Hətta danışıqlar yolu ilə Qarabağdakı separatçı rejimin rəhbərləri təslim olsaydı belə, yenə də Karen Cavalyan kimi generallar və ona dəstək verən bəzi separatçı qruplar təslim olmaqdan imtina edəcəkdilər. Nəticədə yenə də qan töküləcəkdi, şəhidlər verəcəkdik. Son günlərdə baş verən hadisələr bunu göstərir. İndi ən azı görünən odur ki, münaqişənin həlli yekuna doğru gedir. Ermənistan ərzi bütövlüyümüzü tanıyır, Azərbaycan antiterror əməliyyatları keçirən zaman məsələyə qarışmadı. Bundan sonra qalan ən ciddi məsələ rus qoşunlarının ərazilərimizdən çıxarılmasıdır. İnanıram ki, bu məsələ də Rusiyanın Ukraynada məğlub olmasından sonra həllini tapacaq.
Şəhidlərimizin çox olmasına gəldikdə isə. Xoşunuza gəlməsə də düşmən də döyüşməyi bacarır. Döyüşə bilməsələr 44 günlük müharibədə 3 min şəhid verməzdik. Guya düşməni əfəl, əli silah tuta bilmən, "erməni qandan qorxur" kimi təqdim etməklə nə qazanırıq? İllərdi hərbiləşdirilmiş rejim qurublar və ömürlərini bizimlə döyüşəcəkləri günə həsr ediblər. Sadəcə gücləri çatmadı və ümid edirəm ki, ömürlük dərslərini aldılar.
Qarabağdan isə xoş xəbərlər gəlməkdə davam edir, ordumuz yavaş-yavaş ərazilərimizdə hakim olur.
Şəhidlərimizin ruhları şad olsun! Qazilərimizə şəfa diləyirəm. Ordumuza da daim uğurlar arzulayıram!
Fərəc Kərimli, Müsavat başqanının müavini