Delimitasiya üçün bu xəritələrə diqqət ediləcək

Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin növbəti görüşündə sərhədlərin delimitasiyası üçün topoqrafik xəritələrin əlaqələndirilməsinə xüsusi diqqət yetiriləcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryan jurnalistlərə açıqlamasında deyib. “Söhbət yalnız peşəkar topoqrafik xəritələrdən getməlidir. Çox vaxt insanlar sxematik və metodoloji xəritələri topoqrafik xəritələrlə qarışdırırlar. Delimitasiya prosesi, eyni zamanda, təkcə xəritələrlə işləməyi nəzərdə tutmur: ilk növbədə, bu və ya digər xəritənin tərtib olunduğu hüquqi baza və dəstəyi müəyyən etmək lazımdır. Azərbaycanla danışıqlar prosesində bütün bu nüanslar çox vacibdir”, - Qriqoryan bildirib.

"Putin üçün Nürnberq prosesi": Rusiya təcavüzü barədə dinləmələr keçirilir

"Ukraynanın Rusiya ordusu tərəfindən yandırılmış şəhər və kəndləri və kütləvi qətllər  barədə dünya məlumatlıdır..." "Rusiyanın Ukraynada 500-dən artıq hərbi cinayətlərinin sübutları toplanıb və 160-dan artıq şahid dindirilib..." ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası (ABŞ Helsinki komissiyası) Rusiyanın Ukraynaya qarşı və Rusiya Federasiyasının ukraynalı qadınlar və uşaqlara qarşı təcavüzü barədə dinləmələr keçirir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko "Teleqram-kanal"ında məlumat verib.  Ukrayna mənbələri məlumat verib ki, açıq dinləmələr Almaniyanın nasist cinayətkarların mühakimə edildiyi Nürnberq şəhərində, 600 saylı zalda keçirilir. "Bunun rəmzi mənası var. Almaniya hakimiyyəti Rusiyanın Ukraynada 500-dən artıq hərbi cinayətlərinin sübutlarını toplayıb və 160-dan artıq şahid dindirilib", - Geraşşenko məlumat verib. Ukraynanın TCH telekanalının reportajında iddia edilir ki, iclasın keçiriıdiyi yer, "sadəcə, rəmz deyil, həm də beynəlxalq ədalət məhkəməsində dönüş məqamıdır". Çünki dinləmələr prezident Vladimir Putini hərbi cinayətlərinə görə məhkum edəcək tribunalın təşkil edilməsi çərçivəsində keçirilir. Bu ərəfədə Ukrayna prezidenti Vladimir Zelenski dinləmələrdə iştirak edənlərə videomüraciətlə çıxış edib. "Dünya Ukraynanın Rusiya ordusu tərəfindən yandırılmış şəhər və kəndlərini görüb. Dünyada hər kəs ən azı Rusiyanın işğal etdiyi ərazilərdə mütləq kütləvi qətllər barədə eşidib", - Zelenski deyib. O, xatırladıb ki, "Putin müharibəsi tərəfindən ayrı düşmüş ailələrin və ukrayna uşaqların deportasiyasından dolayı ağrı ilə barışmaq mümkün deyil". Zelenski bəyan edib ki, Ukrayna hakimiyyətinə tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiya tərəfindən Ukraynadan oğurlanan 20 min uşağın adları bəllidir.  Ukrayna liderinin sözlərinə görə, bu, sayı yüz minlərə çata biləcək gerçəkdən oğurlanan uşaqların yalnız bir hissəsidir. ABŞ Helsinki Komissiyasının "Ukraynaya qarşı hərbi cinayətlərə görə Rusiyanın məsuliyyətə cəlb edilməsi" adlı dinləmələri fevralın 3-də başlayıb. Bundan öncə Ukrayna Ali Radası güman edib ki, 40 ölkənin üzərində işlədiyi xüsusi beynəlxalq tribunal artıq bu il işə başlaya bilər. Xatırladaq ki, ötən ilin mart ayında Haaqada Beynəlxalq Cinayət Məhkəməsi Ukrayna uşaqlarının Rusiya ərazisinə qanunsuz deportasiyasına görə Vladimir Putin və uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belyayevanın həbsinə order verib.

“İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb”

“İrəvan Bakıdan sülh müqaviləsi layihəsi ilə bağlı daha bir təkliflər paketi alıb”. Sozcu.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində bildirib. Armen Qriqoryan həmçinin bildirib ki, Nikol Paşinyan və İlham Əliyev arasında Münxendə keçirilən görüşdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü barədə razılıq əldə olunub. “Hazırda tarixlər müzakirə olunur, lakin tarixlər, yer və format barədə dəqiq məlumat yoxdur”, - Qriqoryan əlavə edib. “Biz işi davam etdiririk, düşünürəm ki, xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsi müzakirə olunacaq”, - Təhlükəsizlik Şurasının katibi bildirib. Ölkə liderləri səviyyəsində görüşün mümkünlüyünə gəlincə, Qriqoryan qeyd edib ki, müzakirələr gedir, lakin yekun qərar yoxdur.

Məktəblilərin qeyri-etik davranışı: cinayət işi qaldırıldı

156 nömrəli məktəbin XI sinif şagirdinin 2023-cü il, yanvarın 17-si məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə cinayət işi qaldırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. O bildirib ki, hazırda istintaq hərəkətləri davam etdirilir.

Ermənilərin Qarabağa qaytarılmasını müzakirə edirik - Zaxarova

Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bu sahədə dialoqumuz müntəzəm və konstruktiv xarakter daşıyır. Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sülhməramlıların gələcəyi ilə bağlı yanaşmaları şərh edərkən deyib. Müzakirə olunan məsələlər arasında ermənilərin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qayıtması perspektivləri, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi də var.

XİN: Ermənistan tərəfinin son təxribatı sülh prosesinə ciddi zərbədir

Ermənistan tərəfinin son təxribatı sülh prosesinə ciddi zərbədir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən törədilmiş son hərbi təxribata dair şərhində deyilir: "12 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır", - şərhdə qeyd edilib.

Bu gün 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirəcək. Mərkəzdən Sozcu.az-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq. Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır. İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir. Qeyd olunan dəyişikliklə əlaqədar imtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq. İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun bal elan olunduqdan sonra baxılacaq və bu zaman yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbul olunacaq. “İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın. Bir daha xatırladırıq ki, kartı zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək”, - DİM-dən bildirilib. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır: “İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur. Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 15‑dən 29-dək aparılıb. İmtahanda iştirak etmək üçün 19 725 bakalavr ərizə təqdim edib. Onlardan 18 205 nəfər Azərbaycan bölməsi, 1 520 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12 713-si cari ilin, 7 012-si isə əvvəlki illərin məzunlarıdır, 46 nəfər xarici ölkə vətəndaşıdır. Qəbul imtahanı Bakıda 55, Sumqayıtda 5, Abşeronda 5, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 14 331, Naxçıvanda 497, Gəncədə 1 361, Sumqayıtda 1 367, Abşeronda 1 145, Mingəçevirdə 615, Lənkəranda 409 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1 396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq”. Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər: - Şəxsiyyəti təsdiqləyən sənədin əslini; - “İmtahana buraxılış vərəqəsi”ni. Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq. İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 10-da imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Rusiya bizim əsas tərəfdaşımız ola bilməz - Paşinyan

Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Radioya müsahibəsində bildirib. O, bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyib. "Biz başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi", - Paşinyan qeyd edib.

Azərbaycanda 44 hərbçi cəzalandırılıb

Ötən il Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılıb, onlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa və hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 hərbi qulluqçusu mükafatlandırılıb, 15 hərbi qulluqçu Prezidentin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb, 24 hərbi qulluqçu Türkiyəyə müxtəlif sahələr üzrə kurslara göndərilib. Kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilib. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul ediliblər. Ötən il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib.

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi fərqli sistemlə aparılacaq

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi fərqli bir sistemlə olacaq. Sozcu.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, artıq bununla bağlı hazırlıq işləri görülür: "Elektron sistem üzərində, yeni meyarların müəyyən edilməsi üzrə iş aparılır. Yeni müayinə mərkəzində müasir avadanlıqlarrın quraşdırılması istiqamətində işlər görülür". Agentlik sədri vurğulayıb ki, dövlət başçısının müvafiq fərmanı ilə 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

“Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, sülhün imzalanması daha da uzana bilər”

“İstər ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilənlər, istərsə də Karnegi Fondunun eksperti Krivoşeyevin təhlili reallığı əks etdirir. Və o da doğru vurğulanır ki, bu reallıq sülh müqaviləsinin imzalanmasına aparmır”. Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bunu Musavat.com-a açıqlamasında deyib. Qeyd edək ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünü sülhpərvər kimi göstərsə də, əslində, az gücə malikdir. Eyni zamanda bildirilir ki, Paşinyan özünü sülh naminə fədakar kimi təqdim etməyə çalışır, amma bu iqtidarda deyil. Həmçinin, hesabatda qeyd olunub ki, Kreml Paşinyanın getdikcə artan anti-Rusiya mövqeyinə görə ona qarşı tənqidləri gücləndirməyə davam edir. Bundan əlavə, Karnegi Fondunun eksperti Kirill Krivoşeyevin qənaətinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə əldə olunmasına ümid praktiki olaraq itib. İ.İsmayıl isə bütün bunlarla bağlı bildirib ki, əcnəbi ekspertin İordaniya və Misirlə bağlı apardığı paralellərdə də həqiqət payı çoxdur: “Oxuculara aydın olsun deyə, qısa bir tarixi ekskurs edək. 1967-ci ildə tarixə “altı günlük müharibə” kimi düşümüş İsraillə Misir, İordaniya və Suriya arasında olan müharibə İsrailin qələbəsi ilə bitdi. Amma, bu dövlətlər arasında sülh çox gec imzalandı. İsrail və İordaniya arasında sülh müqaviləsi 27 ildən sonra, 1994-cü il 25 iyulda Vaşinqtonda əvvəlcə qətnamə, üç ay sonra isə 26 oktyabrda sülh müqaviləsi imzalandı. Misirlə isə sülh müqaviləsi 12 il sonra, 26 mart 1979-cu ildə Vaşinqtonda imzalandı. Qalib İsrail olsa da, məğlublar uzun müddət inad göstərmiş, amma sonunda sülh üçün Ənvər Sədat, İordaniya Haşimilər krallığı təşəbbüs göstərdilər. Əlbəttə ki, ABŞ -nin vasitəçiliyi ilə. Krivoşeyevin bir məntiqi də diqqətəlayiqdir: “bu prosesi məcbur etməyə çalışmaq təhlükəlidir, çünki qeyri-sabitliyə səbəb ola bilər”. Azərbaycan -Ermənistan arasındakı anklav kəndlər problemi isə nəinki qeyri-sabitliyə, hətta yeni müharibəyə səbəb ola bilər. Zəngəzur yolunun açılması gecikə bilər və bu daha çox Ermənistanın zərərinə işləyəcək. Amma, birbaşa anklav kəndlərlə bağlı tezliklə danışıqlar prosesi başlamasa və ən azı anklav olmayan 4 kəndin təhvil verilməsi sürətlənməsə təhlükəli situasiya yarana bilər”. İ.İsmayıl hesab edir ki, burada vasitəçinin də düzgün yanaşmasından çox şey asılıdır: “Təəssüf ki, Misir və İordaniyadan fərqli olaraq, Cənubi Qafqazda bir neçə vasitəçi var və bu vasitəçilərin bir-biri ilə eyni masaya əyləşmək fikirləri yoxdur. Ermənistan isə təminatçısız sülh bağlamaq istəmir. Praktik sülh doğrudan da indi görünmür. Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, iki ölkə arasında sülhün imzalanması daha da uzana bilər”.

"Azərbaycanın sivil dünyadan təcrid olunması prosesi gedir" -Arif Hacılı

Azərbaycanın ASPA-dakı nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandirdığını bildirib.  Bu barədə yayılan bəyanatda AŞPA irqçilikdə, Azərbaycanofobiya və İslamofobiyada ittiham edilir.  2001- ci ildə Azərbaycanın AŞPA üzvlüyünə qəbul edilməsi hökümətin uğurlu xarici siyasətinin nəticəsi kimi yüksək səslə və uzun müddət təbliğ olunmuşdu… İndi, 23 il sonra ölkənin Konstitusiyasına və Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olmayan əks proses də düzgün xarici siyasət kimi təbliğ olunur.  Problem yalnız AŞPA ilə münasibətlərə aid deyil. Əslində Azərbaycanın tədricən sivil dünyadan təcrid olunması prosesi gedir ki, bu həm təhlükəsizliyimiz, həm də inkişafımız üçün ağır nəticələrə səbəb ola bilər.  Azərbaycan televiziyalarında və digər plarformalarda qərbə qarşı “stəkanda fırtına” nı xatırladan təbliğat kampaniyaları təşkil etmək yanlış yoldur.  Bu prosesin qarşısını almaq üçün ölkənin daxili və xarici siyasətində ləngimədən fundamental dəyişikliklər edilməlidir.