Rubiodan kritik zəng: Bakı və İrəvan arasında sülh...

ABŞ Dövlət katibi Marko Rubio və Fransa xarici işlər naziri Jan Noel Barro arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, Rubio fransalı həmkarı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə edib.

Departament rəisləri işdən çıxarılıb? - "Bakı Metropoliteni"

"Bakı Metropoliteni" QSC iki departament rəisinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Qurumdan Axar.az-a verilən məlumata görə, Bakı Metropoliteninin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli karyerasında yeni mərhələyə başlamaq məqsədilə fəaliyyətini öz ərizəsi əsasında dayandırıb. Qurumun Təchizat departamentinin rəisi Tərlan Həsənli ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir. O, hazırda vəzifəsinin icrasını davam etdirir.

Ultimatumun son günü: Tramp Rusiyanı hədələdi...

Avqustun 8-dək Ukraynada atəşkəs əldə olunmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Sanksiyalar olacaq, lakin görünür, Rusiya onlardan qaçmaqda kifayət qədər uğurludur. Bilirsiniz, onlar hiyləgər insanlardır və sanksiyalardan qaçmağa müvəffəq olurlar”, - Tramp bildirib. Qeyd edək ki, avqustun 8-i Trampın verdiyi on günlük ultimatumun son günüdür.

Fələstin dövlətini tanımağa hazıram - Stubb

Finlandiya Fələstin dövlətini tanımağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb sosial şəbəkə hesabında bildirib. “Dövlətin tanınması prezidentin qərarıdır, lakin hökumətin təklifi əsasında olmalıdır. Fələstin dövlətinin tanınması təklifi olsa, mən onu qəbul etməyə hazıram. Onu təklif edib-etməyəcəyi hökumətin qərarıdır. Başa düşürəm ki, finlərin Fələstinin tanınması ilə bağlı fərqli baxışları və narahatlıqları var. Ancaq mən xarici siyasət məsələlərində Fələstin də daxil olmaqla, açıq, dürüst və obyektiv müzakirələri təşviq etmək istəyirəm”, - prezident vurğulayıb.

“Google”da Zəngəzur dəhlizi açıldı - FOTO

“Google Maps” xəritə tətbiqetməsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat yolları ilə bağlı dəyişiklik edilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, tətbiqdə Mehri üzərindən keçən yol açıq görünür. Tətbiqdə göstərilən yol Zəngəzur dəhlizinin marşrutuna uyğun gəlir.

Tramp Putinə 10 gün vaxt verdi

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Ukraynada sülhlə bağlı müəyyənləşdirdiyi zaman aralığını ixtisar edib. O, bu müddəti 10-12 günə endirib. "Putin məni çox məyus etdi. Ona verdiyim 50 günlük müddəti azaldıram. Çünki cavabın nə olacağını zatən bilirəm", - deyə ABŞ prezidenti Şotlandiyada Britaniya Baş naziri Starmer ilə görüşdən öncə bildirib. Sozcu.az xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli Trampın çıxışını belə şərh edib: “Bir gün əvvəl ABŞ və Avropa İttifaqı arasında ticarət anlaşması əldə edilməsi də Ukrayna məsələsində Qərbin vahid mövqedən çıxış etməsinə təsir göstərən önəmli hadisədir. Razılığa əsasən, Aİ qarşıdakı 3 ildə ABŞ-dən hər il 250 milyard dollarlıq təbii qaz, neft və digər enerji daşıyıcıları alacaq və ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya qoyacaq. Bununla yanaşı, Aİ ABŞ-dən milyardlarla dollarlıq silah alaraq Ukraynaya ötürəcək. Bu anlaşma Trampın Avropadakı ideoloji müttəfiqləri olan radikal sağçı partiyalar tərəfindən tənqidlə qarşılanıb. Putin rejiminin Avropaya müharibə, qan, göz yaşı gətirdiyini və strateji situasiyanın bu səbəbdən dəyişdiyini qəbul etmək istəməyən Avropa anti-sistemi Rusiya ilə enerji sahəsində əməkdaşlığı davam etdirməyə tərəfdar çıxaraq Aİ liderlərini ABŞ-dən baha qiymətə xammal almaqda ittiham edir. Bu, qeyri-əxlaqi mövqe olmaqla bərabər, Tramp komandasının iqtisadi siyasətini də baltalamağa yönəldiyindən, respublikaçı administrasiya ilə həmin qüvvələrin ideoloji yaxınlığının praktik əhəmiyyətini azaldacaq”.

Müharibə 2034-cü ilədək uzanacaq - Zalujnı

Mövcud hərbi strategiya dəyişməz qalsa, Rusiya ilə Ukrayna arasında müharibə 2034-cü ilə qədər uzana bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna ordusunun keçmiş baş komandanı, ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə - tükənmə mərhələsinə qədəm qoyub: “Ukrayna müharibənin yeni mərhələsinə qədəm qoyub, uzunmüddətli müdafiənin qayğısına qalmasaq, silahlı qarşıdurma onilliklərlə davam edə bilər. Ukrayna müdafiə strategiyasını və resursların səfərbər edilməsinə yanaşmalarını dəyişməsə, müharibə 2034-cü ilə qədər davam edə bilər”.

“Tüpürüm Putinin fərmanına! Ona nə DƏXLİ VAR?!” - Ayaz Salayev

“Mən 8 il Moskvada oxumuşam. Bu baxımdan, mənim münasibətim ikilidir. Məsələn, Türkiyədə olanda elə gün olmur ki, mənə desinlər ki, azərbaycanlılar bizim qardaşımızdır. 8 il ərzində Moskvada bunu mənə heç kim deməyib. Elə gün olmurdu ki, mən şovinistliklə rastalşmayım. Amma biliyi də oradan aldım. Ona görə də mənim münasibətim çox ikilidir”. Sozcu.az xəbər verir ki, bu barədə kinorejissor Ayaz Salayev TV Müsavata müsahibəsində danışıb. O, Rusiya prezidenti Vladimir Putin “Dövlət dil siyasətinin əsasları”nı təsdiq edən fərmanını kəskin şəkildə tənqid edib: “Putinin fərmanına tüpürüm. Rus dilinin qorunması bizim təşəbbüsümüz olmalıdır, onun fərmanına dəxli yoxdur. Bu bizim daxili işimizdir, özümüz bilərik. Ad çəkmək istəmirəm, bəzi rusdilli adamlardan mənim zəhləm gedir. Mən onların rəqibiyəm. Bəzən görürəm ki, mənim adımı hansısa kampaniyanın, qrupun içərisində səsləndirirlər. Müəyyən məsələlərə görə biz bir-birimizə qarşı olmuşuq. Mən onlarla bir qrup deyiləm. Mən vətənpərvər adamam, hətta bəzi şeylərdə millətçi adamam. Hazırda Azərbaycan yeni bir tarixi yol ərəfəsindədir. Mən dilçi deyiləm, kinomotoqrafçıyam. Bəzi adamlar deyir ki, rusdilli məktəbləri bağlamaq lazımdır, onlar milləti parçalayır. Hər şey vəhdətdə olmalıdır”. 

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlama yayılıb. Sozcu.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda Azərbaycan Prezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanan və uydurma iddiaların yer aldığı bu açıqlamanın ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsi olduğu qeyd olunub. "Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - MEDİA-nın yaydığı açıqlamada vurğulanıb.

Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dini mərkəzi sayılan Üçmüədzində mitinq planlaşdırır. Sozcu.az-ın məlumatına görə, Paşinyan özü sosial şəbəkələrdə verdiyi açıqlamada bu prosesə işarə edib. Mitinqin iyulun 22-də bütün ermənilərin katolikosu II Qareginin iqamətgahının qarşısında keçirilməsi gözlənilir. Müşahidəçilərin məlumatına görə, Paşinyanın bu təşəbbüsünün əsas məqsədi II Qaregini Üçmüədzindəki rəsmi iqamətgahından uzaqlaşdırmaqdır. “Biz bunu birlikdə edəcəyik. Hazır olun”, – deyə Paşinyan çağırış edib. Müxalifət və kilsə rəsmiləri mitinqi təxribat, həmçinin hücum kimi qiymətləndirib. Yerli mətbuatın məlumatına əsasən, mitinqdə xüsusi təyinatlı qüvvələrin mülki geyimdə iştirakı, eyni zamanda “Yerkrapa” könüllü dəstələrinin cəlb olunacağı gözlənilir. Paşinyan mitinq iştirakçılarının sayının 10 minə çatdırılmasını tapşırıb. Bəzi erməni analitiklərin fikrincə, Paşinyan yaxın günlərdə kilsə rəhbərliyinə qarşı “korrupsiya” və digər ittihamlarla bağlı “kompromatları” mediaya sızdırmağı planlaşdırır. Qeyd edək ki, Paşinyan bir müddət əvvəl kilsə rəsmilərinin subaylıq andını pozduğunu bildirib. Bu səbəbdən tərəflər arasında qarşıdurma şiddətlənib.modern)

İlham Əliyevdən ukraynalılara: Heç vaxt işğalla barışmayın!

Məsləhətim Ukrayna vətəndaşlarına - heç vaxt işğalla barışmayın. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən deyib. Qeyd edək ki, jurnalist Azərbaycan Prezidentindən müharibə şəraitində Ukrayna xalqına nə məsləhət verə biləcəyini soruşub. “Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib”, - deyə Prezident əlavə edib.

Paşinyandan separatçılara: İmkan verməyəcəyik!

Ermənistan ərazisində ikinci dövlətin mövcudluğuna imkan verməyəcəyik. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Qarabağ separatçılarının “nümayəndəliyi”nin binasının ləğv edilməsi təşəbbüsü fonunda deyib. “Birbaşa dedim ki, Ermənistanda ikinci dövlətin olmasına icazə verə bilmərəm. Bu barədə əvvəllər də danışmışam və mesajın başa düşüləcəyinə ümid edirdim. Bir, iki, üç... Dövlət tədbir görməlidir”, - o bildirib. Paşinyan əlavə edib ki, bu mülk Ermənistana məxsus olmalıdır. Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu İnzibati Məhkəmədə Kadastr Komitəsinə qarşı iddia qaldıraraq qondarma “Qarabağ nümayəndəliyi”nin yerləşdiyi binaya mülkiyyət hüququnun etibarsız hesab edilməsini tələb edib.