“Rusiya hazırda çalışır ki, Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşma baş versin. Ümid edirəm ki, bizim hakimiyyət bu ssenaridən yayına biləcək”.
Sozcu.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Azərbaycan Rusiya ilə imzalanmış Bəyannamə əsasında Ermənistanın Rusiyadan qopub, Qərblə yaxınlaşmasına qarşı sərt mövqe nümayiş etdirmək öhdəliyi götürüb.
“Bəzən mürəkkəb görünən məsələlərin sadə izahı olur.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə var.
Bəyannamənin 4-cü maddəsində yazılıb:
“Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla, konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər”.
5-ci maddə orta məktəb şagirdinin də anlayacağı dərəcədə sadə və aydındır:
“Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər".
Yaxud 7-ci maddəyə baxaq:
“Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər”.
25-ci maddəyə nəzər salaq:
“Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər””.
Politoloq qeyd edib ki, Qərbin Ermənistana yerləşməklə Azərbaycana hərbi təhdid törətdiyi yönündə yerli KİV-də aparılan təbliğat isə Azərbaycanın sözügedən öhdəliklə bağlı həyata keçirdiyi siyasəti, o cümlədən rus ordusunun Azərbaycanda qalmasını ölkə daxilində əsaslandırmağa və haqlı göstərməyə yönəlib.