İlahiyyatçı: “Sadə məzar daşları qoyulmalıdır, qəbirə şəkil vurmaq olmaz”

“İslamda baş daşı, sinə daşı, ümumiyyətlə qəbir daşı ənənəsi, tövsiyəsi yoxdur. Əksinə, hündür daşlar bütpərəstlik və təkəbbür əlaməti sayıldığına görə Məhəmməd Peyğəmbər özü belə vəsiyyət edib ki, onun qəbrinin üstünü dörd barmaqdan hündür qaldırmasınlar. Dində qəbrin yerini itirməmək üçün sadəcə bir nişangah qoymağa icazə var”.

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, müasirliyi, ölümlərin artdığını, qəbirlərin dəyişik düşməsi ehtimalını və digər nüansları nəzərə alaraq kiçik yazılı daşlar qoymaq olar: “Şəkil, talvar, günbəz, mərmər, qiymətli bəzəklər isə doğru deyil. Çünki bunlar israf qisminə daxildir və israf da dində haramdır. Ölkədə qəbiristanlıqlar bərbaddır. Dünyanın heç bir müsəlman ölkəsində bizdəki kimi israfçılıq və şöhrətpərəstlik yoxdur. Mütləq qanun qəbul olunmalı, məzarlarda standart, sadə daşlar tətbiq olunmalıdır. Yoxsa adamlar milyardlarla manat vəsaiti qayalara, heykəllərə, daşlara verib aparıb qəbiristanlıqlara yığırlar. Bundan böyük haram, günah yoxdur. Xeyriyyə işlərinə, yol, su çəkməyə, kasıba əl tutmağa çatanda hamının əli quruyur. Böyük qəbir daşlarını isə kreditlə, hətta borcla aparıb ölülərin üstünə yığırlar. Bu, ilk növbədə İslamın əleyhinədir. Allahın əmrlərini təkzib etməkdir. Təəssüf ki, adamlar artıq dinə də riayət etmirlər. Məzarlıqlardakı bu xaosun qarışını almaq üçün qanun qəbul olunmalı, tətbiq edilməlidir. Eyni ölçülü qəbir daşları olmalıdır. Bunun başqa yolu yoxdur”.

Share on Facebook