PSJ-nin yarımmüdafiəçisi Neymar "Barselona"ya qayıtmaq istəyində israrlıdır.
Sozcu.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Braziliyalı Kataloniya klubuna qayıtmaq üçün hətta maaşını azaltmağa da hazırdır. "Barselona" prezidenti Joan Laporta və idarə heyətinin bir hissəsi bu fikri dəstəkləyir. Lakin baş məşqçi Xavi Neymarın komandaya qayıtmasının əleyhinədir.
Xavi aydın şəkildə başa düşür ki, braziliyalı "Barselona"nın indi ehtiyac duyduğu oyunçu deyil və onun klubdakı vaxtı artıq keçib. Rəhbərlik Neymarın mümkün transferini marketinq nöqteyi-nəzərindən yaxşı fikir hesab edir, lakin idman nöqteyi-nəzərindən transferə şübhələr var.
Daha əvvəl Neymara Səudiyyə Ərəbistanından 300-400 milyon avro arasında maaş təklif etdiyi bildirilirdi.
Qeyd edək ki, 31 yaşlı hücumçu 2017-ci ildən PSJ-nin formasını geyinir. O, 2013-2017-ci illərdə "Barselona"da oynayıb.