“Müstəqil Həmkarlar” İctimai Birliyi iki seçki ilə bağlı qərar verdi

“Müstəqil Həmkarlar” İctimai Birliyinin iclası keçirilib. Təşkilatın həmtəsisçisi, prezidentliyə keçmiş namizəd Fuad Əliyev Reportyor.info-ya bildirib ki, iclasda növbəti parlament və bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul olunub. F.Əliyev bildirib ki, bələdiyyə seçkiləri dekabrda keçiriləcək, parlament seçkilərinin isə bu ilin yayında keçirilməsi ehtimalı var. Onun sözlərinə görə, İctimai Birlik olaraq hər iki seçkidə iştirak qərarı verilib. “Fevralın 7-də “Zəfər seçkisi” Xankəndidə, Şuşada, bütün Qarabağda oldu, indi də deputat və bələdiyyə seçimləri bu ərazilərdə olacaq. İnanırıq ki, azad, şəffaf, maraqlı seçkilər olacaq”,_ deyə Fuad Əliyev vurğulayıb.

Səfir: ABŞ Azərbaycan üçün 38 milyon dollara yaxın vəsait ayırıb

ABŞ minalardan təmizləmə əməliyyatları üçün Azərbaycana 38 milyon dollara yaxın vəsait ayırıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ səfiri Mark Libby Ağdamda minatəmizləyənlərin fəaliyyətə başlamalarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib. “Bu gün mən təlimlərini başa vuraraq peşəkar minatəmizləyən kimi fəaliyyətə başlayacaq bu cəsur azərbaycanlı mütəxəssislərə heyranlığımı və hörmətimi bildirirəm. Yeni minatəmizləyənlər arasında qadınları görmək məni xüsusilə sevindirir. Qadınları gücləndirmək ölkənin bütün işçi qüvvəsini işə cəlb etmək deməkdir və onların istedadlarından istifadə etmək istənilən problemin öhdəsindən gəlməyin ən yaxşı yoludur. Sizin işiniz məcburi köçkünlərin öz evlərinə daha tez və təhlükəsiz qayıtmasına kömək edəcək. Nəhayət və ən əsası, sizin işiniz xəsarətlərin qarşısını alacaq və həyatları xilas edəcək”, - diplomat qeyd edib. Səfir vurğulayıb ki, Birləşmiş Ştatlar minatəmizləmə təşkilatlarının texniki potensialının artırılmasına və ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsinə yönəlmiş humanitar mina fəaliyyətini dəstəkləməyə sadiqdir: “Biz Azərbaycanın minalardan təmizlənəcəyi günü səbirsizliklə gözləyirik və bu məqsədə çatmaqda Azərbaycanın yanındayıq”.

“İsrail İranı Azərbaycandan vura bilər” - Şaan Qantaaryan

“Nəzəri olaraq, İsrail İranı bazaları olan Azərbaycan ərazisindən vura bilər”. Sozcu.az xəbər verir ki, bunu Livanda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaaryan “Ermənistan xəbərləri”nin müxbiri ilə söhbətində deyib. O xatırladıb ki, İsrailin 44 günlük müharibədə bilavasitə iştirakı və İsrail bazalarının İranla sərhədə yaxın yerləşdirilməsi Tehran tərəfindən sakitliklə qəbul edilə bilməzdi və bu, İranla Azərbaycan arasında münasibətlərə təsir edib. “Azərbaycanın anti-İran müharibəsində mümkün iştirakı Azərbaycan tərəfi üçün risklərlə doludur, ona görə də Bakı bu riskləri ölçməlidir. Bu halda Azərbaycan təkbaşına qərar qəbul etməyəcək və hər şey Ankara ilə razılaşdırılacaq”, – Qantaaryan qeyd edib. O əlavə edib ki, Türkiyədə yerli seçkilərdən sonra Ankaranın ABŞ-dan asılılığı artıb. “Bu o deməkdir ki, ABŞ-nin razılığı olmadan Türkiyə Azərbaycana belə icazə verə bilməyəcək. Əgər biz İranla ABŞ arasında münasibətlərin gərginliyin pik həddə olduğu bir vəziyyətdən danışırdıqsa, o zaman güman etmək olardı ki, Azərbaycana öz ərazisini İrana hücumlar üçün əlverişli etmək tapşırığı veriləcək. Amma bu gərginlik azalıb”, – Qantaaryan vurğulayıb. Onun sözlərinə görə, bu zəifləmə hazırda Qərbin əsas rəqibi olan Rusiyanın təcrid olunması ilə bağlıdır: “Fransa səfiri xatırladıb ki, Paris və Tehran Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir və ölkələr müəyyən əməkdaşlıq haqqında danışıblar. Bu həm də İranla Qərb arasında münasibətlərin dəyişməsinin göstəricisidir. İran üçün strateji əhəmiyyətli bir fenomen var – Fars körfəzi-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa layihəsi. Bir neçə ay əvvəl İranın Ermənistanın cənubunda layihənin həyata keçirilməsi ilə bağlı əməli addımlar atmağa hazır olduğu barədə məlumatlar yayılıb. Əgər İranla Qərb arasında razılıq olmasaydı, onun Gürcüstana təsirini nəzərə almaq şərtilə bu layihənin nəticəsi olmazdı”.

Ermənistandakı Rusiya hərbi bazası Qarabağa köçürülür? - ŞOK İDDİA

Ermənistan XİN rəhbərinin MDB iclasında iştirakdan imtina etməsinə gəlincə, bu, İrəvan rəhbərliyinin ilk demarşı deyil. İrəvanın davranışı eyni anda iki stulda oturmaq istəyini ortaya qoyur. Bu isə yumşaq desək, son dərəcə çirkin görünür və üstəlik, belə bir məqamda nəyisə, məsələn, şalvarı cırmaq olar.  Sozcu.az xəbər verir ki, bunu rusiyalı ekspert Aleksey Martınov deyib. "Mİ-6-nın rəhbəri Riçard Mur tez-tez İrəvana gedir, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns də orada olur. Bütün bunlar Ermənistan tərəfindən təxribat xarakterlidir. Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı proqnozdan danışsaq, o zaman Moskva, əlbəttə ki, heç bir kəskin addım atmayacaq. Çünki Rusiya ümumiyyətlə, emosional düşüncələrə meylli deyil, baxmayaraq ki, Paşinyanın yeni Qərb dostları tərəfindən fəal şəkildə təhrik olunur. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğuna gəlincə isə xatırlatmaq istərdim ki, Ermənistan ərazisində Gümrüdə Rusiya hərbi bazası var və bu, təkcə Rusiyanın mövcudluğunu deyil, həm də bütün regionun təhlükəsizliyini təmin edir. Baxmayaraq ki, Ermənistan Azərbaycanla münaqişə vəziyyətindədir və hələ də sülh müqaviləsi imzalanmayıb, əminəm ki, Rusiya regionda öz hərbi mövcudluğunu qoruyacaq. Baza məsələsi yenidən gündəmə gəlsə, o zaman çox güman ki, Rusiya bazası Qarabağ ərazisinə keçəcək. Rusiya istənilən digər münaqişədə olduğu kimi bu münaqişədə də heç kimin tərəfini tutmur, lakin Kreml regionda olmasını tələb edən geostrateji maraqlarını müdafiə edir və bu, təmin olunacaq", - o bildirib.

“Rusiya çalışır ki, Azərbaycan və Ermənistan arasında hərbi toqquşma olsun”

“Rusiya hazırda çalışır ki, Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşma baş versin. Ümid edirəm ki, bizim hakimiyyət bu ssenaridən yayına biləcək”. Sozcu.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Azərbaycan Rusiya ilə imzalanmış Bəyannamə əsasında Ermənistanın Rusiyadan qopub, Qərblə yaxınlaşmasına qarşı sərt mövqe nümayiş etdirmək öhdəliyi götürüb. “Bəzən mürəkkəb görünən məsələlərin sadə izahı olur. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə var. Bəyannamənin 4-cü maddəsində yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla, konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər”. 5-ci maddə orta məktəb şagirdinin də anlayacağı dərəcədə sadə və aydındır: “Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər". Yaxud 7-ci maddəyə baxaq: “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər”. 25-ci maddəyə nəzər salaq: “Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər””. Politoloq qeyd edib ki, Qərbin Ermənistana yerləşməklə Azərbaycana hərbi təhdid törətdiyi yönündə yerli KİV-də aparılan təbliğat isə Azərbaycanın sözügedən öhdəliklə bağlı həyata keçirdiyi siyasəti, o cümlədən rus ordusunun Azərbaycanda qalmasını ölkə daxilində əsaslandırmağa və haqlı göstərməyə yönəlib.

“Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır”

“Toplum TV”nin həbsdə olan təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edən Xətai Rayon Məhkəməsinin bu qərarından vəkili apelyasiya şikayəti vermişdi. Şikayətə aprelin 3-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. Sozcu.az“Meydan TV”yə istinadla xəbər verir ki, məhkəmədə vəkil Aqil Layıc şikayətində göstərilən arqumentləri sadalayıb. Deyib ki, müvəkkili heç bir cinayət törətməyib, onun həbsdə saxlanmasına əsas yoxdur. Onun sözlərinə görə, Ələsgər Məmmədlinin həbsdə saxlanması humanizm prinsiplərinə də ziddir. Çünki həbsdə saxlanması həyatına təhlükədir. Onun səhhətində ciddi problemlər var. Ələsgər Məmmədli xərçəng ehtimalı ilə əlaqədar müayinədən çıxarkən klinikanın önündə tutulub. Ələsgər Məmmədli özü də şikayətin təmin olunmasını istəyib. “Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır. Mən təcili müayinə və müalicə olunmalıyam”, – Ələsgər Məmmədli bildirib. O vurğulayıb ki, həbsdə olduğu müddətdə boğazındakı şiş də böyüyüb və boğulma yaradır. Hüquqşünas əlavə edib ki, heç bir cinayət törətməyib, müstəqil medianı susdurmaq üçün sifarişlə həbs olunub. Müstəntiq isə əksinə, Ələsgər Məmmədli haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsinə etiraz edib. Deyib ki, həbsdən buraxılsa, sonradan yayına bilər, şahidlərə və proses üçün əhəmiyyətli digər şəxslərə təsir göstərmək ehtimalı var. Müdafiə tərəfinin arqumentlərinə baxmayaraq, hakimlər şikayəti təmin etməyib – Bakı Apelyasiya Məhkəməsi də Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edib. Vəkil Aqil Layıc bildirib ki, müvəkkilinin təcili müayinə və müalicəsi üçün Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə müraciətlər ünvanlayıb. Lakin müraciətlərinin heç bir nəticəsi yoxdur: “Təəssüf edirəm ki, insan həyatına belə yanaşırlar. Məhkəmələr humanizm prinsipinə əhəmiyyət vermirlər. Ələsgər Məmmədli təcili iynə biopsiyası olunmalıdır”. Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib. Həbs olunanlar arasında “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı “III Respublika”nln ofisindən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı susdurmaqdır.

"İran Azərbaycanla müharibəyə başlayacaq" - SENSASİON AÇIQLAMA

“İranın fikrinə laqeyd yanaşmaq olmaz. O, Azərbaycanla müharibəyə başlayacaq. Həm də təkcə Azərbaycanla deyil, Türkiyə ilə də”. Sozcu.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Maksim Şevçenko “Vestnik Kavkaza”nın xüsusi layihəsində – Zəngəzur dəhlizi ilə bağlı “Qaynama nöqtəsi”ndə bildirib. Tarixçi-jurnalist Elmar Hüseynovla söhbətində o daha sonra vurğulayıb: “Fransa İrana kömək edəcək. NATO-nun bir hissəsi parçalanacaq. Zəngəzur dəhlizi olarsa, o zaman İran dünya siyasətinin strateji ölçüsündən atılacaq”.konkret)

Ruslan Əliyevə yeni vəzifə verildi

“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə Azərenerji ASC-də yeni vəzifə verilib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb. Əmrə əsasən, Ruslan Əliyev Azərenerji ASC-nin departament direktoru təyin edilib. Xatırladaq ki, Ruslan Əliyev ötən ay "Azəriqaz"ın baş direktoru vəzifəsindən azad edilmişdi.

ABŞ Honqkonq rəsmilərinə qarşı sanksiya tətbiq edib

ABŞ Çinin Honqkonq Xüsusi İnzibati Bölgəsinin rəsmilərinə viza sanksiyaları tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken məlumat verib. Onun yazılı bəyanatında qeyd olunub ki, Çin hakimiyyəti Honqkonqda vətəndaş cəmiyyəti, media və fərqli fikirlərə qarşı təzyiqləri gücləndirir. O, konkret kimin ABŞ-ın hazırkı məhdudiyyətləri altına düşdüyünü açıqlamayıb. . “Biz Konqres və beynəlxalq ictimaiyyətlə birlikdə Honqkonq xalqının qorunan hüquq və azadlıqlarının bərpasına, milli təhlükəsizlik qanununa əsasən haqsız yerə həbs edilmiş şəxslərin dərhal azad edilməsinə çağırış edərək onlara dəstək olmaq üçün işləməyə davam etməyə sadiqik”, - Blinken deyib.

Elə vəziyyət yaratmalıyıq ki, müharibə… - Paşinyan

Biz sülh haqqında çox danışmalıyıq, lakin unutmamalıyıq ki, bu, təkcə bizim qərarımızdan asılı deyil. Biz elə bir vəziyyət yaratmaq istəyirik ki, müharibə mümkünsüz olsun. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan dünən Gümrüdə Mülki Müqavilə Partiyasının təşəbbüs qrupu ilə görüşündə deyib. “Bunun başlayıb-başlamayacağını deyə bilmərik. Bizim siyasi məqsədimiz belədir: bu ölkə ətrafında elə bir vəziyyət yaratmalıyıq ki, müharibə sadəcə qeyri-mümkün olsun. Bu, çox çətin məsələdir”, - o bildirib.

"Krokus" terrorunu ermənilər Bakıya qarşı törədib? – Şok

Moskvada Ağalarov ailəsinə məxsus “Krokus Siti Holl” ticarət mərkəzi tikilən gündən qısqanclıqla qarşılanmışdı. Çünki təkcə buranın konsert zalı 7,2 min tamaşaçını, Kreml sarayı isə 5,5 min tamaşaçını yerləşdirə bilir. 15 min nəfərlik “VTB-Arena”, “Otkrıtaya Arena” meydançasında 12 min nəfərlik yeri olan konsert zalı və Avtozavodskda 15 min nəfərlik “Vse zvezdı” adlı zallar ideyası məhz Ağalarov biznesinə qarşı yaradılmışdı. Hətta bütün Rusiyada söz sahibi olan Hikmət Sabirabadlı da bu şirkətin əsas ofisi qarşısında qətlə yetirilmişdi və hüquq-mühafizə orqanları cinayəti indiyə qədər açmamaqla göstərirlər ki, onların bir azərbaycanlının belə böyük biznesinə dözmək fikirləri yoxdur. Təkcə buranın zalı illik ən azı 35 milyon dollar gəlir gətirir, 70 milyon dollar sərmayə cəmi iki ilə geri qayıtdı. Sozcu.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib. “Şəxsi fikrimə görə, bu teraktda xarici təsir yoxdur. Məncə, bu, digər biznes qruplarının Ukrayna müharibəsindən istifadə edib Ağalarov biznesinə zərbə vurmasıdır. Xüsusilə Ara Abramyanın Ağalarova zərbə vurmaq niyyəti çoxdan var idi. Hesab edirəm, düzgün araşdırma aparılsa, burada Rusiya kəşfiyyatının özünün əli olması sübut edilə bilər və ehtimalla erməni terror qruplarından istifadə edilib. Ola bilsin, Şərqdən də xüsusi adamlar bu terakta cəlb edilib. Kadrlara baxdım, peşəkar qrup işinə oxşayır və eyni zamanda bəzi kadrlardan onların səsi var, ciddi ləhcə hiss edilir”, - o bildirib. Alim vurğulayıb ki, Rusiya FSB-sinin bura qədər gələn tam silahlı dəstəni izləyə bilməməsi də qəribədir: “Bir müddət əvvəl Qudkov və Kasparov silahlı üsyana başlamaq barədə çağırış da etmişdilər. İkisi də Ermənistanın açıq qoruyucuları olan şəxslərdir. Hesab edirəm ki, bir azərbaycanlıya olan terrordur bu və eyni zamanda bizim dövlətə hansısa mesajı vermək istəyirlər. Həmçinin qeyd edim ki, dünən və bu gün yüzlərlə azərbaycanlı Novruz bayramı ilə bağlı “Krakus”da tədbirlərdə iştirak etmək üçün gedib. Məhz bu günü seçmələri də təsaddüfi deyil”.

"20 il əvvəl törədilən Nord-ost teror aktı ssenarisinin təkrarlanması ciddi suallar doğurur" - Mustafa Hacıbəyli

Moskvada yerləşən “Krokus Siti Holl”da terror aktı baş verib. Nəticədə ilkin ehtimala görə, 130 nəfər həlak olub, yüzlərlə yaralı var. Kompleksdə partlayışdan sonra yanğın hələ də davam edir.  Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli terror aktında Rusiyanın xüsisi xidmət orqanlarının fəaliyyətinin ciddi sualalr doğurduğunu bildirib:  "Moskvada Araz Ağalarova məxsus "Krokus Siti"də konsert zamanı terror törədilib. Necə olubsa, seçkidə bir seçki qutusuna "zelyonka" tökən vətəndaşın qarşısını alan Rusiya xüsusi xidmət orqanları, onlarla insanın öldürülməsi, yüzdən çox insanın yaralanması ilə nəticələnən o boyda hücumun qarşısını ala bilməyib. İstər-istəməz Moskvada 20 il əvvəl törədilən Nord-ost teror aktı yada düşür. O vaxt bir çox suallar açıq qalmışdı. Həmin terror aktının cəmiyyəti çeçenlərə qarşı səfərbər etmək üçün FSB-nin sifarişi ilə törədildiyi barədə iddialar vardı. Uzun fasilədən sonra, Kremlin cəmiyyəti Ukraynaya qarşı səfərbər etməyə çalışdığı vaxt eyni ssenarinin təkrarlanması ciddi suallar doğurur".