İyunun 19-da Zaqreb “Dinamo”su təlim-məşq toplanışına başlayacaq.
Sozcu.az xəbər verir ki, Xorvatiyanın “Sportske Jutarnji” nəşri hazırlıq prosesinin ilk günündə məşqlərə ötən mövsüm klubun icarədə olan 10 futbolçusunun qatılacağını yazıb. Onların sırasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.
Qəzet bildirir ki, bu futbolçuların hazırlığa qoşulması hələ onların hamısının yeni mövsümdə “Dinamo”da qalacağı mənasına gəlmir.
“Əlbəttə, bu, o demək deyil ki, həmin futbolçular baş məşqçinin (İqor Bişçan) etimadını qazanacaq. Onlardan hansılarsa yenidən icarəyə göndərilə bilər. Amma o da inandırıcıdır ki, bu futbolçulardan Bişçanın heyətində qalan da olacaq” - deyə nəşr yazıb.
Qeyd edək ki, hazırda M.Emreli Azərbaycan millisinin düşərgəsindədir. O, iyunun 17-də Estoniyaya qarşı Bakıda keçiriləcək “Avro-2024”ün seçmə oyunu üçün milliyə dəvət alıb. Bu görüşdən sonra Emrelinin “Dinamo”nun düşərgəsinə qayıdacağı gözlənilir. Onun yeni mövsümdə karyerasını harada davam etdirəcəyi hələ qətiləşməyib.
Xatırladaq ki, M.Emreli 2022/23 mövsümünün ikinci hissəsini icarə qaydasında Türkiyə “Konyaspor”unda keçirib. O, superliqada 12 matçda iştirak edib, 2 qol vurub.