Səfərbərlik Xidmətinin yeni rəisi kimdir?

Xəbər verdiyimiz kimi, Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Sozcu.az xəbər verir ki, M.İbrahimov haqda açıq mənbələrdə məlumat çox azdır. Bu isə onun sabiq MTN işçisi olması ilə bağlıdır. Belə ki, M.İbrahimov polkovnikdir və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub. O, Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

ABŞ SEPAH-a görə 15 milyon dollar mükafat təyin etdi

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maliyyə şəbəkəsi ilə bağlı məlumat verənlərə 15 milyon dollara qədər mükafat təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinə bağlı "Ədalət üçün mükafat" proqramı özünün Tvitter hesabında məlumat yayıb. "SEPAH və onun Qüds qüvvələri kimi tanınan xaricdəki qolu bütün dünyada terror fəaliyyətlərinin dəstəkçiləridir. SEPAH bu fəaliyyətləri maliyyələşdirmək üçün kölgə şirkətlər və digər proksi qurumlar yaratmaq kimi müxtəlif maliyyə mexanizmlərindən istifadə edir, ABŞ və beynəlxalq ictimaiyyətin sanksiyalarını pozur", - məlumatda bildirilib.

Ukraynalı politoloq: “İrəvanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir"

“Ermənistanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir". Bunu ukraynalı politoloq Aleksandr Kovalenko deyib. "Ağır atletika üzrə Avropa Çempionatına ev sahibliyi etmək müəyyən mənada Ermənistan üçün şərəf olmalı idi. Bu, bir növ belə yarışların təşkilatçılığı ilə bağlı etimad göstəricisi idi. Amma Ermənistan Azərbaycana qarşı təxribat olmaması tapşırığının, öhdəliyinin öhdəsindən gələ bilmədi", - politoloq qeyd edib. "Qarabağ məsələsinin diplomatik yolla həll edilməsinin zəruri olduğunu düşündüyümüz zamanda Ermənistan daxilində revanşist qüvvələrin bu və ya digər məsələlərə təsirinin sağlam düşüncəlilərdən daha çox olduğunu görürük. Bu cür jest, akt – necə istəyirsiniz, elə də adlandırın – yolverilməz vandalizmdir. Özü də rəsmi beynəlxalq tədbir çərçivəsində edilmiş vandalizmdir. Əgər rəsmi İrəvan bu gün islamafobiyanın, aqressiyanın nümayişinin qarşısını almağı bacarmırsa və Ermənistanı sivil ölkələrin gözündə özünü barbar və hər şeyin baş verə biləcəyi ölkə kimi təqdim edirsə, bu cür beynəlxalq tədbirlərin orada keçirilməsi böyük sual altına düşməlidir. Axı bu, Ermənistan ərazisində bu və ya digər idman növü üzrə yarışlarda iştirak edəcək komandalar üçün birbaşa təhlükədir" - Aleksandr Kovalenko əlavə edib.

Bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlandı

Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb. Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb. Milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Beynəlxalq konvensiyayaya və bu qəbildən olan bütün əməllərin cəzalandırılmalı olması ilə bağlı prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir, eləcə də beynəlxalq ictimaiyyəti Ermənistanı kəskin qınamağa, o cümlədən Ermənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırır.

“Rusiya və İran Qarabağ məsələsində Ermənistanın maraqlarından çıxış edirlər”-polkovnik Cəfərov

“Son günlər Ermənistan-Azərbaycan şərti sərhədlərində baş verənlər bir daha o məsələni aktuallaşdırır ki, istənilən an iki qonşu ölkə arasında çox ciddi silahlı toqquşmalar baş verə bilər,necə ki, bu, baş verir”. Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu fikirləri Musavat.com-açıqlamasında söyləyib. Polkovnikin sözlərinə görə, sərhədyanı bölgədə son baş verənlərə diqqət edəndə xeyli maraqlı məqamlar üzə çıxır: “Müxtəlif çaplı bölgə oyunçuları öz maraqlarından baş verənlərə yanaşır və ya qiymət verir. Cənub qonşumuz İran yenə öz qeyri-səmimi davranışlarını davam etdirir. Təsdiq olunmasa da, bəzi ciddi mənbələrin verdiyi məlumata əsasən, Gorus istiqamətində baş verən sonuncu ağır toqquşma zamanı Ermənistan tərəfdən havaya qaldırılan İran istehsalı olan PUA-ları məhz iranlı mütəxəssislər idarə edirmi? Doğrudur, onlar proseslərdə kəşfiyyat və erməni ordusunun artilleriya və minatanlarından istifadə edilməsi zamanı fəaliyyətdə olublar. Amma fərq etməz. Bunun özü də Azərbaycana qarşı İranın qeyri-səmimi və məkrli niyyətlərinin hələdə olması qənaətini yaradır. Baxmayaraq ki, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında iki gün dalbadal telefon danışıqları oldu, bəzi pozitiv notlar verildi və bu, bizə gərginliyin azalacağının ümidlərini yaradırdı. Üstəlik də prezidentin köməkçisi Hikmət Hacıyevin İran səfiri Musəvi arasında baş tutan görüş də müəyyən nikbinlik yaratsa da, təəssüf ki, gərginlik qalmaqdadır. Rusiya və İran Qarabağ məsələsində Ermənistanın maraqlarından çıxış edirlər”. Ü.Cəfərov qeyd etdi ki, baş verən qanlı toqquşmalar da bunu bir daha sübut edir. Polkovnik hesab edir ki, qardaş Türkiyə ilə bağlı qanunvericilik bazamızda təcili olaraq mütləq bəzi işləri qaydasına salmalıyıq: “Türkiyə NATO üzvü kimi özü bəzi məsələlərlə bağlı təkbaşına qərar verə bilməz. Bunun üçün hüquqi baza olmalıdır. Ona görə də, biz Azərbaycan tərəfi olaraq bəzi lazımi prosesdurları eallaşdırmalıyıq. Separatçıların bölgədən uzaqlaşdırıllması məsələsində qardaş Türkiyəmiz də Rusiyaya və Ermənistana müəyyən təzyiqlər etməlidir. Doğrudur, Qarabağ məsələsi Türkiyənin siyasi və hərbi rəhbərliyinin daima gündəmindədir. Lakin, müzakirələr öz yerində, daha çox tələblər və təzyiqlər həyata keçirilməlidir”.

Şəmkir Rayon İcra Hakimiyyətinin bir daha diqqətinə...!!!

Həyatını Azərbaycan yolunda qurban verənlərin haqqını ödəyə biləcəyimiz qeyri-mümkündür. Həyatda ən şirin olan canı fəda etmək böyük ürək, cəsarət, qəhramanlıq tələb edir. Bunun Azərbaycanda minlərlə nümunəsi var. Bəli, biz bunu dilimizdə şuara çevirib demirik. Tam mənası ilə səmimiyyətimiz, dürstlüyümüz, millətimizə sonsuz sayğımız ilə ifadə edirik. Azərbaycanda səlahiyyətli şəxslərin "şəhidlər bizim baş tacımızdır" şüarlaşmış söhbətlərinə çox rast gəlirik. Açığını qeyd edim ki, mən bu sözləri ifadə edənlərin səmimiyyətinə inanmıram. Az-çox tanıyıram kim-kimdir. Burada qeyd edəcəyim məsələnin məğzinə gəlməmişdən öncə bildirim ki, mən bunu yazmamışdan bu məsələ həll olunmalı idi. Axı "şəhidlər baş tacıdır" dillərindən düşməyənlər bu məsələ haqqında məlumatlıdır. Kimsə bunu deməli, yazmalı deyil. Gələk məsələnin əsas məğzinə. Çinarlı qəsəbəsindən 90-cı illərdə Qarabağ müharibəsində şəhid olan bir çox qəhraman millət övladları var. Onların bir çoxunun adına məktəb, küçə var. Amma şəhid Hikmət Süleymanov və Pənah Mehbalıyevin adına zərrə qədər olsun qəsəbədə şəhid olaraq xatırlanacaq bir xatirə izi yoxdur. Qəsəbədə çalışmış  eks-icra nümayəndələrindən biri Aşıq Alıya, Aşıq Ələsgərə, Dədə Qorquda ad verməyə küçə tapmışdı, amma bu şəhidlər heç yadlarına düşməyib. Vicdan, məsuliyyət, sayğı önəmli xüsusiyyətdir. Görünür ki, kimlərəsə bu deyilməlidir, batinində mövcud deyil. Çinarlı qəsəbə sakinləri İcra başcısının səyyar görüşündə bu məsələ diqqətinə çatdırılıb və bir daha buradan bildirməyi özümüz üçün mənəvi bir borc bilirik.  Çinarlı qəsəbəsi ərazisində şəhid Hikmət Süleymanov və şəhid Pənah Mehbalıyevin adlarına küçə verilməsini bir daha aidiyyatı qurumların diqqətinə çatdırırıq və şəhidlərə həqiqi ehtiramın göstərilməsini tələb edirik ! Ceyhun Nəbi

ABŞ-dan əsgərimizin döyülməsinə reaksiya

ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinin rəsmi Feysbuk hesabında qeyd olunub. Açıqlamada tərəflərə sülh danışıqları ilə bağlı çağırış edilib: “Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”.

Mirzoyan: “Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəzlənməsi yeni eskalasiya ehtimalını azaldacaq”

“Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəz edilməsi məsələnin tam şəkildə həllinə imkan verəcək və yeni eskalasiya ehtimalını azaldacaq”. Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyadan olan həmkarı ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib. O qeyd edib ki, hazırda bəzi ərazilərdə artıq sərhədçilər xidmət edirlər. “Və təcrübə göstərir ki, ordu hissələrinin yerləşdiyi bölmələrlə müqayisədə bu ərazilərdə toqquşmaların baş vermə ehtimalı daha azdır”, - deyə o vurğulayıb. Mənbə: “Sputnik” Ermənistan “Telegram”

Ceyhun Bayramov və ATƏT sədrinin müzakirə etdiyi məsələlər açıqlandı

12 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov və nazir Buyar Osmani arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Geniştərkibli görüşdə aparılan hərtərəfli müzakirələr zamanı həm Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi üzrə müxtəlif mövzulara, həm də Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin perspektivlərinə toxunulub. Görüşdə ATƏT üzrə ölkəmizin baxışları diqqətə çatdırılıb. Sülh və təhlükəsizliyin bərpası, münaqişələrin qarşısının alınması, əməkdaşlığın təşviqi, davamlı iqtisadi artıma və ekoloji əməkdaşlığa dəstək məsələlərinin Şimali Makedoniyanın sədrliyi gündəmində əsas yer tutması qeyd olunub. Ölkəmizin Şimali Makedoniyanın sədrliyinin minalardan təmizləmə, kiber təhlükəsizlik, kommunikasiya xəttləri, gender bərabərliyi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi, korrupsiya ilə mübarizə daxil olmaqla iştirakçı dövlətlərə dəstək kimi prioritet sahələrin müsbət qiymətləndirdiyi bildirilib. İkitərəfli gündəlik üzrə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi, təhsil və turizm kimi sahələrdə dialoqun və dövlətlərarası tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin, o cümlədən ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi və dost xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərin uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub. Görüşdə, həmçinin Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri müzakirə edilib. Bu xüsusda, əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb və Ermənistanın bu cür səylərə zərbə vuran maneələri və hərbi-siyasi təxribatları barədə qarşı tərəfə məlumat verilib. Bu xüsusda, ATƏT-in üsul və vasitələrinin təşkilatın post-münaqişə reabilitasiya fəaliyyətləri ilə geniş və hərtərəfli şəkildə məşğul olması üçün əsas təşkil etdiyinə görə, təşkilatın Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi post-münaqişə bərpa səylərinə, o cümlədən minalardan təmizləmə işinə töhfə verməsi məsələsinin vacibliyi vurğulanıb. Ötən il büdcədənkənar Azərbaycan Əməkdaşlıq Proqramının (AzCOP) təsdiqlənməsi və ATƏT-in Katibliyi tərəfindən müvafiq repozitor proqramın yaradılması təqdir edilib. Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Vahid Əhmədov: "Hesablama Palatasının hökumətlə münasibətləri normal deyil"

Hesablama Palatasının audit zamanı aşkarladığı nöqsanların aradan qaldırılmamasının əsas səbəblərindən biri Palatanın hökumətlə münasibətlərinin normal olmamasıdır. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib. "Hesab edirəm ki, nöqsanlarla bağlı heç olmasa ildə bir dəfə hökumətlə müzakirələr aparılmalıdır. Burada ötən il aşkarlanmış nöqsanları aradan qaldırmayan qurum və təşkilatların adları açıqlanmalıdır", - deyə o qeyd edib. Bundan başqa, deputat təklif edib ki, işğaldan azad edilmiş ərazilərdə audit daha sərt olsun və genişləndirilsin: "Ora nəzarətdən uzaq bir yerdir. Bu istiqamətdə auditi daha da genişləndirmək lazımdır"./Report

Qarabağ erməniləri Azərbaycan nümayəndələri ilə görüşmək istəyir

Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan tərəfinə görüş keçirilməsi ilə bağlı təklif ünvanlayıblar. Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, Qarabağ erməniləri sözügedən təklifi Azərbaycan ərazilərində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingenti vasitəsilə ediblər. Xatırladaq ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb./Qafqazinfo

General itkin düşən əsgərlərin ailələrinə deyib ki, bəlkə Mübariz İbrahimov kimi...

Naxçıvan Muxtar Respublikasında hərbi  xidmətdə olan   itkin düşən hərbçilərin kimliyi bəlli olub. Gununsesi.info-nun xəbərinə görə, bu şəxslər Axundov Hüseyn Əhliman oğlu, digəri isə Bəbirov Aqşin Qabil oğludur. Qeyd edək ki, Müdafiə Nazirliyinin  açıqlamasında hərbçilərimizin Şahbuz rayonu istiqamətində yoxa çıxdığı deyilir. Saytın əldə etdiyi xəbərdə isə hadisənin bəzi təfərrüatları məlum olub. Belə ki, hər iki şəxs sadə əsgər olsa da komandir onları post yoxlamaya göndərib. Bu göndərişdən sonra hər iki hərbçi yoxa çıxıb. Yoxa çıxan əsgərlərin valideynləri bildirir ki, vəzifə borcları olmadığı halda iki əsgərin post yoxlamaya getməsi faktı araşdırılmalıdır. Bundan başqa itkin düşən əsgərlərin valdeynləri  Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevlə görüşsə də normal cavab ala bilməyib:  “Kərəm Mustafayev deyir ki,  bəlkə Mübariz İbrahimov kimi ermənilərin üstünə gediblər. Biz övladlarımızı ona əmanət etmişik. Elə bil ki, iki 18 yaşlı gənc itməyib. Soyuqqanlı şəkildə deyir ki, gedin, evinizdə oturun, bir xəbər olsa biləcəksiniz”.