Fransa İsrailin norveçli diplomatların akkreditasiyasını ləğv etməsindən narahat olduğunu ifadə edib. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Bəyanatda həmçinin qeyd olunub ki, yalnız iki dövlətli həll israillilər və fələstinlilər üçün davamlı sülhü təmin edə bilər. Qeyd edək ki, bir müddət əvvəl İsrail Təl-Əvivdə yerləşən və Fələstin administrasiyası ilə iş aparan 8 norveçli diplomatın akkreditasiyasını ləğv edib.
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov həbs edilib. Bu barədə KİV-in sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Qeyd edək ki, müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Məmmədov Elmar Heybətqulu oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Yada salaq ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin sabiq müdiri Rəhim Laçınov həbs edilib. Ona qarşı da Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilib. dirnaq modelleri “Yeni Müsavat” xəbər verir ki, Rəhim Laçınov təmir bölməsində 2016-cı ildən rəis işləyib. Onun birbaşa rəisi Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəhbəri, polkovnik Fikrət Mirzəyev isə iki il əvvəl həbs edilmişdi. Həmin vaxt Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilmişdilər. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. İndiyədək keçirilmiş məhkəmə proseslərində MN üçün ayrılan məbləğin “otkat” şəklində mənimsənildiyi haqda faktlar üzə çıxıb. Bildirilib ki, bu qaydanı Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov tələb kimi qoyubmuş. İndi əsas diqqətlər sıradakı şəxsin Nəcməddin Sadıkov ola biləcəyi haqda iddialardır. “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkov 1993-cü ildən 2020-ci il Vətən müharibəsinin ilk ongünlüyünə qədər Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini daşıyıb: “İllərlə mətbuatda Nəcməddin Sadıkovun tutduğu postdan öz şəxsi maraqları üçün sui-istifadə etməsinə dair çoxsaylı faktlar yazılıb. Onun Vətən müharibəsi ərəfəsində, Vətən müharibəsi günlərindəki fəaliyyəti də çox ciddi şübhələr doğurub. Yəni siyasi qərar verilərsə, Nəcməddin Sadıkovun həbsi üçün yetirincə əsaslar var. O, ətrafına yığdığı kadrların köməyi ilə Müdafiə Nazirliyi sistemində rüşvət və korrupsiya bataqlığı yaradıb. Sonuncu həbs olunan Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov da həmin kadrlardan biridir. Ondan əvvəl tutulan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev buna bariz nümunədir. Zahid Niftəliyevin məhkəmə işindən belə məlum oldu ki, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. O, həmçinin qanunsuz sahibkarlıqla da məşğul olub. Nəcməddin Sadıqovun ən yaxın adamı Zahid Niftəliyev dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunur. Lakin ibtidai istintaqın gedişində onun barəsindəki ittihamın daha ağır maddələrə tövsif olunma ehtimalı var. Yəni Nəcməddin Sadıqovun ətrafı bu xislətdə olan kadrlardır. Ətrafını isə onun özü formalaşdırıb. Xatırlayırsızsa, Vətən müharibəsinin ilk günlərində, 2020-ci il oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıqov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Əslində həmin gündən Nəcməddin Sadıkovun həbsi gündəmdədir. Bunu özü də bilir. Çünki onun neqativ, daha çox düşmənə sərf edən fəaliyyəti ən təvazökar araşdırma ilə cinayət işinin materialı ola bilər. Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu "Milli Qəhrəman" adına layiq görməsi, Dərbənddə adına küçənin olması Baş Qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub. Onun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlanır? Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun Birinci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi. Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlarından çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub. Bu və bir cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb".
Qərbi Azərbaycan İcması Fransa hökumətindən nifrətə və irqi ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkməyi, rasional davranış sərgiləməyi və diplomatik normaların minimal tələblərinə əməl etməyi tələb edir. Sozcu.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında bildirilib. Qeyd edilir ki, artıq bir neçə ildir ki, Fransa Azərbaycana qarşı qeyri-dost yanaşmasını açıq şəkildə göstərir: "Təəssüf ki, bu qeyri-rasional yanaşma Fransanın dövlət siyasətinə çevrilmişdir. Bu mənada Fransa rəsmilərinin anti-Azərbaycan bəyanatları və addımları təəccüb doğurmur. Lakin, Fransa rəsmilərinin içərisində bəziləri vardır ki, onların davranışları bütün əndazələri aşır. Onlardan biri bu ölkənin Ermənistandakı səfiridir. Bu şəxs informasiya məkanında tamamilə qeyri-adekvat davranır və diplomatiyanın prinsiplərinə, etiketə və ümumi əxlaq normalarına uyğun olmayan, uşaqcasına hərəkətləri ilə yeri gəldi-gəlmədi Azərbaycana replikalar atır. Bu şəxsin ümumiyyətlə hansı vəzifəni daşıdığını dərk etdiyi şübhə doğurur. Ciddi diplomatik ənənələrə malik böyük dövlət olduğunu iddia edən Fransanın səfiri titulunu daşıyan şəxs özünü marginal, uğursuz erməni radikal millətçisi kimi aparır. Fransa səfirinin bu davranışı nəinki bu dövlətin keçmiş diplomatik ənənələrindən uzaqlaşdığını, eyni zamanda bu ölkənin dövlət idarəetməsinin cılız, acınacaqlı duruma düşdüyünü göstərir".
90 saylı Ağsu Seçki Dairəsindən növbədənkənar Parlament seçkilərində iştirak edəcək Müsavat Partiyasının namizədi Zabit Bədəlov un 7 nəfərdən ibarət seçki qərargahı ilkin olaraq formalaşdırılıb. Anar Rəsullu Seçki qərargahının sədri seçilib. Seçki qərargahının iclasında Ağsu rayonunda seçki dövründə baş verən bir çox məsələlər müzakirə edilib. Zabit Bədəlovun seçki qərargahı namizədlər arasında yaradılan ayrıseçkiliyin seçki qanunlarına zidd olduğunu bəyan edərək, İcra Hakimiyyətini, kənd icra və bələdiyyə orqanlarını namizədlər arasından bərabərhüquqluq prinsipini pozmamağa çağırıb. Seçki qərargahı bəyan edir ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Milli məclisə namizədlərdən biri olan Elçin Mirzəbəylinin birtərəfli şəkildə, seçki qanunlarına zidd olaraq təbliğatı aparılır və bu da seçkilərin şəffaf keçirilməsini şübhə altına alır. Seçki qərargahı bildirir ki, İcra və bələdiyyə orqanlarının tapşırığı ilə digər namizədlərin şəkillərinin cırılması haqqında məlumatlar əldə edilib. Obyektlərinin qarşısına könüllü şəkildə namizədlərin şəkillərinin vuran obyekt sahiblərinə təzyiqlər edilir. Zabit Bədəlovun seçki qərargahı Ağsu rayon rəhbərliyini seçkiyə müdaxilə etməməyə və bütün namizədlərə bərabər şəkildə şərait yatmağa çağırır. Seçki qərargahı bütün namizədlərə demokratik mübarizə arzu edir. Ağsu rayon sakinlərinin iradəsinin qalib gəlməsi bizim arzumuzdur. Demokratik , hüququ dövlət hər birimizin haqqıdır. Zabit Bədəlovun seçki qərargahı 10. 08. 2024
Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi üçün xəbərdar edirəm. Danışıq üslubun və eqon münasibətlərə ciddi ziyan vurur! Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Yenilik Partiyasının sədri, TBMM-in sabiq üzvü, diplomat Öztürk Yılmaz X hesabında yazıb. “Bir də qətiyyən “Qarabağa necə girdiksə...” ilə başlayan cümlə qurma. Sən bunu deyərək Azərbaycanın zəfərinin üstünə çökmüş olursan. Bu, o tərəfdə (Azərbaycanda – red.) ciddi narahatlıq yaradıb. Əlbəttə, Türkiyə dəstək olub və olmaq məcburiyyətindədir. Amma bu, belə deyilməz! Hər şeyi məhv etmək istəyirsən?” - Yılmaz əlavə edib. Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına “Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik” mesajını vermişdi. Xatırladaq ki, İkinci Qarabağ savaşında Türkiyə Azərbaycana misilsiz siyasi dəstək verib, müharibəyə 3-cü ölkənin müdaxiləsinə imkan verməyib, eyni zamanda, Azərbaycanın haqq savaşını dəstəkləyib, böyük hərbi-texniki yardım göstərib. Ancaq Türkiyə ordusu Qarabağa girməyib, Qarabağı Azərbaycan Ordusu azad edib, döyüş meydanında Azərbaycan əsgərləri vuruşub.axar.az)
Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Sozcu.az -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı həmin Mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib. Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərə artıq 25 gün qalıb. Buna baxmayaraq, hələ də namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında dərc olunmayıb. Bəs, bu barədə siyahı nə zaman MSK-nın saytında yerləşdiriləcək? Modern.az məsələ ilə əlaqədar Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Şahin Əsədli bildirib ki, məsələ seçki məcəlləsinin 148.5-ci maddəsinə əsasən müəyyən edilir. Seçki Məcəlləsinin 148.5-ci maddəsində deyilir ki, qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir. Qeyd edək ki, qanuna görə avqustun 11-nə kimi namizədlərin siyahısı dərc olunmalıdır.
İsmayıllı rayonunda Müsavat Partiyasının namizədi Dünyaxanım Cahanın deputatlığa namizədliyinin qeydə alınması üçün imza verən seçicilərə təzyiq olunur. Bu haqda namizəd özünün feysbuk səhifəsində məlumat paylaşıb. “Aşıqbayram kəndindən mənə imza verən kənd sakinləri bildirdilər ki, kənd icra nümayəndəsi qapı qapı düşərək, niyə Müsavat Partiyasının namizədinə imza verdiklərini soruşur. Bu hadisə dünən başqa bir kənddə də baş vermişdi. Bu gün səhər mən MSK-nın sədri M.Pənahova teleqram göndərdim. Sonra 89 saylı İsmayıllı seçki dairəsinin sədri Namiq Kərimovla görüşdüm və icra strukturlarının seçkiyə müdaxilə etməsinə son qoyulmasını tələb etdim”- deyə, D.Cahan bildirib. “Burdan MSK sədri M.Pənahova səslənirəm. İcra strukturlarının seçkiyə müdaxiləsinə son qoyulsun!” – namizəd vurğulayıb.
Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması tədbirləri çərçivəsində nəzərdə tutulan Elektron Resept sistemi hələ də aktivləşdirilməyib. Bu il mayın 1-dən tətbiq ediləcəyi vəd olunan, yüz min manatlarla dəyəri olan layihənin adı olsa da, özündən xəbər yoxdur. Qeyd edək ki, E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını və bir mərkəzdən idarəsini nəzərdə tutur. Elektron resept sistemi Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 saylı Sərəncamına əsasən, 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə dövlət və özəl tibb müəssisələrində başlanılmalıydı. Lakin nə poliklinikalar, nə dövlət və özəl xəstəxanalar, nə həkimlər, nə də apteklər bu sistemin necə işlədiyini bilmirlər. Xəstəxanalarda hələ də köhnə qaydada kağız reseptlər yazılır. Bakupost.az -ın məsələ ilə bağlı apardığı araşdırma zamanı bir çox xəstəxanaların ümumiyyətlə, E-Resept sistemindən, onun necə işlədiyindən xəbərsiz olduğu ortaya çıxıb. Əməkdaşımızın əlaqə saxladığı əksər apteklərdən hələ ki, elektron resept görmədiklərini, o reseptə harda və necə baxıb dərman satacaqlarını bilmirlər. TƏBİB-in tərkibində olan və İcbari Tibbi Sığorta sistemi ilə hər gün yüzlərlə xəstə qəbul edən əsas xəstəxanalardan aldığımız cavablar da elektron reseptdən səs-səmir olmadığını göstərir. Klinik Tibb Mərkəzdən bildirdilər ki, hələ Elektron Resept sisteminə keçməyiblər. Bu mərkəzin həkimləri qəbullarında olanlara kağız resept təqdim edirlər. 19 saylı poliklinikadan da köhnə qaydada resept yazdıqlarını və yaxın aylarda dəyişiklik gözlənmədiyini bildirdilər. Özəl klinikalar arasında da sorğu keçirdik. "Baku Medikal Plaza"da ümumiyyətlə, Elektron Respet sistemindən xəbərsiz olduqlarını dedilər. "MedEra" klinikasında da elektron resept sistemindən istifadə olunmur. "İstanbul NS" klinikasından da təəssüf ki, hələ də köhnə qayda ilə işlədiklərini dedilər. "Yeni Klinika"dan da eyni cavabı aldıq. Xəstələrə elektron resept təyin olunmadığını vurğuladılar və bununla bağlı TƏBİB-ə müraciət etməyimizi məsləhət gördülər.. Məsələ ilə bağlı TƏBİB-in sorğumuza cavabı da qısa oldu: "Elektron Resept sistemi TƏBİB-ə adi deyil. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur". Səhiyyə Nazirliyindən aldğımız cavabdan isə Elektron Resept sisteminin niyə işləmədiyinin pərdəarxası məqamları üzə çıxdı: “Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 saylı Sərəncamına əsasən, cari ilin yanvar ayından etibarən ölkə üzrə dövlət və özəl tibb müəssisələrində Elektron Resept Sisteminin tətbiqinə başlanılıb. Səhiyyə Nazirliyinin tabeliyində olan bütün tibb müəssisələrində artıq reseptlər pasiyentlərə yalnız elektron formada təqdim edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə isə Elektron Resept sistemindən istifadənin vacibliyi və Elektron Resept sisteminə keçidin təmin edilməsi ilə bağlı sirkulyar məktublar göndərilib. Azərbaycan hökumətinin prioritet hesab etdiyi ölkənin sosial-iqtisadi sferasının rəqəmsallaşdırılmasının bir istiqaməti olan Elektron Resept sisteminə tam keçidin reallaşdırılmasına tibb müəssisələrinin rəhbərliyi təşəbbüs göstərməlidir. Hər bir vətəndaş müalicəni təyin edən həkimdən Elektron Resept yazılmasını tələb etmək hüququna malikdir. Müalicəni təyin edən həkimlər isə Elektron Resept sistemini tətbiq etməyə təşəbbüs göstərməli və resepti pasiyentə elektron qaydada təqdim etməlidir. Həkimlər Elektron Resept yazmaqdan, apteklər isə dərman vasitələrini Elektron Resept əsasında buraxmaqdan imtina etdikləri təqdirdə, vətəndaşlar Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”) əlaqə saxlaya bilərlər. Elektron Resept sistemindən istifadəni asanlaşdırmaq məqsədilə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq tibb işçiləri üçün təlim və vebinarlar təşkil edilir. Eyni zamanda Elektron Reseptin tətbiqi ilə bağlı tibb müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Bundan başqa, Elektron Resept sistemi (reseptim.az) ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün Səhiyyə Nazirliyinin rəsmi internet resursu olan sehiyye.gov.az portalında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün Elektron Resept sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə Elektron Reseptdən yararlanma qaydaları ilə tanış ola bilərlər. Həmçinin, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə mobil cihazlardan istifadə edərək Elektron Resept sisteminə daxil olmaq mümkündür (reseptim.az)”. Göründüyü kimi, nazirliyin nəzdində olan bir neçə tibb müəssisəsində, - onların sayı çox azdır, – elektron resept yazılır. Amma apteklər Elektron Reseptin necə işlədiyini bilmirsə, bəs bu reseptlə xəstələr hansı aptekdən dərman alır? Ölkənin tibb müəssisələrinin 90 faizi TƏBİB-in tabeliyində olduğu üçün görünür, bu xəstəxanalar və onların rəhbərləri Səhiyyə Nazirliyinin məktublarını ya oxumur, da Elektron Reseptə keçməkdə hansısa maneələr var. Hökumətin yüz min manatlarla vəsaitlər xərclədiyi Elektron Resept layihəsinə keçidə tibbi qurumlar və aiddiyatlı şəxslər niyə təşəbbüs göstərmir? Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən alqoloq Zülfüqar Yusifov Elektron Resept sisteminə keçidin müsbət hadisə olduğunu bildirdi: "Bu sistemin tətbiqi ilə ölkədə vətəndaşlara yazılan bütün reseptlər mərkəzləşmiş qaydada bir yerə toplanır. Digər tərəfdən, müxtəlif ixtisaslı həkimlərin öz ixtisaslarına, sahələrinə uyğun, öz profilində xəstələrə resept yazıb-yazmadığına nəzarət etmək mümkün olacaq. Bu da həkim-firma münasibətlərinə nəzarət etməyə imkan verəcək". Z.Yusifov deyir ki, İcbari Tibbi Sığorta getdikcə dərman ödəmələrini də təmin etməyə başlayacaq, bu da reseptə ciddi nəzarətin olmasını tələb edir: "Bu, sadə məsələ deyil. Bütün həkim cameəsinin bu sistemi öyrənməsi lazımdır. Bununla bağlı nazirlik tərəfindən onlayn maarifləndirici tədbirlər davamlı aparılır. Amma bu ləngiməyə səbəb böyük həkim ordusunun prosesə qoşula bilməməsidir. Getdikcə bütövlükdə səhiyyənin elektron səhiyyə formasına keçidi nəzərdə tutulduğundan resept də bu işin parçasıdır və proses qaçılmazdır. Yaxın aylarda bu proses sürətlənəcək. Xəstələr yaşı və sosial durumundan asılı olaraq, apteklərdə müəyyən çətinliklərlə üzləşə bilərlər. Bu barədə maarifləndirici təlimatlar olmalıdır”. Beləliklə, araşdırma zamanı məlum olur ki, Elektron Resept sistemi qarşısında əsas maneə həkimlər və dərman monopoliyasıdır. Yəni nə həkimlər, nə də dərman bazarında hegemonluq edən şirkətlər bu sistemin tətbiqində maraqlı deyillər. Çünki hələ ilin əvvəlində Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov Elektron Reseptlə dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınmasının mümkün olacağını demişdi: "Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq". Deməli, bu sistemə keçdikdə həkimlər ona aid olmayan xəstəyə firma dərmanları, qida əlavələri və ya çox sayda yanaşı dərman yaza bilməyəcək. Həkimlərin yazdıqları reseptlərə sistemdə göz gəzdirmək kifayət edəcək ki, onun hansı şirkət, firma ilə əməkdaşlıq etdiyi görünsün. Üstəlik xəstənin diaqnozuna uyğun olmayan dərmanların yazılması da çətinləşəcək. Amma görünür, bu sistem Azərbaycan səhiyyə reallıqları ilə hələ ki, üst-üstə düşmür. Sadəcə, Nazirlər Kabinetinin qərarı havada qalmasın və dövlət başçısına Azərbaycan səhiyyəsi rəqəmsallaşdığı barədə məruzə olunsun deyə layihələrə vəsaitlər xərclənir, təqdimatlar həyata keçirilir...
Ölkədə əhalinin narazı qaldığı dövlət qurumlarından birinin də Baş Dövlət Yol Polisi İdarəsinin ayrı-ayrı strukturları olduğunu desək, yəqin, səhv etmərik. Düzdür, son illər aparılan islahatlar, kadrların yenilənməsi yol polisinin də fəaliyyətində müsbət dəyişikliklərə səbəb olub. Ancaq paytaxtda və rayonlarda yolların, küçələrin böyük ölçüdə kamera ilə təmin edilməsinə baxmayaraq, Yol Patrul Xidməti (YPX) əməkdaşlarının sürücüləri müxtəlif bəhanələrlə saxlaması hallarına hələ də rast gəlinir. Son vaxtlar isə bunun artması müşahidə olunur. Hətta bəzən YPX əməkdaşı sürücünü niyə saxladığını izah etməkdə belə çətinlik çəkir. Belə faktlar sosial şəbəkələrdə dəfələrlə yayılıb. Bu və digər hallara görə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cəzalandırılan, xidmətdən kənarlaşdırılan YPX əməkdaşları kifayət qədərdir. Ancaq qayda pozmadığı halda sürücülərin müxtəlif adlar altında saxlanılması halları, hətta avtomobillərinin cərimə meydançasına aparılması faktları yenə də azalmır. “AzPolitika”-ya daxil olan məlumata görə, bu məsələdə Yasamal rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları həmkarlarından bir qədər də “irəli gediblər”. Belə ki, nə qədər təəccüblü olsa da, təcili tibbi yardım xidməti göstərən avtomobili saxlayaraq cərimə meydançasına aparıblar. Bu barədə saytımıza məlumatı cərimə meydançasında təcili tibbi yardım maşınını görən vətəndaşlardan biri verib. Vətəndaşın həmin vaxt çəkdiyi fotodan belə məlum olur ki, cərimə meydançasına aparılan “90 JZ 989” dövlət nömrə nişanlı təcili tibbi yardım maşını “Diamed” klinikasına aiddir. Bunun səbəbini öyrənmək üçün əvvəlcə Yasamal rayon Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq. Ancaq zənglərimizə cavab verən olmadı. Bundan sonra təcili tibb yardım maşınlarının hansı səbəbdən cərimə meydançasında olduğunu öyrənmək üçün “Diamed” klinikası ilə əlaqə saxladıq. Klinikanın Baş həkimi Leyla Abdullayeva faktı təsdiqləyərək bildirdi ki, həqiqətən, Yasamal rayon yol polisinin əməkdaşları tərəfindən “Diamed” klinikası təcili tibbi yardım avtomobili xidmətdən çıxarılaraq cərimə meydançasına aparılıb. “Həmin vaxt təcili tibbi yardım avtomobilində tibb bacısı da olub. Xəstə çağırışına gedirdilər. Buna baxmayaraq, yol polisi əməkdaşları təcili tibbi yardım avtomobilimizi xidmətdən ayırıblar, heç bir qanuni əsas olmadan cərimə meydançasına aparıblar” – deyə, L. Abdullayeva bildirdi. L. Abdullayeva qeyd etdi ki, Yasamal rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları bunun səbəbi kimi də avtomobilin üzərində mənsub olduğu klinikanın adının “DİAMED” yazılmasını göstərirlər: “Yasamal rayon yol polisi əməkdaşları bunun bir reklam olduğunu iddia edərək təcili tibbi yardım avtomobilimizi xidmətdən çıxarıblar və cərimə meydançasına aparıblar. Halbuki, qanunvericiliyə görə, klinikanın adının və nişanlarının özünün nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam sayıla bilməz. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əvvəla, operativ və xüsusi təyinatlı vasitələrdə reklamın yerləşdirilməsi qadağandır (25.4.1-ci maddə). İkncisi və ən əsası isə şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur (25.5. maddə). Ona görə də, “Diamed” klinikasının təcili tibbi yardım avtomobilinin üzərində klinikanın adının yazılması təbiidir və bu, reklam hesab edilə bilməz. Ancaq görünür, Yasamal rayon yol polis əməkdaşları ya qanunun bu tələbini bilmirlər, ya da başqa məqsəd güdürlər”. L. Abdullayevanın sözlərinə görə, son bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, Yasamal rayon yol polisinin əməkdaşları tərəfindən “Diamed” klinikasının təcili tibbi yardım avtomobili xidmətdən çıxarılaraq cərimə meydançasına aparılır. “Eyni rayonun yol polisi tərəfindən klinikamıza aid təcili tibbi yardım avtomobilinin qanuni əsası olmayan bir iddia ilə təkrar-təkrar saxlanaraq cərimə meydançasına aparılması bizi bunun arxasında hansısa qərəzin dayandığını düşünməyə vadar edir. Buna görə də, Yasamal rayon Dövlət Yol Polis İdarəsinin bununla bağlı müvafiq izahat verməsini və avtomobili xidmətə qaytarmalarını gözləyirik. Ancaq Yasamal rayon yol polisi bundan imtina edir. Buna görə də, qanuni tədbirin görülməsi üçün Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etmişik. Nəticəni gözləyirik.” – deyə, L.Abdullayeva sonda bildirdi. Qeyd edək ki, hüquqşünas, yol hərəkəti və nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol patrul xidməti əməkdaşı sürücünü yalnız “Yol hərəkəti haqqında” Qanunda göstərilən əsaslardan biri olduqda saxlaya bilər. “O, ürəyi istəyəndə, yaxud xoşuna gələn və ya gəlməyən istənilən avtomobili saxlaya bilməz. Yol patrul xidməti haqqında təlimatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Nazirliyin təsdiqlədiyi sənədə bütün daxili işlər orqanlarının əməkdaşları əməl etməlidir. Səbəb olmadan kimisə saxlamaq olmaz” – deyə, ekspert bildirib. Daha sonra ekspert YPX əməkdaşının sürücüləri hansı hallarda saxlamaq hüququnun olduğunu qanuni müddəalarla izah edib. O bildirib ki, Yol hərəkəti haqqında Qanunun 85-ci maddəsinə əsasən, YPX əməkdaşı aşağıdakı hallarda sürücülərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilər: “Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə; Törədilmiş inzibati xətaya görə tətbiq olunan inzibati cərimənin ödənilməsi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində həmin qərarın icra olunmamasına görə nəqliyyat vasitəsinin saxlanılması barədə sistemdə qərar olduqda; Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər DYP əməkdaşından məlumat daxil olduqda; Nəqliyyat vasitəsi axtarışda olduqda; Nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda; Qanunla müəyyən edilmiş hallarda nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda (bu hallara təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə, yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, hərbi vəziyyət elan edildikdə)”. Ekspertin sözlərinə görə, nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin (sürücülük vəsiqəsi, etibarnamə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, icbari tibbi sığorta şəhadətnaməsi və s) yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Beləliklə, qeyd olunanlar Yasamal rayon Dövlət Yol Polis İdarəsi tərəfindən “Diamed” klinikasına aid təcili tibbi yardım xidməti göstərən avtomobilin saxlanılmasının qanuni əsaslarının olmadığını söyləməyə əsas verir. Elə isə məqsəd nədir?
Ölkə çimərliklərində batanların sayı günü-gündən artır. Hava şəraiti nə qədər dəniz üçün əlverişsiz olsa da, müşahidələrimiz onu göstərir ki, küləkli havada da çimərliyə üz tutanlar var. Əksər ekspertlər iddia edir ki, Xəzərdə batmalara səbəb orada zəlzələ nəticəsində əmələ gələn yarğanlardır. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Moderator.az-a danışıb. O iddiaları kökündən yalanlayıb. “O boğulmaların heç birinin Xəzər dənizində baş verən zəlzələ ilə əlaqəsi yoxdur. Xəzərdə il ərzində götürəndə 4-5 təkan baş veriR. Ən güclüsü 3,9 bal olub. Bu da Türkmənistan tərəfə, cənubi-şərqə doğru daha yaxındır. Bizdən məsafə etibarı ilə 140-150 kilometr uzaqdır. Heç biri də hiss olunmayandır. Ekoloqlar bilmirəm hansı fikirdədirlər, amma mənim fikrim belədir ki, Xəzərdə dalğalar olur. İstər-istəməz dalğa sahilə gəlir. Suyun dibi də gilli, qumlu qarışıqlardan ibarətdir. Burada da çuxurlar əmələ gəlir. Su burulğan kimi dibə çəkilir. Çimənlər də gedib düşür həmin burulğana, orada da boğulma hadisəsi baş verir. 2000-ci ildən sonra Xəzərdə güclü zəlzələ baş verməyib. Dekabrda, fevralda da Xaçmazda zəlzələ baş vermişdi, Bakıda da 3 bala kimi hiss edilmişdi. Ondan sonra 6 ay keçib. Müəyyən bir dəyişiklik olsa belə, istər-istəməz dalğa onu yuyub, hamarlayıb. Siz özünüz də dənizə gedəndə fikir verin ki, bir balaca külək olanda dalğa gəlir, çəkilir arxaya, qumu yuyub aparır. Çuxurlar orada əmələ gəlib. Yoxsa zəlzələnin heç bir təsiri yoxdur. Xırda təkanlardır. 9 ballıq zəlzələ baş vermiş olsaydı, bütün Bakını silkələsəydi deyərdik ki, bəli səbəb budur” deyə Qurban Yetirmişli deyib.
“3 nömrəli poliklinikadan 3 həftədir şəkər dərmanlarımı ala bilmirəm. Səbəb olaraq isə bunu deyirlər ki, 6 aydan bir gəlib həkim yoxlanışından keçməlisiniz. TƏBİB hər adama 10 min sığorta pulu verib. İndi bunları silmək lazımdır axı! Bütün şəkər xəstələrini 6 aydan bir məcburi şəkildə həkimdən keçirirlər ki, sığortanın pulları silinsin. Yoxlanışdan keçməyənlərə şəkər dərmanlarını vermirlər” Bunu Moderator.az-a açıqlamasında şikayətçi Raifə Səfərova deyib. O daha sonra poliklinikada növbə sisteminin olmamasından gileylənib. “3 həftədən sonra vaxt edib poliklinikaya getdim. 2 həkimdən keçdim. 3-cü həkim kardioloq Balakişi Quliyev orada canlı növbə yaradıb. Halbuki resepşında bizə növbə verilir. Mən 4-cü adam ola-ola, adını çəkdiyim həkim 12-ci, 8-ci adamı qəbul edir. Məni saxladır, gözlədir. Sonda əsəblərim dözmədi. Baş həkimin yanına qalxdım. Baş həkim yerində deyildi, onu müavini Füzuli Xəlilov əvəz edirdi. Vəziyyəti ona izah etmişəm. Mən şəkər xəstəsiyəmsə, dövlət bu dərmanları bizim üçün ayırıbsa, biz niyə gəlib onları vaxtlı-vaxtında götürə bilmirik?! Hələ də şəkər dərmanımı almamışam. Bir söz deyən kimi də deyirlər ki, TƏBİB bizə belə göstəriş verib. TƏBİB göstəriş verib ki, şəkər xəstələrini incidəsiniz?! Əgər mənim şikayətim varsa onsuz da həkimə gedəcəm. Yoxdursa mən niyə boş-boşuna həkimə getməliyəm ki? 6 aydan bir bu nə oyundur çıxarırsız? Niyə mənim sığortam boş-boşuna xərclənməlidir?!” deyə şikayətçi iddia edib. Problemlə bağlı adıçəkilən poliklinika ilə əlaqə saxladıq. Poliklinikadan “Rəhbərlik hazırda iş yerində deyil, çölə çıxıb. Siz nömrə verin əlaqə saxlayacağıq. Yaxud da yarım saat sonra özünüz zəng edərək rəhbərliklə danışın. Mən sizə kömək edə bilməyəcəm. Şikayətlərin olması əlbəttə ki, normaldır” deyildi. Yarım saat sonra, hətta bir gün sonra zəng edib problemə aydınlıq gətirmək istəsək də cəhdlərimiz boşa çıxdı. Poliklinikanın və adıçəkilən həkimin mövqeyini dərc etməyə hazırıq.