azərbaycanda fiziki və hüquqi şəxslərə fərqli kommunal tariflər tətbiq olunur. Düşünürəm ki, bu da yanlış bir şeydir. Mövcud dünya praktikasında belə tarif bölgüsü artıq tətbiq olunmur. Bunun heç bir məntiqi əsası yoxdur. Biz mağazaya girib çörək alanda satıcı çörək alanın kim olduğunu soruşmur. Məhsulun bir qiyməti olar və həmin qiymətdən satılar. Burada ədalətsizlik ortaya çıxır. Əhali də eyni məhsuldan istifadə edir, şirkətlər də. Ekspertlər dəfələrlə təklif etmişdi ki, bu fərqli tarif qiymətlərini ortadan qaldırmaq lazımdır. Növbəti çoxsayılı tariflərin tətbiq edilməsi də yanlış bir siyasətdir. Bu sahibkarlara, şirkətlərə əlavə problem və yük gətirəcək. Bu həm də sui-istifadə hallarına da şərait yaradacaq. Məsələn, əhali kateqoriyasında qeydiyyatdan keçib hansısa müəssisə işlədənlər olacaq. İndiki halda, sabit tariflər yanlış qərardır. Bir məhsulu ortaya çıxaran maya dəyəri və satış qiyməti var. Hər kəsə eyni satış qiyməti ilə təklif olunmalıdır. Ola bilsin ki, dövlət sabit tarifləri tətbiq etməklə, sabit gəlirləri sığortalamaq istəyir. Yanlış qərardır! Digər tərəfdən, Azərbaycanda kommunal xidmətlər sahəsində rəqabətlilik yoxdur. Dövlət qurumlarına alternativ şirkətlər mövcud deyil. Xidmətləri və onların tairflərini də dövlət şirkətləri tənzimləyir. Dəfələrlə demişəm ki, kommunal xidmət qurumları mütləq şəkildə özəlləşdirilməlidir. Bazarda hər sahə üzrə alternativ ən azı 2 şirkət fəaliyyət göstərməlidir. - Sakini olmayan və enerji sərfiyyatı olmayan mənzilə görə sahibinin aylıq 5 manat ödəməsi xüssusiıə çoxlu sual və narazılıq doğurur... - Açığı, bu qanun layihəsində məntiqli bir şey görmürəm. İndiki halda, belə bir addımın həm sosial, həm də iqtisadi əsaslandırması yoxdur. Elektrik enerjisindən istifadə etmirsə, vətəndaş niyə pul ödəməlidir ki?! Sayğacın təmiri, texniki baxımı qarşılıqlı müqavilə ilə tənzimlənməlidir. Vətəndaşa sayğac gətirib qoyurlar və deyirlər ki, bu qiymətədir. Şirkətlərin alternativi olmadığı kimi, təmir servislərinin də alternativi yoxdur. Bu gün hansısa vətəndaşın evində sayğac xarab olursa, mütləq rəsmi dövlət qurumuna müraciət etməlidir. Azərbaycanda uzun illərdir ki, kommunal xidmət sektoru birbaşa dövlət inhisarındadır. Bütün hallarda vətəndaşların kommunal xidmətlərlə bağlı alternativ seçim şansı olmalıdır. Vətədaşın narazı olduğu xidmətdən imtina etmək hüququ olmalıdır. Lakin imtina etdikdən sonra üz tutacağı alternativ yoxdur. Problemin kökü, qaynağı buradadır.