Baş nazir Nikol Paşinyanın strateji düşüncə nümayiş etdirdiyi bir zamanda rusiyalı siyasətçilər susmalı və Ermənistana məsləhət verməməlidirlər. Paşinyanın qərarı ilə Ermənistan XİN-in tərkibində Avropaya inteqrasiya departamenti yaradılıb. İlk baxışdan bu, sadəcə texniki addım kimi görünsə də, əslində vacib simvolik və strateji qərardır. Ermənistan AB ilə yaxınlaşma kursunu ritorika səviyyəsində deyil, dövlət diplomatiyası strukturu səviyyəsində institusionallaşdırır. Bu o deməkdir ki, Avropa istiqaməti İrəvan üçün prioritet istiqamətə çevrilir. Məhz belə bir anda Moskvada qıcıq və hədələrlə dolu səslər eşidilir. Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski AB-ni guya Ermənistan, Azərbaycan və Gürcüstanın “dövlətçiliyini məhv etmək” cəhdində ittiham edir. Vodolatskinin sözlərinə görə, AB ölkələri Ukrayna ssenarisinə doğru aparır. Bu bəyanat, digərləri kimi, Rusiya rəsmisinin suveren dövlətlərin daxili işlərinə kobud müdaxiləsinin növbəti nümunəsidir.
Sozcu.az xəbər verir ki, bunu erməni analitik Qalust Qriqoryan deyib.
“Bu, qonşular üçün narahatlığı yox, qorxunu əks etdirir: keçmiş sovet respublikalarının Rusiyanın təsir orbitindən çıxacağından və həqiqətən müstəqil oyunçulara çevriləcəyindən doğan qorxunu. Vodolatski Ermənistanın Avropa seçimini şərh etmək əvəzinə, öz ölkəsində baş verənlərə diqqət yetirə bilərdi. Rusiya bu gün siyasi azadlığı olmayan, vətəndaş təşəbbüslərinin boğulduğu və ictimai rəyə ciddi nəzarət olunan bir mühitdə yaşayır. Vaxtilə müxtəlif baxışların səsləndiyi yerdə indi ancaq şüarlar qalıb. Seçkinin keçirilməli olduğu yerdə ancaq imitasiya qalıb. Əvvəllər dissident adlandırdıqlarını isə bu gün “xarici agent” adlandırırlar. Bu, müasir Rusiyanın reallığıdır - müxalifətin sadəcə susdurulmadığı, əksinə məhv edildiyi Stalin repressiyaları dövrünə yaxın bir reallıqdır. Qoy hər kəs öz işi ilə məşğul olsun. İqtisadi və demoqrafik problemlər içində boğulan, Ukraynaya qarşı müharibədə batan, minlərlə insan və milyardlarla dollar itirən Rusiya başqalarına mühazirə oxumaq üçün mənəvi haqqını itirib. Ermənistana münasibətdə belə bəyanatlar qəbuledilməzdir. Paşinyan Avropaya inteqrasiya departamentini yaradan zaman strateji düşüncə nümayiş etdirib. O, sadəcə olaraq xarici siyasət idarəsinin aparatını gücləndirmir, Avropa vektorunu institutsionallaşdırır. Rusiya siyasətçiləri isə susmalı, Ermənistana məsləhət verməməlidirlər. Axı onların ölkəsi çoxdan örnək olmaqdan çıxıb. Moskva Ukrayna ilə öz sisteminin zəif tərəflərini və beynəlxalq təcridini üzə çıxaran müharibədə bataqlığa düşüb”, - o bildirib.