Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək

Ermənistanın baş naziri Nikol Paşinyan Kirants (Güney) və Açarkut kəndlərində yeni yolun inşası işləri ilə tanış olub. Respublikanın hökumət başçısı səfəri haqqında görüntüləri özünün "Telegram" səhifəsində paylaşıb. Onu Tavuş vilayətinin qubernatoru Vahe Qalumyan və digər məsul şəxslər müşayiət ediblər. Kadrlarda torpaq işləri və drenaj kollektorlarının tikintisi göstərilir. Yeni yol ona görə tikilir ki, Ermənistandan Gürcüstana gedən magistralda yerləşən körpü delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcək. Bura Kirants kəndində iki ev, yolun bir hissəsi və 50-yə yaxın torpaq sahəsi daxildir. Kirants kəndinə səfəri zamanı baş nazir, həmçinin Ermənistan və Azərbaycan arasında təchiz edilmiş sərhəd sahəsini nəzərdən keçirib./Oxu.az

Məşhur alimdən qorxunc iddia: “Bakıda zəlzələnin olması labüddür”

“Bakı seysmik zonada yerləşir. Bu baxımdan zəlzələnin olması labüddür”. Bu fikirləri Musavat.com-a AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib.  O qeyd edib ki, zəlzələ olsa da, qorxulu vəziyyət gözlənilmir:  “Güclü zəlzələ olma ehtimalı yoxdur. Zəlzələ olsa da, güclü dağıntı yarada bilməz. Maksimum 5 ballıq zəlzələ ola bilər. Bunun dəqiq nə zaman baş verəcəyini demək isə mümkün deyil. Son zamanlar baş verən zəlzələlər çox güclü deyil. Seysmik stansiyalar 4 bala qədər olan zəlzələləri qeyd edir. Odur ki, narahatlığa ehtiyac yoxdur”. 

Erməni parlamenti hərbi xidmətlə bağlı növbədənkənar toplanır

Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, Ermənistan parlamentinin növbədənkənar iclasında "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik layihəsi də nəzərdən keçiriləcək.

Azərbaycanda bu bahalı əməliyyatlar ÖDƏNİŞSİZ OLACAQ - RƏSMİ AÇIQLAMA

Beyin şişləri həm beyin toxumasının, həm də onun damarlarının, qişalarının, sinirlərinin, endokrin strukturlarının onkoloji zədələnmələrinin daxil olduğu kəllədaxili yeni törəmələridir. Bu şişlərin bir neçə növü var. Bəzi beyin şişləri xoşxassəli - yavaş böyüyən, aşağı dərəcəli (xoşxassəli), bəzi beyin şişləri isə bədxassəli - reproduktiv, yayılmış, yüksək dərəcəli (bədxassəli) olur. Maraqlıdır, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən birində beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı etdirmək mümkündürmü? İcbari tibbi sığorta bunu qarşılayırmı? Bununla bağlı qurumdan Sfera.az-a verilən açıqlamada qeyd olunub ki, bu, mümkündür. TƏBİB-dən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə edilən son əlavə və dəyişikliklərə əsasən, artıq beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı da ödənişsizdir: "Bu əməliyyatın icrası müraciət etdiyiniz hər hansı dövlət xəstəxanasında mümkün olmadıqda icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrinə göndəriş verilir". Həmçinin qeyd olunub ki, Xidmətlər Zərfində təminata alınmış əməliyyatlar sırasına anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər də əlavə olunub.

Məktəblərdə noyabrda 1 aylıq tətil olacaq?

"COP29 tədbiri Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Təkcə Azərbaycan üçün yox, dünyada ekoloji tarazlıqla bağlı ən vacib tədbirlər sırasında ilk yerlərdədir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onun siyasi gücünün nəticəsidir. Bu gün Azərbaycan dünyada təhsilə ən çox önəm verən ölkələr sırasındadır. 4 432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Məktəblərimizin 326-sı, şagirdlərimizin 470 minə qədəri paytaxt Bakının payına düşür. Təbii ki, COP29 tədbirləri əsasən Bakıda keçiriləcək. Lakin bu heç də bütün orta ümumtəhsil məktəblərində dərslərin 1 ay müddətinə bağlanmasına gətirib çıxarmayacaq”.  Bu sözləri Pravda.az-a təhsil eksperti Kamran Əsədov noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqədar məktəblərin 1 ay müddətinə bağlanacağı barədə məlumatlara münasibət bildirərkən deyib.  Ekspert qeyd edib ki, daha çox Bakı şəhərində, tədbirin keçirildiyi yalnız lokal ərazilərdə məktəblərin müəyyən müddət onlayn rejimdə keçirilməsi qaçılmazdır: "Nəzərə alsaq ki, həm də Azərbaycanda koronavirus pandemiyası davam edir. Biz mütəmadi olaraq yoluxmanın müşahidə edildiyi, yaxud hansısa yoluxucu xəstəliyin olduğu məktəblərdə dərslərin onlayn rejimdə keçməsinin mövcud qanunvericiliyə uyğun olduğunu bilirik. Hətta məktəblər 1 ay müddətində bağlansa belə, bu nə müəllimlərin əməkhaqlarına təsir göstərəcək, nə də şagirdlərin normal dərs əldə etməsinə. Çünki Elm və Təhsil Nazirliyi bütün onlayn resursları yaradıb. Onlayn qiymətləndirmələr, dərsliklər, vəsaitlər, müvafiq portallar var. COP29-la bağlı qapanmada təkcə orta məktəblərdən yox, həm də ali məktəblərdən söhbət gedir. Tədbirin keçirildiyi ərazilərdə yerləşən orta, ali təhsil və peşə məktəblərində də noyabr ayında dərslər müəyyən müddət onlayn rejimdə davam edə bilər. Lakin bu o demək deyil ki, məktəblər tətilə bağlanacaq”.  K.Əsədov bildirib ki, COP29 zamanı bütün təhsil müəssisələrinin 1 ay müddətinə bağlanması təhlükəlidir: "Biz 2020-ci ilin martından 2022-ci ilə qədər, yəni iki ildən çox müddət ərzində orta məktəblərdə tədrisi onlayn rejimdə apara bildik. Hesab edirəm, artıq Azərbaycanda məsafədən tədrisin təşkili ilə bağlı həm bütün resuruslarımız var, həm də müəllimlərimiz onlayn dərs keçə bilmək üçün avadanlıqlara malikdirlər. Təbii ki, təhsil sisteminin müasir çağırışlara uyğun olması onlayn tədrisin təşkilini qaçılmaz edir. Azərbaycanda ən vacib məqamlardan biri şagirdlərin təhlükəsiz şəraitdə, rahatlıqla məktəblərə getmələri ilə bağlıdır”.

“Onlar işsiz-gücsüz, qadın alveri edən adamlardır” - Açıqlama

Türkiyənin Kayseri bölgəsində Suriya əsilli bir şəxsin 7 yaşındakı uşağı cinsi istismara məruz qoymasından sonra xalq suriyalıları döyüb ölkədən qovur. Ötən gecə Türkiyənin Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup şəxs suriyalılara hücum edib. Onlar Türkiyədə məskunlaşan suriyalıların dərhal ölkədən çıxarılmasını tələb edirlər. Mövzu ilə bağlı Bakupost.az -a danışan politoloq Qabil Hüseynli suriyalı qaçqınların geriyə qaytarılmasının çoxdan lazım olduğunu bildirib. O qeyd edib ki, suriyalılar Türkiyədə yaşadıqları müddətdə vətəndaşlıq alıb seçkilərdə iştirak ediblər: "Hazırda baş verən hadisələr zənnimcə, nəticələri çox pis olacaq istiqamətə apara bilər. Hesab edirəm ki, Türkiyə hökuməti onları yavaş-yavaş öz ölkələrinə göndərməli idi. O adamların böyük əksəriyyəti qadınlardır. Onlar Türkiyədə yaşaya bilməzlər, çünki işsiz-gücsüz, qadın alveri edən adamlardırlar. Suriyalı qaçqınlar ölkələrinə qayıdıb təsərrüfatlarıyla məşğul olmalıdır”.

“O, utanmadan yalan danışan siyasətçilərdəndir…”

“Hələ ki, indiki durumda respublikaçılar daha mütəşəkkil, daha əzmkar görünürlər. Və bu da ABŞ və bütövlükdə dünya üçün yaxşı heç nə vəd etmir...” “Prezident Co Baydenlə son debatı zamanı Donald Trampın guya özünün həmin dövrdə  prezident olacağı halda aparacağı siyasət sayəsində Ukrayna ilə Rusiya arasında savaşa imkan verməyəcəyi, guya Putinin Ukraynaya hücumuna səbəbin ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarmasının olması haqdakı, eləcə də ABŞ-dakı miqrant siyasəti və işsizliklə bağlı söylədiklərinə gəldikdə, əlbəttə, bunlar hamısı yalandır”. Bunu Moderator.az-a açıqlamasında  prezidentliyə mümkün namizəd Donald Trampın ABŞ-ın hazırkı prezidenti Co Baydenlə son debatı zamanı Ukrayna savaşı və ABŞ-dakı daxili siyasətlə bağlı söylədiklərini şərh edərkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib. “Bilirsiz, Donald Tramp o siyasətçilərdəndir ki, utanmadan yalan danışır.  Və həmişə də yalan danışıbdı. Yaxşı yadımdadır ki, o, prezident olduğu dövrdə ABŞ mediası hesablamışdı ki, Tramp bir ildə 10 min dəfə yalan danışıb.  Bu isə Ginnesin Rekordlar Kitabına düşəcək bir səviyyədir. Ona görə də yalnız son debatların ardınca nəsə söyləmək çətindir. Lakin hələ ki, indiki durumda respublikaçılar daha mütəşəkkil, daha əzmkar görünürlər. Və bu da ABŞ və bütövlükdə dünya üçün yaxşı heç nə vəd etmir. Bu, mənim subyektiv fikrimdir. Şəxsən mən düşünmürəm ki, Trampın təkrar prezident seçilməsi nəinki ABŞ, planet üçün də hansısa bəhrələrini verə bilər. Ona görə hələ bir qədər gözləməliyik”, - deyə davamında ekspert diqqətə çatdırıb.

ŞİKAYƏT: “Sürücünü axtarırıq, tapa bilmirik, 35-40 dəqiqə intervalla işləyirlər”

“108 B nömrəli avtobus Mehdiabad qəsəbəsindən Azadlıq metrosuna qədər işləyir. Tək mən yox, bütün Binəqədi qəsəbə sakinləri bu avtobusdan şikayətçidir. Avtobus yaxşı işləmir, yarım saatdan bir intervalı var. İş o yerə gəlib çatıb ki, 108 B-ni görəndə uşaq kimi sevinirik” Bunu Moderator.az-a şikayətçi Gülər Məmmədova deyib. O daha sonra əlavə edib. “Nəzərə alsaq ki, Binəqədi kəndində əhali çoxdur, bu da problemi birəbeş artırır. Avtobusun sonuncu dayanacağı Azadlıq metrosunun qarşısıdır. Təsəvvür edin, axşam saat 9-dan sonra ümumiyyətlə avtobus tapmaq olmur. Gələn avtobus da 35-40 dəqiqə intervalla işləyir. Sürücü avtobusu qoyub çıxıb gedir. Sürücünü axtarırıq, tapa bilmirik ki, sözümüzü deyək. Yəqin çay içməyə, yemək yeməyə gedir. 1 saata yaxın interval olar?! 45 dəqiqədən sonra sürücü gəlir. O gələnə qədər artıq avtobusda bir çoxu yatmış olur. İnsanlar işdən arğın-yorğun halda çıxırlar. Onları qətiyyən qınamıram. Etiraz edəndə də deyir ki, avtobus yoxdur. Avtobus yoxdursa bu bizim problemimiz deyil. Avtobusda kondisioner sistemi yoxdur. Hamının başından su damcılıyır. 108 A nömrəli avtobus yenilərdəndir, Bakı Bus-dur. Sərnişinlərin hər cür rahatlığını təmin ediblər, konsidioner işləyir” deyə o bildirib. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Qadınları İrana apararaq cinsi istismara məruz qoyan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sevda Məmmədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 2 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Sevda Məmmədova azərbaycanlı olan 6 qadın İranın paytaxtı Tehran şəhərində işə düzəltmək vədi verib. Bu məqsədlə onları 2017-2019-cu illərdə Tehrana aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib. Sevda Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.pravda)

Bakıda bu çimərlikdə maşınlar da "çimir"

Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki ictimai çimərliyi maşınlar zəbt edib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, dənizə istirahətə şəxsi avtomobilləri ilə gələnlər çimərliyin ərazisinin böyük hissəsini tutublar. Bu da həmin bölgədə dincələn digər vətəndaşların haqlı narazılığına səbəb olub. Yaranmış mənzərə ictimai çimərlikdən istifadə edənlərin istirahətinə mane olub.

Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən Bəyannamə imzalandı

İyunun 18-də Kişineuda İtaliya Prezidenti Sercio Mattarellanın səfəri zamanı Moldova Respublikasının Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləyən Bəyannamə imzalanıb. Sozcu.az xəbər verir ki, sənəd İtaliya lideri və Moldova Prezidenti Maya Sandunun iştirakı ilə aparılan müzakirələrdən sonra imzalanıb. Sonra keçirilən birgə mətbuat konfransında Sercio Mattarella ölkəsinin Moldova Respublikasının Avropa İttifaqına daxil olmasına “tam və birmənalı” dəstəyini təsdiqləyib. “İtaliya Moldovaya Avropa standartlarına çatmaq üçün lazımi islahatları aparmağa gələcəkdə də köməklik göstərəcək və eyni şeyi Ukrayna üçün də davam etdirəcək”, -deyə Mattarella bildirib. İtaliya Prezidenti qeyd edib ki, Maya Sandunun üç il əvvəl Romaya səfəri həm iqtisadi, həm mədəni, həm də sosial baxımdan yüksək qiymətləndirilən ikitərəfli münasibətləri yeni mərhələyə çıxarmağa imkan verib. Eyni zamanda, o, İtaliyada yaxşı inteqrasiya olunmuş və fəal olan böyük moldovalı icmasının ölkəsinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Sercio Mattarella, həmçinin BMT-nin himayəsi altında sülhməramlı missiyalarda, İtaliya hərbçiləri ilə tərəfdaşlıqda həyata keçirilən əməliyyatlarda iştirakına görə Moldova Respublikasına təşəkkür edib. “Bu, sülh naminə əməkdaşlığın yaxşı əlamətidir, xüsusən də buradan bir neçə yüz kilometr aralıda müharibə olduğu üçün”, - deyən İtaliya Prezidenti ölkəsinin Ukraynanın ərazi bütövlüyünə möhkəm sadiqliyini və münaqişənin BMT prinsiplərinə uyğun olaraq sülh yolu həlli yollarını axtardığını təsdiqləyib. Öz növbəsində, Prezident Maya Sandu bildirib ki, İtaliya dövlət başçısının səfəri Moldova Respublikasına, xüsusən də təhlükəsizliyin indiki çətin kontekstində aydın dostluq və dəstək siqnalı göndərir. O, Avropaya inteqrasiya yolunda Kişineunu güclü və birmənalı şəkildə dəstəkləmək öhdəliyinə sadiq qaldığına və Ukraynanı dəstəklədiyinə görə İtaliyaya təşəkkürünü bildirib.

Rəşid Mahmudov qohum nikahlarından DANIŞDI: “İstəyən gedib qeyri-qanuni evlənsin”

“Qohum nikahlarının ləğv edilməsi tibbi nöqteyi nəzərindən çox doğru qərardır. Genetika deyilən bir elm var. Qohumlar bir-biri ilə evlənəndə genlərində, xromosomlarında nəsə bir problem varsa bir neçə nəsil sonra özünü göstərir. Dəlilik varsa dəlilik, bir başqa xəstəlik varsa o üzə çıxır. Bir həkim kimi bu qərardan çox razı qalaram. Bir çox dünya ölkələrində də qohum evlilikləri ləğv edilib. Bəziləri deyir ki, xalaqızı xalaoğlu ilə evlənə bilər. Bunu deməklə deyil. Ola bilər ki, bir neçə nəsil sonra o çatışmazlıq özünü göstərsin və yeni doğulan uşaqlar xəstə olsun” Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra əlavə edib. “İnsanları saflaşdırmaq, sağlamlaşdırmaq lazımdır. Cəmiyyətimiz onsuz da yaralı, zədəlidir. Küçədə gəzən insanların 50-60 faizi normal insanlar deyillər. Bu həqiqətdir. Bu qanundur, sən sevirsənsə get al da. Xarici ölkələrdə zaks büroları var. Orada həkimlər oturur. Əgər qadında rezis müsbətdirsə, kişidə mənfidirsə onların evlənməsinə icazə vermirlər. Çünki bunun sonu xəstəlikdir. Kim nəslində xəstə uşağın doğulmasını istəyər? Ona görə də xarici ölkələrdə icazə vermirdilər. Sovet dövründə məhəbbətə zaval yox idi, kiminlə evlənirsən get evlən. Bütün problem həkimin üstünə düşürdü. Həkim xəstə doğulan uşaqları müalicə etməli idi. Necə etsin?! Evlənən gedib qeyri-qanuni evlənsin, ona yəqin ki, nikah kəsilməyəcək, nikahsız yaşayacaqlar. Nə desəniz bizim millətdən çıxar. Bəzən uşaqlıqdan ad edirlər, göbək kəsdi edirlər. Yazıq uşaqları bədbəxt edirlər” deyə Rəşid Mahmudov bildirib.