Bu gün Milli Məclisdə “Hərbi xidmət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, iki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır. İki uşağın saxlanması özü elə dövlətə köməkdir. Gələcəkdə qanunvericilikdə məsələyə baxılmalıdır, 2 uşağı olan hərbi xidmətə çağırılmamalıdır. İki uşaq il yarım öz valideynini görmür”. Qeyd edək ki, Azərbaycanda iki və ya daha çox uşağı olan kişilərin hərbi xidmətə çağırılmaması təcrübəsi 1992-1994-cü illərdə tətbiq edilib. Bu qərar əsasən həmin dövrdəki spesifik sosial və siyasi vəziyyətlə bağlı idi. Həmin illərdə, Qarabağ müharibəsinin davam etdiyi dövrdə ölkədə ümumi səfərbərlik şəraiti hökm sürürdü. Sosial müdafiəyə ehtiyacı olan ailələrin dəstəklənməsi məqsədilə belə bir qayda müvəqqəti tətbiq edilmişdi. İki və ya daha çox uşağı olan kişilər müvəqqəti olaraq hərbi xidmətə çağırışdan azad edilirdi. Ancaq bu praktika uzun müddət davam etmədi və sonrakı illərdə müvafiq qanunvericiliyin dəyişdirilməsi ilə bu qayda qüvvədən düşdü. Bununla belə illərdir ki, ekspertlər qanunvericilikdə yenidən bu məsələ ilə bağlı dəyişiklik edilməsini təklif edirlər. Bundan əvvəl isə SSRİ-nin "Hərbi borc haqqında qanun"unda konkret güzəştlər göstərilmişdi. İki və ya daha çox uşağı olan kişilər üçün güzəştlər bəzi yerlərdə tətbiq edilə bilərdi, lakin bu, mütləq qayda deyildi və müharibə vəziyyətində bütün kişilər səfərbərlik üçün çağırılırdı. Sovet dövründə bir sıra digər məqamlar da nəzərə alınırdı. Əgər ailə müharibədə itkilər yaşamışdısa (məsələn, Böyük Vətən Müharibəsində), tək oğlan hərbi xidmətə çağırılmaya bilərdi. İki və ya daha çox uşağa təkbaşına baxan ata, hərbi xidmətdən azad ola bilərdi (bu, yerli hərbi komissarlığın qərarından asılı idi). Eləcə də alternativ xidmət (çox uşaq ailələri üçün) mövcud idi. SSRİ-də əksər kişilər üçün hərbi xidmət məcburi idi. Lakin kənd təsərrüfatı və ya sənaye müəssisələrində çalışaraq hərbi xidmətin əvəzində "alternativ xidmət" keçmək praktikası vardı. Bu güzəştlər ailəli və çox uşaqlı kişilər üçün daha geniş tətbiq edilirdi. Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycanda hərbi xidmətlə bağlı əvvəllər çox gözəl təcrübələr var idi. Çox təəssüflər olsun ki, o təcrübələr müasirlik, Qarabağ işğal altında adı ilə dəyişdirildi. Hətta mətbuatda da, sosial şəbəkələrdə də müzakirə olunan mövzulardan biri odur ki, ölkəmizin savadlı uşaqları aparılır, bu və ya digər səbəbdən, ya bədbəxtlikdən, ya xəstəlikdən dünyasını dəyişir. Mən hesab edirəm ki, uşağı olan hərbi qulluqçular Azərbaycanda kifayət qədər çağırışçı potensialı var. Onların alternativ xidmət keçmək hüququ tanınsın. Deməkdən yorulduq, alternativ xidmət keçmək haqqında qanunu qəbul edin. Bu, Azərbaycan dövləti üçün vacib qanundur. Bir valideyni 1 il 6 ay müddətində iki uşaqdan ayırıb hərbi xidmətə apardıq. İl yarım ərzində uşaq ata nəvazişindən də məhrum olur, uşağın problemləri də qalır yazıq qadının boynunda. Niyə biz öz balalarımızın düşməniyik?! Alternativ xidmət nədir- Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, güc strukturlarının hospitalları, reabilitasiya mərkəzləridir, bunu etmək olar. O təklifi neçə vaxtdır ki, biz səsləndiririk. Nəinki 35 yaşdan 30 yaşa qaytarmaq, hərbi xidmətə çağırış yaşı 27 yaş olmalıdır. Ona görə ki orduda nizamnamədən kənar münasibətlərin sayı azalacaq. İki uşaqla xidmətə çağırılmaq insafsızlıqdır. Biz ailələrin təməl daşını yerindən tərpədirik. Uşaq ata nəvazişi görməlidir. İki uşaqdan biri xəstələndi, həyat yoldaşından başqa yanında kimsə yoxdur, nə etməlidir. Təklifləri sadəcə millət vəkilləri səsləndirməməlidir. Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi təklif verməlidirlər, QHT-lər də buna qoşulmalıdır”. O ki qaldı, sui-istifadə hallarına, ekspert dedi ki, xidmət etmək istəməyənlər onsuz da başqa bəhanələr tapacaqlar: “Ya rüşvət verəcəklər, ya özlərini xəstəliyə vuracaqlar. Onsuz da xidmət etmək istəməyənlər etmir. Biz niyə pis tərəfini düşünürük ki. Alternativ xidmətdə ali təhsillilər iki il xidmət edəcək, orta təhsillilər isə üç il edəcək. Yəni seçim veriləcək”. Qeyd edək ki, ötən həftədən Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri I oxunuşda müzakirə edib. Bununla bağlı Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Prezident Vladimir Zelenski Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun ideyasına qoşulmaq təklifi ilə Avropa Birliyi liderlərinə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının məlumatında deyilir. “Biz bu zəmanətlər çərçivəsində Fransanın Ukraynadakı hərbi kontingentlə bağlı təşəbbüsünü dəstəkləyirik və digər tərəfdaşları bu səylərə qoşulmağa çağırırıq, bu, müharibənin sona çatmasına kömək edəcək”, - deyə o bildirib.
Zərdab rayonunun sabiq icra başçısı Lütvəli Babayevin qardaşı oğulları barəsində cinayət işi açılıb. Sozcu.az Modern.az-a istinadən xəbər verir ki, sabiq başçının qardaşı oğulları Telman Babazadə və Yadigar Babayev xuliqanlıqda ittiham edilir. Onlar barəsində Cinayət Məcəlləsinin 221.2.-ci (Xuliqanlıq bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Zərərçəkmiş şəxslər R.Qədirzadə və T.Qədirzadə adlı bacı-qardaşlardır. İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Lütvəli Babayev 2007–2019-cu illərdə Zərdab rayonunun, 2005–2007-ci illərdə Mingəçevir şəhərinin icra başçısı vəzifəsində çalışıb. Xatırladaq ki, sabiq icra başçısının qardaşı oğulları əvvəllər də avtoxuliqanlıq əməllərinə görə saxlanılıb.
Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Sozcu.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilib. Son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur: "Əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilib. Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək". Məlumata görə, sözügedən məsələ ilə bağlı hələlik qanuna heç bir dəyişiklik edilməyib: "Sadəcə, bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır. Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni alitəhsilli çağırışçılar əvvəllər olduğu kimi, 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər".
Yaşın 35 yaşdan 30-a endirilməsi 2 övladı olan bir çox şəxsin hərbi xidmətdən azad olunmasına səbəb olacaq. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib. Azər Babayev bildirib ki, qanun qəbul olunarsa, faktiki həmin kateqoriya insanlar çağırışdan azad olunacaqlar: “Amma ümumiyyətlə 2 uşağı olanların azad edilməsi heç Türkiyə təcrübəsində də yoxdur”.
Müdafiə Nazirliyinin (MN) tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə başlayıb. Sozcu.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmənin baxış iclası dekabrın 26-na təyin olunub. Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərova Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub. Elvin Cəfərov MN-dəki mənimsəmə üzrə cinayət işində təqsirli bilinib. Onun cinayət işi ayrıca icraata götürülüb. Onun tərəfindən dövlətə vurulmuş ziyan 2 milyon 200 min manat hesablanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında Elvin Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Elvin Cəfərov ötən ilin dekabrında Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.
Milli Məclisdə "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda dəyişikliklər müzakirə olunub. Qanun layihəsinə əsasən, hərbi təhsil müəssisələrindən müvəffəqiyyətsizliyə, intizamsızlığa görə xaric edilən kursantlar hərbi hissələrə göndərilərək, müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib. O iddia edib ki, kursantların hansı əsaslarla tərxis ediləcəyi sual doğurur "Qanun layihəsinə görə, Ali Hərbi Məktəbdə oxuyan uşaq intizamsızlığa görə əsgərliyə göndərilməlidir və onun dörd günü bir gün sayılmalıdır. Sonra isə onu korpus komandirinə təqdim edib ordudan təxris etməlidirlər. Lakin bu qanunda Müdafiə Nazirliyi ilə yanaşı, Dövlət Sərhəd Xidməti (DSX) və Daxili Qoşunların (DQ) hərbi təhsil müəssisələrindən xaric edilən kursantlarının taleyi ilə bağlı boşluqlar mövcuddur. Belə ki, DSX və DQ-də korpus sistemi mövcud deyil və bu səbəbdən kursantların hansı əsaslarla tərxis ediləcəyi sual doğurur"./Axar.az
Səddam Hüseyn rejiminin məhvindən sonra İsrailə birbaşa təhdid yaradan daha bir ərəb rejimi çökdürüldü. Suriyada bundan sonra nələr ola biləcəyini təxmin etmək üçün İraqda 2003-cü ildəki ABŞ işğalından sonra baş verənlərə nəzər salmaq lazımdır. Bənzər model Suriyada da tətbiq oluna bilər. İsrail xarici işlər naziri də məhz buna - federallaşmaya işarə edərək kürd faktorunun vacibliyini xüsusi vurğulayıb. Hələlik dəqiq bilinən budur ki, İraqdakı kimi, Suriyada da güclü mərkəzi hökumət mövcud olmayacaq. İsrail hazırda Suriya ərazisində demilitarizasiya (Əsəd ordusunun bütün silah-sursat və hərbi texnika ehtiyatının məhvi) tədbirləri həyata keçirməklə bu hərbi potensalın istər yeni hökumətin, istərsə də ayrı-ayrı qrupların əlinə keçməsi ehtimalını aradan qaldırır. İsrail boşluqdan yararlanaraq Qolan təpələrində 1974-cü ildə razılaşdırılmış bufer zonasını, xüsusən Şamın ovuc içi kimi göründüyü strateji əhəmiyyətli Hermon dağını da nəzarətə götürüb. Bu da Suriyada istənilən perspektivə qarşı özünü sığortalamaq deməkdir. Əsədin devrilməsi ilə İranın İraq və Suriya üzərindən Livana açdığı quru dəhlizi kəsilmiş oldu. İrandan Aralıq dənizi sahilinə uzanan "şiə ayparası" dağıldı. Xərclənən milyardlarla dollar, verilən itkilər boşa çıxmış oldu. Suriyanı itirən İranın bölgədəki qol-budaqlarının doğranması davam edəcək. "Hizbullah"ın darmadağın edilməsindən sonra növbənin Yəmən və İraqdakı "Ənsərullah" və "Haşdi Şabi" qruplaşmalarına çatdığını söyləmək mümkündür. Diplomatik müstəvidə hər hansı anlaşma əldə olunmasa, sonda isə yəqin ki, birbaşa İran özü hədəf alınacaq. Xarici siyasət və təhlükəsizlik sahəsində əldə olunan bu uğurlar İsrail baş naziri Netanyahunu daxildə hüquqi təqibdən xilas edə bilməyib. Bu gün o, korrupsiya, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları üzrə məhkəmə qarşısında şahid qismində ifadə verib. Vəkillərin prosesin təxirə salınması barədə vəsatətini rədd edən hakimlər baş nazirin həftədə 3 dəfə məhkəməyə gəlib ifadə verməsi barədə qərar qəbul ediblər. Şahin Cəfərli, politoloq
Bakıda qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 11-nə təyin edilib. Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq. O, cəzasının azaldılmasını istəyir. Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd: Hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovanı 5 bıçaq zərbəsi ilə xəsarət yetirib. Rəfail Cavadov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb./Pravda.az
Aparıcı Tural Əsədov "Umico" şirkətindən narazılığını ifadə edib. Sozcu.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında şirkəti qanunsuz fəaliyyət göstərməkdə ittiham edib. O, postunda bunları qeyd edib: "Bilirəm ki, uzun-uzadı oxumağa həvəsiniz yoxdur. Lap qısa deyirəm: "Umico.market" Azərbaycan Respublikasının qanunlarını tanımır, saymır və riayət etmir. Bu postdan sonra 'şirkətin' şəxsən mənə sualı olsa, 8 gün ərzində mən tərəfdən olan zəngləri rahatlıqla araşdırandan sonra verə bilərlər. Çünki göstərdikləri 'xidmət' səviyyəsinin ölçülməsi məqsədi ilə bütün zənglər qeydə alınıb. Google-da 'Umico' yazanda birinci sorğu təklifi 'umico şikayət' çıxır. Demək, mən birinci deyiləm. İlk dəfədir ki, ümid edirəm axırıncı olum". Aparıcının paylaşımı qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. O, şirkət xidmətlərinin keyfiyyətsizliyindən narazılığını vurğulayıb və məsələnin həlli üçün diqqət tələb edib. Şirkət isə hələlik bu açıqlamaya münasibət bildirməyib.
2022-ci ildə MİQ imtahanlarında iştirak edən və uğurlu nəticə göstərən ibtidai sinif müəllimi Südabə Sadıqova iki ildir ki sertifikatını ala bilmir. O, bu barədə Bakupost.az -a şikayətində bildirib. S.Sadıqova qeyd edib ki, 33 il Bakı şəhəri, Təbriz küçəsində yerləşən 77 saylı məktəbdə (hazırda Bakı Ankara Məktəb-Liseyi) çalışıb: "2022-ci ildə, 64 yaşımda sertifikasiya imtahanından keçdim. O vaxt deyirdilər ki, sertifikasiyadan keçənlər beş il işləyə bilər. 2023-cü ilin fevralından may ayına qədər bütün müəllim yoldaşlarım sertifikatlarını aldılar. İyun ayında mən də sertifikatın dalınca düşdüm. Dəfələrlə Təhsil Nazirliyinin Qəbul şöbəsinə getdim. Orada mənə dedilər ki, sənədi ASAN Xidmətə göndəriblər. İki dəfə ASAN Xidmətə getdim, amma oradan da sertifikatın olmadığını bildirdilər. Axırda Nazirlikdən dedilər ki, hərf səhvi olub, ona görə sənəd qalıb". 2023-cü ilin sentyabr ayında təqaüdə göndərilən müəllimə, o vaxtdan bəri hər ay 146 "Qaynar xətt"inə müraciət etsə də, eyni cavabları alır: "Hər dəfə "Hələ hazır deyil", "Hazır olanda verəcəyik", "Emailinizə göndərəcəyik" deyirlər. Lakin heç bir nəticə yoxdur. Bu sertifikat mənim qanuni haqqımdır. Sertifikasiyadan keçmişəm, amma sənədimi ala bilmirəm. Onlar 64 yaşlı müəllimin əsəblərini poza-poza sertifikasiyaya göndəriblər. İmtahandan keçmişəm və sertifikatımı tələb edirəm". Maraqlıdır ki, Təhsil Nazirliyi müəllimə sertifikat vermək əvəzinə onu təqaüdə göndərib. Təqaüdə göndərilən müəllimlərə sertifikat verilmirmi? Məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikatlaşdırılması Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarına əsasən tənzimlənir. " 2022-ci ildə edilən dəyişikliklərdən biri də 60 yaşı tamam olmuş şəxslərin sertifikasiyada iştirakının könüllü olmasıdır. Bu o deməkdir ki, həmin şəxslər sertifikasiyada iştirak etmək üçün əlavə olaraq ərizə yazıb müraciət etməlidirlər ki, 60 yaşımın tamam olmasına baxmayaraq sertifikasiyada iştirak etmək istəyirəm. Yalnız bu müraciətdən sonra onlar sertifikasiyaya cəlb edilə bilərlər". Ekspertin sözlərinə görə, sertifikasiyada iştirak etdiyi halda, sertifikatın kağız şəklində verilməsinin xüsusi bir halı yoxdur, lakin müəllim onu almaq hüququna malikdir: "Mən düşünürəm ki, bu, əmək münasibətlərindən irəli gələn problemdir. Həmin müəllim ilk növbədə yazılı şəkildə Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) müraciət etməlidir. Əgər 15 gün ərzində cavab almazsa və ya cavab onu qane etməzsə, o zaman məhkəməyə müraciət etməsi məqsədəuyğundur". Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən edilmiş müvafiq dəyişikliklərə əsasən, təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərə elektron sənəd formasında yaradılan sertifikat veriləcək: “Elektron sənəd formasında təqdim edilən sertifikatlar müəllimlərin portal.edu.az platformasında yerləşən şəxsi kabinetlərinə əlavə ediləcək. Hazırda bu istiqamətdə sistemdə texniki işlər aparılır”.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Zelenskinin ofisinin rəhbəri Andrey Ermakla görüşündə 2025-ci ilin yanvar ayının ortalarına qədər Kiyevi yüz minlərlə mərmi, minlərlə raket və yüzlərlə zirehli texnika ilə təmin edəcəyinə söz verib. Sozcu.az xəbər verir ki, bu barədə “Qardian” nəşri məlumat verib. “Ceyk Sallivan dünən bir saatdan çox Andrey Yermakla görüşdü. Ukraynanı yanvarın ortalarına qədər yüz minlərlə əlavə artilleriya mərmisi, minlərlə raket və yüzlərlə zirehli texnika ilə təmin edəcəyinə söz verdi”, - məlumatda qeyd olunub.