Britaniya AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılmasına dəstək verməyə hazır olduğunu bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbəti zamanı deyib. Dövlət katibi təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. O, Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesinə hər zaman dəstək verməyə hazır olduğunu bildirib.
10:37 Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub. Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsdən 350 nəfəri iştirak edib. Budəfəki məhkəmə prosesində müdafiə tərəfinin vəsatətlərinə baxılıb. Məhkəmədə Davit Babayanın vəkili vəsatətlə çıxış edib. O, müdafiəçisi olduğu şəxslə konfidensial görüş verilməsini xahiş edib. İttiham tərəfi vəsatətə etiraz etməyib. Hakim Davit Babayanın vəkilinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmədə fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər. Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərək təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib. Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək vəsatətlərə təmin olunmamasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər. Zərərçəkmişin nümayəndəsi Arzu Cavadov deyib ki, ölkədəki təcridxanalarda kifayət qədər savadlı həkimlər var: “Kifayət qədər dava-dərmanla təchiz olunub. Vaxtlı-vaxtında tibbi yardım göstərilir... Qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı heç bir prosessual əsas yoxdur... Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onların sağlamlığı nəzarətdədir. Buna görə də məhkəmədən xahiş edirəm ki, verilmiş vəsatətlər təmin edilməsin”. Zərərçəkmişin nümayəndəsi Şahin Hüseynov deyib ki, təqsirləndirilən şəxslərin ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunduqları nəzərə alınmalıdır: “Təqsirləndirilən şəxslərin hüququ olduğu kimi, zərərçəkəkmişlərin də hüququ var. Burada minlərlə zərərçəkənin hüquqlarının müdafiəsindən söhbət gedir. Ev dustaqlığı ilə bağlı verilən vəsatət əsassızdır. Təmin olunmamasını xahiş edirəm”. Zərərçəkmişin nümayəndəsi Cavanşir Məmmədov bildirib ki, təqsirləndirilən şəxslər ölkəni tərk edərkən saxlanılıblar: “Onların məhkəmədən gizlənməsi, ədalət mühakiməsindən yayınması təhlükəsi qalır”. Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə vəsatətlərə münasibət bildirmək üçün söz verib. Təqsirləndirilən şəxs Arayik Harutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhhəti ilə bağlı şikayətinin olmamasını qeyd edib: “Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur. Ümumiyyətlə”, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməmişəm”. İttiham olunanlar Arkadi Qukasyan, Bako Sahakyan, Melikset Paşayan, Davit Allahverdiyan vəsatətlərin təmin olunaraq ev dustaqlığına buraxılmalarını xahiş edib. Digər təqsirləndirilən şəxslər vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxıb. Məhkəmənin növbəti iclası yanvarın 27-də keçiriləcək və həmin prosesdə vəsatətlərlə bağlı qərarlar elan olunacaq. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri - Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər. Sozcu.az Report-a istinadən xəbər verir ki, 20 Yanvar faciəsindən bəhs edən S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Qara Yanvar hadisələrini andığını bildirib. Konqres üzvü 20 Yanvar gecəsində minlərlə sovet hərbçisinin paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar, qadınlar da daxil olmaqla günahsız insanlara, dinc etirazçılara atəş açdığını, nəticədə 147 nəfərin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını, yüzlərlə etirazçının həbs edildiyini, bir neçə nəfərinsə itkin düşdüyünü bildirib. Bəyanatda həmçinin “Human Rights Watch”ın "Azərbaycanda Qara Yanvar" adlı hesabatına istinad edilərək, Bakıya hücum zamanı insan haqlarının ən amansız şəkildə pozulması, tibb işçilərinə, təcili yardım maşınlarına və hətta xəstəxanalara çoxsaylı hücumların olduğu bildirilib. Konqresmen qurbanların ailələrinə başsağlığını ifadə edib. Bununla yanaşı, bəyanatda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələrin qurulduğu qeyd olunub. Eyni zamanda ABŞ və Azərbaycanın hələ də strateji müttəfiq olduğu, dünyada ortaq maraqları bölüşdükləri vurğulanıb. S.Kohen İşçi Qrupun həmsədri kimi həmkarlarına Azərbaycan xalqının müstəqillik yolunda canlarını qurban verən vətəndaşlarını tanımağa və bir çox azərbaycanlıların həyatlarını qurban verdikləri demokratik dəyərlərə sadiq qalmağa dair çağırış edib. 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü R.Aderholt da bəyanatında dost və tərəfdaş olan Azərbaycan Respublikasında Qara Yanvarın 35-ci ildönümünün anıldığını bildirib. Konqres üzvü həmin dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcını, XX əsrin çox hissəsində davam edən işğalı simvollaşdırdığını, zülm və dəhşət dövrü olduğunu, lakin kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib. 1990-cı ilin 19 yanvarında Azərbaycanın paytaxtı Bakıda SSRİ qoşunları tərəfindən 100-dən çox azərbaycanlı etirazçının öldürülməsi, yüzlərlə insanın yaralanmasını, zorakılıqların baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının 18 oktyabr 1991-ci ildə müstəqillik qazanana qədər dinc etirazlarını davam etdirdiyini vurğulayıb. R.Aderholt bəyanatda həmkarlarından, Azərbaycanda Qara Yanvar hadisələrinin anılmasında və azadlıq uğrunda mübarizədə canlarından keçənlərin xatirəsinin ehtiramla yad edilməsində ona qoşulmalarını xahiş edib. Həmçinin, ABŞ-nin Azərbaycan xalqını və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam etdiyini vurğulayıb.
Bakı-Qroznı reysini həyata keçirən və Aktauda qəzaya uğrayan təyyarədə həlak olan, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, Cəlil Əliyev mətbuata açıqlamasında kartından 80 507 manat pul çəkildiyini bildirib.
Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunun açılması ilə bağlı sosial şəbəkədə video yayılıb. Sozcu.az xəbər verir ki, videoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən "Qırmızı Körpü" gömrük postunun açıldığını iddia edib. Oxu.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu informasiya əsassızdır, "Qırmızı Körpü" gömrük postu hələ də qapalıdır. Postun açılması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Ölkə ərazisindən çıxan əcnəbi şəxslərin öz ölkələrinə getməsinə qadağa yoxdur. Məsələn, Gürcüstan vətəndaşı Gürcüstana, Rusiya vətəndaşı da Rusiyaya gedə bilər. Yəni onlar üçün ölkədən çıxışa məhdudiyyət yoxdur. Modern.az məsələ ilə əlaqədar Dövlət Sərhəd Xidməti (DSX) ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir. "Əcnəbilər ölkə ərazisinə gələn zaman hava yolundan istifadə etməlidirlər, ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur", - açıqlamada qeyd olunur. Qeyd edək ki, quru sərhədləri 2020-ci ildən bağlıdır. Sonuncu dəfə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci ilin aprelin ayının 1-i saat 06:00-dək uzadılıb.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə görə həbs edilən, müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucovun məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Cəbrayıl Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum olunub. Dövlət ittihamçısı ona 11 il həbs cəzası verilməsini istəmişdi. Qeyd edək ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi. Qeyd edək ki, Cəbrayıl Orucov 2024-cü ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub. Onun istintaq və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı ödəmədiyi məlum olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yeni təyinatla bağlı əmr verib. Sozcu.az xəbər verir ki, əmrə əsasən Su Ehtiyatları Agentliyi Yanında yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 3 saylı Dağlıq Şirvan Regional Bölməsinə yeni rəis təyin olunub. Belə ki, əmrlə Səfər Sərdar oğlu Məmmədov sözügedən qurumun rəisi təyin edilib. Qeyd edək ki, Səfər Məmmədov Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının rəhbəri Antonio Koşta ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə "Armenpress" nəşri öz Teleqram kanalında məlumat yayıb. Nəşrin verdiyi məlumata görə, Ermənistanın baş naziri Antonio Koştanı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, həmçinin İrəvan ilə Brüssel arasındakı əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. O, həmçinin Koştanı Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı mövcud vəziyyət barədə məlumatlandırıb və qeyd edib ki, respublika hökuməti sülh gündəmindən geri çəkilməyəcək.
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini gücləndirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono X sosial şəbəkəsində yazıb. O qeyd edib ki, Aİ hər iki ölkənin rəsmiləri ilə sülhə nail olmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığın inkişafının ən səmərəli yolları ilə bağlı dərin fikir mübadiləsini yüksək qiymətləndirir. "Aİ bu prosesdə geniş dəstək verməyə hazırdır. Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçün təşəbbüsləri irəli sürməyə çalışırıq”, - Qrono vurğulayıb.
Mən sülh prosesini, rəqəmsallaşmanı və korrupsiyaya qarşı mübarizəni özüm üçün prioritet, lokomotiv proqram hesab edirəm. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda keçirilən müşavirədə deyib. “Və mən yenidən Real Ermənistanın ideologiyasına və konsepsiyasına qayıtmaq istəyirəm. Bizim Təhsil və Elm Nazirliyi ilə müzakirələr aparmağa imkanımız oldu və mən əsasən Real Ermənistanın mədəni ideologiyasının nədən ibarət olması məsələsini qaldırdım. Amma biz bu sualı bütün sahələrə verməliyik: Real Ermənistanın iqtisadi siyasəti, Real Ermənistanın sosial siyasəti, xarici siyasəti nədir? Təhsil və Elm Nazirliyi sferasında bizim nə etməli olduğumuz artıq bəllidir, müdafiə sahəsində Real Ermənistanın ideologiyası da görünür. Biz bütün sahələrə baxmalı və bütün siyasətimizdə bu sualı verməliyik. Bu müddət ərzində Real Ermənistan ideologiyasını inkişaf etdirmək və onu daha sistemli siyasi ideologiya kimi formalaşdırmaq lazımdır”, - o bildirib.
“Məktəblərin tədris mərkəzi olmaqdan çıxıb, müxtəlif inzibati və formal işlərin icra edildiyi bir yerə çevrilməsi həm təhsil keyfiyyətini, həm də şagird-müəllim münasibətlərini ciddi şəkildə zədələyir. Apardığımız müşahidələr göstərir ki, nazirlik tərəfindən tətbiq edilən inzibati yüklərin və müxtəlif tədbirlərin çoxluğu tədris prosesinin əsas məqsədlərinə kölgə salır. Hər gün, hətta bəzən gündə bir neçə dəfə keçirilən tədbirlər dərslərin keyfiyyətinə və davamlılığına təsir edir, nəticədə şagirdlərdə və müəllimlərdə təhsilə qarşı maraq azalır”. Bu barədə fikirləri təhsil üzrə ekspert Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib. O qeyd edib ki, müasir dövrdə məktəblərin əsas vəzifəsi şagirdlərə bilik və tərbiyə vermək olsa da, inzibati işlərin artması bu funksiyanı ikinci plana keçirib. Müəllimlər əsas vəzifələrini yerinə yetirmək əvəzinə, vaxtlarının əksər hissəsini jurnal doldurmağa, hesabat hazırlamağa və tədbirlərin təşkili ilə məşğul olmağa sərf edirlər. Bu vəziyyət onların tədris prosesinə yaradıcı yanaşma imkanlarını məhdudlaşdırır və iş motivasiyasını azaldır: “Şagirdlər üçün isə vəziyyət daha mürəkkəbdir. Tədris prosesinin tez-tez tədbirlər və digər kənar fəaliyyətlərlə kəsilməsi onların dərslərə diqqətini dağıdır və təhsilə maraqlarını azaldır. Şagirdlər təhsil aldıqları mühitin sabit və aydın olmasını gözləyirlər. Lakin tədbirlərin çoxluğu və dərs cədvəlinin davamlı pozulması onların həm akademik göstəricilərinə, həm də emosional rifahına mənfi təsir göstərir”. Dünya təcrübəsi ilə Azərbaycan təcrübəsini müqayisə edən ekspert bildirir ki, təhsil səviyyəsinin yüksək olduğu ölkələrdə bu cür vəziyyətlərdə məktəblərin əsas vəzifələrinə fokuslanması üçün ciddi islahatlar aparılmalıdır. “Finlandiyada təhsil sistemi tamamilə şagirdlərin inkişafına yönəlib. Müəllimlərə geniş sərbəstlik verilir və onlar yalnız tədris və tərbiyə işləri ilə məşğul olurlar. İnzibati işlər isə minimum səviyyədədir və rəqəmsal sistemlər vasitəsilə idarə olunur. Bunun nəticəsində Finlandiya məktəbləri təhsil keyfiyyəti üzrə dünyanın liderləri sırasında yer alır. Yaponiyada da oxşar təcrübə mövcuddur. Tədbirlər əsasən dərsdən sonra və könüllülük prinsipi əsasında təşkil edilir. Beləliklə, dərs saatları yalnız tədris məqsədlərinə həsr olunur və şagirdlərin diqqəti əsas bilik və bacarıqların inkişafına yönəldilir. Bu yanaşma şagirdlərin akademik nəticələrinin artmasına və məktəb mühitində ümumi razılığın təmin olunmasına səbəb olub. Azərbaycanda isə vəziyyət fərqlidir. Təhsil Nazirliyi tərəfindən təqdim olunan statistikaya görə, ölkə üzrə məktəblərdə tədbirlərin sayı ildən-ilə artır. 2023-cü ildə orta məktəblərdə keçirilən tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 15% artmışdı. Tədbirlərin çoxu formallıq xarakteri daşıdığı və real təhsil prosesinə dəstək vermədiyi üçün həm müəllimlər, həm də şagirdlər tərəfindən mənfi qarşılanır”. “İlk növbədə, inzibati yükün azaldılması üçün rəqəmsal texnologiyalardan istifadə genişləndirilməlidir. Elektron jurnalların və hesabatların tətbiqi müəllimlərin vaxtını azad edəcək və onların əsas diqqətini dərs prosesinə yönəltməsinə imkan yaradacaq. Müasir texnologiyalar inzibati işləri avtomatlaşdıraraq həm vaxta, həm də resurslara qənaət edir” - bu problemi həll etmək üçün bir neçə əsas istiqamətdə dəyişikliklər təklif irəli sürən Kamran Əsədov bildirib: “Digər bir həll yolu məktəblərdə tədbirlərin sayının və mahiyyətinin təkrar gözdən keçirilməsidir. Tədbirlər yalnız tədris proqramını dəstəkləyən və şagirdlərin şəxsi inkişafına töhfə verən formada təşkil edilməlidir. Məsələn, elmi yarışmalar, debatlar və şagirdlərin praktiki biliklər əldə etməsinə xidmət edən fəaliyyətlər bu baxımdan məqsədəuyğundur. Bunun əksinə olaraq, kütləvi və formal xarakter daşıyan tədbirlər təhsil prosesindən tamamilə kənarlaşdırılmalıdır. Eyni zamanda, məktəblərdə müəllim və şagirdlərin iştirakının qiymətləndirilməsi mexanizmi dəyişdirilməlidir. Hazırda tədbirlərdə iştirak, bəzi hallarda, müəllimlərin və şagirdlərin nailiyyət göstəricilərinə təsir edir ki, bu da onların məcburi şəkildə tədbirlərdə iştirak etməsinə səbəb olur. Təhsil sistemi isə bu yanaşmadan imtina etməli və yalnız dərs prosesində əldə olunan nailiyyətlərə əsaslanmalıdır. Nəhayət, təhsil sahəsində islahatlar aparılarkən müəllimlərin, valideynlərin və hətta şagirdlərin fikirləri nəzərə alınmalıdır. Onların təklifləri və narahatlıqları islahatların daha uğurlu və effektiv həyata keçirilməsinə kömək edəcək”.
Donald Tramp və Volodimir Zelenski yanvarın 20-də ABŞ prezidentinin andiçmə mərasimindən sonra görüşə bilərlər. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy məlumat yayıb. Onun sözlərinə görə, Ukrayna artıq ən yüksək səviyyədə Kiyev-Vaşinqton təmaslarına fəal şəkildə hazırlaşır. “Bizim mövqeyimiz çox sadədir. Biz Ukraynada hamımız müharibəni Ukrayna üçün ədalətli şəkildə bitirmək istəyirik. Və biz görürük ki, Prezident Tramp da müharibəni bitirməkdə qərarlıdır,” – Tixiy qeyd edib.