Baş prokuror Köçəryana məxsus əmlakın müsadirəsini TƏLƏB ETDİ

Ermənistan Respublikasının baş prokuroru Anna Vardapetyan eks-prezident Robert Köçəryanın və onunla əlaqəli 7 nəfərə məxsus 25 vahid daşınmaz əmlakın Ermənistanın xeyrinə müsadirə edilməsini tələb edib. Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş prokuror həmçinin Köçəryanın 5 avtomobilinin, 16 erməni və xarici hüquqi şəxsdə iştirak payının, 4 milyon dollardan çox depozit qiymətli kağızlarının müsadirə olunmasını istəyib. Tələb Köçəryanın etirazına səbəb olsa da, məsələyə tezliklə baxılıb qərar veriləcək.

Azərbaycanda TikTok ləğv edilir? - Gözlənilməz qərar

ABŞ-da TikTok platforması bağlanıb. Bu şəbəkənin Azərbaycanda da bağlanması çağırışlarına vaxtaşırı rast gəlinir. İctimaiyyət orada yerli tiktokçuların əxlaqa zidd hərəkət etdiyini bildirir və narazılıq edir. İndiyə kimi bir neçə tiktoker sutkalıq həbs edilib. Onlar qanunsuz çağırışlar etdikləri və əxlaqsız davranışlara yol verdikləri üçün hüquqi şəkildə cəzalandırılıblar.  Yeri gəlmişkən, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi son sorğularından birində respondentlərin 75 faizi bu sosial şəbəkə platformasının qapadılmasına razı olduğunu bildirib. Mövzunu Globalinfo.az-a şərh edən Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib ki, müasir çağımızda sosial şəbəkələr ən dağıdıcı silah hesab olunurlar. Onun sözlərinə görə, böyük dövlətlər bu şəbəkələr vasitəsilə insanın fitrətindən gələn ünsiyyət ehtiyacından və basdırılmış güclərindən faydalanıb, öz təsir dairələrini yaradırlar: “Bu mənada nəzarət altına ala bilmədiyin istənilən sosial şəbəkə dövlətlərin milli təhlükəsizlik probleminə çevrilə bilər. Düşmən dövlətlər həmin silahla sənin ölkənin insanlarını özünə qarşı qaldırar, böyük dağıntılara yol aça, nəticədə səni özündən asılı vəziyyətə sala bilər. ABŞ da əslində TikTok bu səbəbdən bağlamağa qərar verdi. ABŞ Senatının Kəşfiyyat Komitəsinin üzvü Marko Rubio bu faktı açıq şəkildə etiraf edərək deyib: “İllər boyu Çin Kommunist Partiyasına Amerikadakı ən məşhur proqramlardan birinə nəzarət etməyə icazə verdik, bu, təhlükəli bir uzaqgörənlik idi”. Senator bu təhlükənin qarşısını almaq üçün TikTok-un satın alınmasını istəyirdi. Çin də bununla razılaşmadığına görə, ABŞ TikTok-u qadağan etdi. Yəni demək istədiyim odur ki, TikTok-un əxlaqa zidd yayımlar etməsi, heç bir senzuraya əhəmiyyət verməməsi Vaşinqton üçün önəmli deyildi. Sadəcə, ona nəzarət edə bilmədiyindən öz ölkəsində mövcudluğunu da istəmədi”. TikTok, Telegram və s. kimi sosial şəbəkələrin ən zəruri senzuraları tətbiq etməməsinin düşünülmüş bir siyasət olduğunu bildirən Heydər Oğuz bu kimi naqis əməllərin əslində digər tətbiqlərdə də mövcud olduğunu qeyd edib:  “Sadəcə, birində daha bariz şəkildə görünür, başqalarında qismən nəzərə çarpmır. Belə əxlaqazidd qaydaların tətbiqi həmin sosial şəbəkələrin insanın fitrətindən doğan zəifliklərə uyğun şəkildə yaradılmasından irəli gəlir. Əvvəla, onu xatırladım ki, “insan” ərəbcə “ünsiyyət” sözündən irəli gəlir. Yəni bizim ilk özəlliyimiz ünsiyyətcilliyimizdir. İkinci mühüm özəlliyimiz azadlıq duyğumuzdur. Söhbət təkcə əxlaqi azadlıqdan getmir. Söhbət həm də ondan gedir ki, əxlaq qaydalarının özü belə insanın vəhşi azadlıq hissini məhdudlaşdırır. Təsadüfi deyil ki, bir çox əxlaq kodeksləri ilahi mesajlardan irəli gəlsə də, bəziləri sırf insanları istismar etmək üçün hakim rejimlər tərəfindən yaradılır. Bu da nəticə etibarilə insanların vəhşi azadlığa meylini artırır. Dünyanı idarə etmək istəyən güclər də məhz bu zəif nöqtəmizdən yapışıb bizi özünə bağlayır”. Heydər Oğuz bunun təkcə sosial şəbəkələr vasitəsilə yox, həm də bəzi ideoloji axımlar yolu ilə cəmiyyətə təlqin olunduğunu düşünür:  “Bilirsiniz ki, Avropada cinsi azlıqlar, qeyri-ənənəvi ailə münasibətləri insan hüquqları adı ilə cəmiyyətlərə sırınır və onların hüquqları ən yüksək səviyyədə qorunur. Bu da yeri gələndə klassik əxlaqa zidd hadisədir. Milli əxlaqları ortadan qaldırıb, onun yerinə vəhşi azadlıq təmayülləri gətirmək çinli, abş-lı bütün imperialist qüvvələrin başlıca siyasətləridir. TikTok-la bağlı ABŞ və Çin arasında çıxan qalmaqal da əslində bu imperialist silaha sahiblənmək uğrunda gedir”. Əxlaq və mədəniyyətimizi qorumağımızın əsas vəzifəmiz olduğunu bildirən H.Oğuz dünyada gedən qlobal dəyişikliklərdən də geri qala bilməyəcəyimizə inanır:  “Odur ki, bu cür sosial şəbəkələri bağlaya bilmərik. Əks halda bütün innovativ yeniliklərə qapımızı bağlamış olarıq. Nəticədə inkişaf tempimizi itirərik. ABŞ ona görə TikTok-u bağlaya bilir ki, onun yerinə özü nəsə yarada biləcəyini düşünür. Bəlkə də TikTok-la rəqabətdə ondan daha tərbiyəsiz və qayda-qanun tanımaz sosial şəbəkə meydana gətirəcək. Bizim isə belə şansımız yoxdur, hətta olsa belə, yaradacağımız həmin silah cəmiyyətimizin mental dəyərlərini qorumayacaq. Sadəcə biz də nəzəri olaraq başqa dövlətlərə təsir gücü qazana bilərik”.

Azərbaycanda zərərlə işləyən zavod BAĞLANIR

“Qazax Konserv Zavodu” ASC bağlanır.  Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılan illik yığıncağında müzakirə ediləcək. Səhmdarların ümumi yığıncağında, həmçinin aşağıdakı məsələlər müzakirə ediləcək: - 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi. - Cəmiyyətin ləğvi. - Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi. - Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər. - Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər. Xatırladaq ki, "Qazax Konserv Zavodu” 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 158 572 milyon manatdır. “Azərsun Holdinq” MMC-yə məxsus müəssissə son illər zərərlə işləyir. 

Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist DANIŞDI

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyevin bu gün yaşadığı evdə intihar etdiyi – özünü güllələdiyi barədə xəbər yayılıb. 73 yaşlı N.Quliyev tibb elmləri doktoru və professor, Əməkdar elm xadimi, Elmi-Tədqiqat Pediatriya İnstitutunun sabiq direktoru, idi. O, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri Kafedrasında çalışırdı. Baş Prokurorluğun Mətbuat xidmətiinin yaydığı məlumata görə, N.Quliyevin yaşadığı evdə intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatırma maddəsi ilə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti, səbəbi araşdırılır. Bəs ailəli və 3 övlad atası olan peşəkar həkimin intiharına nə səbəb ola bilər? Sozcu.az-ın məlumatına görə, tanınmış hüquqşünas-kriminalist İlqar Altay bu hadisəyə münasibət bildirib. “İlkin məlumata görə, yaşadığı evdə odlu silahla özünü vurub. Kimsə tərəfindən vurulması, çox az ehtimaldır. Hər halda, istintaq araşdırması olaya aydınlıq gətirər. Qaldı ki, intihara, depressiyanı, düşgünlüyü səbəb kimi əsas götürmək uyğun deyil, çünki mərhum indiyədək imkanlı vəzifələrdə işləyib. İntihara vadar etmə də inandırıcı gəlməz, belə bir tanınmış, vəzifəli şəxs çətin ki vadar edilsin. Qalır ailə münaqişəsi, güclü emosional stress... Bu hal indiki dövr kasıb-varlı olsun, çox ailələrdə yaşanır. Hər halda, ilk anda hansısa tərəfə yönəldilməsi elə də asan olmayan müəmmalı ölümdür. Yəqin ki, belə, üzdə olan tanınmış şəxslər barədə həqiqətlərin gizlədilməsi mümkün olmaz”, - İlqar Altay qeyd edib. Yayılan məlumata görə, Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb. Keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini qeyd edib. Sözügedən məktub istintaq orqanı tərəfindən götürülüb.

Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: Azərbaycanla sərhəddə... - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidməti media üçün məlumat yayıb. Musavat.com bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bu mühüm hadisə ilə bağlı paylaşım edib. "İlk sərhəd postu Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazax hissəsində quraşdırılıb" - Paşinyan paylaşımda qeyd edib.

Ermənistan Qarabağ uğrunda heç vaxt müharibə etməyəcək - Paşinyan

Ermənistan “Dağlıq Qarabağ” uğrunda müharibə aparmaq fikrində deyil.  Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.  “Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar heç bir ambisiyası yoxdur və biz ümid edirik ki, demarkasiya prosesi vasitəsilə Ermənistanın ərazi bütövlüyü bərpa olunacaq.  Qeyd etmişik ki, Ermənistan hökuməti hazırda insanların yaşamadığı 4 Azərbaycan kəndində - Qızıhacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanıs-Ayrımda insanların yaşaması üçün şərait yaratmağa hazırdır.  Eyni proses nəticəsində Ermənistanın Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində insanların öz evlərində sakit həyat şəraiti yaradılmalıdır”.  "Biz təhlükəsizlik risklərinin azaldılması baxımından son dərəcə vacib olan sərhədin delimitasiyası prosesinin praktiki mərhələsinə qədəm qoyduq", - Nikol Paşinyan əlavə edib.  Onun fikrincə, Ermənistanla Azərbaycan arasında yeni sərhədlər çəkilməməlidir, lakin SSRİ-nin dağıldığı dövrdə mövcud olan və de-yure hüquqi əsası olan sərhədlər bərpa olunmalıdır. 

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Nərimanov rayon Məhkəməsinin bugünkü qərarına əsasən, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində secilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunib. Sozcu.az xəbər verir ki, bu barədə Q.İbadoğlunun vəkili Bəhruz Bayramov bildirib. Qeyd edək ki, Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib. Ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Qubad İbadoğlunun məhkəmə prosesinin yaxın günlərdə başlanacağı gözlənilir. 

Paşinyan sərhədin demarkasiyası üzrə komissiyanın nəzdində işçi qrupu yaratdı

Ermənistanda Azərbaycanla sərhəd təhlükəsizliyi və dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın nəzdində işçi qrupu yaradılıb. Sozcu.az News.am-a istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan qərar imzalayıb. “Sərhədin müvafiq hissələrinin Bağanis - Bağanis Ayrum, Voskepar - Aşağı Əskipara, Kirants - Xeyrumlı və Berkaber - Qızıl Hacılı qəsəbələri, ölçmələr nəticəsində koordinatların dəqiqləşdirilməsi və müvafiq Protokol-təsvir layihəsinin tərtib edilməsi məqsədilə Azərbaycan Respublikası arasında sərhəd təhlükəsizliyi və dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın nəzdində işçi qrupu yaradılsın”, - qərarda deyilir. Qeyd olunur ki, 9 nəfərdən ibarət işçi qrupuna Marz qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək.

“Müstəqil Həmkarlar” İctimai Birliyi iki seçki ilə bağlı qərar verdi

“Müstəqil Həmkarlar” İctimai Birliyinin iclası keçirilib. Təşkilatın həmtəsisçisi, prezidentliyə keçmiş namizəd Fuad Əliyev Reportyor.info-ya bildirib ki, iclasda növbəti parlament və bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul olunub. F.Əliyev bildirib ki, bələdiyyə seçkiləri dekabrda keçiriləcək, parlament seçkilərinin isə bu ilin yayında keçirilməsi ehtimalı var. Onun sözlərinə görə, İctimai Birlik olaraq hər iki seçkidə iştirak qərarı verilib. “Fevralın 7-də “Zəfər seçkisi” Xankəndidə, Şuşada, bütün Qarabağda oldu, indi də deputat və bələdiyyə seçimləri bu ərazilərdə olacaq. İnanırıq ki, azad, şəffaf, maraqlı seçkilər olacaq”,_ deyə Fuad Əliyev vurğulayıb.

Səfir: ABŞ Azərbaycan üçün 38 milyon dollara yaxın vəsait ayırıb

ABŞ minalardan təmizləmə əməliyyatları üçün Azərbaycana 38 milyon dollara yaxın vəsait ayırıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ səfiri Mark Libby Ağdamda minatəmizləyənlərin fəaliyyətə başlamalarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib. “Bu gün mən təlimlərini başa vuraraq peşəkar minatəmizləyən kimi fəaliyyətə başlayacaq bu cəsur azərbaycanlı mütəxəssislərə heyranlığımı və hörmətimi bildirirəm. Yeni minatəmizləyənlər arasında qadınları görmək məni xüsusilə sevindirir. Qadınları gücləndirmək ölkənin bütün işçi qüvvəsini işə cəlb etmək deməkdir və onların istedadlarından istifadə etmək istənilən problemin öhdəsindən gəlməyin ən yaxşı yoludur. Sizin işiniz məcburi köçkünlərin öz evlərinə daha tez və təhlükəsiz qayıtmasına kömək edəcək. Nəhayət və ən əsası, sizin işiniz xəsarətlərin qarşısını alacaq və həyatları xilas edəcək”, - diplomat qeyd edib. Səfir vurğulayıb ki, Birləşmiş Ştatlar minatəmizləmə təşkilatlarının texniki potensialının artırılmasına və ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsinə yönəlmiş humanitar mina fəaliyyətini dəstəkləməyə sadiqdir: “Biz Azərbaycanın minalardan təmizlənəcəyi günü səbirsizliklə gözləyirik və bu məqsədə çatmaqda Azərbaycanın yanındayıq”.

“İsrail İranı Azərbaycandan vura bilər” - Şaan Qantaaryan

“Nəzəri olaraq, İsrail İranı bazaları olan Azərbaycan ərazisindən vura bilər”. Sozcu.az xəbər verir ki, bunu Livanda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaaryan “Ermənistan xəbərləri”nin müxbiri ilə söhbətində deyib. O xatırladıb ki, İsrailin 44 günlük müharibədə bilavasitə iştirakı və İsrail bazalarının İranla sərhədə yaxın yerləşdirilməsi Tehran tərəfindən sakitliklə qəbul edilə bilməzdi və bu, İranla Azərbaycan arasında münasibətlərə təsir edib. “Azərbaycanın anti-İran müharibəsində mümkün iştirakı Azərbaycan tərəfi üçün risklərlə doludur, ona görə də Bakı bu riskləri ölçməlidir. Bu halda Azərbaycan təkbaşına qərar qəbul etməyəcək və hər şey Ankara ilə razılaşdırılacaq”, – Qantaaryan qeyd edib. O əlavə edib ki, Türkiyədə yerli seçkilərdən sonra Ankaranın ABŞ-dan asılılığı artıb. “Bu o deməkdir ki, ABŞ-nin razılığı olmadan Türkiyə Azərbaycana belə icazə verə bilməyəcək. Əgər biz İranla ABŞ arasında münasibətlərin gərginliyin pik həddə olduğu bir vəziyyətdən danışırdıqsa, o zaman güman etmək olardı ki, Azərbaycana öz ərazisini İrana hücumlar üçün əlverişli etmək tapşırığı veriləcək. Amma bu gərginlik azalıb”, – Qantaaryan vurğulayıb. Onun sözlərinə görə, bu zəifləmə hazırda Qərbin əsas rəqibi olan Rusiyanın təcrid olunması ilə bağlıdır: “Fransa səfiri xatırladıb ki, Paris və Tehran Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir və ölkələr müəyyən əməkdaşlıq haqqında danışıblar. Bu həm də İranla Qərb arasında münasibətlərin dəyişməsinin göstəricisidir. İran üçün strateji əhəmiyyətli bir fenomen var – Fars körfəzi-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa layihəsi. Bir neçə ay əvvəl İranın Ermənistanın cənubunda layihənin həyata keçirilməsi ilə bağlı əməli addımlar atmağa hazır olduğu barədə məlumatlar yayılıb. Əgər İranla Qərb arasında razılıq olmasaydı, onun Gürcüstana təsirini nəzərə almaq şərtilə bu layihənin nəticəsi olmazdı”.

Ermənistandakı Rusiya hərbi bazası Qarabağa köçürülür? - ŞOK İDDİA

Ermənistan XİN rəhbərinin MDB iclasında iştirakdan imtina etməsinə gəlincə, bu, İrəvan rəhbərliyinin ilk demarşı deyil. İrəvanın davranışı eyni anda iki stulda oturmaq istəyini ortaya qoyur. Bu isə yumşaq desək, son dərəcə çirkin görünür və üstəlik, belə bir məqamda nəyisə, məsələn, şalvarı cırmaq olar.  Sozcu.az xəbər verir ki, bunu rusiyalı ekspert Aleksey Martınov deyib. "Mİ-6-nın rəhbəri Riçard Mur tez-tez İrəvana gedir, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns də orada olur. Bütün bunlar Ermənistan tərəfindən təxribat xarakterlidir. Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı proqnozdan danışsaq, o zaman Moskva, əlbəttə ki, heç bir kəskin addım atmayacaq. Çünki Rusiya ümumiyyətlə, emosional düşüncələrə meylli deyil, baxmayaraq ki, Paşinyanın yeni Qərb dostları tərəfindən fəal şəkildə təhrik olunur. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğuna gəlincə isə xatırlatmaq istərdim ki, Ermənistan ərazisində Gümrüdə Rusiya hərbi bazası var və bu, təkcə Rusiyanın mövcudluğunu deyil, həm də bütün regionun təhlükəsizliyini təmin edir. Baxmayaraq ki, Ermənistan Azərbaycanla münaqişə vəziyyətindədir və hələ də sülh müqaviləsi imzalanmayıb, əminəm ki, Rusiya regionda öz hərbi mövcudluğunu qoruyacaq. Baza məsələsi yenidən gündəmə gəlsə, o zaman çox güman ki, Rusiya bazası Qarabağ ərazisinə keçəcək. Rusiya istənilən digər münaqişədə olduğu kimi bu münaqişədə də heç kimin tərəfini tutmur, lakin Kreml regionda olmasını tələb edən geostrateji maraqlarını müdafiə edir və bu, təmin olunacaq", - o bildirib.