Həkim sirləri açdı: Bu ölümdə baş həkim günahkardır!

2023-cü ildə Saatlı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin 30 saatdan sonra Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı başlayan proses yekunlaşıb. Saatlı Məhkəməsinin 9 sentyabr 2025-ci il qərarı ilə həmin vaxt sözügedən xəstəxanada çalışan və doğuşu qəbul edən mama-ginekoloq Könül Xudatova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, əlavə cəza kimi bir il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mamaginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

K.Xudatova isə Axar.az-a açıqlamasında bütün ittihamları rədd edib və olduqca diqqətçəkici nüanslara toxunub.

Onun sözlərinə görə, körpənin ölümünün tamamilə başqa səbəbi var:

“İşlədiyim Saatlı rayon Mərkəzi Xəstəxanasında 2023-cü ilin iyul ayının 12-də sancıları və digər doğuş əlamətləri başlayan, hamiləliyin son mərhələsində qəbul şöbəsinə daxil olan hamilənin təbii yolla, yəni fizioloji doğuşunu qəbul etmişəm. Doğuşla normal körpə dünyaya gəlib. Ancaq qısa müddət sonra körpədə tənəffüs çatışmazlığı aşkarlandı. Xəstaxanada küvəz və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olduğu üçün dərhal uşaq həkimlərini, o cümlədən xəstəxananın direktor müavini və baş həkimi, ixtisasca neonatoloq (yenidoğulmuşlarda baş verə biləcək xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkim – red.) olan Araz Usubovu dəvət edərək, doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə körpəyə zəruri yardımın göstərilməsi və perinatal mərkəzə təxliyəsinin təmin olunması üçün onları məlumatlandırdım. Lakin baş həkim tibbi klinik protokolların tələblərini pozaraq yenidoğulmuşda müvafiq müayinələrin aparılması təmin etmədən, xüsusi aparata (SPAP-a) qoşmadan, küvəzə yerləşdirilmədən doğuş zalında masanın üzərində 6 saat (binozal oksigen altında) saxladıqdan sonra körpənin vəziyyətinin getdikcə ağırlaşmasını gördüyündən, onu təxliyə qaydalarına riayət etmədən “tibb bacısının qucağında” Sabirabad RMX Perinatal Mərkəzə təxliyə etdi. Sabirabad RMX Perinatal Mərkəzində də körpə dərhal küvəzə yerləşdirilməyib, ona yanlış ürək qüsuru diaqnozu qoyulub, yaşaması üçün vacib olan süni ventelyasiya aparatına qoşulmayıb. Hətta həm ibtidai, həm də məhkəmə istintaqı prosesində o da təsdiqləndi ki, Sabirabadın həkimləri yenidoğulmuşu Bakıya süni ventelyasiya aparatına qoşulması üçün təxliyə edilməsini xahiş etsələr də, səlahiyyətli orqan və şəxslər tərəfindən yerin olmadığı bildirilib, yenidoğulmuşun həyatının xilas edilməsinə təşəbbüs göstərilməyib. Nəticədə körpə doğuşdan 30 saat sonra, ertəsi gün, iyulun 13-də saat 17.00 radələrində Sabirabad RMX-də ölüb. Saatlı və Sabirabad xəstəxanalarının rəhbərliklərinin və həkimlərinin səhlankarlığı səbəbindən lazımi tibbi yardım göstərilməmiş körpənin ölməsində təqsirkar müəyyən edilməli olduğundan, onları məsuliyyətdən yayındıraraq bu ölümdə heç bir hüquqi əsas olmadan yalnız məni doğuşu qəbul etdiyim üçün təqsirli bilərək Saatlı rayon prokurorluğu tərəfindən mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib və bir il yarım müddət çəkən məhkəmə prosesindən sonra ibtidai istintaqın topladığı sübutların şahid ifadələri və ekspert rəyləri ilə qərəzli və qeyri-obyektiv olması öz təsdiqini tapmasına rəğmən, bu ilin sentyabr ayının doqquzunda Saatlı Rayon Məhkəməsinin hökmü ilə mən həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişəm və əlavə cəza kimi bir il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mamaginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişəm. Bu, çox ədalətsiz qərardır və mən hökmən bu hökmdən apellyasiya şikayəti verəcəm”.

K.Xudatova qeyd edib ki, mətbuatda ananın ölümü və ya xəsarət alması ilə bağlı yazılanlar da həqiqəti əks etdirmir:

“Ana sağ-salamatdı, hətta cinayət işində olan saysız-hesabsız ekspertiza rəylərində də ananın hər hansı xəsarət almadığı, fizioloji doğuşun fəsadsız sonlandığı, körpənin də doğuş zamanı heç bir xəsarət almadığı və yaşamaq qabiliyyətli olduğu öz təsdiqini tapıb. Həm də maraqlısı oldur ki, Saatlı Rayon Məhkəməsinin hökmü həmin gün gecə saatlarında elektron məhkəmə sisteminə yerləşdirilsə də, həmin gün artıq gündüz saatlarında mətbuatda hökm barədə təhrif olunmuş yazılar vardı. Düşünürəm ki, bunun səbəbi birinci instansiya məhkəməsinin ədalətsiz hökmünün növbəti instansiyalarda qüvvədə qalmasına maraqlı olan şəxslər tərəfindən məqsədli şəkildə edilə bilər. Çünki hamı bilir ki, bu ədalətsizliyə etiraz edəcəm və apellyasiya şikayəti verəcəm. Maraqlı şəxslər deyəndə kimi nəzərdə tutduğumu yəqin ki, təxmin edirsiniz və onların rayonda imkanları haqda da təsəvvürünüz olmamış olmaz”.

Mama-ginekoloqun sözlərinə görə, birinci instansiya məhkəməsində bir çox həqiqət üzə çıxıb:

“Saatlı Rayon Məhkəməsinin qərarı əsasında 2024-cü ilin noyabr ayında keçirilmiş təkrar ekspertiza ilə ibtidai istintaqın mənə qarşı irəli sürdüyü ittihamda göstərilənlər tam təkzib edildi, yəni doğuşu düzgün idarə etdiyim üzə çıxdı və məlum oldu ki, neonatoloq həkimlər tərəfindən yenidoğulmuşa tənəffüs dəstəyi düzgün təmin edilsəydi, yenidoğulmuşun ölümünün qarşısının alınması şansı çox olardı. Dövlət ittihamçısına sərf etməyən bu rəy onun əsaslandırılmamış vəsatəti ilə məhkəmə tərəfindən qüsurlu hesab edildiyi üçün yenidən təkrar ekspertiza keçirildi. Onu da xüsusi vurğulayım ki, çoxsaylı müraciətim əsasında mənim və Saatlı, Sabirabad RMX-lərin digər aidiyyəti əməkdaşlarının iştirakı ilə 2025-ci ilin fevral ayının 14-də Səhiyyə Nazirliyinin “Hamiləlik, doğuş zamanı ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə” və “Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə” komissiyalarının, eləcə də TƏBİB-in eyni adlı komissiyalarının 12 nəfərlik yüksək ixtisaslı üzvlərindən ibarət birgə komissiyasında dinləmə keçirildi. Həmin komissiyanın rəyində mənim doğuşu düzgün qiymətləndirdiyim və idarə etdiyim, yenidoğulmuş uşağının doğuşunu klinik protokolların tələblərinə uyğun sonlandırdığım, heç bir qayda pozmadığım və doğuşdan sonra 30 saat yaşamış yenidoğulmuşun ölümündə təqsirimin olmadığı, uşağın neanotoloq həkimlərin klinik protokolların tələblərini pozması nəticəsində öldüyü göstərilib. Lakin nədənsə yenə də, ibtidai istintaq dövründə olduğu kimi, Ceyhun Allahverdiyevin rəhbərlik etdiyi “təknəfərlik” şöbədə tərtib edilmiş rəydə Səhiyyə Nazirliyinin komissiyasının rəyi nəzərə alınmayıb və mənim və müdafiəçimin iştirakı təmin edilməyib. Məhkəmənin qərarı ilə rəy qeyri-mötəbər hesab edilərək, yenidən təkrar komisyon ekspertiza təyin edildi. Gülməlisi də odur ki, ekspertizaların təkrar təyin edilməsinə baxmayaraq, hər dəfə məhkəmə yeni bir sual əlavə edərək, məni təqsirləndirmək üçün dövlət ittihamçısına yardım etməyin yollarını axtarırdı. Nəhayət sonuncu ekspertiza rəyində də iştirak edən ekspertlər tərəfindən doğuşun tərəfimdən düzgün idarə edilməsi, lakin yenidoğulmuşun tənəffüs dəstəyinin düzgün təmin edilməməsi, təxliyə qaydalarının pozulması təkrar müəyyən edildi. Onu da xüsusilə qeyd edim ki, məhkəmənin “bəyənmədiyi” birinci və sonuncu üst-üstə düşən rəylər kifayət qədər təcrübəli ekspertlər, ATU-nun professor və şöbə müdirləri tərəfindən tərtib olunmuşdur. Eyni zamanda vəsatətimiz əsasında Səhiyyə Nazirliyinin sözügedən rəyi həmin sonuncu ekspertiza rəyində nəzərə alınmışdır. Lakin hökm bu faktların tamamilə məqsədli şəkildə təhrif edilməsi ilə konstitusion hüquqlarımı ciddi şəkildə pozan məhkəmə aktıdır. Nə deyəcəyimi bilmirəm. İbtidai istintaqı aparan müstəntiqin yazdığı qeyri-obyektiv və ədalətsiz ittiham aktı bu hökmdən çox-çox səliqəli və inandırıcı səslənirdi. Bir sözlə istintaq dövründə kimləri isə qorumaq məqsədi ilə mənə qarşı ittiham verilməsi üçün yenidoğulmuşun inkişaf tarixinin saxtalaşdırılması belə məhkəmə istintaqında protokollarda öz əksini tapsa da, bəzi əvvəlki rəylərdə, şahid ifadələrində imzaların saxtalaşdırılmasına şübhələr olsa da, məhkəmə bu vəsatətləri təmin etmədi, bir sözlə əvvəlcədən qarşıya qoyulan “məqsədə” çatmaq üçün bütün obyektiv sübutlardan yan keçmişdir”.

Könül Xudatovanın sözlərinə görə, məhkəmənin bu qərarı verməsi müstəntiqi və ekspertləri qorumaq məqsədi daşıyıb:

“Məhkəmə bəraət hökmü çıxarsaydı, iş yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmalı idi, bu zaman ibtidai istintaqa rəhbərliyi həyata keçirən prokuror və ekspertlər barəsində tədbir görülməli idi, təqsiri olan həkimləri təhlükə gözləyirdi. Sizcə, bu qədər insanı incitməkdənsə, 3 azyaşlı körpə anası, ailəni yeganə dolandıran, arxasız Könül Xudatovanı güdaza vermək “sərfəli” deyilmi? Lakin mən ümidimi itirməmişəm. İnanıram ki, ictimaiyətin dəstəyi ilə haqq-ədalət öz yerini tapacaq”.

Share on Facebook