Fazil Mustafa belə vurulub - ŞOK DETALLAR

"Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”. Sozcu.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında deputat Fazil Mustafanın yaxın dostlarından biri deyib. O bildirib ki, hadisəni törədən şəxs hasarın arxasından deputatın avtomobilə atəş açmağa başlayıb: "Maşına ciddi zərər dəyib. Cinayətkarın avtomobilə atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb”. Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib. Qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

İki şirkət "Azərişıq" ASC-ni məhkəməyə verdi

“Orxan UN” MMC və "Sumqayıt-ağac-kağız" ASC "Azərişıq" ASC ilə bağlı məhkəməyə müraciət edib. Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə hər iki şirkət Bakı Kommersiya Məhkəməsinə üz tutub. Belə ki, MMC ilə ASC sair işlər - maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Kristina Məmmədova vəzifəsini tərk etdi

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Kristina Məmmədova vəzifəsini tərk edib. Sozcu.az xəbər verir ki, bu vəzifəni müvəqqəti olaraq Fərid Vəlizadə icra edəcək. Məlumata görə, F. Vəlizadə ASK prezidentinin baş məsləhətçisi olub.

Ukrayna 541 milyon dollarlıq PUA alır - Zelenski

Ukrayna hökuməti ordu üçün pilotsuz təyyarələrin alınmasına 541 milyon dollar ayıracaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Onun sözlərinə görə, bu həftə Ukrayna Nazirlər Kabineti bir neçə vacib qərarlar qəbul edib.

Kremldən Arayikə qəti göstəriş: "atəşə atəşlə cavab, uzun, sərt müqavimətə hazır olmaq..."

O yaxın çevrəsinə deyib ki, "qarşımızda iki yol var: ya Qarabağı tərk etmək, ya da döyüşmək və lazım gələrsə, müstəqilliyimizi qorumaqla ölmək...” "Ukraynada strateji məğlubiyyətə məhkum olan Kreml var-gücü ilə Qarabağdan yapışır və nə yolla  olursa-olsun, burada geniş miqyaslı qarşıdurma törədib, sonra bunu bəhanə edərək əlavə silahlı qüvvələr yeritməklə Azərbaycanda yerini bərkitməyə çalışır..." 32-ci ildir ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində Kremlin himayəsində bəslənən  separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanın Putin rejimi rəhbərliyindən qəti göstərişlər aldığı bəlli olub. Moderator.az xəbər verir ki,  “Hraparak” nəşrinin  Qarabağdakı mənbələrindən əldə etdiyi məlumata görə, Arayik Arutyunyan bir neçə gün əvvəl bir sıra görüşlər keçirdiyi Moskvadan qayıdıb və artıq Xankəndindədir.  Xəbərdə deyilir ki, baş separatçı öz yaxın çevrəsini toplayıb və istefa mövzusunun hələlik qapalı olduğunu, yaxın gələcəkdə "seçki"lərin olmayacağını bildirib. Arayikə Moskvadan qəti göstəriş verilib ki, "uzun və sərt müqavimətə hazır olmaq, atəşə atəşlə cavab vermək, təxribat cəhdlərinin qarşısını almaq və təxribatçıları məhv etmək, Artsaxın normal həyatını bərpa etmək, alternativ yolla yaşamağa başlamaq və təpədən-dırnağa silahlanmaqla  yaxınlaşan müharibəyə hazırlaşmaq lazımdır”...  A.Arutyunyan deyib ki, "qarşımızda iki yol var: ya Qarabağı tərk etmək, ya da döyüşmək və lazım gələrsə, müstəqilliyimizi qorumaqla ölmək. Azərbaycanla inteqrasiya variantı isə istisnadır"... Bu arada “Johovurd” qəzetinin yaydığı digər məlumata görə, 1988-ci ildən bəri Azərbaycana qarşı separatçı hərəkatda və hərbi əməliyyatlarda aparıcı fiqurlardan olmuş, Qarabağdakı terrorçu qüvvələrin keçmiş komandanı, xüsusən 2020-ci il savaşından sonra orada “arzuolunmaz” sayılan və Paşinyanın adamı hesab edilən Samvel Babayan yüksək ictimai-siyasi aktivlik göstərməyə başlayıb.  O, əhalinin müxtəlif təbəqələri ilə görüşlər keçirir. Hətta məktəblərdən birində kollektiv onunla görüşmək istəmədiyindən insident yaşanıb...  Erməni nəşri hesab edir ki, Babayan "seçkilər"ə hazırlaşır və bu yolla özünə elektorat toplamağa çalışır. Hətta  ayrı-ayrı yaşayış məntəqələrində onun qərargahı kimi fəaliyyət göstərən ofisləri üç aylıq icarəyə götürüb... P.S.  Ukraynada strateji məğlubiyyətə məhkum olan Kreml var-gücü ilə Qarabağdan yapışır və nə yolla  olursa-olsun, burada geniş miqyaslı qarşıdurma törədib, sonra bunu bəhanə edib əlavə silahlı qüvvələr yeritməklə yerini bərkitməyə çalışır...

MN: "Azərbaycanın Laçın yolunun son nöqtəsində sərhəd-keçid məntəqəsi qurması zəruridir"

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zərurətə çevirib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. "Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir", - nazirlikdən qeyd olunub. Xatırladaq ki, martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Sülh müqaviləsi mütləq olacaq - Paşinyan

Sülh müqaviləsi mütləq olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib. “Sizin hamınıza və beynəlxalq ictimaiyyətə növbəti mesajı göndərmək istəyirəm: sülh müqaviləsi olacaq və o indiyə qədər ən yüksək səviyyədə əldə edilmiş yazılı sənədlər əsasında imzalanacaq”, – baş nazir vurğulayıb.

"Rusiya uzun bir qarşıdurmaya hazırlaşır, biz də hazır olmalıyıq"

NATO ölkələri Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıdırlar və buna görə də müdafiə xərclərini artırmalıdırlar. Sozcu.az xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib. "Rusiya uzun bir qarşıdurmaya hazırlaşır, biz də hazır olmalıyıq", - o bildirib. Kallas Alyans tərəfdaşlarını müdafiə xərclərini NATO rəhbərliyinin əvvəllər tövsiyə etdiyi səviyyəyə çatdırmağa çağırıb: "Estoniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırıb, 2024-cü ilə qədər o, ÜDM-in 3%-nə çatacaq. Müdafiə xərcləri üçün ÜDM-in 2%-i tavan deyil, minimum olmalıdır".

Paşinyanın partiyası Azərbaycan əleyhinə bəyanata “YOX” dedi

Ermənistan parlamentində hakim "Mülki Müqavilə" partiyasının fraksiyası müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsinə növbəti dəfə səs verməyib. Nəticədə Azərbaycanın tənqid edildiyi sənəd gündəliyə daxil edilməyib. Qeyd edək ki, Paşinyanın partiyası bundan əvvəl də oxşar addım atmışdı və bu, müxalifətin tənqidlərinə səbəb olmuşdu.(modern.az)

Buna görə Azərbaycana ürəkdən minnətdarıq - Ukrayna səfiri

Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Feysbuk hesabında bildirib. "Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən minnətdarıq", - Kanevski qeyd edib.

İşğaldan azad edilən rayonlar üzrə minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

İşğaldan azad edilən ərazilər üzrə təmizlənən mina və partladılmamış sursatlar rayonlar üzrə sahəsi açıqlanıb. Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb. Sənəddə qeyd edilib ki, ANAMA və digər qurumlar tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları nəticəsində Ağdam rayonu üzrə 8505,1 hektar, Cəbrayıl rayon üzrə 9611,8 hektar, Füzuli rayonu üzrə 6304,9 hektar, Kəlbəcər rayonu üzrə 5986,7 hektar, Zəngilan rayonu üzrə 3177,4 hektar, Laçın rayon üzrə 2628,0 hektar, Xocavənd rayonu üzrə 1484,8 hektar, Qubadlı rayonu üzrə 1330,5 hektar, Tərtər rayonu üzrə 2221,1 hektar, Şuşa rayonu üzrə 269,3 hektar ərazi mina və partladılmamış sursatlardan təmizlənib. ANAMA tərəfindən ötən il işğaldan azad edilən ərazilərlə yanaşı respublikanın digər şəhər rayonlarında mina və partladılmamış sursatlar təmizlənib. Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Qazax, Samux, Şəmkir, Tovuz, Yevlax, Gəncə və başqa rayonlarda agentlik tərəfindən 1176 ədəd mina və partladılmamış sursatlar zərərsizləşdirilib.

İran Qarabağa müdaxilə üçün terrorçu hazırlayır – Bilgin

İran İraqın PKK-nın nəzarətində olan Sincar şəhərində terrorçulara təlim keçir. Sozcu.az xəbər verir ki, bu haqda Yılmaz Bilginin “Türkiyə” qəzetində nəşr edilən “Tehranın hədəfi Qarabağı qarışdırmaq ola bilər: İran Sincarda iki min terrorçuya təlim verir” adlı məqaləsində qeyd olunub. Müəllif İraqdakı mənbələrə istinadla terrorçulara təlim keçən şəxslər, düşərgələrin yeri, eyni zamanda onların sayı barədə məlumat verib: “Baac yolu və Hanasur-Sincar dağı arasında qurulan iki düşərgədə İrandan gələn mütəxəssislər tərəfindən terrorçulara təlim verilir. Şeyx Əbu Mərvə adlı Həşdi Şəbi komandiri şəxsi heyətlə təminat və logistika vəzifələrini üzərinə götürüb. Terrorçular Həşdi Şəbidəki yezidi terrorçuların içərisindən seçilir. Qapalı düşərgələrdə təlim keçirilənlərin içərisində Suriyadan gələn terrorçular da mövcuddur. Düşərgələrə ümumi nəzarəti Həşdi Şəbinin qolu olan Əsaib Əl-Haqq və Seyid Əl-Şühəda, eyni zamanda Hizbullah silahlıları həyata keçirir. İranlı yüksək səviyyəli mütəxəssislər bununla bərabər Mosul və Bartella nahiyələrindəki iki fərqli düşərgədə şiə milislərinə təlim keçirlər. 2000 PKK terrorçusu və eyni sayda şiə milisinə təlim verilməsinin səbəbi kimi İranın Qarabağa müdaxilə hazırlığı göstərilib”. Y.Bilgin İraq təhlükəsizlik nümayəndəsinə istinadla bildirib ki, terrorçular gizli bir yerə göndəriləcək, lakin onların göndəriləcəyi yer və göndərilmə məqsədləri bəlli deyil: “İran ötən aylarda baş konsulluq açdığı Zəngəzurda (21 oktyabr 2022, Qafan – red.) yaşayan və sayları 100 minə çatan yezidilərlə bağlı fəaliyyətə başlayıb. İraq və suriyalı yezidilərin çoxluq təşkil etdiyi Sincar təlim düşərgələrində yezidilərə üstünlük verilməsinin də məqsədi eynidir”.axar