Azərbaycanda zəlzələ oldu

Bu gün Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda qeydə alınıb. Qeyd olunub ki, zəlzələ hiss olunmayıb.

ABŞ Bakıya nümayəndəsini göndərir

ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Lyuis Bono bu vəzifədə ilk dəfə regiona səfər edəcək. Səfər gələn həftə baş tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib. Prays bildirib ki, Vaşinqton böyük məsləhətçinin Cənubi Qafqaz ölkələrinə səfərlərinin müntəzəm olacağına ümid edir: “Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi ifadə etmək üçün ölkələrin liderləri ilə görüşməyi planlaşdırır. O, Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək. Bono əvvəlcə Bakıya, sonra İrəvana və Tiflisə gedəcək. Regiona səfər Bonoya ABŞ Dövlət katibi, Ermənistan və Azərbaycan liderləri arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan dialoqu davam etdirməyə imkan verəcək”.

Hacı Şahinin ölümü araşdırılır - Rəsmi

1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Paşinyan Almaniyaya səfərə gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Almaniyaya səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyan 2-3 mart tarixlərini əhatə edəcək səfər çərçivəsində Almaniya kansleri Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayerlə görüşəcək.

Sumqayıtda təqaüd kartlarından oğurluq edən qadın tutulub

Sumqayıt şəhərində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, bu barədə kart sahibi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Aysel Əliyeva tutulub. O, ifadəsində etdiyi cinayəti etiraf edib və Sumqayıt şəhərində bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən daha bir nəfərin kartından 120 manat oğurladığını bildirib. A.Əliyeva əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq edib. Faktlarla bağlı araşdırmalar davam etdirilir. A.Əliyevanın Sumqayıt, eləcə də digər ərazilərdə digər analoji cinayətlər etdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Naxçıvanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Yəhya Allahverdiyev "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hazırda "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı"nın sədr vəzifəsini müvəqqəti olaraq cəmiyyətin sədr müavini Qəzənfər Şıxəliyev icra edir. Qeyd edək ki, Yəhya Allahverdiyev "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri vəzifəsinə 2020-ci il martın 6-da təyin edilib.