İsveçrə çempionatının qalibi oldular

“Yanq Boyz” İsveçrə çempionatının 2022/23 mövsümünün qalibi olub. Sozcu.az xəbər verir ki, Rafael Vikkinin komandası 31-ci turda “Lüsern”i məğlub edərək (5:1) xallarının sayını 64-ə çatdırıb. “Yanq Boyz” sona 5 tur qalmış ən yaxın izləyicisi 18 xal qabaqlayıb. Bununla da “Yanq Boyz” çempionluğu rəsmiləşdirib. Bern klubu tarixində 16-cı, son 6 ildə isə 5-ci dəfə bu yarışın qalibi olub.

“Formula 1” ölkə üçün qürur mənbəyidir – Nazir

“Formula 1” Azərbaycan Qran-prisi bütün ölkə üçün böyük qürur mənbəyidir və indi daha üç il ərzində azarkeşlərimizi ruhlandırmağa və həyəcanlandırmağa davam edəcək. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “Formula 1”lə müqavilə müddətinin uzadılması ilə bağlı fikirlərini bildirərkən deyib. Nazir qeyd edib ki, bu təşkilatla davamlı tərəfdaşlığı təsdiqləməkdən məmnunuqlu hissi keçirir: “2016-cı ildən - bu tədbirə ev sahibliyi etdiyimiz vaxtdan idmanın ölkəmizə və şəhərimizə diqqətçəkən iqtisadi, sosial və mədəni təsiri olub”. “Bakıdakı son altı yarış bu idman növünün uzun tarixində ən yaxşı və ən dramatik mübarizələrdən olub və biz bu həftəsonundan başlayaraq növbəti üç il ərzində evdə və xaricdə F1 azarkeşləri üçün daha sehrli anlar yaşatmağı səbirsizliklə gözləyirik. Üstəlik, bugünkü razılaşma 100-dən çox ölkədən rekord sayda azarkeşi qəbul etməyimizi görən bir həftə sonu gəldi. Bu da bu anı daha da xüsusi edir”, - nazir əlavə edib.

Fatih Terim Bakıya gəlir

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim Bakıya gələcək. Sozcu.az xəbər verir ki, o, iyunun 17-də paytaxtımızda olacaq. F.Terim Bakı Konqres Mərkəzində çıxış edəcək. O, keçdiyi həyat yolundan, futbolda qazandıqları uğurlardan danışacaq.

Güləş üzrə Dünya Kubokları ləğv edilib

Bu il İran və ABŞ-də keçirilməsi planlaşdırılan güləş üzrə Dünya Kubokları ləğv edilib. Sozcu.az Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, qərar Paris-2024 Yay Olimpiya Oyunları öncəsi bu cür yüksək səviyyəli tədbirlərin təşkili ilə bağlı problemlər və çətinliklər diqqətlə nəzərdən keçirildikdən sonra qəbul olunub. Bildirilib ki, bir çox ölkə təmsilçiləri olimpiadaya hazırlığa diqqət yetirdiyindən, Dünya Kuboklarında idmançı sayının az olması UWW üçün narahatlıq yaradır: "Həmçinin, bu ilin sentyabrında Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatı də güləşçilər üzərində təzyiqi artıracaq". Qərara təsir edən amillərdən biri də yerli təşkilat komitələrindən lazımi qədər dəstəyin olmamasıdır. Qeyd edək ki, İrandakı yunan-Roma güləşi üzrə Dünya Kuboku 24-25 noyabrda, ABŞ-dakı sərbəst və qadın güləşi üzrə yarış isə 9-10 dekabrda keçirilməli idi.

Qurban Qurbanov “Qarabağ“dan gedir? - Özü danışdı

"Çox uzun müddət, indidən sonra 10 və ya 15 il baş məşqçi kimi işləmək həvəsində deyiləm".  Sozcu.az xəbər verir ki, bunu "Report"a müsahibəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. 51 yaşlı mütəxəssis hər insanın gələcəyə dair fikirlərinin və ideyalarının olduğunu bildirib: "Mənim də neçə il bu sahədə çalışacağıma dair, "Qarabağ"da qalmaq və ya qalmamaqla bağlı düşüncələrim var. Belə fikirlərim var, amma açıqlamasam, daha yaxşı olar. Bütün bunları gələcək göstərəcək və irəlidəki dönəmlərdə hər şey nizamlanacaq". 

"Real"ın 76 illik seriyasını qırdı

"Jirona"nın futbolçusu Valentin Kastelyanos La Liqanın 31-ci turunda “Real”ın 76 illik seriyasında son qoyub. Sozcu.az xəbər verir ki, o, Madrid təmsilçisinin qapısına 4 qol vurub. Sonuncu dəfə hər hansı bir futbolçu "Real"ın qapısına 4 qolu 1947-ci ildə vurmağı bacarıb. Ümumiyyətlə, yalnız 5 futbolçu İspaniya çempionatı çərçivəsində bir matçda “Real”a 4 qol vura bilib: 2023 – Kastelyanos ("Jirona") 1947 – Eçavarriya ("Ovyedo") 1942 – Emelin ("Ovyedo") 1940 – Katalan ("Espanyol") 1935 – Ventolra ("Barselona")

“Əl-Nəsr” uduzdu, Ronaldo məşqçiləri ilə mübahisə etdi

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı kubokunun yarımfinal mərhələsində "Əl-Vehda" ilə oyundan sonra məşqçilər heyəti ilə mübahisə edib.  Sozcu.az xəbər verir ki, portuqaliyalı hücumçu məşqçiləri qıcıqlandıran sözlər deməyə başlayıb. Bu da tərəflər arasında mübahisəyə səbəb olub.  Matç isə 1:0 hesabı ilə “Əl-Vehda”nın xeyrinə başa çatıb. Beləliklə, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı kubokunda mübarizəni dayandırıb. Turnirin final oyununda "Əl-Vehda" "Əl-Hilal"la qarşılaşacaq.  Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-da "Əl Nəsr"lə müqavilə imzalayıb. 38 yaşlı forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm o, "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 13 oyunda 11 qol və 2 qol ötürməsi ilə yadda qalıb. 

Mahir Türkiyədə qol vurdu, sonra bunları yazdı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə superliqasında vurduğu ilk qolla bağlı paylaşım edib.  Sozcu.az xəbər verir ki, “Konyaspor”un hücumçusu 29-cu turda evdə “Adana Demirspor”la matçdan sonra İnstaqram hesabında yazıb: “Çox söz söyləyə bilərdik, amma boş verin. Dəstəkləyən hər kəsə təşəkkür edirik”.  Qeyd edək ki, Mahir 40-cı dəqiqədə  gözəl qola imza atıb. Bu, onun Superliqa və “Konyaspor”da ilk rəsmi qolu olub. M.Emreli 60-cı dəqiqədə əvəzlənib. Onun komandası isə 1:2 hesabı ilə uduzub. 

Super Liqaya yüksələn klub “Qarabağ”ın futbolçusuna elçi düşdü

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Türkiyə Super Liqasına vəsiqə qazanan “Samsunspor”un diqqət mərkəzinə düşüb. Məlumata görə, klub mərakeşəsilli fransalı vingeri izləmək üçün Bakıya skaut göndərib. Onun hesabatı əsasında oyunçu ilə bağlı qərar veriləcək. 31 yaşlı futbolçu martın 26-da Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” - “Qalatasaray” (1:2) xeyriyyə oyununda performansı ilə Türkiyə klublarının diqqətini çəkib. Onun adı “Alanyaspor”la da yanaşı hallanır. “Qalatasaray” azarkeşləri isə sözügedən matçdan sonra sosial şəbəkə paylaşımları ilə Zubirin transfer edilməsini istəyiblər. 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Zubir bu mövsüm Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 8 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir. Mənbə: “Fotomac”

Nəriman Abbasova uduzan MMA döyüşçüsü çəkisini dəyişir

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasova uduzan Rusiya təmsilçisi Marif Pirayev çəkisini dəyişir. Bu barədə 30 yaşlı idmançı "Sport-express"ə açıqlamasında bildirib. O, artıq 77 kq-da mübarizə aparacağını söyləyib: "Hamıya qələbə qazandırmağın nə mənası var? Bu çəkidə daha yaxşı olacağını düşünürəm. Tamam başqa cür olacağam. Məşqçilər, ailə, yaxınlarım çəkimi dəyişməli olduğumu deyirdilər. Özümü tam göstərə bilmədiyimi anladım". Pirayev 70 kq-da məhz Nəriman Abbasova yenildiyi döyüşü də xatırlayıb: "Onunla görüşdə formada olsam da, özümə gələ bilmədim. Təəssüf ki, bunu heç kimə izah edə bilməzsiniz. Mətbəxi içəridən heç kim görmür. Azarkeşlər qarşılaşmaya gəlirlər, birinin məğlub, digərinin isə qalib olduğunu görürlər. İdmançıların necə işlədiklərini, ailəsi və dostları ilə vaxt keçirə bilmədiklərini görmürlər". Qeyd edək ki, Marif Pirayev ötən ilin yayında Moskvadakı "AMC Fight Nights"da Nəriman Abbasova məğlub olub. Beləliklə, Azərbaycan döyüşçüsü çempionluq kəmərini müdafiə edib.

Laporta Messinin "Barselona"ya qayıdacağını açıqladı

"Barselona"nın prezidenti Joan Laporta azarkeşlərlə söhbəti zamanı PSJ-nin hücumçusu Lionel Messinin tezliklə Kataloniya klubuna qayıdacağını bildirib. Sozcu.az xəbər verir ki, klub rəhbəri La Liqanın 29-cu turunun “Hetafe” ilə oyunundan (0:0) öncə tribunada azarkeşlərlə şəkil çəkdirib, eyni zamanda azarkeşlərin suallarını cavablandırıb. Azarkeşlərdən biri "Barselona"nın prezidentinə Lionel Messinin komandaya qayıdıb-qayıtmayacağını soruşub. Laporta dərhal cavab verib: "Bəli". Funksionerin fanatlarla ünsiyyətini əks etdirən video Cadena Ser Carrusel Deportivo-nun sosial şəbəkələrində yayımlanıb. Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. Argentina millisinin kapitanının PSJ ilə sözləşməsi bu mövsümün sonuna qədər nəzərdə tutulub.

Ermənilər bizdən qorxdular, ona görə belə hərəkət etdilər - İdmançımız

“Biz qalib dövlətin qalib idmançıları kimi Vətənə qayıtdıq”. Sozcu.az xəbər verir ki, bu sözləri İrəvandan qayıdan azərbaycanlı ağır atlet İsa Rüstəmov deyib. O bildirib ki, ermənilər bütün dünyaya rüsvay olub: “Onlar bizdən qorxdular. Biz bu yarışa tam gücümüzlə hazırlaşmışdıq. Öz himnimizi orada səsləndirmək istəyirdik. Ermənilər bizdən qorxduqlarına görə, belə bir hərəkət etdilər”. Qeyd edək ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.