“İdman şapkasını “namus” adlandıranlar əvvəlcə özlərinə baxsınlar” - Folklorşünas OD PÜSKÜRDÜ

Milli mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan Novruz bayramının xalqımızın tarixi yaddaşında müstəsna rolu var. Novruzun atributlarından hesab edilən bəzi adət-ənənələr zaman-zaman unudulsa da, əksəriyyəti bu günümüzə qədər gəlib çatıb. Qulaq falına çıxma, torba atma, şal sallamaq, su sulama, yumurta döyüşdürmə, tonqal üstündən tullanma və sair.

Bu adətlərin əksəriyyəti unudulsa da bəziləri qismən yaşadılır. Məhəmməd Şəhriyar da bu ənənəni çox ustalıqla ifadə edib:

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim, mən də evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

Məsələ burasındadır ki, keçmişdə şal, torbasallama mərasimi müxtəlif bölgələrdə fərqli üsulla icra olunub.

Bacalardan şal və torba sallanıb, qapılardan da papaq atılıb. Müasir dövrdə bu adət  bir qədər dəyişib. İndi müasir evlər nə şal, nə də torba sallamaq üçün münasib deyil. Üstəlik, indi şal və torba yoxa çıxıb.

Uşaqlar daha çox başlarına qoyduqları idman geyimindən – papaqdan bu məqsədlə istifadə edirlər. Novruzda yaşlı insanların papaq atmasına rast gəlinmir və bu adətdən bir qayda olaraq uşaqlar və yeniyetmələr istifadə edir. Bu isə çoxları tərəfindən müsbət qarşılanmır. Çünki, papaq namus, qeyrət simoludur. Onun ayaqlar altına atılması heç də xoş qarşılanmır. 

Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşən folklorşünas Tahir Talıblı bildirib ki, Novruzun simvolları tədricən unudulur, təhrif edilir:

“Müasir yeniyetmələr artıq şal sallamır, torba atmır, sadəcə papaq atır. Nəzərə alaq ki, papağı atanlar da 7-12 yaşlı uşaqlar olur. İndi hansı uşağa baxırsan başında idman kepkası və ya papağı var. Ona görə də həmin uşaqlar torba gəzdirməkdənsə başlarındakı idman papağından torba əvəzi istifadə edir. Bəlkə də bu xoş qarşılanmır. Amma uşaqları da başa düşmək lazımdır.

Onlar alternativ tapmadıqları üçün belə edirlər. Nəzərə alın ki, bu, uşaq həvəsidir və usagı indidən çaşdırmaq, pisikdirmək olmaz. Əksinə  adət-ənənəni sevdirmək üçün bu tendensiya davam etməlidir. İndi bəziləri deyir ki, guya papaq atmaqla qeyrət əldən gedir. Belə şeylər danışmaqla xalqın min illik yaddaşına kölgə salmayın.

Papaqla bağlı milli oyunlarımız var. Deməli, dədə-babamız “qeyrətlə” oyun oynayıblar? Papaq mövzusuyla alver etmək nadanlıqdır.

Kimsə gündəmə gəlmək istəyirsə bu mövzunu nahaq ortaya atır. Bu cür yanaşmalar Novruzu gözdən salır. Əziz gündə uşaqların sevincinə kölgə salmaq yaraşmaz.

İdman şapkasını “namus” adlandıranlar qoy milli papaqlarımızın yoxa çıxmasından danışsınlar. Bütün Qafqaz xalqları və hətta Orta Asiyada milli geyimlər qorunub yaşadılır. Bəs, biz niyə bunu etmirik? İdman şapkasını “namus” adlandıranlar əvvəlcə özlərinə baxsınlar ki, geyindikləri paltarın hansı millidir, sonra danışsınlar” . 

Share on Facebook