Rəşid Mahmudov qohum nikahlarından DANIŞDI: “İstəyən gedib qeyri-qanuni evlənsin”

“Qohum nikahlarının ləğv edilməsi tibbi nöqteyi nəzərindən çox doğru qərardır. Genetika deyilən bir elm var. Qohumlar bir-biri ilə evlənəndə genlərində, xromosomlarında nəsə bir problem varsa bir neçə nəsil sonra özünü göstərir. Dəlilik varsa dəlilik, bir başqa xəstəlik varsa o üzə çıxır. Bir həkim kimi bu qərardan çox razı qalaram. Bir çox dünya ölkələrində də qohum evlilikləri ləğv edilib. Bəziləri deyir ki, xalaqızı xalaoğlu ilə evlənə bilər. Bunu deməklə deyil. Ola bilər ki, bir neçə nəsil sonra o çatışmazlıq özünü göstərsin və yeni doğulan uşaqlar xəstə olsun” Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra əlavə edib. “İnsanları saflaşdırmaq, sağlamlaşdırmaq lazımdır. Cəmiyyətimiz onsuz da yaralı, zədəlidir. Küçədə gəzən insanların 50-60 faizi normal insanlar deyillər. Bu həqiqətdir. Bu qanundur, sən sevirsənsə get al da. Xarici ölkələrdə zaks büroları var. Orada həkimlər oturur. Əgər qadında rezis müsbətdirsə, kişidə mənfidirsə onların evlənməsinə icazə vermirlər. Çünki bunun sonu xəstəlikdir. Kim nəslində xəstə uşağın doğulmasını istəyər? Ona görə də xarici ölkələrdə icazə vermirdilər. Sovet dövründə məhəbbətə zaval yox idi, kiminlə evlənirsən get evlən. Bütün problem həkimin üstünə düşürdü. Həkim xəstə doğulan uşaqları müalicə etməli idi. Necə etsin?! Evlənən gedib qeyri-qanuni evlənsin, ona yəqin ki, nikah kəsilməyəcək, nikahsız yaşayacaqlar. Nə desəniz bizim millətdən çıxar. Bəzən uşaqlıqdan ad edirlər, göbək kəsdi edirlər. Yazıq uşaqları bədbəxt edirlər” deyə Rəşid Mahmudov bildirib.

“ATƏT-in Minsk qrupu de-fakto fəaliyyətini dayandırıb” - Paşinyan

ATƏT-in Minsk qrupu 2022-ci ilin fevralından sonra fəaliyyətini de-fakto dayandırıb. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. “ATƏT-in Minsk qrupunun üzvləri 2022-ci ilin fevralından sonra və hətta ondan əvvəl də bir-biri ilə təmasda olmayıb. Başqa sözlə, ATƏT-in Minsk qrupu de-fakto mövcud deyil”, - baş nazir əlavə edib.

“Bu biabırçılıqlara son qoyulmur ki, qoyulmur!” - ETİRAZ

“Prezident Administrasiyasında sosial verilişlərlə əlaqədar söhbət oldu, tapşırıqlar verildi, nə dəyişdi? Əvvəla, heç nə dəyişmədi, dəyişməyəcək! Niyə? Çünki səviyyə budur! Həmin televiziyaların rəhbərlərinin də səviyyələri odur!”  Bu sözləri Yenisabah.az-a yazıçı-publisist Xeyrəddin Qoca deyib. Onun sözlərinə görə, telekanal rəhbərləri Prezident Administrasiyasına dəvət olunaraq verilişlərlə bağlı tənbeh olunsalar da, ciddi dəyişiklik müşahidə edilmir:  “Yenə Zaur Baxşəliyev uzun-uzadı danışır, həyat yoldaşına da əlavə bir veriliş tapşırıblar, şit, bayağı hərəkətlərlə, gülüşlərlə efir doldurur! Aparıcılar ekranları lağ-lağı yerinə çeviriblər, danışıqlarda savadsızlıq, məntiqsizlik baş alıb gedir! Sosial verilişlərin hamısı bu gündədir. Hamısı bir-birinə bənzəyir. Elə bilirsiniz, aparıcıların "Nömrə 1" adlandırdıqları həkimlər efirlərdə havayı reklam olunurlar? Ümumiyyətlə, həkimləri nə vaxtdan nömrələyiblər? Mən rayonda yaşayanda kəsim üçün verilən danaları, inəkləri, camışları nömrələyərdilər!.. Bu nömrələmək haradan çıxdı? Həmin həkimlər özləri necə razı olurlar ki, onları nömrələsinlər? Axı məşhur həkimlər özlərini "nömrə 1" hesab etmirlər...”  Yazıçı bildirib ki, telekanallar reklam üçün efirə çıxardıqları həkimlərdən xeyli pul alırlar: “Bəli, həkimlərdən televiziyalara çoxlu pul gəlir! Məlum məsələdir ki, həkimlərə daha çox pul gəlir. Həmin verilişlərə baxan "savadlı" tamaşaçılar da həmin həkimlərin kabinetlərinin qarşısında növbəyə düzülürlər! Nə olur-olsun, pul gəlsin!  Bütün sosial verilişlərin aparıcılarını bir yerə yığsanız, Türkiyənin "Şou" kanalının aparıcısı Didəm Arslan Yılmazın "Vazkeçmə" verilişinin bir süjetini belə hazırlaya bilməzlər! Didəm xanım müstəntiqlərə, prokurorlara, hakimlərə belə cinayət işlərinin açılmasında kömək edir. Yüzlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları da bütün Türkiyənin gözü qarşısında ona yardımçı olurlar. Hamı heyrət içindədir! Hanı bizdə elə aparıcılar? Bizdə sosial verilişlər əttökəndir, bayağıdır, çoxu da uydurma, boğazdan yuxarı, qeyri-səmimi danışıqlar toplusudur!  Onlar tamaşaçıları cəlb etmək, reytinq yığmaq üçün bilərəkdən-bilməyərəkdən min hoqqadan çıxmaqla tamaşaçıları efirlərdən uzaqlaşdırırlar! Artıq söhbətin, tapşırığın, yazmağın, deməyin  təsiri yoxdur, ciddi tədbirlər görülməsinin vaxtıdır! Televiziya efirləri evlənmək, ərə getmək məkanı deyil! Mavi ekranlarda savadsızlar, cahillər danışmalı deyillər! Mavi ekran bəzi qadınların baldırlarını, bədən quruluşunu nümayiş etdirmək yeri də deyil! Bir sözlə, biabırçılıqlara son qoyulmur ki, qoyulmur!” 

Növbədənkənar seçki keçirmək fikrində deyilik

Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkisi keçirmək fikrində deyil. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib. “Bu məsələni müzakirə etməmişik və etmək fikrində deyilik”, - o bildirib. Qeyd edək ki, Ermənsitan parlamentinin müxalifətdən olan “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 33 deputatı növbədənkənar sessiyanın çağırılması tələbi ilə müraciət edib.

Müsahibədən keçə bilməyən müəllimlərin sayı AÇIQLANDI

Ötən il müəllimlərin işə qəbulu müsabiqəsində 30 müəllim müsahibə mərhələsindən keçə bilməyib. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sessiyada deyib. O bildirib ki, müsahibə mərhələsindən keçə bilməyənlərin əksəriyyəti orta yaş qrupuna aid təhsilverənlərdir. Eşqi Bağırov adətən gənc namizədlərin müsabiqədə uğurlu nəticə göstərdiyini vurğulayıb: "Burada aydın görünən problem öyrətmə metodu ilə bağlıdır".

Nəcməddin Sadıkovun oğlunun şəriki məhkəməyə verildi - STOP QOYULUR

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlunun biznes ortağı Akimov Kamal Akimoviç məhkəməyə verilib. Sozcu.az-ın məlumatına görə, onun sahibi olduğu “Keystone” şirkətinin dövlət büdcəsinə vergi borcları yaranıb. Lakin o, nəzərdə tutulan vaxt ərzində həmin borcları ödəməyib. Nəticədə K. Akimoviç barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. İddia tərəfi isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir. Dövlət qurumu borclar ödənmədiyi təqdirdə Akimovun Azərbaycandan kənara çıxışına məhdudiyyət qoyulmasını xahiş edib. Qeyd edək ki, uzun illərdir mətbuatda Kamal Akimoviç Akimovun Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır. Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir. (lent.az)

Baqrat sərhədimizdə mitinq keçirəcək

“Vətən uğrunda Tavuş” revanşist hərəkatının lideri, keşiş Baqrat Qalstanyan bu gün Azərbaycanla sərhədə gəlir. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Baqrat Göyçə mahalında 18:00-da mitinq keçirəcək. Həmçinin keşiş bildirib ki, yaxın gələcəkdə Zəngəzura da getmək niyyətindədir.

Aytən Səfərovanı efirə buraxmırlar? - Özü açıqladı

İlk günlərdən “Xəzər” telekanalının rəhbəri Murad Dadaşov başda olmaqla çalışdığım telekanalın hər bir əməkdaşı mənim yanımdadır. Onlar bir gün də olsa məni tək buraxmayıblar. Sozcu.az xıbır verir ki, bu sözləri Globalinfo.az-a Xəzər TV-nin aparıcısı Aytən Səfərova efirə buraxılmaması iddiaları haqda danışarkən deyib. O, xəbərləri təkzib edib: “Sadəcə, səhhətimlə bağlı özüm, ailəm və həkimlər işə çıxmağımı məqbul saymırdılar. Ona görə də “Xəzər” telekanalında efirə buraxılmamağım haqqında yayılan məlumatlar böyük bir dezinformasiyadır. Özüm də o xəbəri oxuyan zaman şoka düşdüm. Lakin belə şayiələrə fikir vermək lazım deyil. Hətta bir ara məlumat yaymışdılar, guya rəhmətə getmişəm”. A.Səfərova efirə nə zaman qayıdacağını açıqlamayıb: “Düzü, bu haqda danışmaq istəmirəm, hələ tezdir. Hazırda əsas məsələ mənim psixoloji və ümumi səhhətimin tam yerinə düşməsidir. Amma Xəzər TV mənim üçün, mən də onlar üçün dəyərliyəm”.

Ensiklopediyanın növbəti cildi yarım milyona çap ediləcək

Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi nəşr ediləcək. Sozcu.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, AMEA-nın Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb. Artıq Milli Ensiklopediyanın 11-ci cildi çapa hazırdır. Hazırda nəşriyyat axtarışında olan mərkəz cildin nəşrinin 519 000 manata başa gələcəyini ehtimal edir. Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının nümunəvi və satış nüsxələri cildləri ənənəvi olaraq Almaniyada çap edilib. Lakin 2022-ci ildə ensiklopediyanın 10-cu cildi pandemiya şəraitindən irəli gələn çətinliklərə görə Bakıdakı nəşriyyatların birində çap olunub. 11-ci cildin də paytaxtdakı nəşriyyat mətbəəsində çapa verilməsi nəzərdə tutulub.

Şəhid ailələri və qazilər “Bakı Metropoliteni”ndən şikayət etdi: “İşıqlarımızı qanunsuz olaraq kəsiblər…”

"Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasının keçidində çalışan əsasən şəhid ailələri, Qarabağ müharibəsi veteranları və qazi ailələrindən ibarət olan sahibkarlar metropoliten rəhbərliyindən narazılıq edirlər.  Sozcu.az xəbər verir ki. bu barədə Demokrat.az-ın redaksiyasına şikayət daxil olub.  Sahibkarlar bildirirlər ki, “Bakı Metropoliteni” QSC tərəfindən işıqları qanunsuz şəkildə kəsilib.  Məsələni aydınlaşdırmaq üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin  (QSC) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, Demokrat.az-a açıqlamasında bildirdi ki, metronun “20 Yanvar” stansiyasının keçidində bəzi obyektlərdə elektrik enerjisinin dayandırılması texniki nasazlıqlara görə baş verib: “Məsələ göründüyü kimi deyil. Həmin sahibkarlara qarşı heç bir qərəz yoxdur. Problem sadəcə olaraq texniki təhlükəsizlik məsələləri ilə bağlıdır. Bu da metro istifadəçiləri üçün risk yaratdığına görə elektrik enerjisinin verilməsində müvəqqəti fasilə yaranıb. Problem araşdırılıb aradan qaldırılacaq. Nəticə barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”. 

Berlin Ukraynaya Almaniya silahları ilə Rusiyanı vurmağa icazə verir?

"Berlin Ukraynanın Rusiya ərazisində Almaniya silahlarından istifadəsinə icazə verməyi nəzərdən keçirəcək". Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bunu ukraynalı həmkarı Rustem Umerov ilə keçirdiyi brifinqdə Almaniyanın müdafiə naziri Boris Pistorus deyib. O qeyd edib ki, kansler Olaf Şolts əvvəllər açıq şəkildə bəyan etdiyi kimi, silahlardan beynəlxalq hüquq çərçivəsində istifadə edilə bilər. Nazirin sözlərinə görə, bu məsələyə baxılır, lakin ictimai müzakirələr və “nəyə dözmək olar, nəyə dözmək olmaz” mövzusunda çərçivə yaratmaq üçün ikitərəfli razılaşmalara ehtiyac yoxdur.

MİQ imtahanı suallarında məkirli oyun: “Bilərəkdən çətinləşdirilir”

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən namizədlərin müəyyən qismi sualların çətin olmasından şikayətlənir. Mən müəllimlərin şikayətini haqlı hesab edirəm. Tərtib edilən suallar doğrudan da namizədlərin ali və orta ixtisas təhsili müəssisələrində aldıqları bilik və bacarıqlara uyğun deyil. MİQ imtahanı sualları bilərəkdən çətinləşdirilir, məzmuna uyğun verilmir”. Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. O bildirib ki, imtahana düşən suallar yalnız bir kitabda olur. İmtahan verəcək şəxlər isə repititor yanına gedərək bir neçə kitabda olan suallar əsasında hazırlaşırlar: “Universitet, kollec təhsili ilə nəticə əldə edə bilməyən müəllim məcbur qalıb hazırlıqlara gedərək pul xərcləyir. Əlavə də hər il təzə nəşr olunan kitablar almaq məcburiyyətində qalır. Bütün bunlar kommersiya məqsədi daşıyır. Bunu edənlər vəsait hazırlayan şəxslərdir. Maddi maraq güdürlər ki, müəllimlər gedib onların hazırladığı həmin kitabı alsınlar".