“Əl-Nəsr” uduzdu, Ronaldo məşqçiləri ilə mübahisə etdi

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı kubokunun yarımfinal mərhələsində "Əl-Vehda" ilə oyundan sonra məşqçilər heyəti ilə mübahisə edib.  Sozcu.az xəbər verir ki, portuqaliyalı hücumçu məşqçiləri qıcıqlandıran sözlər deməyə başlayıb. Bu da tərəflər arasında mübahisəyə səbəb olub.  Matç isə 1:0 hesabı ilə “Əl-Vehda”nın xeyrinə başa çatıb. Beləliklə, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı kubokunda mübarizəni dayandırıb. Turnirin final oyununda "Əl-Vehda" "Əl-Hilal"la qarşılaşacaq.  Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-da "Əl Nəsr"lə müqavilə imzalayıb. 38 yaşlı forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm o, "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 13 oyunda 11 qol və 2 qol ötürməsi ilə yadda qalıb. 

Mahir Türkiyədə qol vurdu, sonra bunları yazdı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə superliqasında vurduğu ilk qolla bağlı paylaşım edib.  Sozcu.az xəbər verir ki, “Konyaspor”un hücumçusu 29-cu turda evdə “Adana Demirspor”la matçdan sonra İnstaqram hesabında yazıb: “Çox söz söyləyə bilərdik, amma boş verin. Dəstəkləyən hər kəsə təşəkkür edirik”.  Qeyd edək ki, Mahir 40-cı dəqiqədə  gözəl qola imza atıb. Bu, onun Superliqa və “Konyaspor”da ilk rəsmi qolu olub. M.Emreli 60-cı dəqiqədə əvəzlənib. Onun komandası isə 1:2 hesabı ilə uduzub. 

Super Liqaya yüksələn klub “Qarabağ”ın futbolçusuna elçi düşdü

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Türkiyə Super Liqasına vəsiqə qazanan “Samsunspor”un diqqət mərkəzinə düşüb. Məlumata görə, klub mərakeşəsilli fransalı vingeri izləmək üçün Bakıya skaut göndərib. Onun hesabatı əsasında oyunçu ilə bağlı qərar veriləcək. 31 yaşlı futbolçu martın 26-da Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” - “Qalatasaray” (1:2) xeyriyyə oyununda performansı ilə Türkiyə klublarının diqqətini çəkib. Onun adı “Alanyaspor”la da yanaşı hallanır. “Qalatasaray” azarkeşləri isə sözügedən matçdan sonra sosial şəbəkə paylaşımları ilə Zubirin transfer edilməsini istəyiblər. 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Zubir bu mövsüm Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 8 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir. Mənbə: “Fotomac”

Nəriman Abbasova uduzan MMA döyüşçüsü çəkisini dəyişir

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasova uduzan Rusiya təmsilçisi Marif Pirayev çəkisini dəyişir. Bu barədə 30 yaşlı idmançı "Sport-express"ə açıqlamasında bildirib. O, artıq 77 kq-da mübarizə aparacağını söyləyib: "Hamıya qələbə qazandırmağın nə mənası var? Bu çəkidə daha yaxşı olacağını düşünürəm. Tamam başqa cür olacağam. Məşqçilər, ailə, yaxınlarım çəkimi dəyişməli olduğumu deyirdilər. Özümü tam göstərə bilmədiyimi anladım". Pirayev 70 kq-da məhz Nəriman Abbasova yenildiyi döyüşü də xatırlayıb: "Onunla görüşdə formada olsam da, özümə gələ bilmədim. Təəssüf ki, bunu heç kimə izah edə bilməzsiniz. Mətbəxi içəridən heç kim görmür. Azarkeşlər qarşılaşmaya gəlirlər, birinin məğlub, digərinin isə qalib olduğunu görürlər. İdmançıların necə işlədiklərini, ailəsi və dostları ilə vaxt keçirə bilmədiklərini görmürlər". Qeyd edək ki, Marif Pirayev ötən ilin yayında Moskvadakı "AMC Fight Nights"da Nəriman Abbasova məğlub olub. Beləliklə, Azərbaycan döyüşçüsü çempionluq kəmərini müdafiə edib.

Laporta Messinin "Barselona"ya qayıdacağını açıqladı

"Barselona"nın prezidenti Joan Laporta azarkeşlərlə söhbəti zamanı PSJ-nin hücumçusu Lionel Messinin tezliklə Kataloniya klubuna qayıdacağını bildirib. Sozcu.az xəbər verir ki, klub rəhbəri La Liqanın 29-cu turunun “Hetafe” ilə oyunundan (0:0) öncə tribunada azarkeşlərlə şəkil çəkdirib, eyni zamanda azarkeşlərin suallarını cavablandırıb. Azarkeşlərdən biri "Barselona"nın prezidentinə Lionel Messinin komandaya qayıdıb-qayıtmayacağını soruşub. Laporta dərhal cavab verib: "Bəli". Funksionerin fanatlarla ünsiyyətini əks etdirən video Cadena Ser Carrusel Deportivo-nun sosial şəbəkələrində yayımlanıb. Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. Argentina millisinin kapitanının PSJ ilə sözləşməsi bu mövsümün sonuna qədər nəzərdə tutulub.

Ermənilər bizdən qorxdular, ona görə belə hərəkət etdilər - İdmançımız

“Biz qalib dövlətin qalib idmançıları kimi Vətənə qayıtdıq”. Sozcu.az xəbər verir ki, bu sözləri İrəvandan qayıdan azərbaycanlı ağır atlet İsa Rüstəmov deyib. O bildirib ki, ermənilər bütün dünyaya rüsvay olub: “Onlar bizdən qorxdular. Biz bu yarışa tam gücümüzlə hazırlaşmışdıq. Öz himnimizi orada səsləndirmək istəyirdik. Ermənilər bizdən qorxduqlarına görə, belə bir hərəkət etdilər”. Qeyd edək ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.

İrəvanda qızıl qazandı, qələbəni Azərbaycana həsr etdi

Ermənistanda qızıl və gümüş medal alan türkiyəli atletlər qələbələrini Azərbaycana həsr ediblər. Sozcu.az xəbər verir ki, Cansu Bektaş medal aldıqları üçün xoşbəxt olduqlarını və hər ikisi qələbəni Azərbaycana həsr etdiklərini və yanımızda olduqlarını bildiriblər.

İkardidən yeni müqavilə ilə bağlı açıqlama

"Qalatasaray"ın ötən yay PSJ-dən icarəyə götürdüyü Mauro İkardi İstanbul təmsilçisi ilə mövsümün sonunda başa çatacaq müqaviləni uzadıb-uzatmayacağı barədə danışıb.  Sozcu.az xəbər verir ki, hücumçu bu haqda Superliqanın 29-cu turunda "Kayserispor"la matçdan sonra fikirlər söyləyib. O deyib:  "Qalatasaray" forması ilə ilk dəfə het-trik etdiyim üçün çox xoşbəxtəm. Qarşıda 9 oyun var və onların hər birində qalib gəlmək istəyirik. Mövsümün başa çatmasına hələ var. Son oyundan sonra klub prezidentimiz və direktorlarımızla gələcəyim haqqında danışacağıq". 

Arda Turan baş məşqçiliyə başladı

Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"u çalışdıracaq. Qeyd edək ki, klubun vitse-prezidenti Fatih Qulaksız məlumatı təsdiqləyib. Xatırladaq ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.

AFFA Byazi barədə qərar qəbul etdi

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub. İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb. İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib. Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, işləri ilə əlaqədar Gürcüstanın paytaxtı Tiflisdən Bakıya gələ bilməyib. Qurumun İcraiyyə Komitəsinin üzvü Zaur Axundov qeyd edib ki, yekun qərara əsasən Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi postunda qalacaq: "İtaliyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub". Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

Tarixi uğura imza atan idmançımız: “Hədəf Olimpiya medalıdır”

“Emosiyalar çox güclüdür. Təbii ki, qızıl medal qazanmaq daha yaxşı olardı, amma düşünürəm ki, gümüş medal da yaxşı nəticədir”. Bunu Oxu.Az saytına açıqlamasında Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində gümüş medal qazanmış Zərifə Hüseynova deyib. Sablyaçı bu uğuru gözlədiyini bildirib: “Dünya çempionatına ciddi hazırlaşmışdıq. Xarici ölkələrdə təlim-məşq toplanışı keçmişdik. Uğur qazanacağımı gözləyirdim”. O, finalda məğlub olmasını yarımfinal qarşılaşmasında çox güc itirməsi ilə əlaqələndirib: “Qrup mərhələsi mənim üçün uğurlu başladı. Yarımfinala kimi qarşılaşdığım rəqiblər texnikalı və hazırlıqlı olsalar da, ən çətin görüşüm yarımfinalda amerikalı qılıncoynadanla idi. Yarımfinalda tam gücümü ortaya qoyduğumdan finalda mübarizə aparmaq fiziki və psixoloji cəhətdən çətin idi”. Azərbaycanın qılıncoynatma tarixində yeniyetmələrin dünya birinciliyində ilk medalı qazanmaqla tarixə düşən Z.Hüseynova əsas hədəfinin Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşmək olduğunu qeyd edib: “Qarşıdakı hədəflərlə bağlı indidən bir söz deyə bilmərəm. Lakin növbəti mövsümdə daha yaxşı çıxış etmək üçün üzərimdə çox çalışmalıyam. Mənim də bütün idmançılar kimi hədəfim Olimpiya medalıdır. Bu arzuma çatmaq üçün əlimdən gələni edəcəyəm”. 17 yaşlı idmançı Azərbaycanda ənənəvi idman növü hesab edilməyən qılıncoynatma ilə məşğul olmasını belə əsaslandırıb: “Evimizin yaxınlığındakı məktəbdə qılıncoynatma məşqləri keçirilirdi və beləcə məndə də bu idman növünə maraq yarandı. Qılıncoynatmaya qədər digər idman növləri ilə də məşğul olmuşam. Amma yekunda bu idman növündə özümü sınamağa qərar verdim”.

Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinalına yenidən təyinat aldı

FIFA referisi Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinal oyununa təyinat alıb. Sozcu.az AFFA-nın saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ə.Ağayev aprelin 12-də Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK Athens qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. VAR hakimi isə Elçin Məsiyev olacaq. Qeyd edək ki,  martın 1-də keçirilməli olan sözügedən görüş Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən təxirə salınmışdı. Əliyar Ağayev həmin vaxt da oyuna təyinat almışdı.