Müsahibədən keçə bilməyən müəllimlərin sayı AÇIQLANDI

Ötən il müəllimlərin işə qəbulu müsabiqəsində 30 müəllim müsahibə mərhələsindən keçə bilməyib. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sessiyada deyib. O bildirib ki, müsahibə mərhələsindən keçə bilməyənlərin əksəriyyəti orta yaş qrupuna aid təhsilverənlərdir. Eşqi Bağırov adətən gənc namizədlərin müsabiqədə uğurlu nəticə göstərdiyini vurğulayıb: "Burada aydın görünən problem öyrətmə metodu ilə bağlıdır".

Nəcməddin Sadıkovun oğlunun şəriki məhkəməyə verildi - STOP QOYULUR

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlunun biznes ortağı Akimov Kamal Akimoviç məhkəməyə verilib. Sozcu.az-ın məlumatına görə, onun sahibi olduğu “Keystone” şirkətinin dövlət büdcəsinə vergi borcları yaranıb. Lakin o, nəzərdə tutulan vaxt ərzində həmin borcları ödəməyib. Nəticədə K. Akimoviç barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. İddia tərəfi isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir. Dövlət qurumu borclar ödənmədiyi təqdirdə Akimovun Azərbaycandan kənara çıxışına məhdudiyyət qoyulmasını xahiş edib. Qeyd edək ki, uzun illərdir mətbuatda Kamal Akimoviç Akimovun Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır. Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir. (lent.az)

Baqrat sərhədimizdə mitinq keçirəcək

“Vətən uğrunda Tavuş” revanşist hərəkatının lideri, keşiş Baqrat Qalstanyan bu gün Azərbaycanla sərhədə gəlir. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Baqrat Göyçə mahalında 18:00-da mitinq keçirəcək. Həmçinin keşiş bildirib ki, yaxın gələcəkdə Zəngəzura da getmək niyyətindədir.

Aytən Səfərovanı efirə buraxmırlar? - Özü açıqladı

İlk günlərdən “Xəzər” telekanalının rəhbəri Murad Dadaşov başda olmaqla çalışdığım telekanalın hər bir əməkdaşı mənim yanımdadır. Onlar bir gün də olsa məni tək buraxmayıblar. Sozcu.az xıbır verir ki, bu sözləri Globalinfo.az-a Xəzər TV-nin aparıcısı Aytən Səfərova efirə buraxılmaması iddiaları haqda danışarkən deyib. O, xəbərləri təkzib edib: “Sadəcə, səhhətimlə bağlı özüm, ailəm və həkimlər işə çıxmağımı məqbul saymırdılar. Ona görə də “Xəzər” telekanalında efirə buraxılmamağım haqqında yayılan məlumatlar böyük bir dezinformasiyadır. Özüm də o xəbəri oxuyan zaman şoka düşdüm. Lakin belə şayiələrə fikir vermək lazım deyil. Hətta bir ara məlumat yaymışdılar, guya rəhmətə getmişəm”. A.Səfərova efirə nə zaman qayıdacağını açıqlamayıb: “Düzü, bu haqda danışmaq istəmirəm, hələ tezdir. Hazırda əsas məsələ mənim psixoloji və ümumi səhhətimin tam yerinə düşməsidir. Amma Xəzər TV mənim üçün, mən də onlar üçün dəyərliyəm”.

Ensiklopediyanın növbəti cildi yarım milyona çap ediləcək

Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi nəşr ediləcək. Sozcu.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, AMEA-nın Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb. Artıq Milli Ensiklopediyanın 11-ci cildi çapa hazırdır. Hazırda nəşriyyat axtarışında olan mərkəz cildin nəşrinin 519 000 manata başa gələcəyini ehtimal edir. Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının nümunəvi və satış nüsxələri cildləri ənənəvi olaraq Almaniyada çap edilib. Lakin 2022-ci ildə ensiklopediyanın 10-cu cildi pandemiya şəraitindən irəli gələn çətinliklərə görə Bakıdakı nəşriyyatların birində çap olunub. 11-ci cildin də paytaxtdakı nəşriyyat mətbəəsində çapa verilməsi nəzərdə tutulub.

Şəhid ailələri və qazilər “Bakı Metropoliteni”ndən şikayət etdi: “İşıqlarımızı qanunsuz olaraq kəsiblər…”

"Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasının keçidində çalışan əsasən şəhid ailələri, Qarabağ müharibəsi veteranları və qazi ailələrindən ibarət olan sahibkarlar metropoliten rəhbərliyindən narazılıq edirlər.  Sozcu.az xəbər verir ki. bu barədə Demokrat.az-ın redaksiyasına şikayət daxil olub.  Sahibkarlar bildirirlər ki, “Bakı Metropoliteni” QSC tərəfindən işıqları qanunsuz şəkildə kəsilib.  Məsələni aydınlaşdırmaq üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin  (QSC) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, Demokrat.az-a açıqlamasında bildirdi ki, metronun “20 Yanvar” stansiyasının keçidində bəzi obyektlərdə elektrik enerjisinin dayandırılması texniki nasazlıqlara görə baş verib: “Məsələ göründüyü kimi deyil. Həmin sahibkarlara qarşı heç bir qərəz yoxdur. Problem sadəcə olaraq texniki təhlükəsizlik məsələləri ilə bağlıdır. Bu da metro istifadəçiləri üçün risk yaratdığına görə elektrik enerjisinin verilməsində müvəqqəti fasilə yaranıb. Problem araşdırılıb aradan qaldırılacaq. Nəticə barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”. 

Berlin Ukraynaya Almaniya silahları ilə Rusiyanı vurmağa icazə verir?

"Berlin Ukraynanın Rusiya ərazisində Almaniya silahlarından istifadəsinə icazə verməyi nəzərdən keçirəcək". Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bunu ukraynalı həmkarı Rustem Umerov ilə keçirdiyi brifinqdə Almaniyanın müdafiə naziri Boris Pistorus deyib. O qeyd edib ki, kansler Olaf Şolts əvvəllər açıq şəkildə bəyan etdiyi kimi, silahlardan beynəlxalq hüquq çərçivəsində istifadə edilə bilər. Nazirin sözlərinə görə, bu məsələyə baxılır, lakin ictimai müzakirələr və “nəyə dözmək olar, nəyə dözmək olmaz” mövzusunda çərçivə yaratmaq üçün ikitərəfli razılaşmalara ehtiyac yoxdur.

MİQ imtahanı suallarında məkirli oyun: “Bilərəkdən çətinləşdirilir”

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən namizədlərin müəyyən qismi sualların çətin olmasından şikayətlənir. Mən müəllimlərin şikayətini haqlı hesab edirəm. Tərtib edilən suallar doğrudan da namizədlərin ali və orta ixtisas təhsili müəssisələrində aldıqları bilik və bacarıqlara uyğun deyil. MİQ imtahanı sualları bilərəkdən çətinləşdirilir, məzmuna uyğun verilmir”. Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. O bildirib ki, imtahana düşən suallar yalnız bir kitabda olur. İmtahan verəcək şəxlər isə repititor yanına gedərək bir neçə kitabda olan suallar əsasında hazırlaşırlar: “Universitet, kollec təhsili ilə nəticə əldə edə bilməyən müəllim məcbur qalıb hazırlıqlara gedərək pul xərcləyir. Əlavə də hər il təzə nəşr olunan kitablar almaq məcburiyyətində qalır. Bütün bunlar kommersiya məqsədi daşıyır. Bunu edənlər vəsait hazırlayan şəxslərdir. Maddi maraq güdürlər ki, müəllimlər gedib onların hazırladığı həmin kitabı alsınlar".

Zelenski-Makron görüşü olacaq - Məkan və tarix...

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Görüş iyunun 6-da Normandiyada baş tutacaq. “Prezident Zelenski gələn həftə Fransaya tədbirlərə gələrkən, onu qəbul etmək və daha sonra nə edəcəyimizi bildirmək üçün çox konkret danışmaq imkanım olacaq”, - Makron söyləyib.

Onlara alim kimi baxmıram - Nazir

Beş il heç bir məqalə yazmayan birinə alim kimi baxmıram. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, kimsə özünü elm adamı kimi təqdim edəndə, ilk işi data bazaya girib həmin şəxsin yazdıqlarına baxmasıdır: "Görəndə ki adam həmin müddətdə heç nə yazmayıb səmimi olaraq 5 il heç nə yazmayıbsa ona alim kimi baxmıram. Davranış belə də olmalıdır. Hamı bir-birinə belə baxanda davranışlarımız əsaslı şəkildə dəyişəcək. Alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir. Başqa insanların da bu məqalələrdən yararlanması da yazılan işin keyfiyyətini müəyyən edir".

Ermənistan dəymiş ziyana görə Azərbaycana torpaq verir

Dünən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə əlaqədar Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı. Növbəti mərhələdə isə 2 ölkə arasında ən mürəkkəb məsələlərdən biri olan anklav kəndlərin taleyi həll olunacaq.  Hazırda Ermənistan içərisində Azərbaycana məxsus 4, Azərbaycan sərhədləri daxilində isə Ermənistanın 1 anklav kəndi mövcuddur. Ermənistan Azərbaycana məxsus anklavları qaytarsa, rəsmi İrəvan Başkəndi tələb edə bilər. Bəs Gədəbəy rayonu ərazisində olan Ermənistan anklavının aqibəti necə olacaq?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın bir hissəsi qarşılığında Başkənd Bakının yurisdiksiyasında qalmalıdır:  “Bu tip məsələlərdə çox müxtəlif ehtimallar və variantlar irəli sürmək olar. Amma əsas məsələ ondan ibarətdir ki, Azərbaycan rəsmi qurumları və bu prosesi aparan nümayəndələr hansı mövqedə olacaq. Düşünürəm ki, Başkənd məsələsinin ən optimal yollarından biri, Ermənistanın Qarabağdakı işğalı dövründə Azərbaycana vurduğu milyardlarla dollar zərəri və o cümlədən mənəvi zərərin cüzi bir qarşılığı olaraq, Başkəndin Ermənistandan tələb olunmasıdır. Hətta Ermənistan mətbuatında da bu barədə tez-tez fikirlər səsləndirilir”.  Politoloq sovet dövründə Başkəndin Ermənistana mübahisəli formada verildiyini də diqqətə çatdırıb:  “Onsuz da, gec-tez ölkəmizə vurulmuş ziyanın kompensasiyası ödənilməlidir. Bunun cüzi bir hissəsinin qarşılığında Başkənd məhz Azərbaycanın yurisdiksiyasında saxlanmalıdır. Digər tərəfdən Başkəndin özünün Ermənistana verilməsi məsələsi də bir daha araşdırılmalıdır. SSRİ dövründə Azərbaycanın razılığı olmadan Kommunist Partiyasının qərarı ilə həyata keçirilən inzibati dəyişiklik prosesi yenidən müzakirə edilməlidir. Bu baxımdan Ermənistan üçün də ən optimal variantlardan biri də məhz elə kompensasiyanın bir hissəsi müqabilində Başkənddən əl çəkməkdir”. 

“Ən azı iki KTMT ölkəsi bizə qarşı müharibədə iştirak edib” - Paşinyandan yeni İTTİHAM

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini yenidən ittiham edib. Sozcu.az xəbər verir ki, Paşinyan mayın 22-də parlamentdəki “Hökumət saatı”nda çıxış edərkən ittihamı belə ifadə edib: “Mən bizə qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıyıram. Bu ölkələr bizə kömək etmək istəyi imitasiyasını yaradıblar. Amma o müharibə “Dağlıq Qarabağ”la bağlı deyildi. Onlar “Dağlıq Qarabağ” məsələsilə bağlı sualı çoxdan bağlayıblar... Həmin müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin olmaması idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı”. Paşinyan daha sonra əlavə edib ki, 2021-ci ilin mayında parlament və Hökumət buraxılanda da həmin ölkələr Ermənistan dövlətini dağıtmağa cəhd etdilər, lakin bu cəhd uğursuz oldu. “2022-ci ilin sentyabrında da cəhd etdilər, yenə alınmadı. Sonra 2023-cü ilin sentyabrında sosial şəbəkələrdə insanları seçilmiş hökumətə qarşı çıxmağa çağıranda cəhd etdilər, amma o zaman da alınmadı. Ardınca 9 may 2024-cü ildə cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq. Sərhədin delimitasiyası ilə Ermənistan 2024-cü il mayın 9-da baş vermiş hadisələrlə paralel olaraq bir çoxlarını sərhəddə qarşıdurma törətmək imkanından məhrum etdi. Əgər biz dövlətimizi 1-2 il qoruyub saxlaya bilsək, deməli, yaxın 50-100 ildə onun mövcudluğuna zəmanət verilir. Delimitasiya prosesi sayəsində biz bu problemin 60%-ni həll etdik”, - Paşinyan qeyd edib. Paşinyan KTMT üzvü olan hansı iki ölkəni nəzərdə tutduğunu açıqlamasa, siyasi ekspertlər onun Rusiya və Belarusa eyham vurduğunu qeyd edirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlanan hərbi blokun əsası 15 мая 1992-ci ildə  Rusiyanın təşəbbüsü ilə qoyulub. Hazırda KTMT-nin üzvləri Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.