Türkiyə XİN Anım Günü ilə bağlı paylaşım etdi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, qurumun rəsmi X hesabındakı paylaşımda deyilir: "Qarabağ uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarını rəhmət və ehtiramla yad edirik. İnanırıq ki, davamlı sülhə doğru atılan tarixi addımlar bölgəmizdə bu fədakarlıqların irsi üzərində qurulmuş sülh və rifahı təmin edəcəkdir. "Bir millət, iki dövlət" devizi ilə şəhidlərimizin müqəddəs irsi hər zaman qəlbimizdə yaşayacaqdır".

Həkim sirləri açdı: Bu ölümdə baş həkim günahkardır!

2023-cü ildə Saatlı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin 30 saatdan sonra Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı başlayan proses yekunlaşıb. Saatlı Məhkəməsinin 9 sentyabr 2025-ci il qərarı ilə həmin vaxt sözügedən xəstəxanada çalışan və doğuşu qəbul edən mama-ginekoloq Könül Xudatova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, əlavə cəza kimi bir il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mamaginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. K.Xudatova isə Axar.az-a açıqlamasında bütün ittihamları rədd edib və olduqca diqqətçəkici nüanslara toxunub. Onun sözlərinə görə, körpənin ölümünün tamamilə başqa səbəbi var: “İşlədiyim Saatlı rayon Mərkəzi Xəstəxanasında 2023-cü ilin iyul ayının 12-də sancıları və digər doğuş əlamətləri başlayan, hamiləliyin son mərhələsində qəbul şöbəsinə daxil olan hamilənin təbii yolla, yəni fizioloji doğuşunu qəbul etmişəm. Doğuşla normal körpə dünyaya gəlib. Ancaq qısa müddət sonra körpədə tənəffüs çatışmazlığı aşkarlandı. Xəstaxanada küvəz və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olduğu üçün dərhal uşaq həkimlərini, o cümlədən xəstəxananın direktor müavini və baş həkimi, ixtisasca neonatoloq (yenidoğulmuşlarda baş verə biləcək xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkim – red.) olan Araz Usubovu dəvət edərək, doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə körpəyə zəruri yardımın göstərilməsi və perinatal mərkəzə təxliyəsinin təmin olunması üçün onları məlumatlandırdım. Lakin baş həkim tibbi klinik protokolların tələblərini pozaraq yenidoğulmuşda müvafiq müayinələrin aparılması təmin etmədən, xüsusi aparata (SPAP-a) qoşmadan, küvəzə yerləşdirilmədən doğuş zalında masanın üzərində 6 saat (binozal oksigen altında) saxladıqdan sonra körpənin vəziyyətinin getdikcə ağırlaşmasını gördüyündən, onu təxliyə qaydalarına riayət etmədən “tibb bacısının qucağında” Sabirabad RMX Perinatal Mərkəzə təxliyə etdi. Sabirabad RMX Perinatal Mərkəzində də körpə dərhal küvəzə yerləşdirilməyib, ona yanlış ürək qüsuru diaqnozu qoyulub, yaşaması üçün vacib olan süni ventelyasiya aparatına qoşulmayıb. Hətta həm ibtidai, həm də məhkəmə istintaqı prosesində o da təsdiqləndi ki, Sabirabadın həkimləri yenidoğulmuşu Bakıya süni ventelyasiya aparatına qoşulması üçün təxliyə edilməsini xahiş etsələr də, səlahiyyətli orqan və şəxslər tərəfindən yerin olmadığı bildirilib, yenidoğulmuşun həyatının xilas edilməsinə təşəbbüs göstərilməyib. Nəticədə körpə doğuşdan 30 saat sonra, ertəsi gün, iyulun 13-də saat 17.00 radələrində Sabirabad RMX-də ölüb. Saatlı və Sabirabad xəstəxanalarının rəhbərliklərinin və həkimlərinin səhlankarlığı səbəbindən lazımi tibbi yardım göstərilməmiş körpənin ölməsində təqsirkar müəyyən edilməli olduğundan, onları məsuliyyətdən yayındıraraq bu ölümdə heç bir hüquqi əsas olmadan yalnız məni doğuşu qəbul etdiyim üçün təqsirli bilərək Saatlı rayon prokurorluğu tərəfindən mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib və bir il yarım müddət çəkən məhkəmə prosesindən sonra ibtidai istintaqın topladığı sübutların şahid ifadələri və ekspert rəyləri ilə qərəzli və qeyri-obyektiv olması öz təsdiqini tapmasına rəğmən, bu ilin sentyabr ayının doqquzunda Saatlı Rayon Məhkəməsinin hökmü ilə mən həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişəm və əlavə cəza kimi bir il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mamaginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişəm. Bu, çox ədalətsiz qərardır və mən hökmən bu hökmdən apellyasiya şikayəti verəcəm”. K.Xudatova qeyd edib ki, mətbuatda ananın ölümü və ya xəsarət alması ilə bağlı yazılanlar da həqiqəti əks etdirmir: “Ana sağ-salamatdı, hətta cinayət işində olan saysız-hesabsız ekspertiza rəylərində də ananın hər hansı xəsarət almadığı, fizioloji doğuşun fəsadsız sonlandığı, körpənin də doğuş zamanı heç bir xəsarət almadığı və yaşamaq qabiliyyətli olduğu öz təsdiqini tapıb. Həm də maraqlısı oldur ki, Saatlı Rayon Məhkəməsinin hökmü həmin gün gecə saatlarında elektron məhkəmə sisteminə yerləşdirilsə də, həmin gün artıq gündüz saatlarında mətbuatda hökm barədə təhrif olunmuş yazılar vardı. Düşünürəm ki, bunun səbəbi birinci instansiya məhkəməsinin ədalətsiz hökmünün növbəti instansiyalarda qüvvədə qalmasına maraqlı olan şəxslər tərəfindən məqsədli şəkildə edilə bilər. Çünki hamı bilir ki, bu ədalətsizliyə etiraz edəcəm və apellyasiya şikayəti verəcəm. Maraqlı şəxslər deyəndə kimi nəzərdə tutduğumu yəqin ki, təxmin edirsiniz və onların rayonda imkanları haqda da təsəvvürünüz olmamış olmaz”. Mama-ginekoloqun sözlərinə görə, birinci instansiya məhkəməsində bir çox həqiqət üzə çıxıb: “Saatlı Rayon Məhkəməsinin qərarı əsasında 2024-cü ilin noyabr ayında keçirilmiş təkrar ekspertiza ilə ibtidai istintaqın mənə qarşı irəli sürdüyü ittihamda göstərilənlər tam təkzib edildi, yəni doğuşu düzgün idarə etdiyim üzə çıxdı və məlum oldu ki, neonatoloq həkimlər tərəfindən yenidoğulmuşa tənəffüs dəstəyi düzgün təmin edilsəydi, yenidoğulmuşun ölümünün qarşısının alınması şansı çox olardı. Dövlət ittihamçısına sərf etməyən bu rəy onun əsaslandırılmamış vəsatəti ilə məhkəmə tərəfindən qüsurlu hesab edildiyi üçün yenidən təkrar ekspertiza keçirildi. Onu da xüsusi vurğulayım ki, çoxsaylı müraciətim əsasında mənim və Saatlı, Sabirabad RMX-lərin digər aidiyyəti əməkdaşlarının iştirakı ilə 2025-ci ilin fevral ayının 14-də Səhiyyə Nazirliyinin “Hamiləlik, doğuş zamanı ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə” və “Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə” komissiyalarının, eləcə də TƏBİB-in eyni adlı komissiyalarının 12 nəfərlik yüksək ixtisaslı üzvlərindən ibarət birgə komissiyasında dinləmə keçirildi. Həmin komissiyanın rəyində mənim doğuşu düzgün qiymətləndirdiyim və idarə etdiyim, yenidoğulmuş uşağının doğuşunu klinik protokolların tələblərinə uyğun sonlandırdığım, heç bir qayda pozmadığım və doğuşdan sonra 30 saat yaşamış yenidoğulmuşun ölümündə təqsirimin olmadığı, uşağın neanotoloq həkimlərin klinik protokolların tələblərini pozması nəticəsində öldüyü göstərilib. Lakin nədənsə yenə də, ibtidai istintaq dövründə olduğu kimi, Ceyhun Allahverdiyevin rəhbərlik etdiyi “təknəfərlik” şöbədə tərtib edilmiş rəydə Səhiyyə Nazirliyinin komissiyasının rəyi nəzərə alınmayıb və mənim və müdafiəçimin iştirakı təmin edilməyib. Məhkəmənin qərarı ilə rəy qeyri-mötəbər hesab edilərək, yenidən təkrar komisyon ekspertiza təyin edildi. Gülməlisi də odur ki, ekspertizaların təkrar təyin edilməsinə baxmayaraq, hər dəfə məhkəmə yeni bir sual əlavə edərək, məni təqsirləndirmək üçün dövlət ittihamçısına yardım etməyin yollarını axtarırdı. Nəhayət sonuncu ekspertiza rəyində də iştirak edən ekspertlər tərəfindən doğuşun tərəfimdən düzgün idarə edilməsi, lakin yenidoğulmuşun tənəffüs dəstəyinin düzgün təmin edilməməsi, təxliyə qaydalarının pozulması təkrar müəyyən edildi. Onu da xüsusilə qeyd edim ki, məhkəmənin “bəyənmədiyi” birinci və sonuncu üst-üstə düşən rəylər kifayət qədər təcrübəli ekspertlər, ATU-nun professor və şöbə müdirləri tərəfindən tərtib olunmuşdur. Eyni zamanda vəsatətimiz əsasında Səhiyyə Nazirliyinin sözügedən rəyi həmin sonuncu ekspertiza rəyində nəzərə alınmışdır. Lakin hökm bu faktların tamamilə məqsədli şəkildə təhrif edilməsi ilə konstitusion hüquqlarımı ciddi şəkildə pozan məhkəmə aktıdır. Nə deyəcəyimi bilmirəm. İbtidai istintaqı aparan müstəntiqin yazdığı qeyri-obyektiv və ədalətsiz ittiham aktı bu hökmdən çox-çox səliqəli və inandırıcı səslənirdi. Bir sözlə istintaq dövründə kimləri isə qorumaq məqsədi ilə mənə qarşı ittiham verilməsi üçün yenidoğulmuşun inkişaf tarixinin saxtalaşdırılması belə məhkəmə istintaqında protokollarda öz əksini tapsa da, bəzi əvvəlki rəylərdə, şahid ifadələrində imzaların saxtalaşdırılmasına şübhələr olsa da, məhkəmə bu vəsatətləri təmin etmədi, bir sözlə əvvəlcədən qarşıya qoyulan “məqsədə” çatmaq üçün bütün obyektiv sübutlardan yan keçmişdir”. Könül Xudatovanın sözlərinə görə, məhkəmənin bu qərarı verməsi müstəntiqi və ekspertləri qorumaq məqsədi daşıyıb: “Məhkəmə bəraət hökmü çıxarsaydı, iş yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmalı idi, bu zaman ibtidai istintaqa rəhbərliyi həyata keçirən prokuror və ekspertlər barəsində tədbir görülməli idi, təqsiri olan həkimləri təhlükə gözləyirdi. Sizcə, bu qədər insanı incitməkdənsə, 3 azyaşlı körpə anası, ailəni yeganə dolandıran, arxasız Könül Xudatovanı güdaza vermək “sərfəli” deyilmi? Lakin mən ümidimi itirməmişəm. İnanıram ki, ictimaiyətin dəstəyi ilə haqq-ədalət öz yerini tapacaq”.

Taksilərlə bağlı qərar ləğv olunacaq?

Xəbər verdiyimiz kimi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.  Ombudsman Aparatının yaydığı məlumata görə, yeni tətbiq edilən tarif siyasəti qanunvericiliyin bir sıra müddəalarına ziddir. Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.  Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.   Bəs bu vəziyyətin aradan qaldırılması üçün Ombudsman tərəfindən hansı işlər görüləcək? Qərar ləğv olunacaqmı? Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat katibi Araz Əsgərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yayılan press-relizdə yalnız monitorinqin ümumi məzmunu öz əksini tapıb:  “Əvvəla onu qeyd edim ki, bizim açıqlamamızda təqdim edilən hüquqi baxımdan verilmiş rəy aparılmış təhlilin nəticəsidir. Monitorinq nəticəsi ilə bağlı yayılan press-relizdə yalnız qısa məlumat göstərilib. Amma təhlil kifayət qədər genişdir və hər bir məsələ bənd-bənd göstərilib. Bu, bir əhatəli araşdırma və təhlildir. Mətbuata isə sadəcə ümumi məzmunu çatdırmaq məqsədilə xülasə təqdim olunub”.  Araz Əsgərli vurğulayıb ki, taksi xidməti ilə bağlı aparılmış monitorinqin nəticələri aidiyyəti dövlət qurumlarına göndərilib:  “Təbii ki, bu istiqamətdə fəaliyyət göstərən aidiyyəti dövlət qurumları hamıya bəllidir və həmin qurumlara da xüsusi vurğulanacaq. Bu məsələ ilə bağlı yaranmış uyğunsuzluğun aradan qaldırılması səlahiyyətində olan qurumlar həmin hesabatla tanış olacaqlar və artıq sənəd onlara da göndərilib”. 

Erməni əsgərin Qarabağda nə işi var idi? - Paşinyan

Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan davamlı olaraq məni Ermənistanı müharibəyə sürükləməkdə iddia edirlər. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan, 18 yaşlı erməni əsgərinin 2018-ci ilə kimi Ermənistan Respublikasının suveren ərazisindən kənarda (Qarabağda) nə işi var idi? Üstəlik, onlar sizin nə övladlarınız, nə də nəvələriniz idi. Nə üçün nəvələrinizi və uşaqlarınızı ora göndərmədiniz? Cavab verin, Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan. Cavab verin, övladlarınız o vaxt harada idilər və nə edirdilər?” - baş nazir qeyd edib.

Tramp bu liderləri Qəzza üçün toplayır

Tramp Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Nyu Yorkda ərəb liderləri ilə sammit keçirmək istəyir. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. “ABŞ prezidenti Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində bir qrup ərəb və müsəlman liderlə görüşməyi planlaşdırır. İclasa dəvət olunanlar arasında Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə lideri də var. Danışıqların əsas mövzusu Qəzzada müharibəyə son qoymağın mümkün yollarının tapılması olacaq”, - məlumatda deyilib.

Bu üç ölkə Fələstin dövlətini tanıdı

Kanada Fələstin dövlətini tanıdı. Sozcu.az xəbər verir ki, bunu Kanada Baş naziri Mark Karni deyib. “Kanada Fələstin dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyə ümid yaratmaqda tərəfdaşlığını təklif edir”, - Karni bildirib. Avstraliya da Fələstin dövlətini tanıyıb. Bu barədə Avstraliya Baş naziri Entoni Albaneze bəyanatında deyib. Kanada və Avstraliya ilə yanaşı, Böyük Britaniya da Fələstin dövlətini tanıyıb.

Mİ6-nın rəhbəri İstanbulda istefa verdi - Dünyaya mesaj

Dünyanın ən güclü siyasi kəşfiyyat xidməti hesab olunan Böyük Britaniyanın əfsanəvi Mİ6 kəşfiyyat idarəsinin rəhbəri Riçard Mur özünün dediyi kimi, “plaşını asıb, xəyali xəncəri qınına qoyuraraq, məşhur yaşıl qələmi təhvil verdi”. “Plaş, xəncər və yaşıl qələm” Mİ6-nın simvollarından sayılır. Mİ6-da rəsmi sənədlər yaşıl yazan qələmlə imzalanır. Rəsmi adı Hərbi Kəşfiyyat (Military Intelligence) olsa da, Mİ6 siyasi kəşfiyyat hesab olunur. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərov qeyd edib. “Riçard Murun 1987-ci ildən işlədiyi Mİ6-nın rəhbərliyindən ayrılması ilə bağlı vida tədbirinin İstanbulda keçirilməsi, eləcə də verdiyi mesajlar bölgəmizin çox mühüm mərhələyə daxil olduğunun göstəricisidir. Türkiyənin Qərblə əlaqələrinin qorunmasının əsas dəstəkçisi olan Böyük Britaniyanın bu mövqeyinin formalaşmasında Riçard Murun böyük xidməti var. Riçard Mur Türkiyə türkcəsini o qədər mükəmməl bilir ki, 2016-cı ildə Türkiyənin “Hürriyyət” qəzeti onu ölkədə ilin ən nüfuzlu üç blogerindən biri adlandırmışdı. Mİ6-dakı xidmətindən ayrılmasına həsr olunmuş vida tədbirində Riçard Murun səsləndirdiyi fikirlərdən ilk qənaətim ondan ibarətdir ki, Böyük Britaniyanın Rusiyanı məğlub etmək siyasəti tam gücü ilə işləyir. Riçard Murun İstanbulda təqdim etdiyi Mİ6-nın yeni layihəsi “Səssiz Kuryer” adlı məxfi məlumat platforması Putinin cinayətkar rejiminin devrilməsini sürətləndirməlidir. Belə görünür ki, qarşıda bizi çox maraqlı tarixi hadisələr gözləyir”, - politoloq vurğulayıb.

Müharibəni bitirdiyim üçün təşəkkür etdilər, şoka düşdüm

2021-ci il seçki kampaniyasının ilk günlərindən bu, mənim üçün bir nömrəli sual oldu: niyə bu analar, bizə qayğı göstərən analar bizim seçkiqabağı mitinqimizə gəlirlər - bəzən ev paltarında və aydın görünürdü ki, son anda qərar veriblər. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının bu gün keçirilən qurultayındakı çıxışında deyib. O bildirib ki, onların gəlişi işartı idi, çünki onların deyəcək sözləri vardı: “Kampaniyanın ilk günlərindən anladım ki, mənim əsas vəzifəm onları dinləmək və bunu praktiki siyasətə çevirməkdir. Onlardan eşitdiklərim məni şoka saldı. Onlar yalnız iki şey dedilər: birincisi, 9 noyabr 2020-ci il tarixli sənədi imzaladığım və müharibəni bitirdiyim üçün mənə təşəkkür etdilər. Bu mənim üçün əsl şok idi. Erməni elitasının əhəmiyyətli bir hissəsi məni vətənə xəyanətdə ittiham edirdi, onlara süd verən analar isə eyni şeyə görə mənə təşəkkür etdilər. Bu analardan soruşdum: nəyə görə mənə təşəkkür edirsiniz? Onların cavabı konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni bitirdiyinə, Ermənistanı xilas etdiyinə görə. Bizə dedilər: sülhə doğru gedin, bizə sülh lazımdır, ancaq sülh. Başa düşdüm ki, bu, xalqın, o cümlədən kişilərin səsidir”.

Bəzi direktorların yenidən qiymətləndirilməsi mütləq tələb olmayacaq

Şagird sayı 500-ə qədər olan müəssisələrdə fəaliyyət göstərən direktorların MİQ, sertifikasiya və ya diaqnostik qiymətləndirilməsi 70 faiz və daha yüksəkdirsə, fəaliyyətlərini davam etdirə biləcəklər. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin imtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib. “Şagird sayı 500-dən çox olan məktəblərdə isə direktorların göstəricisi 85 faizdən yuxarıdırsa, elə həmin məktəbdə direktor olaraq qalacaqlar. Onların hazırda idarəetmə prosesində çalışdığı nəzərə alınaraq yenidən qiymətləndirilməsi mütləq tələb olaraq göstərilməyəcək”, - o bildirib.

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk qrupunun və onunla əlaqəli təsisatların ləğvi prosesinə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a ATƏT-də Finlandiyanın sədrliyi üzrə işçi qrupunun rəhbərinin müavini Toni Sandell məlumat verib.

Artıq müharibə olmayacaq - Paşinyan

“Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq”. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Yazda söyləmişdim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq, indi də bəyan edirəm: artıq Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub”, - baş nazir qeyd edib. Paşinyanın fikrincə, iki ölkə arasında əldə edilmiş sülhün qayğıya ehtiyacı var: “Hətta 50 ildir mövcud olan sülh də institutsionallaşmaya ehtiyac duyur. Çünki sülhün institusionallaşdırılması ilə məşğul olmasanız, sülh deinstitusionallaşdırılır, yəni aradan qalxır”.

Polşaya hücum təsadüf deyil: Rusiya savaşı böyüdür

Polşada Rusiyanın hava məkanını pozması müharibə başlayandan bəri Avropada baş verən ən ciddi hadisədir. Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Birliyi diplomatiyasının rəhbəri Kaya Kallas özünün X səhifəsində yazıb. “Əlamətlər onu göstərir ki, bu hücum qəsdən edilib, təsadüfi deyil. Rusiyanın müharibəsi bitmir, əksinə böyüyür. Biz Moskvanın xərclərini qaldırmalı, Ukraynaya dəstəyi gücləndirməli və Avropanın müdafiəsinə sərmayə qoymalıyıq”, - Kallas qeyd edib.