Zelenski-Makron görüşü olacaq - Məkan və tarix...

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Görüş iyunun 6-da Normandiyada baş tutacaq. “Prezident Zelenski gələn həftə Fransaya tədbirlərə gələrkən, onu qəbul etmək və daha sonra nə edəcəyimizi bildirmək üçün çox konkret danışmaq imkanım olacaq”, - Makron söyləyib.

Onlara alim kimi baxmıram - Nazir

Beş il heç bir məqalə yazmayan birinə alim kimi baxmıram. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, kimsə özünü elm adamı kimi təqdim edəndə, ilk işi data bazaya girib həmin şəxsin yazdıqlarına baxmasıdır: "Görəndə ki adam həmin müddətdə heç nə yazmayıb səmimi olaraq 5 il heç nə yazmayıbsa ona alim kimi baxmıram. Davranış belə də olmalıdır. Hamı bir-birinə belə baxanda davranışlarımız əsaslı şəkildə dəyişəcək. Alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir. Başqa insanların da bu məqalələrdən yararlanması da yazılan işin keyfiyyətini müəyyən edir".

Ermənistan dəymiş ziyana görə Azərbaycana torpaq verir

Dünən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə əlaqədar Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı. Növbəti mərhələdə isə 2 ölkə arasında ən mürəkkəb məsələlərdən biri olan anklav kəndlərin taleyi həll olunacaq.  Hazırda Ermənistan içərisində Azərbaycana məxsus 4, Azərbaycan sərhədləri daxilində isə Ermənistanın 1 anklav kəndi mövcuddur. Ermənistan Azərbaycana məxsus anklavları qaytarsa, rəsmi İrəvan Başkəndi tələb edə bilər. Bəs Gədəbəy rayonu ərazisində olan Ermənistan anklavının aqibəti necə olacaq?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın bir hissəsi qarşılığında Başkənd Bakının yurisdiksiyasında qalmalıdır:  “Bu tip məsələlərdə çox müxtəlif ehtimallar və variantlar irəli sürmək olar. Amma əsas məsələ ondan ibarətdir ki, Azərbaycan rəsmi qurumları və bu prosesi aparan nümayəndələr hansı mövqedə olacaq. Düşünürəm ki, Başkənd məsələsinin ən optimal yollarından biri, Ermənistanın Qarabağdakı işğalı dövründə Azərbaycana vurduğu milyardlarla dollar zərəri və o cümlədən mənəvi zərərin cüzi bir qarşılığı olaraq, Başkəndin Ermənistandan tələb olunmasıdır. Hətta Ermənistan mətbuatında da bu barədə tez-tez fikirlər səsləndirilir”.  Politoloq sovet dövründə Başkəndin Ermənistana mübahisəli formada verildiyini də diqqətə çatdırıb:  “Onsuz da, gec-tez ölkəmizə vurulmuş ziyanın kompensasiyası ödənilməlidir. Bunun cüzi bir hissəsinin qarşılığında Başkənd məhz Azərbaycanın yurisdiksiyasında saxlanmalıdır. Digər tərəfdən Başkəndin özünün Ermənistana verilməsi məsələsi də bir daha araşdırılmalıdır. SSRİ dövründə Azərbaycanın razılığı olmadan Kommunist Partiyasının qərarı ilə həyata keçirilən inzibati dəyişiklik prosesi yenidən müzakirə edilməlidir. Bu baxımdan Ermənistan üçün də ən optimal variantlardan biri də məhz elə kompensasiyanın bir hissəsi müqabilində Başkənddən əl çəkməkdir”. 

“Ən azı iki KTMT ölkəsi bizə qarşı müharibədə iştirak edib” - Paşinyandan yeni İTTİHAM

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini yenidən ittiham edib. Sozcu.az xəbər verir ki, Paşinyan mayın 22-də parlamentdəki “Hökumət saatı”nda çıxış edərkən ittihamı belə ifadə edib: “Mən bizə qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıyıram. Bu ölkələr bizə kömək etmək istəyi imitasiyasını yaradıblar. Amma o müharibə “Dağlıq Qarabağ”la bağlı deyildi. Onlar “Dağlıq Qarabağ” məsələsilə bağlı sualı çoxdan bağlayıblar... Həmin müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin olmaması idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı”. Paşinyan daha sonra əlavə edib ki, 2021-ci ilin mayında parlament və Hökumət buraxılanda da həmin ölkələr Ermənistan dövlətini dağıtmağa cəhd etdilər, lakin bu cəhd uğursuz oldu. “2022-ci ilin sentyabrında da cəhd etdilər, yenə alınmadı. Sonra 2023-cü ilin sentyabrında sosial şəbəkələrdə insanları seçilmiş hökumətə qarşı çıxmağa çağıranda cəhd etdilər, amma o zaman da alınmadı. Ardınca 9 may 2024-cü ildə cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq. Sərhədin delimitasiyası ilə Ermənistan 2024-cü il mayın 9-da baş vermiş hadisələrlə paralel olaraq bir çoxlarını sərhəddə qarşıdurma törətmək imkanından məhrum etdi. Əgər biz dövlətimizi 1-2 il qoruyub saxlaya bilsək, deməli, yaxın 50-100 ildə onun mövcudluğuna zəmanət verilir. Delimitasiya prosesi sayəsində biz bu problemin 60%-ni həll etdik”, - Paşinyan qeyd edib. Paşinyan KTMT üzvü olan hansı iki ölkəni nəzərdə tutduğunu açıqlamasa, siyasi ekspertlər onun Rusiya və Belarusa eyham vurduğunu qeyd edirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlanan hərbi blokun əsası 15 мая 1992-ci ildə  Rusiyanın təşəbbüsü ilə qoyulub. Hazırda KTMT-nin üzvləri Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.

Şəhriyar Məmmədyarov: "Qadınlar kişilərdən çox daha zəifdirlər” - Video

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox daha zəifdirlər”. Sozcu.az xəbər verir ki, bunu “Persona” verilişinin qonağı olmuş Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov deyib. O bildirib ki, qadın şahmatçılar kişilərlər bərabər mübarizə apara bilmirlər: “Düzdür, bu fikirlər qadınların xoşuna gəlməyəcək. Bəlkə də deyəcəklər, o deyil, amma bu gün dünyanın 100 ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə bərabər mübarizə apara bilmirlər. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”, - deyə şahmatçı bildirib. Onun bu fikirləri sosial şəbəkəlrədə müzakirə mövzusuna çevrilib və bir çoxları tərəfindən tənqid edilib.

Rəisinin qəzaya uğradığı helikopter şirkətindən açıqlama

Şirkətimiz İranda heç bir bizneslə məşğul olmur və İranın helikopter parkını dəstəkləmir. Sozcu.az xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin istehsalçısı “Bell Trekstron” şirkətinin yaydığı bəyanatda bildirilib. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Qəzaya uğrayan helikopter ABŞ istehsalı olan “Bell-212”-dir.

Mirzoyan Kassislə görüşdə Bakı ilə danışıqlardan söz açdı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isveçrəli həmkarı İqnasio Kassis ilə Avropa Şurasının nazirlər sessiyası çərçivəsində görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Mirzoyan həmkarı ilə Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində son hadisələri, o cümlədən Almatıda aparılan danışıqlarda müzakirə olunan əsas məsələləri müzakirə edib.

150 bal toplayan da ali məktəbə qəbul ola bilər

Dövlət İmtahan Mərkəzinin psixoloqları imtahana bir-iki gün qalmış onların hansı rejimdə işləmələrini məsləhət verirlər. Abituriyent imtahana bir-iki gün qalmış istirahət etməlidir və imtahan günü biliyinə uyğun nəticəni toplamalıdır. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZƏRTAC-a müsahibəsində söyləyib. DİM rəhbəri qeyd edib ki, bizdə ali məktəbə qəbul olmaq kifayət qədər sadədir, 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər.

10 gündür öz sərhədçilərimiz keşik çəkir - Paşinyan

Azərbaycan demarkasiya prosesini bu dəfə tətbiq edilən formatda, bu  alqoritmlə davam etdirməyə meyllidir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan hökumətinin mayın 16-da keçirilən iclasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib. Öz növbəsində, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın 8-10 gün ərzində qəbul edilmiş qərarların icrası məsələsini həll edilməlidir: “Artıq 10 gündür ki, Ermənistan Respublikasının sərhəd qoşunları Bağanis-Voskepar bölməsində xidmət edir. Yəni sərhəd dirəkləri quraşdırılan andan sərhəd qoşunları yeridilib. Hazırda ərazi daimi xidmət üçün öyrənilir. Bu proses digər sahələrdə də baş verəcək”, - deyə baş nazir fikrini yekunlaşdırıb.

İrəvanda ilk: Ermənistan və Hindistan nümayəndələri...

İrəvanda Ermənistanla Hindistan arasında müdafiə sahəsi ilə bağlı ilk məsləhətləşmələr keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, görüşdə Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə katibi Şri Vişveşa Negi iştirak edib. Görüşdə Ermənistan və Hindistan nümayəndələri müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Əsas diqqət hərbi-texniki tərəfdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, eləcə də ölkələr arasında təcrübə mübadiləsi məsələlərinə yönəldilib. Xatırladaq ki, Ermənistan son 2 ildə Hindistanla yüz milyonlarla dollar dəyərində hərbi sazişlər bağlayıb. Müqavilələr çərçivəsində haubitsa, MLRS sistemləri, döyüş sursatları və s. tədarük edilib və ya tədarükü planlaşdırılır.

Qusarda meşə ərazisi bələdiyyəyə qanunsuz verilib – Rəsmi

Qusarda ekoloji hüquqpozmalar və digər qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb. Araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub. Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

Günü-gündən kriminallaşan məktəb: "Səbəb sosial şəbəkələrdir" - Açıqlama

“Elə bir ay olmur ki, hansısa məktəbin şagirdləri arasında dava düşməsi, kiminsə bıçaqlanması (bəzən bu hadisələr ölümlə nəticələnir) barədə məlumatlar yayılmasın. Hər dəfə də səbəbləri araşdırmaq əvəzinə, nəticəni qabardırıq. Halbuki, sözügedən nəticələr bir çox hallarda təkcə məktəblə deyil, bilavasitə valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlərlə bağlı olur”. Sozcu.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov məktəblərdə şagirdlər arasında baş verən münaqişələr haqda danışarkən deyib. O qeyd edib ki, bəzi yeniyetmə və gənclərin naqisliklərini məktəbin obrazında ümumiləşdirmək ədalətsizlik olardı: "Elə götürək, son olaraq Tərtərdə iki məktəbli arasında düşən davada onlardan birinin ölümü ilə nəticələnən hadisəni. Araşdırma aparılmadan konkret fikir bildirmək yanlışlıqlara yol aça bilər. Bunun üçün hüquq-mühafizə orqanları, digər səlahiyyətli qurumlar var. Mübahisə hansı zəmində baş verib, valideyn hara baxıb, sinif rəhbəri bundan niyə vaxtında xəbər tutmayıb?”. Ekspert baş verən neqativ hadisələrə sosial şəbəkələrin səbəb olduğunu bildirib: “Ümumiyyətlə, bu kimi məsələlərə şəxsi mülahizələr, hansısa ehtimallar əsasında yanaşmağı düzgün hesab etmirəm. Təkcə onu deyə bilərəm ki, məktəblərdə baş verən bütün neqativ hadisələrin əsas və başlıca səbəbkarı sosial şəbəkələrdir. Nə qədər ki, bu istiqamətdə radikal addımlar atılmayacaq belə halların baş verməsi qaçılmaz olacaq. Buna görə də araşdırmanın aparılması, hadisə ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında operativlik və mobillik təmin olunmalıdır. Nəticə ilə bağlı istənilən ləngimələr cəmiyyət tərəfindən birmənalı qarşılanmır, ictimaiyyətin bu mövzuda daha həssas davranmasında ikitirəlik yaranır, müxtəlif yorumlara yol açılır”.